Məhkəmə qərarları › İş №2(106)-635/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-635/2025

07.04.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-635/2025 07.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-391/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sədri-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib Cavabdeh üzrə verilmiş xx.xx.2023-cü il tarixli 14 nömrəli əmrin ləğv edilməsi və həmin tarixdən dayandırılmış əmək haqqı məbləğinin hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh sədr müavini vəzifəsinə seçilərək vəzifəsini daimi əsaslarla icra etmiş və bələdiyyə büdcəsi hesabına əmək haqqı almışdır. 2023-cü ildə əmək haqqı 300,0 manat məbləğində olmuş və bələdiyyə sədrinin xx.xx.2023-cü il tarixli 14 nömrəli əmri ilə hesablanması qanunsuz şəkildə dayandırılaraq həmin tarixdən ödənilməmişdir. Ona görə də, Cavabdeh üzrə verilmiş xx.xx.2023-cü il tarixli 14 nömrəli əmrin ləğv edilməsi və həmin tarixdən dayandırılmış əmək haqqı məbləğinin hesablanaraq ödənilməsi barədə iddia qaldırmışdır. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh sədri və iki sədr müavini vəzifəsini daimi əsasla icra etmiş və bələdiyyə büdcəsi hesabına əmək haqqı almışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh sədr müavini vəzifəsinə seçilmiş və xx.xx.2023-cü il tarixədək bələdiyyə büdcəsi hesabına əmək haqqı almışdır. İddiaçı bələdiyyə nizamnaməsinin tələblərini pozduğuna, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirmədiyinə, kollektiv arasında nizam-intizamın pozulmasını təşkil etdiyinə, öz mənafeyi üçün bələdiyyənin fəaliyyətinə zərər vurduğuna və etik normalara əməl etmədiyinə görə ona verilən əmək haqqının dayandırılması haqqında xx.xx.2023-cü il tarixli 14 nömrəli əmr verilmiş və 2024-cü ilin bələdiyyə büdcəsində əmək haqqları üçün ayrılan məbləğ müvafiq ölçüdə azaldılmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İmişli Rayon Məhkəməsinin 2(036)-391/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ülvi Qənbərov) iddia tələbinin təmin olunması, Cavabdeh üzrə verilmiş xx.xx.2023cü il tarixli 14 nömrəli əmrin ləğv edilməsi və İddiaçı həmin tarixdən dayandırılmış əmək haqqının bu qətnamə icra edildiyi tarixədək hesablanaraq ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sədrinümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 2(036)- 391/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdehnə qarşı əmək haqqının ödənilməsinə dair iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxaraq yekun məhkəmə aktı qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbini pozaraq qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Kollegiya gəlinən nəticənin aydın və anlaşılan olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin faktiki hallarından və iddiaçının iddia tələbindən müəyyən edilir ki, İddiaçı xx.xx.2020ci il tarixdə Cavabdeh sədr müavini vəzifəsinə seçilərək vəzifəsini daimi əsaslarla icra etmiş və bələdiyyə büdcəsi hesabına əmək haqqı almışdır. 2023-cü ildə əmək haqqı 300,0 manat məbləğində olmuş və bələdiyyə sədrinin xx.xx.2023-cü il tarixli 14 nömrəli əmri ilə əmək haqqı dayandırılaraq həmin tarixdən ödənilməmişdir. Hazırda da iddiaçı, Cavabdeh üzrə verilmiş xx.xx.2023-cü il tarixli 14 nömrəli əmrin ləğv edilməsi və həmin tarixdən dayandırılmış əmək haqqı məbləğinin hesablanaraq ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 195-ci maddəsinin D bəndinə istinad etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin edərkən, “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci maddəsinin 2-ci bəndinə və Əmək Məcəlləsinin 177, 178 və 186-cı maddələrinə istinad etmişdir. Kollegiya əvvəla qeyd edir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin c bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə Əmək Məcəlləsi şamil olunmur. “Bələdiyyələrin statusu haqqında” Qanunun 15.2-ci maddəsinə əsasən öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü - bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. Kollegiya iş materiallarını tədqiq edərək hesab edir ki, qeyd edilən iddia tələbinin hüquqi əsası- şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın icra edilməməsi və həmin inzibati akt üzrə öhdəliyin icra edilməsinin bələdiyyənin üzərinə vəzifə olaraq qoyulmasından ibarət olmaqla növünə görə öhdəliyin icrası qaydasında baxılmalı tələb kimi mübahisənin həlli inzibati xarakterli mübahisə kimi inzibati orqan olan Cavabdeh hərəkət və hərəkətsizliyi ilə bağlıdır və inzibati məhkəmə (Şirvan İnzibati Məhkəməsi) tərəfindən baxılmalı olan iddiadır. Belə ki, İddiaçı cavabdehin hərəkətsizliyi ilə bağlı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh sədr müavini vəzifəsinə seçilərək vəzifəsini daimi əsaslarla icra etmiş və bələdiyyə büdcəsi hesabına əmək haqqı almışdır. 2023-cü ildə əmək haqqı 300,0 manat məbləğində olmuş və bələdiyyə sədrinin xx.xx.2023-cü il tarixli 14 nömrəli əmri ilə əmək haqqı dayandırılaraq həmin tarixdən ödənilməmişdir. Göründüyü kimi iddiaçı “Bələdiyyələrin statusu haqqında” Qanunun 15.2-ci maddəsinin tələbi baxımından bələdiyyə üzvü kimi 300 manat məbləğində əmək haqqı almış, daha sonra Cavabdeh tərəfindən bələdiyyə nizamnaməsinin tələblərini pozduğuna, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirilmədiyinə, kollektiv arasında nizam-intizamın pozulmasını təşkil etdiyinə, öz mənafeyi üçün bələdiyyənin fəaliyyətinə zərər vurduğuna və etik normalara əməl etmədiyinə görə iddiaçıya verilən əmək haqqı Bələdiyyə sədrinin xx.xx.2023-cü il tarixli 14 nömrəli əmri ilə dayandırılmışdır. Halbuki Cavabdeh sədri bu halda sədr müavinin öz vəzifəsini yerinə yetirməməsinin müəyyən edilməsi və bunun aradan qaldırılması üçün Bələdiyyənin ümumi yığıncağını çağırmalı, müavin olaraq üzərinə düşən hüquq və vəzifələrinin yerinə yetirilməməsinin səbəbləri araşdırılmalı və müvafiq qərar qəbul edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə görə bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvü bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvüdür. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında göstərilmişdir ki, həmçinin bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” qanunun 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən görünür ki, Bələdiyyə kollegial orqan olmaqla bələdiyyədə bütün məsələlər o, cümlədən bələdiyyə üzvünün seçilməsi və ona əmək haqqı ödənilməsi ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Hazırki işdə də İddiaçı ümumi yığıncağın qərarı ilə xx.xx.2020-ci il tarixdə Cavabdeh sədr müavini vəzifəsinə seçilmiş və 300 manat əmək haqqı almışdır. Lakin bələdiyyə sədri tərəfindən xx.xx.2023-cü il tarixli 14 nömrəli əmri ilə əmək haqqının ödənilməsi dayandırılmışdır. Halbuki bələdiyyə sədrinin bələdiyyənin təmsil etmək səlahiyyəti yoxdur. Belə olan halda Cavabdeh sədri hüquqi nəticə (səlahiyyəti olmadan verilmiş əmr nəzərdə tutulur) doğurmayan əmr qəbul etməklə, dolayı yolla inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın icrasını dayandırmışdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi bələdiyyə üzvünə əmək haqqı bələdiyyənin qərarı əsasında təyin olunduğu halda, bələdiyyə sədri qanunsuz əmr qəbul etməklə həmin aktın icrasını dayandırmışdır. Düzdür, ilk baxışda belə mənzərə yaranır ki, iddiaçının iddia etdiyi Bələdiyyə sədri tərəfindən verilmiş əmr inzibati akt olmadığından, həmin əmrin mülki mühakimə icraatı qaydasında baxılaraq hüquqi qiymət verilməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, Bələdiyyə sədrinin verdiyi əmr heç bir hüquqi nəticə doğurmadığından hətta belə əmrin mövcudluğu iddiaçının pozulmuş hüququnun bərpasına təsir də mümkün deyil. Çünki inzibati qərarın (aktın) icrası həmin inzibati qərarın ləğv edilməsi və yaxud yeni inzibati qərarın qəbul edilməsi ilə aradan qaldırıla bilər. Bundan başqa kollegiya iddiaçının iddia tələbinin məzmunundan müəyyən edir ki, hazırki mübahisədə də iddiaçı həmin əmri mübahisələndirsə də mübahisənin kökündə həmin əmr deyil, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın icra edilməməsi və həmin inzibati akt üzrə öhdəliyin icra edilməsinin bələdiyyənin üzərinə vəzifə olaraq qoyulmasını mübahisələndirilməsidir. Yəni iddiaçının iddia tələbinin hüquqi əsası- mülki məhkəmə icraatı qaydasında Bələdiyyə sədri tərəfindən qəbul edilmiş əmrin (bu halda Bələdiyənin sədri tərəfindən qəbul edilmiş əmr məhkəmə mübahisə predmeti kimi çıxış edə bilməz) mübahisələndirilməsi deyil, Bələdiyyə tərəfindən qəbul edilmiş inzibati akt əsasında bələdiyyə sədrinin müavini seçilməsi və 300 manat əmək haqqının ona verilməsinin qanunusz dayandırılmasının qarşısının alınmasından ibarət olmalıdır. Kollegiyanın mövqeyinə görə bu iddia növü üzrə səlahiyyətli məhkəmə mülki icraat qaydasında baxan məhkəmə deyil, inzibati icraat qaydasında baxan İnzibati məhkəmə hesab edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsini icraata götürdükdən sonra vəzifəsi idi ki, verilmiş iddianın prosessual məcəllənin tələblərinə uyğun verilib-verilməməsini müəyyən etsin, iddia düzgün verilmədiyi halda isə iddiaçıya prosessual məcəllənin 14-cü maddəsində nəzərdə tutulan “məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək, kimi prosessual tələblərə əməl etsin, iddiaçıya iddia tələbini dəqiqləşdirilməsi və iddiaçının hazırki iddianı qaldırmaqda marağının nədə ifadə olunmasını müəyyənləşdirməkdir. Məhkəmə bu vəzifəsini yerinə yetirdikdə onu müəyyən edəcəkdi ki, iddiaçının bu iddianı irəli sürməkdə məqsədi xx.xx.2020-ci il tarixdə Cavabdeh sədr müavini vəzifəsinə seçilərək vəzifəsini daimi əsaslarla icra etmiş və bələdiyyə büdcəsi hesabına alınmış əmək haqqının qanunsuz olaraq dayandırılması, yaxud icra edilməməsinin qarşısını almaqla xx.xx.2020-ci il tarixli inzibati akt üzrə öhdəliyin icra edilməsinin bələdiyyənin üzərinə vəzifə olaraq qoyulmasından ibarət olmaqla növünə görə öhdəliyin icrası qaydasında baxılmalı tələb kimi mübahisənin həlli inzibati xarakterli mübahisə kimi inzibati orqan olan Cavabdeh hərəkət və hərəkətsizliyi ilə bağlıdır və inzibati məhkəmə (Şirvan İnzibati Məhkəməsi) tərəfindən baxılmalı olan iddiadır. Məhkəmə nəinki üzərinə düşən vəzifəni yerinə yetirməmiş, əksinə verilmiş iddia tələbi üzrə səlahiyyətli məhkəmə olmamasına baxmayaraq iddianı təmin etməklə məhkəmə aidiyyət qaydalarını pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. ”İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, həmin qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs(şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, aşağıdakı əlamətlərlə səciyyələnir: İnzibati orqan tərəfindən qəbul edilməli, Ümumi(publik) hüquq sahəsinə aid olan müəyyən(konkret) məsələləri nizama salmalı, Ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, Hakimiyyət tədbiri olmalıdır, İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi-hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarı). Göründüyü kimi İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarının (inzibati aktının) icrası yalnız Bələdiyyənin ümumi yığıncağının qərarı ilə dayandırıla bilər. Bu isə o anlama gəlir ki, hazırda iddiaçı özünün pozulmuş hüququnun, yəni almalı olduğu əmək haqqının ödənilməsini mülki məhkəmə icraatı qaydasında əmri mübahisələndirmək yolu ilə deyil, məhz iddiaçıya bu hüququ verən inzibati aktın (İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarının) icrasının yerinə yetirilməsinin İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulması tələbi ilə inzibati məhkəmə icraatı qaydasında iddia vermək yolu ilə mübahisələndirə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015ci il qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları,onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatıqaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarınımüəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. MPM-in 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yolverilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət salahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində əmək haqqının ödənilməsi ilə bağlı Cavabdeh tərəfindən qəbul edilmiş qərarın icrasının Bələdiyyənin üzərinə qoyulması ilə bağlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Buna görə də apellyasiya şikayəti qismən əsaslı hesab edilməklə qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən hakim iş üzrə icraata iş məhkəmədə baxılmalı deyildirsə xitam verir. İş məhkəmədə baxılmalı deyildirsə ifadəsi mülki prosessual qanunvericiliyin normaları əsasında icraatı aparan məhkəmələri nəzərdə tutmaqla yanaşı, həmçinin onu ehtiva edir ki, iş bu prosessual normalar əsasında deyil, başqa prosessual normalar əsasında icraatı aparan məhkəmələrin səlahiyətinə aiddirsə, bu halda da iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 372, 400,402.2və 402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sədri-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-391/2024 saylı, 17 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı Cavabdeh üzrə verilmiş xx.xx.2023-cü il tarixli 14 nömrəli əmrin ləğv edilməsi və həmin tarixdən dayandırılmış əmək haqqı məbləğinin hesablanaraq ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya inzibati aktın (İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarının) icrasının yerinə yetirilməsinin İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulması tələbi ilə inzibati məhkəməyə müraciət etməsi izah olunsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar