Məhkəmə qərarları › İş №2(106)-630/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-630/2024

15.04.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-630/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Masallı rayonunun Sığdaş Bələdiyyəsinin nümayəndəsi, bələdiyyə sədri X2, Cavabdeh nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Masallı rayonu Sığdaş Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin, çıxarışın ləğv edilməsi və icarə haqqının ödənilməsi tələblərinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Masallı rayonun Sığdaş Bələdiyyəsi Cavabdeh qarşı bələdiyyə ilə 15 aprel 2006cı il tarixdə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il tarixi olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması və 945 manat icarə pulunun tutularaq bələdiyyənin hesabına köçürülməsi barədə məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, 15 aprel 2006-cı il tarixli icarə müqaviləsi əsasında Sığdaş Bələdiyyəsi tərəfindən Cavabdeh 0.65 ha torpaq sahəsi 75 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün icarəyə verilmişdir. Həmin müqavilənin şərtlərinə görə icarəçi icarə haqqı olaraq hər il 40 manat ödəməyi öhdəsinə götürmüşdür. Ötən müddət ərzinə cavabdehin 945 manat icarə haqqı borcu yaranmışdır. Lakin icarəçi olan cavabdeh üzərinə düşən öhdəliyi doğru düzgün yerinə yetirməmiş, yəni hər il üçün müəyyən edilmiş 40 manat olan icarə haqqını tam olaraq ödəməmişdir. Həmin torpaq sahəsi ilə bağlı cavabdehə Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il). Həmçinin cavabdeh torpaq sahəsini təyinatına uyğun istifadə etmir. Eləcə də torpaq sahəsinin cavabdehə icarəyə verilməsi barədə bələdiyyə tərəfindən verilmiş qərarın (protokolun) heç bir sənəddə qeydiyyatı yoxdur. Dəfələrlə cavabdehə icarə haqqını, vergiləri ödəməsini və həmin torpaq sahəsini təyinatına uyğun istifadə etməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh bu xəbərdarlıqlara məhəl qoymamışdır. Ona görə də, Masallı rayon Sığdaş Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 15 aprel 2002-ci il tarixli icarə müqaviləsi və cavabdehə verilmiş Çıxarış ləğv edilməli və 945 manat icarə haqqı alınaraq bələdiyyənin hesabına köçürülməlidir. Məhkəmə iclasında iddiaçı Masallı rayonu Sığdaş Bələdiyyəsinin sədri X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh icarəyə verilmiş 0,65 ha torpaq sahəsi faktiki olaraq kənd təsərrüfatı məqsədi ilə istifadə edilmir. Ötən müddət ərzində icarə haqqı bələdiyyənin hesabına ödənilməmişdir. Bu barədə cavabdehə rəsmi olaraq xəbərdarlıq edilmiş, lakin nəticəsi olmamış, əksinə əsassız şikayətlər edilmişdir. Bu məsələ bələdiyyənin iclasında müzakirə edilmiş və icarə müqaviləsinin ləğv olunması, eləcə də icraə haqqının tələb olunması ilə bağlı qərar qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Qəni Əliyev məhkəməyə icarı haqqının tam ödənilməsi barədə bank qəbzləri təqdim etsə də, həmin qəbzlər saxtadır, çünki bələdiyyə hesabına icrarə haqqı ödənilməmiş, ümumiyyətlə həmin torpaq sahəsinin icarəyə verilməsi, vergi və icarə ödənişləri barədə arxivdə heç bir sənəd mövcud deyil. Buna səbəb isə həmin dövrdə cavabdehin əmisi bələdiyyə sədri işləməsi və bələdiyyə torpaqlarını saxta yollarla qohumlarının adına sənədləşdirməsidir. Hesab edir ki, iddiası tam əsaslıdır və təmiN olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 izahatında bildirdi ki, cavabdeh onun oğludur. Onun Masallı rayon Sığdaş bələdiyyəsi ilə bağladığı icarə müqaviləsi tam qanunidir və rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi hal-hazırda əkibbecərilməsə də, ot yeri kimi istifadə olunur. Bütün illər ərzində Nurəddin tərəfindən icarə haqqı tam ödənilmişdir. Bu barədə xx.xx.2006-cı il tarixdə 160 manat, xx.xx.2010-cu il tarixdə 440 manat icarə haqqının ödənilməsi barədə bank qəbzləri məhkəməyə təqdim edilmişdir. Həmin qəbzlərdə heç bir saxtakarlıq yoxdur, qeyd olunan tarixlərə uyğun ödənilmişdir. İcarə haqqı və digər sənədlərin istənilməsi barədə bələdiyyə tərəfindən onlara məktub gəlmişdir, lakin qəbzləri bələdiyyəyə təqdim etməmişlər. İddianın əsassız hesab edir və rədd olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-68/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Bəhmənov) iddia qismən təmin edilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15 aprel 2006-cı il tarixli icarə müqaviləsinin və qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2016-cı il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 600 manat icarə pulunun cavabdehdən tutularaq Bələdiyyənin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2128/2022 nömrəli iş üzrə 01 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1243/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər İ.Şəfiyev (məruzəçi), Ə.Əhmədov və V.Həsənov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-944/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), M.Həsənov və C.İmanov) apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4442/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər V.Məmmədov (məruzəçi), A.Abbasov və Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-944/2023 nömrəli iş üzrə 19 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək, şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh, Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi X6 apellyasiya icraatı zamanı apellyasiya şikayəti müdafiə edərək, Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Masallı rayonunun Sığdaş Bələdiyyəsinin nümayəndəsi, bələdiyyə sədri X3 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)-68/2022 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Maddə 423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər həmin Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır; Maddə 713. Əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 73.1. Torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsi, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi, torpaq vergisi və icarə haqqının üzrlü səbəb olmadan 1 il ərzində ödənilməməsi torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi üçün əsasdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 15. Torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir; Maddə 23. İcarəçi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etməli, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməli, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməli, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4442/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında kassasiya instansiyası məhkəməsi yeni məhkəmə baxışına qaytararkən göstərmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq, sənədlərin texniki və sənədlərin materiallarının ekspertizası üzrə 20 iyun 2022-ci il tarixli rəydə göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş 06 iyun 2006-cı il tarixli 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli 23 nömrəli kassa mədaxil qəbzlərinin üzərində olan “KAPİTAL BANK Masallı rayon filialı Mədaxil kassası” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər; qəbzlərdəki çap mətnlərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə elektrofotoqrafik qurğularda istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər; qəbzlərdəki əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar; qəbzlərdəki “ödəyənin imzası” yazısından sonrakı imzalar rəngləyici maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar; qəbzlərdəki möhür əkslərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər. Beləliklə, ekspert rəyinə görə, 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərindəki: 1. çap mətnlərinin rəngləyici maddələri eynidir; 2. əlyazıları eyni diyircəkli qələmlə icra olunmuşdurlar; 3. “ödəyənin imzası” yazısından sonrakı imzalar eyni diyircəkli qələmlə icra olunmuşdurlar; 4. möhür əkslərinin rəngləyici maddələri eynidir. Göründüyü kimi, ekspert rəyi ilə 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərinin eyni rəngləyici maddə ilə çap olunduğu, eyni diyircəkli qələmlə doldurulduğu, eyni diyircəkli qələmlə ödəyən tərəfindən imzalandığı və qəbzlərə vurulan möhür əkslərinin rənglərinin eyni olduğu müəyyən edilmişdir. Bu isə öz növbəsində o nəticəni doğurur ki, 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərinin mətni əlyazısı ilə eyni vaxtda doldurulmuş, eyni vaxtda imzalanmış və eyni vaxtda möhürlə təsdiq olunmuşdur. Başqa deyişlə, 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzləri eyni vaxtda əlyazısı ilə doldurulmuş, imzalanmış və möhürlə təsdiq olunmuşdur. 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərinin eyni vaxda doldurulması, imzalanması və möhürlə təsdiq olunması isə o deməkdir ki, bu iki qəbzdən ən azı biri həqiqi və mötəbər deyil. İşə baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin mövqeyinə, o, cümlədən cavabdeh tərəfindən verilən apellyasiya şikayətin dəlillərinə düzgün hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası iş materialları üzrə araşdırma apararaq müəyyən edir ki, cavabdehin apellyasiya şikayətində xahişi iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin qismən təmin edilməsini iş üzrə tədqiq edilmiş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(050)- 68/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, ******* nömrəli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh adına Masallı rayonu Sığdaş bələdiyyəsinin 0.65 ha torpaq sahəsi üzərində icarə hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan Sığdaş bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli, 04 saylı qərarının surətindən görünür ki, Masallı rayonu Sığdaş kənd sakini Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsinin 75 il müddətinə icarəyə verilməsi qərara alınmışdır. İllik icarə haqqı 40 manat müəyyən edilmişdir. İş materiallarında olan 15 aprel 2006-cı il tarixli, 02 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Sığdaş bələdiyyəsinin 04 aprel 2006-cı il tarixli, 04 saylı qərarı əsasında Masallı rayonu Sığdaş kənd sakini Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.65 ha torpaq sahəsi 75 il müddətə icarəyə verilmişdir. İcarə haqqı hər il üçün 40 manat, icarə müqaviləsinin müddəti 15 aprel 2006-cı ildən 15 aprel 2081-ci il tarixə qədər müəyyən edilmişdir. İş materiallarında olan 06 iyun 2006-cı il tarixli 48 nömrəli qəbzdən görünür ki, Əliyev X4 Bələdiyyəsinin hesabına 160 manat icarə haqqı ödəmişdir. İş materiallarında olan 11 yanvar 2010-cu il tarixli 23 nömrəli qəbzdən görünür ki, Əliyev X4 Bələdiyyəsinin hesabına 440 manat icarə haqqı ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Masallı filialının 10 noyabr 2021-ci il tarixli 5007 saylı məktubundan görünür ki, xx.xx.2010-cu il tarixdə Sığdaş Bələdiyyəsinin adına açılan hesaba 48 və 23 nömrəli qəbzlərdə göstərilən 160 AZN və 440 AZN məbləğində vəsait hesaba köçürülməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Masallı filialının 18 noyabr 2021-ci il tarixli 5011 saylı məktubundan və hesabdan çıxarışından görünür ki, Sığdaş Bələdiyyəsinin bankda adına xx.xx.2010-cu ildə hesab açılmışdır. 48 və 23 nömrəli qəbzlərdə tarixlər hesab açılmamışdan əvvələ aiddir və həmin məbləğlərdə vəsait bələdiyyənin hesabına mədaxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-xətşünaslıq, Sənədlərin texniki və Sənədlərin materiallarının ekspertizasının 20 iyun 2022-ci il tarixli, 5/256- 4/308-5/262 saylı rəyindən məlum olur ki; -Ekspertizaya təqdim edilmiş, 06 iyun 2006-cı il tarixli 48 nömrəli və 11 yanvar 2010- cu il tarixli 23 nömrəli qəbzlərdə olan yazılar və “Ödəyənin imzası”, “Mühasib”, “Pulu qəbul edən xəzinədar” qrafalarında olan imzalar (1-ci qrup yazılar və imzalar) ilə 16 iyun 2006-cı il tarixli, 15 may 2006-cı il tarixli, 21 iyun 2006-cı il tarixli, 04 iyul 200--ci il tarixli, 30 may 2006-cı il tarixli, 18 dekabr 200--ci il tarixli, 13 yanvar 2010-cu il tarixli, 29 dekabr 2009-cu il tarixli, 08 yanvar 2010-cu il tarixli, 10 yanvar 2010-cu il tarixli, 18 dekabr 2009-cu il tarixli, 13 yanvar 2010-cu il tarixli qəbzlərdə olan yazılar və “Ödəyənin imzası”, “Mühasib”, “Pulu qəbul edən xəzinədar” qrafalarında olan imzalar (2-ci qrup yazılar və imzalar) –müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. -Tədqiqata təqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzləri elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxarma və s.) ilə çap edilmişdirlər. -Təqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzlərinin üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdurlar. -Təqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzlərinin üzərlərində olan “KAPİTAL BANK Masallı rayon filialı Mədaxil kassası” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər. -Tədqiqata təqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzlərindəki çap mətnlərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə elektrofotoqrafik qurğularda istifadə olunan mürəkkəblərə aiddirlər və öz aralarında eynidirlər. -Həmin qəbzlərdəki əlyazıları rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. -Həmin qəbzlərdəki “ödəyənin imzası” yazısından sonrakı imzalar rəngləyini maddələrin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. -Həmin qəbzlərdəki möhür əkslərinin rəngləyici maddələri kimyəvi tərkiblərinə görə ştempel boyalarına aiddirlər və öz aralarında eynidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəliləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Sığdaş bələdiyyəsinin 15 aprel 2006-cı il tarixli, 04 saylı qərarı əsasında Masallı rayonu Sığdaş kənd sakini Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,65 ha torpaq sahəsi icarəyə verilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını apellyasiya şikayəti ilə müqayisəli təhlil edərək hesab edir ki, apellyasiya şikayəti formal mülahizə etməklə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ sübyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 241.2. maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2. maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsininə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-68-ci maddələrinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsaslarını müəyyən edən 73-cü maddəsinin 1-ci bəndində qeyd olunmuşdur ki, torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən icarəyə verənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Həmin Qanununun 23-cü maddəsinə əsasən icarəci icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etməli, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etməli, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görməli, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəməlidir. Həmin Qanununun 15-ci maddəsində qeyd olunmuşdur ki, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. İddianın əsasları üzrə kollegiya qeyd edir ki, iddiaçı tərəf sübut edə bilmişdir ki, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, bələdiyyə sədrinin imzası ilə xx.xx.2021-ci il tarixdə 20 nömrəli, xx.xx.2021-ci il tarixdə 24 nömrəli məktublarla Cavabdeh məktublar ünvanlanmışdır ki, icarə müqaviləsi üzrə ödəmə sənədləri bələdiyyəyə təqdim edilsin, əks halda icarə müqaviləsinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət olunacaqdır. Cavabdehin nümayəndəsi də həmin məktubu almalarını təsdiq etmişdir. Bununla belə cavabdeh tərəf icarə haqqı ilə bağlı ödəniş sənədləri təqdim etmədiyinə görə məhkəməyə müraciət edilmişdir. Cavabdeh tərəf 2021-ci ilə qədər icarə haqqının tam ödənilməsi haqqında 06 iyun 2006cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzləri məhkəməyə təqdim etsə də, məhkəmə həmin qəbzləri mötəbər və təkzibolunmaz sübut kimi qəbul etməmişdir. Belə ki, ekspert rəyindən görünür ki, təqdim edilmiş qəbzlərin 2006 və 2010cu illərdə kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə yazılması və imza olunması, möhür əkslərinin ştempl boyalarının eyni olması məntiqi olaraq mümkün deyil. Bundan başqa ekspertizaya 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010- cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzlərinin tarixlərinə yaxın günlərə aid olan sərbəst əks nümunələri olan mədaxil qəbzləri təqdim edilmiş və müqayisə zamanı ekspetiza tədqiqi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 06 iyun 2006-cı il tarixli, 48 nömrəli və 11 yanvar 2010-cu il tarixli, 23 nömrəli Kassa mədaxil qəbzlərinin üzərlərində olan “KAPİTAL BANK Masallı rayon filialı Mədaxil kassası” məzmunlu möhür əksi eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil etmirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4442/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərinin mətni əlyazısı ilə eyni vaxtda doldurulmuş, eyni vaxtda imzalanmış və eyni vaxtda möhürlə təsdiq olunmuşdur. Başqa deyişlə, 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzləri eyni vaxtda əlyazısı ilə doldurulmuş, imzalanmış və möhürlə təsdiq olunmuşdur. 06 iyun 2006-cı il tarixli və 11 yanvar 2010-cu il tarixli kassa mədaxil qəbzlərinin eyni vaxda doldurulması, imzalanması və möhürlə təsdiq olunması isə o deməkdir ki, bu iki qəbzdən ən azı biri həqiqi və mötəbər deyil. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “cavabdeh tərəfin etirazlarının əsassız hesab edilməsi və sübut kimi təqdim edilmiş Kassa mədaxil qəbzlərinin mötəbər hesab edilməməsi” barədə mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olamqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollgiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəliləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizələrdən ibarət olmuşdur.. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-68/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-68/2022 nömrəli iş üzrə 11 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar