Məhkəmə qərarları › İş №2(106)-601/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-601/2025

10.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-601/2025 10.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 2(064)-1173/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 mart 2025-ci il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh öhdəliklərin icra edilməməsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 1500 manat məbləğində pulun və tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu pulun, cəmi 1535 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, şəxsi təsərrüfatla məşğul olur. Təsərrüfatında müxtəlif cür kənd təsərrüfatı təyinatlı texnikası var. Həmin texnikaları həm öz təsərrüfatında istifadə edir, həm də müəyyən ödəniş müqabilində müxtəlif şəxslərə müvəqqəti istifadəyə verir. 2023-cü ilin noyabr ayının əvvəllərində əvvəllər tanımadığı və sonradan adını bildiyi Cavabdeh öz qohumu Namiq adlı şəxslə yaşadığı evə gəlmişdir. Cavabdeh özünü təqdim edərək bildirmişdir ki, Xaçmaz rayonunun Şanlıoba kəndi ərazisində Xəzər dənizindən balıq ovlamaqla məşğuldur və dənizdə torları vardır. Balıq ovlamada ona qayığı dənizdən sahilə çıxarmaq üçün traktor lazımdır. O, cavabdehə həyətində olan YUMZ markalı təkərli traktoru göstərmişdir. Cavabdeh həmin traktoru bəyənmiş, lakin traktorda müəyyən nasazlıqlar var imiş. O, cavabdehə bildirmişdir ki, əgər həqiqətən də traktoru istifadəyə götürmək istəyirsə, traktorda olan nasazlıqları qısa müddət ərzində aradan qaldırar. Cavabdeh razılaşmış və o, təxminən bir həftəyə öz vəsaitilə traktoru tam saz vəziyyətinə gətirmişdir. 15 noyabr 2023-cü il tarixdə cavabdeh təkrarən qohumu Namiq ilə birlikdə onun evinə gəlmiş, traktoru işə salaraq yoxlamış və tam saz vəziyyətdə olduğuna əmin olmuşdur. Cavabdehlə belə razılığa gəlmişlər ki, həmin traktoru 15 noyabr 2023-cü il tarixdən 2024-cü ilin aprel ayının sonunadək istifadə edəcək və buna görə ona hər ay 300 (üç yüz) manat pul ödəyəcək. Beləliklə, 15 noyabr 2023cü il tarixdə cavabdeh ona məxsus YUMZ markalı traktoru həyətindən aparmışdır. Lakin cavabdeh aralarında baş tutmuş razılaşmanın şərtlərini pozub, aylıq pulunu vaxtında vermədiyindən dəfələrlə telefon vasitəsilə zəng edərək pulunun verilməsini tələb etsə də, cavabdeh, hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. Cavabdeh traktoru ondan götürdüyü gündən iki ay ərzində ona cəmi 400 (dörd yüz) manat pul ödəmiş, o, həmin pula ehtiyat hissələri alaraq traktoru cavabdehin istifadəsində olduğu Xəzər dənizinin kənarında təmir etmişdir. Bundan sonra cavabdeh ümumiyyətlə ona heç bir ödəniş etməmiş, dəfələrlə cavabdehin balıq ovladığı əraziyə gedərək pulunu tələb etsə də, cavabdeh bildirmişdir ki, guya ziyana işləyir, yaxın vaxtlarda pulunu verəcək. Bu minvalla cavabdeh onu 2024-cü ilin aprel ayının sonunadək yola vermiş, aprel ayının sonunda onun balıq ovladığı əraziyə getdikdə cavabdeh bildirmişdir ki, hazırda ona pul ödəməyə imkanı yoxdur, gələcəkdə pulunu ödəyəcəkdir. Pulu ödəmədiyi üçün o, traktoru cavabdehdən alaraq geri qaytarmışdır. Bundan sonra da dəfələrlə telefon əlaqəsi saxlayıb, pulunu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınmışdır. Cavabdehin traktorunu istifadə etdiyi üçün ümumilikdə ona 1500 (bir min beş yüz) manat məbləğində pul borcu qalmışdır. Cavabdeh 15 noyabr 2023-cü il tarixdə traktoru ondan təhvil alaraq aparan zaman öz xətti ilə qəbz yazaraq ona təqdim etmişdir ki, həqiqətən də həmin tarixdə ondan traktoru götürmüş, hər ay traktordan istifadəyə görə ona 300 manat məbləğində pul ödəyəcək və traktoru ona işlək vəziyyətdə geri qaytaracaq. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddia ərizəsində qeyd etdiklərinə aydınlıq gətirərək bildirdi ki, cavabdeh ona 300 manat, traktoru cavabdehdən alıb verdiyi digər şəxs isə 100 manat pul vermişdir. Həmçinin qeyd etmişdir ki, cavabdeh traktorun icarəsi üçün ona birinci ay üçün icarə pulunu vermiş, dekabr ayında icarə haqqını ödəmədiyindən o, traktoru cavabdehdən almış, həmin traktoru cavabdehlə birlikdə işləyən başqa şəxsin icarəsinə vermişdir. Həmin traktor cəmi 2 ay yarım müddətinə cavabdehin istifadəsində olmuşdur. Lakin cavabdeh yenə də həmin traktordan digər şəxslərlə birlikdə istifadə edərək balıqçılıqla məşğul olmuşdur. O, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və o, 2023-cü ilin sentyabr ayından balıqçılıqla məşğuldur. Bu işlə məşğul olmaqdan ötrü ona traktor lazım olduğundan iddiaçıdan bir gün üçün 10 manat olmaqla, aylıq 300 manat icarə haqqı ödəməyə razılaşmışlar. O, iddiaçıya birinci ay üçün 2023-cü ilin noyabr ayında 300 manat pul vermiş, dekabr ayında hava şəraiti ilə əlaqədar balıqçılıqla məşğul ola bilmədiyindən ödəniş edə bilməmiş, iddiaçı bu səbəbdən traktoru ondan geri almış, digər şəxsin istifadəsinə vermişdir. Həmin traktor cəmi 2 ay yarım müddətinə onun istifadəsində olmuşdur. Hazırda onun iddiaçıya cəmi 460 manat borcu qalıb. İddia tələbində qeyd olunan 1500 manat məbləğində borcunun olması ilə razı deyil. İddiaçıya borclu olduğu 460 manat pulu hissə-hissə ödəyəcək. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)-1173/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli (Hakim: Səkinəxanım Məmmədli) ilə, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 460 (dörd yüz altmış) manat alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumu üzrə ödənilmiş 35 manatın 25 manatının Cavabdeh tutularaq İddiaçı verilməsi, qalan 10 manatının İddiaçı aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Füzuli Rayon Məhkəməsinin 2(064)-1173/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini, Füzuli Rayon Məhkəməsinin 2(064)-1173/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin cavabdeh keçirilən məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəblərini bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan şikayətə baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Füzuli Rayon Məhkəməsinin 2(064)-1173/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 393-cü maddəsinə əsasən tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrıayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsini, iddianın iş üzrə toplanmış sübutlarla qismən təsdiq edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Füzuli Rayon Məhkəməsinin 2(064)-1173/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən yazılan qəbzdə qeyd olunur: “Mən Cavabdeh, Füzuli rayon Yuxarı Seyidəhmədli kənd sakini, hal-hazırda Xaçmaz kəndi Tikanoba kəndində işlədiyim müqavilə əsasında Qadasoba kənd sakini İddiaçın dənizdə istifadə etmək üçün traktor arendeya almışam. xx.xx.2023-cü il tarixdə icarəyə götürdüm. İcarənin aylıq məbləği 300 azndir. Traktoru işlək vəziyyətdə geri qaytaracağımı imzamla təstiq edirəm. İmza: var. Cavabdeh.” Məhkəmə iclasında cavabdeh həmin qəbzin onun tərəfindən tərtib edildiyini təsdiq etmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə iddiaçı aylıq 300 manat olmaqla cavabdehə icarəyə traktor verdiyini, lakin cavabdehin icarə haqqı olan 1500 manatı ödəmidiyini bildirmişdir. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, o, şəxsi təsərrüfatla məşğul olur. Təsərrüfatında müxtəlif cür kənd təsərrüfatı təyinatlı texnikası var. Həmin texnikaları həm öz təsərrüfatında istifadə edir, həm də müəyyən ödəniş müqabilində müxtəlif şəxslərə müvəqqəti istifadəyə verir. 2023-cü ilin noyabr ayının əvvəllərində əvvəllər tanımadığı və sonradan adını bildiyi Cavabdeh öz qohumu Namiq adlı şəxslə yaşadığı evə gəlmişdir. Cavabdeh özünü təqdim edərək bildirmişdir ki, Xaçmaz rayonunun Şanlıoba kəndi ərazisində Xəzər dənizindən balıq ovlamaqla məşğuldur və dənizdə torları vardır. Balıq ovlamada ona qayığı dənizdən sahilə çıxarmaq üçün traktor lazımdır. O, cavabdehə həyətində olan YUMZ markalı təkərli traktoru göstərmişdir. Cavabdeh həmin traktoru bəyənmiş, lakin traktorda müəyyən nasazlıqlar var imiş. O, cavabdehə bildirmişdir ki, əgər həqiqətən də traktoru istifadəyə götürmək istəyirsə, traktorda olan nasazlıqları qısa müddət ərzində aradan qaldırar. Cavabdeh razılaşmış və o, təxminən bir həftəyə öz vəsaitilə traktoru tam saz vəziyyətinə gətirmişdir. 15 noyabr 2023-cü il tarixdə cavabdeh təkrarən qohumu Namiq ilə birlikdə onun evinə gəlmiş, traktoru işə salaraq yoxlamış və tam saz vəziyyətdə olduğuna əmin olmuşdur. Cavabdehlə belə razılığa gəlmişlər ki, həmin traktoru 15 noyabr 2023-cü il tarixdən 2024-cü ilin aprel ayının sonunadək istifadə edəcək və buna görə ona hər ay 300 (üç yüz) manat pul ödəyəcək. Beləliklə, 15 noyabr 2023-cü il tarixdə cavabdeh ona məxsus YUMZ markalı traktoru həyətindən aparmışdır. Lakin cavabdeh aralarında baş tutmuş razılaşmanın şərtlərini pozub, aylıq pulunu vaxtında vermədiyindən dəfələrlə telefon vasitəsilə zəng edərək pulunun verilməsini tələb etsə də, cavabdeh, hər dəfə bir bəhanə ilə bundan yayınmışdır. Cavabdeh traktoru ondan götürdüyü gündən iki ay ərzində ona cəmi 400 (dörd yüz) manat pul ödəmiş, o, həmin pula ehtiyat hissələri alaraq traktoru cavabdehin istifadəsində olduğu Xəzər dənizinin kənarında təmir etmişdir. Bundan sonra cavabdeh ümumiyyətlə ona heç bir ödəniş etməmiş, dəfələrlə cavabdehin balıq ovladığı əraziyə gedərək pulunu tələb etsə də, cavabdeh bildirmişdir ki, guya ziyana işləyir, yaxın vaxtlarda pulunu verəcək. Bu minvalla cavabdeh onu 2024-cü ilin aprel ayının sonunadək yola vermiş, aprel ayının sonunda onun balıq ovladığı əraziyə getdikdə cavabdeh bildirmişdir ki, hazırda ona pul ödəməyə imkanı yoxdur, gələcəkdə pulunu ödəyəcəkdir. Pulu ödəmədiyi üçün o, traktoru cavabdehdən alaraq geri qaytarmışdır. Bundan sonra da dəfələrlə telefon əlaqəsi saxlayıb, pulunu tələb etsə də, cavabdeh hər dəfə bir bəhanə ilə pulu ödəməkdən yayınmışdır. Cavabdehin traktorunu istifadə etdiyi üçün ümumilikdə ona 1500 (bir min beş yüz) manat məbləğində pul borcu qalmışdır. Cavabdeh 15 noyabr 2023-cü il tarixdə traktoru ondan təhvil alaraq aparan zaman öz xətti ilə qəbz yazaraq ona təqdim etmişdir ki, həqiqətən də həmin tarixdə ondan traktoru götürmüş, hər ay traktordan istifadəyə görə ona 300 manat məbləğində pul ödəyəcək və traktoru ona işlək vəziyyətdə geri qaytaracaq. Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, o, 2023-cü ilin sentyabr ayından balıqçılıqla məşğuldur. Bu işlə məşğul olmaqdan ötrü ona traktor lazım olduğundan iddiaçıdan bir gün üçün 10 manat olmaqla, aylıq 300 manat icarə haqqı ödəməyə razılaşmışlar. O, iddiaçıya birinci ay üçün 2023-cü ilin noyabr ayında 300 manat pul vermiş, dekabr ayında hava şəraiti ilə əlaqədar balıqçılıqla məşğul ola bilmədiyindən ödəniş edə bilməmiş, iddiaçı bu səbəbdən traktoru ondan geri almış, digər şəxsin istifadəsinə vermişdir. Həmin traktor cəmi 2 ay yarım müddətinə onun istifadəsində olmuşdur. Hazırda onun iddiaçıya cəmi 460 manat borcu qalıb. İddia tələbində qeyd olunan 1500 manat məbləğində borcunun olması ilə razı deyil. İddiaçıya borclu olduğu 460 manat pulu hissə-hissə ödəyəcək. O, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, həm iddiaçı həm də cavabdeh traktorun icrayə götürülməsini etiraf edir. İddiaçı həmin taraktoru cavabdehə 15 noyabr 2023-cü il tarixdən 2024-cü ilin aprel ayının sonunadək icarəyə verdiyini bildirir, ona görə də icarə haqqı kimi 1500 manat tələb edir (ilk ay cavabdehin 300 manat ödədiyini qəbul edir), cavabdeh isə 2023-cü ilin noyabr ayında 300 manat pul verdiyini, dekabr ayında hava şəraiti ilə əlaqədar balıqçılıqla məşğul ola bilmədiyindən ödəniş edə bilmədiyini, iddiaçının bu səbəbdən traktoru ondan geri alaraq digər şəxsin istifadəsinə verdiyini və nəticədə iddiaçıya 460 manat pulunun qaldığını etiraf edir. Belə ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Hazırki işdə də cavabdeh traktoru iddiaçıdan icarəyə götürdüyünü etiraf etsə də taraktorun onda cəmi 2 ay yarım olduğunu, pulu ödəyə bilmədiyi üçün iddiaçının traktoru ondan aldığını və iddiaçıya 460 manat pulunun qaldığını etiraf etmişdir. Həmçinin iş materiallarında olan 02 iyun 2024-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardada izahatı alınmış İddiaçı göstərmişdir ki, Namiq ona 400 manat pul vermiş və qalan 1500 manatı isə Namiq öz boynuna götürmüşdür. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi həmin 1500 manat pulun özünün də qeyd etdiyi kimi geri qalan hissəsini Namiq adlı şəxs ödəməyi öz öhdəsinə götürmüş, lakin iddiaçı iddia tələbini həmin Namiq adlı şəxsə deyil Cavabdeh yönəltmişdir. Cavabdeh isə iddianı qismən etiraf edərək 460 manat pulunun qaldığını bildirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Cavabdeh 460 (dörd yüz altmış) manat alınaraq İddiaçı ödənilsin” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Füzuli Rayon Məhkəməsinin 2(064)-1173/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində tərəflərə muvafiq olaraq iddiaçının apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 740 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Ona görə də tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-1173/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar