Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-580/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı X2, Cavabdeh iştirakları ilə, İddiaçı X2 Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(064)-1416/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X5 xx.xx.2024-cü il tarixdə saat 18:00-da ** EO *** dövlət qeydiyyat nişanlı, MERSEDES-BENZ markalı avtomobil ilə Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi istiqamətində hərəkət edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşdığına görə İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 10 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 18:00-da MERSEDES SPRİNTER markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Füzuli rayonu, Qayıdış-6 qəsəbəsi istiqamətində hərəkət edərkən qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən və etibarnamə olmadan idarə etmə, icbari sığorta müqaviləsinin bağlanmamasına və əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulmasına görə İXM-nin 339.1-1, 332.1, 469.3 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 80 manat məbləğində cərimə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş X1 Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, Mercedes- Benz E240 markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. Mərkəzin Ekspertiza Bürosunun MEB-177-0625 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən müəyyən edilir ki, aparılan araşdırmalar və təhlillərə əsasən “Mercedes Benz E 240” markalı, **-EO- *** dövlət qeydiyyat nişanlı avtomobilin nəqliyyat vasitəsinin zədəlinmiş hissələrinin təmiri ilə bağlı (xidmət haqqı ilə birgə) dəyəri: 3,525 manat təşkil edir. Nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin yenisi ilə əvəzlənmədən təmir olunması mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı X4 iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh dəymiş maddi zərərə görə 4480 manat, diaqnostik ziyan aktına görə ödənilmiş 90 manat və dövlət rüsumuna görə ödənilmiş 70 manat məbləğində pulun, həmçinin 360 manat yol xərcinin əvəzinin cavabdehdən alınıb İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 8 mart 2024-cü il saat 18:00 radələrində Füzuli rayonu, 6-cı Qayıdış qəsəbəsindən 11 Qayıdış qəsəbəsi istiqamətində surət həddi 90 km/saat olan yolda 100 km/saat surətlə hərəkətdə olan zaman ona məxsus ** EO *** dövlət qeydiyyat nişanlı, MERSEDES-BENZ markalı E-240 minik avtomobili İddiaçının qohumu X5 idarə etmişdir. Həmin vaxtı İddiaçı da sözügedən avtomobildə olmuşdur. İddiaçının qohumu X5 hərəkət etdiyi yolun sağ tərəfində dayanmış MERSEDES SPRİNTER markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil, onların avtomobilinin ona yaxınlaşması zamanı heç bir dönmə nişanı vermədən dönərək qarşılarına çıxmış və əyləci Rövşən sıxsa da avtomobili saxlamaq mümkün olmamış və avtomobil sürüşərək sürücü tərəfdən həmin avtomobilə çırpılmışdır. Həmin avtomobil Amid adlı şəxsə məxsusdur və avtomobilin sığortası, texniki baxışı olmamışdır. Həmin avtomobili hadisə zamanı Cavabdeh idarə etmişdir. Cavabdehin həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Avtomobilə dəyən ziyanla bağlı 07 May 2024-cü il tarixdə "Sərxan" avtoservisdə № 59 saylı Ziyan Aktı tərtib edilmişdir. Həmin ziyan Aktında yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği cəmi 4480 manat göstərilmişdir. Bundan əlavə İddiaçı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın müəyyən edilməsi üçün xidmət haqqı olaraq ziyan məbləğinin 2%-ni müəssisəsinin kassasına 223562 nömrəli qəbzlə 90 manat pul vəsaiti ödəmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etmədiyini və həmin məbləğin ödənilməsi üçün maddi imkanının olmadığını bildirmişdir. Füzuli Rayon Məhkəməsinin (hakim Elmir İsmayılov) xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilmsəi, Cavabdeh dəymiş maddi zərərə görə 4480 manat, diaqnostik ziyan aktına görə ödənilmiş 90 manat və dövlət rüsumuna görə ödənilmiş 70 manat olmaqla cəmi 4640 manat məbləğində pulun alınıb iddiaçı X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 14.2.6, 1108.1, 1108.2ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə əsaslandırmış, qeyd etmişdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yolnəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbayca Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Məhkəmə bu normaya düzgün istinad etsə də,onu səhv tətbiq etmişdir. Belə ki deliktin mövcudluğu məsuliyyət yaradırsa, digər sürücünündə təqsiri vardır ki, onda vurulmuş zərər iki nəfərin arasında bölünməli idi. Lakin məhkəmə tamamilə başqa mövqedə olmuşdur. Məhkəmə isə bu normanın tələlərinə uyğun olaraq sübutları qiymətləndirib qərar qəbul etməli olmasına baxmayaraq, heç bir sübuta istinad etmədən, ümumi sözlərdən istifadə etməklə iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmişdir ki bu halda mülki-prosessual qanunvericiliyin tələblərinin pozulması deməkdir. Eyni zamanda, məhkəmə avtomobilə dəymiş zərəri "X8"ni zərər aktına əsasən müəyyən etmişdir. Əslində avtomobilə dəymiş zərər şişirdilmişdir. Məhkəmə bu halın müəyyə edilməsi ilə bağlı ekspertiza təyin etməli olduğu halda, bunu etməmiş, zərərin həcmi barədə mübahisəli vəziyyət yaratmışdır. Məhkəmə özünün gəldiyi nəticə üçün bütün faktiki halları tam araşdırmamışdır. Belə ki məhkəmə ona qarşı iddianı təmin edərkən barəsində olan qanuni qüvvəsini almış inzaibati xəta haqqında protokola istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki həmin vaxt iddiaçının avtomobilini onun razılığı əsasında idarə etmiş şəxsin özünün də əməlində inzibati xəta tərkibi var və həmin şəxsdə iddiaçıya zərər vurulmasında məsuliyyət daşıyır. Lakin iddiaçı onu qohumu olduğuna görə onda zərər tələb etməmiş, bütün zərəri ondan tələb etmişdir. Məhkəmə işin bu halını tam araşdırmadığına görə gəldiyi nəticə əsassız olmuşdur. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, apellyasiya şikayətini müdafiə edir, ekspert rəyi ilə razı deyil, dəymiş ziyan avtomobilin mülkiyyətçisindən tutulmalıdır, o sürücü işləmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı X4 izahatında bildirdi ki, apellyasiya şikayətinə etiraz edir, qəzanı cavabdeh törətmişdir, buna görə də, zərəri cavabdehdən tələb edir, mülkiyyətçini tanımır. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi xahiş etsə də, məhkəmə kollegiyası qətnaməni iddia tələbinin təmin olunan hissəsində, apellyasiya şikayətinin dəlilləri həcmində əsaslılığını yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutların toplanması və qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə tam riayət etməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin müddəa həm də sübutların mənbəyinin etibarlılığına və obyektivliyinə diqqət yetirilməsini tələb edir. Sübutların qiymətləndirilməsi nəzəriyyəsinə görə, məhkəmə yalnız iş materiallarında mövcud olan sübutları, onların qarşılıqlı əlaqəsini, mötəbərliyini və kifayətlərini nəzərə alaraq qərar qəbul edə bilər. Bununla belə, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi ziyan aktına əsaslanaraq nəticəyə gəlmiş, lakin həmin sənədin prosessual statusunu və sübut kimi mötəbərliyini qiymətləndirməmişdir. Qeyd olunmalıdır ki, tərəfin öz təşəbbüsü ilə tərtib etdirdiyi akt müstəqil və qəti sübut hesab oluna bilməz, çünki onun obyektivliyi şübhə altındadır. İş materiallarına əlavə edilmiş Mərkəzi Ekspertiza Bürosunun MEB-177-0625 saylı, xx.xx.2025ci il tarixli hesabatı məhkəmə üçün daha üstün sübut qüvvəsinə malikdir. Mülki Məcəllənin (bundan sonra – MM) 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi institutu üzrə ümumi norma kimi çıxış edir və yalnız hüquqi nəticələri tənzimləyir. Zərərin əvəzinin ödənilməsinin əsası isə ya müqavilə öhdəliklərinin pozulmasından, ya da delikt hüququndan irəli gələ bilər. Mübahisə üzrə zərər delikt nəticəsində vurulduğundan, məsuliyyətin hüquqi əsası delikt hüququnun müddəalarıdır. Bu mənada, deliktin mövcudluğu müəyyən olunduqda məsuliyyət bilavasitə zərəri vuran şəxsin üzərinə düşür. Cavabdehin arqumenti ondan ibarət olmuşdur ki, digər sürücünün də təqsiri mövcuddur və zərər iki nəfərin arasında bölünməlidir. Lakin bu arqument əsassızdır. Çünki iş materialları ilə sübuta yetirilmişdir ki, yol-nəqliyyat hadisəsində zərəri vuran şəxs məhz cavabdehin özüdür. Zərərin bir hissəsinin üçüncü şəxsə şamil edilməsi üçün isə həmin şəxsin əməlində hüquqi tərkibin – yəni zərərin törədilməsi ilə bilavasitə səbəb-nəticə əlaqəsinin olması tələb olunur. Bu isə iş üzrə sübut edilməmişdir. MPM-in 77.1-ci maddəsinə uyğun olaraq belə halların sübutetmə yükü cavabdehin üzərinə düşsə də, cavabdeh tərəfindən bu barədə heç bir inandırıcı sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin istinad olunan maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Bundan başqa, avtomobilə dəymiş zərərin miqdarının müəyyənləşdirilməsi ilə bağlı birinci instansiya məhkəməsi ekspertiza təyin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə ekspertiza təyin etmiş, Mərkəzin Ekspertiza Bürosunun MEB-177-0625 saylı, xx.xx.2025-ci il tarixli hesabatı ilə ‘Mercedes Benz E 240’ markalı, **- EO-*** DQN-li nəqliyyat vasitəsinin zədələnmiş hissələrinin yalnız yenisi ilə əvəz olunmaqla bərpa oluna bildiyi və təmir dəyərinin (xidmət haqqı ilə) 3.525 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, apellyasiya instansiyası tərəfindən aparılan ekspertiza ilə birinci instansiyanın zərərin məbləği barədə əsas götürdüyü qeyri-mütəxəssis ‘ziyan aktı’ ilə ekspert rəyinin nəticələri arasındakı ziddiyyət aradan qaldırılmışdır. Mərkəzin Ekspertiza Bürosunun MEB-177-0625 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən müəyyən edilmişdir ki, “Mercedes Benz E 240” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin yalnız yenisi ilə əvəz olunmaqla bərpası mümkündür və təmir xərci (xidmət haqqı ilə birgə) 3.525 (üç min beş yüz iyirmi beş) manat təşkil edir. Bu hesabat məhkəmə tərəfindən təyin edilmiş müstəqil ekspertiza orqanının rəyi olub, prosessual qanunvericiliyə görə yüksək sübut qüvvəsinə malikdir. Bunun əksinə olaraq, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 059 nömrəli “ziyan aktı”na istinad etmiş və zərərin məbləğini 4.480 manat müəyyənləşdirmişdir. Lakin belə akt ekspertiza rəyi ilə eyni hüquqi çəkidə deyil, çünki həmin sənəd zərərçəkmişin təşəbbüsü ilə tərtib edilmişdir və obyektivliyi şübhə doğurur. MPM-in sübutların qiymətləndirilməsi prinsiplərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sənədlərlə kifayətlənməməli, əksinə, işin obyektiv və hərtərəfli araşdırılmasını təmin etmək üçün zəruri hallarda ekspertiza təyin etməlidir. Məhz ekspertiza rəyi zərərin real miqyasını elmi-texniki əsaslarla müəyyən edir və digər sənədlərə nisbətən üstün sübut hesab olunur. Bu baxımdan, birinci instansiya məhkəməsinin qeyrimütəxəssis aktını əsas götürərək, ekspertiza rəyi ilə müəyyən olunmuş məbləği nəzərə almaması, sübutların obyektiv və tam qiymətləndirilməsi prinsiplərinin pozulması deməkdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən edir ki, birinci instansiya məhkəməsi işin halları üzrə sübutların qiymətləndirilməsi prinsiplərinə tam riayət etməmiş, xüsusilə də zərərin məbləğinin müəyyən olunmasında prosessual qaydalara zidd olaraq qeyri-mütəxəssis aktına üstünlük vermişdir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız dəymiş zərərin məbləği hissəsində dəyişdirilməli, dəymiş zərərin məbləği Mərkəzin Ekspertiza Bürosunun MEB-177-0625 saylı, xx.xx.2025-ci il tarixli hesabatına uyğun olaraq 3.525 (üç min beş yüz iyirmi beş) manat məbləğində müəyyən edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya onu da qeyd edir ki, iddia tələbi qismən təmin olunduğundan (3.525 manat həddində) məhkəmə xərcləri olaraq diaqnostik ziyan aktına görə ödənilmiş 90 manat və dövlət rüsumuna görə ödənilmiş 70 manat məbləğində pul mütanəsib olaraq tərəflər arasında bölünməlidir. Diaqnostik ziyan aktına görə 63 manat, dövlət rüsumu olaraq 49 manat iddiaçının xeyrinə tutulmalı, qalan məbləğ iddiaçının özünə aid edilməlidir. Odur ki, ekspertiza xərci olan 350 manat məbləğində pul Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı …çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (MPM-in 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (MPM-in 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır....hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qətetdi: Cavabdeh nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2(064)-1416/2024 saylı qətnaməsi dəymiş zərərin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh X2 xeyrinə tutulmalı olan dəymiş zərərin məbləği 3.525 manat müəyyən edilsin. Diaqnostik ziyan aktına görə 63 manat, dövlət rüsumu olaraq 49 manat Cavabdeh alınaraq X3 verilsin. Qalan məbləğ iddiaçının özünə aid edilsin. Mərkəzin Ekspertiza Bürosunun MEB-177-0625 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 350 (üç yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq, Mərkəzi Ekspertiza Bürosunun hesabına (benefisiarın bankı: Rabitə Bank, filialın kodu 502155, SWİFT KOD RBTAAZ22, müxbir hesab AZ61NABZ********************, benefisiarın adı Mərkəzi Ekspertiza Bürosu, VÖEN **********, AZ26RBTA******************** nömrəli hesab) köçürülsün. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-580/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-580/2025
03.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver