Məhkəmə qərarları › İş №2(106)-644/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-644/2025

03.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-644/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair mülki iş üzrə Saylan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-191/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddia tələbi üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-349/2024-010 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin azaldılaraq, birgə nikahdan olan iki uşağın saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay 100 manat olmaqla, ümumilikdə 200 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsində keçmiş həyat yoldaşı Cavabdeh alimentin artırılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmənin 2(057)-349/2024-010 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun hər ay, hər uşağa 150 manat olmaqla, 300 manat ödənilməsi qət edilmişdir, lakin qətnamə çıxararkən cavabdehin ailə vəziyyətinə, maddi durumuna hüquqi qiymət vermədən, bir ailənin maddi təminatını maksimum təmin etməklə digər ailənin maddi təminatının faciəli vəziyyətə salınması halına gətirib çıxaran qətnamə qəbul etmiş, təqdim olunan sənədlərə sübut olaraq hüquqi qiymət verməmişdir. Vəziyyətin belə olduğuna dözməyib yeni qurduğu ailəsi ilə aralarında narazılıq yaranmış boşanma vəziyyətinə gəlmişlər. Boşanma ilə bağlı mübahisə Yasamal Rayon Məhkəməsində baxılaraq Yasamal Rayon Məhkəməsinin 2(004)- 341/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 iddiası təmin edilmiş və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin və üç yaşına qədər anaya 50 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Hazırda yeni qurduğu ailə də belə bir mübahisəyə görə dağılır. Hazırda hər iki məhkəmə tərəfindən kəsilmiş alimentin ödənilməsinə imkanı yoxdur, dəfələrlə alimentin ödənilməsinə görə kənar şəxslərdən borc almaq məcburiyyətində qalmış, aldığı əmək haqqı alimentin ödənilməsinə kifayət etmir. Aliment ödənilməsi üçün aldığı borcları da qaytara bilməmiş, üstəlik aliment borcu da yığılır və ödəmək imkanı yoxdur. Bütün bu problemlər səhhətinə təsir edib və sağlamlığında ciddi problemlər yaranmışdır. Tez-tez həkimə müraciət edir. İkinci həyat yoldaşı işləmir, görmə qabiliyyəti zəifdir. Kənar şəxsin köməyi ilə hərəkət edə bilir. Ailədə tək qazanc gətirəndir. Gözləri ilə bağlı tez-tez həkimə müraciət edir, gözlərindən müalicə alır və bu da əlavə xərc tələb edir. Göründüyü kimi alimentin göstərilən məbləğlərdə ödənilməsi üçün imkanı yoxdur. Ona görə də, alimentin miqdarının azaldılmasına böyük ehtiyac vardır. Yuxarıda qeyd olunanlara əsasən mediasiyaya müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməkdən imtina edərək gəlməmişdir. Birinci instansiya məhkəməsində icraat Saylan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-191/2025 saylı qətnaməsi ilə (hakim Ə.Məmmədli) İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, alimentin artırılması tələbinə dair mülki işə baxılarkən (Salyan Rayon Məhkəməsinin 2(057)-349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi) hazırki iş üzrə iddiaçıdan hər bir uşağa ayda 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməsi ilə bağlı qətnamədən narazı qalmış, həmin qətnamədən onun nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilsə də Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-830/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-349/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə X1 tələbi üzrə onların birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü Azər adlı oğlunun saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü oğlu X2 üç yaşına çatanadək saxlanılması üçün 50 manat sabit pul məbləğində aliment ondan tutulur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəmə tərəfindən müəyyən edilmiş miqdarda alimentdən daha az miqdarda ödəməsinə imkan yaratmaq üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3412/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən narazı qalmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi Vəkil hazırkı iş üzrə iddiaçının cavabdeh olduğu və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmış 2(004)-3412/2024 saylı mülki iş üzrə iddiaçı X1 nümayəndəsi və vəkili olmuşdur. Nümayəndəyə məlum idi ki, Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən nümayəndəsi olduğu şəxsdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment tutulur. Belə olan halda, o, iddiaçının maddi vəziyyətini nəzərə almalı və ona uyğun məhkəmədə alimentin tutulmasını xahiş etməli idi. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı hazırda X3 ilə rəsmi nikahdadırlar və ailə münasibətləri davam edir. Belə ki, bu halı əsas gətirməklə alimentin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı həddə azaldılması uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına deyil, uşağın qabiliyyətinin inkişaf etdirilməsinin, onun maddi və mənəvi təlabatlarının təmin edilməsinin, hüquq və mənafelərinin mühafizəsinin pozulmasına gətirib çıxarar. Həmçinin məhkəmə hesab etmişdir ki, alimentin miqdarının azaldılması uşaqların mənafeyinə uyğun deyildir. Belə ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının Salyan Rayon Məhkəməsinin 2(057)- 349/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin hər bir uşaq üçün 100 manatadək azaldılması barədə iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddələri, , “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Konstitusiyasının 17, 34-cü maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, o, əmak haqqı və digər gəlirləri ilə birlikdə iki ailəyə həmin məbləği ödəmək imkanı yoxdur. İndiyədək aliment öhdəliklərini icra etmək üçün dəfələrlə kənar şəxslərdən borc almağa məcbur maddəsi dəfələrlə kənar şəxslərdən borc almağa məcbur olmuş, lakin yenə də aliment məbləğini tam ödəyə bilməmişdir. Bu səbəbdən də iddiaçının xeyli miqdarda aliment borcu yığılıb qalmışdır. Həmçinin iddiaçının səhhətində də ciddi problemlər var və mütəmadi olaraq müalicə alır. Səhhəti ilə əlaqədar iddiaçının çalışmaq imkanı da yoxdur. Həyat yoldaşı isə işləmir və ailənin başqa qazanc yeri yoxdur. Buna görə də ailəni dolandırmaqda olduqca çətinlik çəkir. Ailənin maddi təminatını çox çətinliklə ödəyə bilir. İddiaçı, valideyn olaraq övladına maddi yardım göstərməyə borclu olduğunu anlayır. Lakin maddi imkanı olmadığı üçün hər ay üçün hər uşağa 100 manat məbləğdə aliment ödəmək müəyyən edilmiş aliment məbləğini ümumiyyətlə ödəmək imkan olduğunu təklif etməsinə baxmayaraq məhkəmə təklifə hüquqi qiymət vermədən iddianı təmin etməmişdir Buna görə də iddiaçıdan tutulan aliment məbləğinin azaldılmasına ehtiyac vardır. Bu səbəbdən də qətnamə ləğv edilməli iddia təmin edilməlidir. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, üzrlü səbəblərin nədən ibarət olduğunu və bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il Qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Qərarı. «Uşaq hüquqları haqqında» Konvensiya «Uşaq hüquqları haqqında» Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Qanun: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Saylan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-191/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı tam mübahisələndirilir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Saylan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-191/2025 saylı qətnaməsini apelyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Ona görə də iş üzrə Saylan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-191/2025 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Salyan Rayon Məhkəməsində iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh alimentin artırılması tələbi ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmənin 2(057)-349/2024-010 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun hər ay, hər uşağa 150 manat olmaqla, 300 manat ödənilməsi qət edilmişdir. İddiaçının ikinci həyat yoldaşının da aliment tələbi olmuş, Yasamal Rayon Məhkəməsinin 2(004)-341/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X1 iddiası təmin edilmiş və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 235 manat alimentin və üç yaşına qədər anaya 50 manat sabit pul məbləğində alimentin ödənilməsi qət edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün 150 manat alimentin iddiaçıdan alınaraq cavabdehə verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə tərkibi uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın məktəbli yaşında olmaqla təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, iddiaçının ikinci nikahdan əlavə uşağının olması onun əvvəlki nikahdan olan uşağın saxlanılması öhdəliyindən azad etmir. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməməli, Saylan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-191/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Saylan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-191/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar