Məhkəmə qərarları › İş №2(106)-602/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-602/2024

04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-602/2024 04.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair mülki iş üzrə Açar sözlər: aliment tələbi, uşağın ananın yanında olması müəyyən edilmir X10 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(018)-1449/2023 saylı (hakim Mübariz Məmmədov) qətnaməsindən cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2, birgə nikahdan doğulmuş uşaqları 15 may 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq xeyrinə verilməsi barədə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 məhkəməyə iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, 14 noyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X7 ilə 2005-ci il tarixdə faktiki nikah münasibətlərinə daxil olub evlənmişlər və 2023-cü ilə kimi birlikdə yaşayıb, ayrılmışlar. Bu münasibətlərindən 15 may 2006-cı il təvəllüdlü X8 və 14 noyabr 2007-ci il təvəllüdlü X9 adlı iki uşaqları anadan olmuşdur. Evləndikdən sonra əvvəllər münasibətləri yaxşı olsa da sonradan korlanmışdır. Bu səbəbdəndə məhkəmə qaydasında ayrılmışlar. Uşaqları isə onun yanında qalmışdır. Cavabdeh X7 isə uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərmir, yetkinlik yaşına çatmayan uşaqların maddi tələbatlarının təkbaşına ödənilməsində çətinlik çəkir. Cavabdeh X7 fərdi əməklə olmaqla daimi aylıq qazancı olur. Ona görə də, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Astara Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(018)-1449/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, cavabdeh X2 15 may 2006-cı il təvəllüdlü X4 və 14 noyabr 2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 oktyabr 2023-cü il tarixindən başlayaraq hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə ödənilməsi müəyyən edilmiş 58 (əlli səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, hazırda uşaqlar iddiaçının yanında deyil, uşaqlar cavabdehin nümayəndəsi (anası) Nümayəndə yanındadır və onların bütün tələbatlarını cavabdeh ödəyir. Uşaqlar cavabdeh tərəfdə olduğu halda, iddiaçının aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməsi qanunsuz və əsassızdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışına iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə izahatında qeyd etmişdir ki, o, cavabdehin anası, uşaqların nənəsidir. Hazırda uşaqlar onun yanında yaşayırlar. Bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında rəsmi nikah yoxdur. İddiaçı özü də 2022-ci ilin avqust ayınadək onlarla birlikdə yaşamışdır. Uşaqların bütün tələbatlarını ataları ödəyir. X8 xx.xx.2006-cı il tarixdə doğulmuşdur və 1 ay 11 gündən sonra 18 yaşı tamam olur və hərbi xidmətə gedəcəkdir. Digər nəvəsi də 14 noyabr 2007-ci il təvəllüdlü X9 da onun yanında yaşayır. Bununla bağlı Kənd İcra nümayəndəliyindən arayış da verilmişdir. Apellyasiya baxışında X9 da nənəsinin yanında yaşadığını bildirmiş və bütün tələbatlarının atası tərəfindən ödənildiyini qeyd etmişdir. İddiaçı apellyasiya baxışında iştirak etməmişdir. İddiaçıya müəyyən edilmiş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdeh apellyasiya şikayətində qətnaməni tam olaraq mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı cavabdehin apellyasiya şikayəti əsasında tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını, məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Mülki işə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən və Astara rayon İHB-nın Astara rayon Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlardan görünür ki, İddiaçı xx xxxxxx 1984-cü il tarixdə anadan olmaqla, Astara rayonu Kijəbə qəsəbəsində yaşayır. Mülki işə əlavə edilmiş "Atalığın müəyyən edilməsi” və "Doğum haqqında şəhadətnamə”lərin surətindən məlum olur ki, 15 may 2006-cı il təvəllüdlü X8 və 14 noyabr 2007-ci il təvəllüdlü X5 atası kimi X7, anası kimi isə İddiaçı qeyd edilmişdir. Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü ildə verilmiş verilmiş arayışdan görünür ki, X8 və X9 nənələri ilə birgə yaşayır. İddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə aliment tutmuşdur. Hazırda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, hazırda uşaqlar iddiaçının yanında deyil, uşaqlar cavabdehin nümayəndəsi (anası) Nümayəndə yanındadır və onların bütün tələbatlarını cavabdeh ödəyir. Uşaqlar cavabdeh tərəfdə olduğu halda, iddiaçının aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməsi qanunsuz və əsassızdır. O, bununla bağlı Kijəbə qəsəbə İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü ildə verilmiş verilmiş arayışı məhkəməyə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır və birinci instansiya məhkəməsi işə baxarkən iş üçün mühüm əhəmiyyəti olan halları aydınlaşdırmamış və bununla da maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, istər apellyasiya şikayətində, istərsə də apellyasiya baxışında cavabdehin nümayəndəsi Nümayəndə izahatında qeyd etmişdir ki, o, cavabdehin anası, uşaqların nənəsidir. Hazırda uşaqlar onun yanında yaşayırlar. Onların bütün tələbatlarını ataları ödəyir. X8 xx.xx.2006-cı il tarixdə doğulmuşdur və 1 ay 11 gündən sonra 18 yaşı tamam olur və hərbi xidmətə gedəcəkdir. Digər nəvəsi də 14 noyabr 2007-ci il təvəllüdlü X9 da onun yanında yaşayır. Apellyasiya baxışında X9 da nənəsinin yanında yaşadığını bildirmiş və bütün tələbatlarının atası tərəfindən ödənildiyini qeyd etmişdir. Müəyyən edilir ki, iddiaçı ilə cavabdeh faktiki nikahda olmaqla rəsmi nikaha daxil olmayıblar. Belə olan halda uşaqların iddiaçının yanında olması heç bir sübutla müəyyən edilmir. Qanunvericiliyə uyğun olaraq aliment məbləği uşaqların saxlanılması üçün müəyyən edilir. Hazırkı halda uşaqlar cavabdehin yanında olduğu halda iddiaçının cavabdehdən aliment tələb etməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələb təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə- aliment 440 manat məbləğində tələb edilmişdir. Alimentlə bağlı ödəmənin illik məcmusu (440x12=5280) 5000 manatdan çox olduğundan hazırkı qətnamədən kassasiya instansiyası məhkəməsinə kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 2(018)-1449/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh X3 qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar