Məhkəmə qərarları › İş №2(106)-595/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-595/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-595/2024 03.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(053)-1106/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 30 sentyabr 2011-ci il təvəllüdlü X5, 18 iyun 2013-cü il təvəllüdlü X2 və 08 fevral 2017-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər hər uşaq üçün ayrılıqda 220 manat, ümumilikdə 660 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 sentyabr 2010-cu ildə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından 30 sentyabr 2011-ci ildə X9, 18 iyun 2013-cü ildə X4 və 08 fevral 2017-ci ildə X10 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birilərini başa düşmüş və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri kəskin şəkildə pozulmuş, hazırda tamamilə kəsilmişdir. Onlar ayrı yaşayırlar. Cavabdeh onları daimi yaşadıqları evdən qovduğu üçün onlar hazırda iddiaçının bacısıgilin Bakıdakı evində kirayədə yaşayırlar. Yetkinlik yaşına çatmayan uşaqları da iddiaçının himayəsindədir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. İddiaçının qazancı ilə uşaqların tələbatını ödəmək çətindir. Uşaqların bütün qayğısını, ehtiyaclarını tamamilə iddiaçı çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarını, eləcə də, cavabdehin əmək haqqından başqa, kənd təsərrüfatı gəlirlərinin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı alimentin məbləği hər ay hər uşaq üçün ayrılıqda 220 manat məbləğində olmalıdır. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin maddi durumunu nəzərə alıb ondan hər 3 uşağa görə ayda cəmi 500 manat sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qismən qəbul etdiyini, alimentin əmək haqqı və hər cür gəlirlərinə yönəldilməsini və 1/2 hissədə aliment tutulmasına razı olduğunu və başqa iş yeri və gəliri olmadığını bildirmişdir. Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(053)-1106/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Samir Quliyev) iddia qismən təmin olunmuş, Cavabdeh uşaqları – 30 sentyabr 2011-ci il təvəllüdlü X5, 18 iyun 2013-cü il təvəllüdlü X2 və 08 fevral 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay üç uşağa görə cavabdehdən qazancın (başqa gəlirlərinin) yarısı və hər ay hər uşağa görə 65 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin hesablanmasının və ödənilməsinin 17 oktyabr 2023-cü il tarixdən etibarən həyata keçirilməsi, Cavabdeh 64,40 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(053)-1106/2023 saylı qətnaməsinin alimentin əmək haqqının 50 faizi hissəsində ləğv edilməsini, alimentin hər uşaq üçün aylıq 220 manat olmaqla, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, məhkəmənin qətnaməsi ilə razı deyil. Çünki məhkəmə uşaqların saxlanması üçün çox az vəsait kəsmişdir. O, uşaqlarla birlikdə Bakı şəhərində məcburən yaşayır. Çünki rayonda iş olmadığından Bakı şəhərində kirayədə qalıb işləyərək uşaqları saxlayır. Lakin onu da edə bilmir. Çünki 3 uşağı var, onlar böyüyüblər və həmçinin asmatik xəstədirlər. Uşaqların xəstəlik kağızlarını cavabdeh gizlədib vermir. Ona görə xəstəliklərinə də xərci çıxır. Hazırda xadiməçi kimi işləyir və əmək haqqı 350 manatdır. Bakı şəhərində məcburən kirayədə qalır. Əslində Neftçala şəhərində də evi yoxdur. Cavabdeh evə də qoymur, uşaqlarla da maraqlanmır və hətta gedib saxta sənəd düzəldib guya zavodda işləyir. Halbuki, həmin zavod ümumiyyətlə neçə illərdir, işləmir. İşləmədiyinə görə də alimenti ancaq sabit pul məbləğində 65 manat hər uşağa ödəyir. Bir uşaq xəstə ola-ola onu 65 manatla saxlamaq mümkün deyil. Aliment hər yerdə hər uşağa 230 manat olduğu halda onun uşaqlarına 65 manat kəsilmişdir. Lap əmək haqqından da tutulsa, cəmi 90 manat hər uşağa aliment düşür. Lakin onun iş yerinin olması saxtadır. Bu məhkəmə ilə vəkilin düzüb qoşduğu işdir. O, məhkəmədən sabit pul məbləğində aliment kəsilməsini tələb etmişdir. Cavabdehin iş yeri yoxdur. Məhkəmə ən azından onun əmək müqaviləsi bildirişini yoxlamalı idi. Həmin gətirdiyi arayışın saxta və ya həqiqi arayış olmasını yoxlamadan qətnamə qəbul etmişdir. Necə olur ki, heç yerdə işləməyən adam birdən iş yeri tapır və əmək haqqı alması barədə arayış gətirir. Sonra da iş icraya gedəndə deyirlər ki, o zavod neçə illərdir işləmir və işçilərə əmək haqqı verilmir. Bu səbəbdən də o, sabit pul məbləğində aliment tələb edir. İddiasını müdafiə edir, apellyasiya şikayətinin təmin edilməsini və sabit pul məbləğində hər uşağa 220 manat aliment kəsilməsini xahiş edir. Övladlarının üçü də məktəbə gedir. Hər üçü asmatikdir. Bütün sənədlər cavabdehdə olduğundan onları təqdim edə bilmir. Xəstəxanaya sorğu verilsə də, müəyyən oluna bilər. Cavabdehin yazdığı isə həqiqətə uyğun deyil. O, cavabdehin heç nəyini satmamış və götüməmişdir. Buna dair heç bir sübutu da yoxdur. Ona və uşaqlara baxmadığından, hər gün evə içkili gəldiyindən, evdə dava saldığından, uşaqları döydüyündən evdən çıxıb getməyə məcbur olmuşlar. Hazırda 250 manata kirayədə qalırlar, ev o qədər soyuq olur ki, uşaqlar tez-tez də xəstələnir, o, çatdıra bilmir. 350-400 manat əmək haqqı ala bilir. Onun 250 manatını evə kirayəyə verir. Məhkəmə işin faktiki hallarına deyil, təqdim edilən saxta sənədlərə əsasən işin hallarını və sübutları yoxlamadan qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh heç yerdə işləmir. İşlədiyini dediyi yer isə ümumiyyətlə neçə illərdir zavod kimi fəaliyyət göstərmir və əmək haqqı verilmir. Məhkəmə ən azından cavabdehə son 1 ildə verilən əmək haqqının bank çıxarışını alıb sonra qətnamə qəbul etməli idi. Cavabdeh əmək haqqı almırsa, son bir neçə ayda əmək haqqı almırsa, necə onun əmək haqqının yarısı tutulacaq? Hesab edir ki, məhkəmə alimenti sabit pul məbləğində təyin etməli və yaşayış minimumuna uyğunlaşdırmalıdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, Neftçala Rayon Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanması üçün Cavabdeh gəlirlərinin yarısının və 65 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, hazırda cavabdeh işlədiyini bildirdiyi zavoddan hər hansı əmək haqqı almadığına görə yalnız 65 manat hissəsində qətnaməni icra edir. Halbuki, o, məhkəmədən yalnız sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. Məhkəmə isə cavabdehin işləməsi və daimi gəlirə malik olmasını araşdırmadan cavabdehin həm də gəlirinin yarısının aliment kimi tutulması nəticəsinə gəlmişdir. Ona görə də o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. O, uşaqlarının saxlanılması üçün aliment ödəməkdən yayınmır. Lakin 27 dekabr 2023-cü ildən etibarən onun işlədiyi "xxxx" MMC-nin zavodu təmir məqsədilə hazırda fəaliyyət göstərmədiyinə görə o, maaş ala bilmir. O, 3 ay ərzində hər ay 195 manat olmaqla, alimenti ödəmişdir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən göründüyü kimi, o, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehdən qazancın (başqa gəlirlərinin) yarısının aliment kimi tutulması hissəsində ləğv edilməsini tələb edərək, alimentin hər uşaq üçün 220 manat sabit pul məbləğində təyin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq bildirir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentə dair hissədə dəyişdirilməlidir. İşdəki AZ-İ 610488 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 12 sentyabr 2010-cu ildə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. İşdəki AZ-İİ 755700 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 30 sentyabr 2011-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki AZ-İİİ 668591 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 18 iyun 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki AZ-İİİ 895195 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 fevral 2017-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki Cavabdeh barəsində məlumatların elektron sorğulanması barədə “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, o, "xxxx" MMC-də “kərpic və ya daş qalaqlarını bağlayan fəhlə” vəzifəsində işləyir və əmək haqqı məbləği 350 manat təşkil edir. Beləliklə, iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından 30 sentyabr 2011-ci il təvəllüdlü Razim Ağazadə, 18 iyun 2013-cü il təvəllüdlü Püstəxanım Ağazadə və 08 fevral 2017-ci il təvəllüdlü Xanım Ağazadə doğulmuşdur. İddiaçı xadimə kimi ayda 350 manat gəlir əldə edir, cavabdeh isə "xxxx" MMC-də işləyir və əmək haqqı məbləği 350 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Hazırda iddiaçı öz tələbində uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən məhz sabit pul məbləğində alimentin tutulmasını tələb etmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Cavabdeh qəbul edir ki, 27 dekabr 2023-cü ildən etibarən çalışdığı zavod təmirə dayandığına görə maaş almır. Göründüyü kimi, hazırda alimentin cavabdehin qazancının (gəlirlərinin) yarısı kimi tutulması mümkün olmamaqla yanaşı, bu hal iddiaçının da marağının əhəmiyyətli dərəcədə pozulması və uşaqların saxlanılması üçün təyin edilmiş alimentin icrasının mümkünsüzlüyü ilə nəticələnir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentə dair hissədə dəyişdirilərək, cavabdehdən yalnız sabit pul məbləğində aliment tutulmalıdır. Birinci instansiya məhkəməsi öz qətnaməsində cavabdehdən hər ay hər uşağa görə 65 manat sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası bildirir ki, cavabdehdən gəlirinin müəyyən hissəsi şəklində alimentin tutulması da sabit pul məbləğində alimentin tutulması ilə dəyişdirildiyindən, sabit pul məbləğində tutulması qət edilən alimentin məbləği də dəyişdirilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, sabit pul məbləğində alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbinə görə, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, iddiaçı da məhz həmin Qanuna əsaslanaraq hər uşağa görə 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin qeyd edilən – iddia ərizəsinin tam təmin edilməsi tələbi ilə bağlı onu bildirməyi zəruri hesab edir ki, iddiaçının ilkin tələbi hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması olsa da, sonradan o, tələbinin həcmini azaldaraq, üç uşağa görə cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını tələb etmişdir. Ona görə də məhkəmə kollegiyası bildirir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi hər uşağa görə 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması iddia tələbinin həcminin artırılması deməkdir ki, hazırkı halda buna apellyasiya məhkəməsində aparılan icraat zamanı yol verilmir və iddiaçının tələbinə cəmi 500 manat həddində qiymət verilir. Cavabdehin rəsmi əmək haqqı məbləğini və onun maddi vəziyyətini də nəzərə alan məhkəmə kollegiyası 30 sentyabr 2011-ci il təvəllüdlü Razim Ağazadənin, 18 iyun 2013-cü il təvəllüdlü Püstəxanım Ağazadənin və 08 fevral 2017-ci il təvəllüdlü Xanım Ağazadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini ədalətli hesab edir. Bu zaman həm də Ailə Məcəlləsinin 56.1-ci maddəsinin tələbi nəzərə alınmalıdır. Belə ki, həmin maddəyə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qeyd edilən normanın tələbindən də göründüyü kimi, birgə nikahdan doğulmuş uşaqların saxlanılması yalnız cavabdehin deyil, həm də iddiaçının vəzifəsidir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentə dair hissədə dəyişdirilməli, 30 sentyabr 2011-ci il təvəllüdlü X5, 18 iyun 2013-cü il təvəllüdlü X2 və 08 fevral 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan sabit pul məbləğində alimentin miqdarı hər ay hər uşağa görə 130 manat məbləğində müəyyən edilərək, cavabdehdən uşaqları yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 130 manat olmaqla, cəmi 3 uşağa görə 390 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Neftçala Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(053)-1106/2023 saylı qətnaməsi alimentə dair hissədə dəyişdirilsin. Cavabdeh uşaqları – 30 sentyabr 2011-ci il təvəllüdlü X5, 18 iyun 2013-cü il təvəllüdlü X2 və 08 fevral 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 130 manat olmaqla, cəmi 3 uşağa görə 390 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar