Məhkəmə qərarları › İş №2(106)-578/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-578/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-578/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(036)-3010/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 3472,18 manat və ödənilmiş mediasiya xərclərinə görə 55 manat pul vəsaitinin tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli 597 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X7” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il il tarixli 384 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin – “OBA İmişli 5” mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli “İnventarizasiya nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3078 manat 68 qəpik, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1784 manat 04 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3472 manat 18 qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3472 manat 18 qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İşə sadələşdirilmiş icraat qaydasında baxılmış, İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(036)-3010/2023 saylı qətnaməsi ilə (hakim Telman Quliyev) İddiaçı MMCnin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 296.5-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı MMC apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023cü il tarixli 2(036)-3010/2023 saylı qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 28 manat dövlət rüsumunun qarşı tərəfdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh tam maddi məsul şəxs kimi İddiaçı MMC-də çalışdığı müddət ərzində “X7 haqqında müqavilə” ilə üzərinə götürdüyü öhdəliklərinə qeyri-ciddi və məsuliyyətsiz yanaşmışdır. “X7 haqqında” müqavilədə göstərilmişdir ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. Həmin müqavilənin 2.2-ci bəndində deyilir ki, işəgötürən qəbul edilmiş qaydalar əsasında inventarizasiyanı həyata keçirməlidir. Cavabdehin iş fəaliyyətinin yoxlanılması məqsədilə onun barəsində xx.xx.2022-ci il və xx.xx.2022- ci il tarixlərində inventarizasiya yoxlamaları həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3078 manat 68 qəpik və xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən isə yekun ziyan məbləği 1784 manat 04 qəpik məbləğində zərər vurması məlum olmuşdur. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3472 manat 18 qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 3472 manat 18 qəpik borcu qalmaqdadır. Belə əməlləri törədən şəxsləri yenidən həmin əməlləri törətməkdən çəkindirmək üçün onlar qanun naminə tənbeh edilməli və ziyankarlığa qarşı mübarizə aparılmalıdır. Hazırkı vəziyyətdə Cavabdeh barəsində mülki qaydada qanuna müvafiq tədbir görülməsə, o həmin əməlləri digər mağazalarda da törətmə ehtimalı yarana bilər. Cavabdehin vəzifə borcunu yerinə yetirməməsi iş materiallarına əlavə edilmiş mötəbər sübutlarla tam təsdiq edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qərəzli olaraq iddia tələbini rədd etmişdir. Həmçinin birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə iddia müddəti tətbiq etməklə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbayacan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il qərarında qeyd edilən tələbləri kobud şəkildə pozmuşdur. Həmin qərarda göstərilir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti yoxdur. Odur ki, yuxarıda qeyd edilən faktiki hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Məhz cavabdehin vəzifə təlimatı üzrə funksiyası və bu funksiyanı pozub-pozmaması müəyyən ediləndən sonra işdəki aktların cavabdehin məsuliyyətini təsdiq edən yetərli sübut kimi qəbul edilib-edilməməsinə qiymət verilməli idi. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi ilə kiçik iddialara dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli 2(036)-3010/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi cavabdehin ərizəsi olmadan iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Bu səbəbdən də, həmin qətnamənin ləğvi üçün apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. Cavabdehlə imzalanan X7 haqqında müqaviləyə əsasən cavabdeh üzərinə müəyyən öhdəliklər götürmüşdür. Buna baxmayaraq, cavabdeh öhdəliklərini icra etməmiş, iddiaçıya ümumilikdə 3472 manat məbləğində maddi zərər vurmuşdur. Cavabdeh özü sayımda iştirak etmişdir. Onun iltizamı da var və izahatları özü yazmışdır. Tələb edilən məbləğlər öz əksini aktlarda tapır. Onlar sayımda iştirakı mütləq hesab edirlər deyə aktın imzalanmasını tələb etmirlər. Akt şəxs tərəfindən imzalanasda olar, imzalanmasa da. Mallarda əksik olduğu zaman şəxsin ya maaşından tutulur, ya da ödənişlər digər qaydada həyata keçirilir. Cəmi 4 imza cavabdehə məxsusdur. Mağazada ümumi dövriyyə var və dövriyyə çox olanda 0.5-0.3 % güzəştlər edilir, lakin bu güzəştlər şərt deyildir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: MPM-in 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də, məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti tam əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını səhv tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-nin satış departamentinin satış şöbəsinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir; Cavabdeh xx.xx.2021-ci il tarixli 597 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və onunla “X7” haqqında müqavilə imzalanmışdır; Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin – “OBA İmişli 5” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 3078,68 manat məbləğində zərər vurması məlum olmuşdur; Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-nin – “OBA İmişli 5” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində onun Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1748,04 manat məbləğində zərər vurması məlum olmuşdur; Cavabdeh xx.xx.2022-ci il il tarixli 384 saylı əmrə əsasən onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddəti bitdiyinə görə xitam verilmişdir; xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2022-ci il tarixdə 3398,63 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir; İddiaçı MMC audit yoxlaması aparılmadan daxili inventarizasiya yoxlaması aparmış və xx.xx.2022-ci il tarixdə işçi Cavabdeh ona maddi ziyan vurmasını müəyyən etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 14-cü maddəsindən görünür ki, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. MM-in 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. ƏM-in 72-ci maddəsinin “c” bəndinə görə təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. ƏM-in 199-cu maddəsinin 1-ci hissəsin “a” və “ç” bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X7 götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda, işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Yuxarıda sadalanan maddi hüquq normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının tələbi tam əsaslıdır. Belə ki, cavabdeh tam maddi-məsul şəxs olaraq işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Cavabdehin iştirakı ilə maddi-məsul şəxs olduğu mağazada xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində aparılmış inventarizsiya nəticəsində müvafiq olaraq 3078,68 manat və 1784,04 manat məbləğlərində əksikgəlmələr aşkar edilmişdir. Cavabdeh özü sayımlarda iştirak etmiş, izahatlarında (xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli iltizamnamələrdə) sayımlara etirazının olmadığını bildirmişdir. İş materiallarında olan maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 3472,18 manat məbləğində borc qalmışdır. Odur ki, qeyd edilən inventarizasiya aktlarının nəticələrinə əsasən müəyyən olunmuş 3472,18 manat məbləğ işəgötürənə yetirilən maddi zərərin əvəzi olaraq cavabdehdən tutulmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəməyə hər hansı ərizəsi daxil olmamışdır. İddia müddətinin tətbiqinə dair cavabdeh tərəfindən ərizə verilmədiyi halda, məhkəmə Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə istinadla hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Apellyasiya şikayətinin qeyd olunan hissədə dəlillərinə qiymət verən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. ƏM-in 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, ƏM-in 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, ƏM-in 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Eyni zamanda, ƏM-in 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Qanunverici həmçinin işəgötürənin məhkəməyə müraciət etməsi ilə bağlı müddətləri tənzimləmişdir. ƏM-in 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab etmişdir ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Göründüyü kimi, ƏM-in 296-cı maddəsində nəzərdə tutulan müddətlər iddia müddətləridir və cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verilmədiyi halda, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmamışdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "Stanyo Belçikaya qarşı" iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquq müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən cavabdeh birinci instansiya məhkəməsində keçirilən iclaslarda iştirak etməmiş, ümumiyyətlə birinci instansiya məhkəməsi tərəfindən cavabdehin işlə bağlı məlumatlandırılması dəqiq müəyyən olunmur. Bu əsasla Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə görə cavabdehin apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqinə dair ərizə vermək səlahiyyəti olmuşdur. Lakin cavabdeh apellyasiya instansiyasında məhkəmə iclasının vaxtı və yeri barədə tam məlumatlı olduğu halda, həmin hüququndan istifadə edərək apellyasiya baxışı zamanı iddia müddətinin tətbiqinə dair ərizə verməmişdir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası bütün yuxarıda sadalananlara əsasən belə yekun nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapdığından təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 3472 (üç min dörd yüz yetmiş iki) manat 18 (on səkkiz) qəpik, habelə iş üzrə iddiaçı tərəfindən ödənilmiş 55 manat mediasiya xərci və apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş 28 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. İmişli Rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli 2(036)-3010/2023 saylı qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə 3472 (üç min dörd yüz yetmiş iki) manat 18 (on səkkiz) qəpik, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat və apellyasiya şikayəti verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 28 (iyirmi səkkiz) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar