Məhkəmə qərarları › İş №2(106)-647/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-647/2025

03.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-647/2025 03.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənəvi zərər” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənəvi zərərə görə pul tələbi) Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərər” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(057)-126/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı barəsində 01 aprel 2024-cü il tarixdə özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində yaydığı “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab edilməsi, Cavabdeh üzərinə “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi eyni qaydada üzr istənilməklə “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində paylaşması vəzifəsinin qoyulması (paylaşımın müddəti 24 saatdan az olmamaqla saxlanılmaq və hər kəsə açıq olaraq paylaşılmaq şərti ilə), cavabdehdən mənəvi ziyan kimi 10000 manat məbləğində pul və 120 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onunla Salyan Rayon Məhkəməsində nikahın pozulması və digər qarşılıqlı mülki iddialarına baxılması səbəbindən mənafeləri arasında ziddiyyətlər yarandığı üçün ondan qisas almaq qərarına gələrək bu məqsədlə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.4-cü maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan, onun hər kəsdən sirr olaraq gizlətdiyi, onun sağlamlıq vəziyyəti ilə bağlı şəxsi həyatına dair məlumatlar hesab edilən, ona Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X6 tərəfindən “İpoxondrik nevroz” xəstəliyi diaqnozu qoyulduğu xx.xx.2009-cu il tarixli, 255 saylı “səhhətin müayinə edilməsi aktı”nın surətini, həmçinin ona xx.xx.2023-cü il tarixdə Salyan Rayon Mərkəzi Xəstəxanasında S43.4 “bazu oynağının kapsulbağ aparatının gətirilməsi və zədələnməsi” diaqnozu qoyulması, onun “sol çiyin oynağı rentgenoqrafiyası” üzrə xx.xx.2024-cü il tarixdə kardioloji müayinə üçün həmin tibb müəssisəsinə müraciət etməsi, həmin tarixdə ona “Taxikardiya” diaqnozu qoyulması, xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Poliklinika şöbəsində dövrü müayinələrdən keçməsi, xx.xx.2016-cı tarixdən F42.2 “İpoxondrik nevroz” diaqnozu ilə qeydiyyatda olması kimi məlumatları özündə əks etdirən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Adilə Əliyevaya ünvanlanmış 18-1-68/2- 724/2024 nömrəli elektron məktubu onun məlumatı və razılığı olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etməklə qanunsuz toplayaraq istifadəsində olan Oppo A 78 markalı mobil telefonunun rəqəmsal yaddaşında saxlamış, həmin məlumatlardan xx.xx.2009-cu il tarixli, 255 saylı “səhhətin müayinə edilməsi aktı”nın fotoşəkilini və eyni məzmunlu mətn yazısını qanunsuz olaraq özünə məxsus olan 050- ***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 01 aprel 2024-cü il saat 21:21 tarixindən 02 aprel 2024-cü il tarixinədək keçən dövr ərzində 20 saatadək müddətdə paylaşmaqla, eləcə də 18-1-68/2-724/2024 nömrəli elektron məktubu 11 may 2024-cü il tarixdə saat 09:18-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinə yuxarıda qeyd olunan nömrəsindəki profili vasitəsi ilə mesaj bölməsindən göndərməklə təkrarən yaymışdır. Nəticədə, Cavabdeh bu əməlinə Salyan Rayon Məhkəməsində hüquqi qiymət verilərək, məhkəmənin 1(057)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cəbiyeva X2 Respublikasının CM-nin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh ona qarşı törətdiyi bu cinayət onda dərin sarsıntılara, ağrı və iztirablara yol açmışdır. Cavabdeh onun barəsində cəmiyyətdə “dəli” imajı yaratmağa çalışmış, eyni zamanda hökmdə də sübutların siyahısında öz əksini tapdığı kimi “Whatsapp” tətbiqində “ 5-ci şəkildə “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan (gülüş işarəsi)” ifadələri işlədərək onun şərəf və ləyaqətini alçatmışdır. Qeyd etməlidir ki, Cavabdeh onun şərəf və ləyaqətini alçaldılması və ona qarşı cinayət törətməsi onda dərin mənəvi sarsıntıların, depresiyaların yaranmasına səbəb olmuşdur. Baş vermiş bu hadisədən dərhal sonra, 2024-cü ilin aprel ayında psixoloji müalicə almağa məcbur qalmışdır. İddia ərizəsinə əlavə etdiyi xx.xx.2024-cü il tarixli arayış da bu faktın təsdiqidir. Cavabdeh tərəfindən onun barəsində qeyd edilmiş “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi onun şərəf və ləyaqətini alçaldan ifadədir. Həmin ifadənin yayılması onun mənəvi zərərə məruz qalmasına səbəb olmuşdur. Odur ki, hesab edir ki, yuxarıda qeyd edilən təhqiredici ifadə qanunvericiliklə müəyyən edilmiş qaydada təkzib edilməli, onun şərəf və ləyaqətinin ləkələnməsi və ona qarşı törədilən cinayət nəticəsində vurulmuş 10000 manat mənəvi ziyanın əvəzi isə cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Beləliklə, cavabdeh tərəfindən “Whatsapp” sosial şəbəkəsində onun barəsində əks olunmuş məlumatlar şərəf və ləyaqəti alçaldan məlumatlar hesab edilməsi, cavabdeh tərəfindən həmin məlumatların əks edildiyi “Whatsapp” sosial şəbəkəsində iddiaçıdan üzr istənilməsi, iddiaçıya aid edilən məlumatların təkzib edilməsi üçün məhkəməyə müraciət edilmişdir. Birinci instansiya məhkəməsində icraat Salyan Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(057)-126/2025 saylı qətnaməsi (hakim Ə.Məmmədli) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh üzərinə “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi eyni qaydada üzr istənilməklə 050-763-71- 57 saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 24 saat paylaşması vəzifəsinin qoyulması, Cavabdeh 1000 (bir min) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 30 (otuz) manat pul tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İşin mübahisəsiz halıdır ki, cavabdehin təqsirindən iddiaçının şəxsi həyatın sirri olan məlumatlar, belə məlumatları əks etdirən sənədləri, foto çəkiliş materialları yaymaqda cavabdehə zərər dəymişdir. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Cavabdeh 14 sentyabr 2020-ci il tarixində rəsmi nikaha daxil olduğu keçmiş əri İddiaçı ilə Salyan Rayon Məhkəməsində nikahın pozulması və digər qarşılıqlı mülki iddialarına baxılması səbəbindən mənafeləri arasında ziddiyyətlər yarandığı üçün ondan qisas almaq qərarına gələrək bu məqsədlə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 38.2.4-cü maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan, iddiaçının hər kəsdən sirr olaraq gizlətdiyi, sonuncunun sağlamlıq vəziyyəti ilə bağlı şəxsi həyatına dair məlumatlar hesab edilən, ona Salyan Rayon Mərkəzi Xəstəxanası Şorsulu Rayonlararası X6 tərəfindən “İpoxondrik nevroz” xəstəliyi diaqnozu qoyulduğu xx.xx.2009-cu il tarixli, 255 saylı “səhhətin müayinə edilməsi aktı”-nın surətini, həmçinin iddiaçıya xx.xx.2023-cü il tarixdə Salyan Rayon Mərkəzi Xətəxanasında S43.4 “bazu oynağının kapsulbağ aparatının gərilməsi və zədələnməsi” diaqnozu qoyulması, onun “sol çiyin oynağı rentgenoqrafiyası” üzrə xx.xx.2024-cü il tarixdə kardioloji müayinə üçün həmin tibb müəssisəsinə müraciət etməsi, həmin tarixdə ona “Taxikardiya” diaqnozu qoyulması, xx.xx.2016-cı il, xx.xx.2019-cu il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə Poliklinika şöbəsində dövrü müayinələrdən keçməsi, xx.xx.2016-cı il tarixdən F42.2 “İpoxondrik nevroz” diaqnozu ilə qeydiyyatda olması kimi məlumatları özündə əks etdirən “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 direktoru Şirin Səmədova tərəfindən 08 aprel 2024-cü il tarixində X1 İdarəsinin Salyan Uşaq İncəsənət Məktəbinin direktoru Adilə Əliyevaya ünvanlanmış 18-1- 68/2-724/2024 nömrəli elektron məktubu İddiaçı məlumatı və razılığı olmadan istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etməklə qanunsuz toplayaraq istifadəsində olan OPPO A 78 markalı mobil telefonunun rəqəmsal yaddaşında saxlamış, həmin məlumatlardan xx.xx.2009-cu il tarixli, 255 saylı “səhhətin müayinə edilməsi aktı”- nın fotoşəkilini və eyni məzmunlu mətn yazısını qanunsuz olaraq özünə məxsus olan 050- ***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “WhatsApp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 01 aprel 2024-cü il saat 21:21 tarixindən 02 aprel 2024-cü il tarixinədək keçən dövr ərzində 20 saatadək müddətdə paylaşmaqla, eləcə də 18-1-68/2-724/2024 nömrəli elektron məktubu 11 may 2024-cü il tarixdə saat 09:18-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “WhatsApp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinə yuxarıda qeyd olunan nömrəsindəki profili vasitəsi ilə mesaj bölməsindən göndərməklə təkrarən yaymışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, iddiaçının Cavabdeh tərəfindən onun barəsində yayılmış yalan məlumatların eyni məzmunda və eyni qaydada üzr istənilməklə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 24 saat paylaşılmalıdır. Belə ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların və nalayiq ifadələrin “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi vasitəsilə yayılması və bununlada ona mənəvi zərər vurulması nəticəsində iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik keçirməsi və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə hesab etmişdir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir. Bununla yanaşı, məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması, vurulmuş mənəvi zərərin ağırlıq dərəcəsini, habelə baş vermiş hadisəyə görə cavabdehin barəsində Salyan Rayon Məhkəməsinin hökmü ilə 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilməsini nəzərə almışdır. Həmçinin, məhkəmə araşdırması zamanı o, da müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından doğulmuş yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay iddiaçıdan cavabdehin xeyrinə aliment tutulur. Həmçinin, cavabdehin maddi imkanı ilə bağlı məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlarda cavabdehin müəllim işlədiyi aşkar edilmişdir. Belə olan halda cavabdehin ailə və əmlak vəziyyətini, ona qarşı irəli sürülmüş tələbi ödəmək iqtidarında olduğuna dair işdə yetərli sübut olmadığını nəzərə alaraq mənəvi zərərə görə kompensasiyanın miqdarını ağlabatan məbləğdə, yəni 1000 (bir min) manat məbləğində müəyyən etməyi məqsədə uyğun hesab etmişdir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsi, eyni qaydada üzr istənilməklə ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 24 saat paylaşması vəzifəsi qoyulmaqla, 1000 (bir min) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 30 (otuz) manat pul tutularaq iddiaçıya ödənilməlidir Eyni zamanda birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 23.1, 23.2, 23.4, 1096.1, 1096.2, 1097.1-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarının 2, 7-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 119.1ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları; Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnamədə işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul edilmişdir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Salyan Rayon Məhkəməsinin 1(057)- 132/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə cavabdehin törətdiyi cinayət əməlinə görə dövlətin mənafeyinə 1200 manat tutulduğu halda, ona dəymiş mənəvi zərərin məbləğinin 1000 manat olması anlaşılmazdır. Əgər hüquqa zidd əməllərin davam etdiyi müddət nəzərə alınsaydı, hadisələrin eyni vaxtda olduğu müəyyən edilərdi ki, bu da onda yaranmış iztirabların necə artmasını nümayiş etdirərək mənəvi zərərin məbləğinin daha yüksək olmasına səbəb olardı. Bununla yanaşı, məhkəmə tərəfindən onun da müəllim olaraq pedaqoji fəaliyyətlə məşğul olmağı və bütün tanışlarının evli olduğu səbəbindən ortaq olması, paylaşılmış şəxsi sirr olan məlumatlarını və cavabdehin onun şərəf və ləyaqətini alçaldan ifadələrini ortaq tanışları tərəfindən görülməsinin qaçınılmaz olması, bununla da onda olan psixoloji sarsıntıların şiddətinin artıq olması nəzərə alınmamışdır. Mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirmə mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Məhkəmə tərəfindən cavabdeh tərəfindən törədilən cinayət əməlinə və onun şərəf və ləyaqətimi alçaldan məlumatların yayılmasına görə birlikdə 1000 manat məbləğində mənəvi zərərin müəyyən edilməsi anlaşılmazdır. Məhkəmə tərəfindən, sosial, psixoloji və iqtisadi qiymətləndirmə düzgün aparılmamışdır. Məhkəmə tərəfindən, cavabdehin rəsmi iş yerinin olması müəyyən olunsa da, əmək fəaliyyəti ilə məşğul olmayan vətəndaşlar üçün müəyyən edilən təzminat məbləği hesablanmışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-126/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilməli, mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətimi müdafiə edir. Cavabdeh hazırkı məsələ ilə əlaqədar cinayət işi üzrə 1500 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən təyin ediləcək mənəvi zərərin məbləği cərimədən aşağı ola bilməz. Qeyd edir ki, özü piano müəllimi, cavabdeh isə tarix müəllimidir. Hər ikisinin ortaq tələbləri var və cavabdeh öz hərəkətləri ilə onu tələblərinin yanında pis vəziyyətdə saxlamış, işgüzar nüfuzuna xələl gətirəcək hərəkətlərə yol vermişdir. Cavabdeh onu dəfələrlə təhqir etmiş, ona aid şəxsi xəstəlik məlumatlarını qanunsuz şəkildə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə “status” bölməsində paylaşmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, bu hadisələr onun psixoloji vəziyyətinə təsir etmiş, müvafiq müalicələr almışdır. Həmçinin, cavabdeh bu hərəkətləri ilə onu əldə edilə biləcəyi müxtəlif qazanclardan da məhrum etmişdir. Belə ki, cavabdehin bu hərəkətləri onu tələbələrinin yanında hörmətdən salmış, nüfuzu sarsılmış və yeni hazırlıq proqramlarının ərsəyə gətirilməsinin qarşısını almışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, cavabdeh üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, üzrlü səbəblərin nədən ibarət olduğunu və bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarı; Həmin qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı; Həmin qərara əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Salyan Rayon Məhkəməsinin 2(057)- 126/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilməsini və mənəvi zərərə görə 10.000 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Salyan Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(057)-126/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etsədə, iddia tələbinin mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissəsində səhv nəticəyə gəlmişdir ki, bununla da gəlinən nəticənin mənəvi zərərin məbləği hissəsində apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün kifayət qədər əsas yaratmışdır. Buna görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər nəzərə alınmaqla iddia tələbinin mənəvi zərər hissəsində gəlinən nəticənin yenidən araşdırılması və ona hüquqi qiymət verilməsi zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İlk növbədə qeyd edilməlidir ki, Cavabdeh Salyan Rayon Məhkəməsinin 27 yanvar 2025ci il tarixli, 2(057)-126/2025 saylı qətnaməsi ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Odur ki, məhkəmə tərkibi qətnaməni iddiaçının apellyasiya şikayətinə münasibətdə yaxlayır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, 01 aprel 2024-cü il tarixdə iddiaçıya məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində “qeyrətin varsa, gəl boşanmaya qol çək, ay yazıq. 3 aydır məhkəməni yubadırsan” ifadəsini paylaşmışdır. Salyan Rayon Məhkəməsinin 1(057)-132/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının CM-nin 156.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 69.4-cü maddəsinə əsasən, Cavabdeh hazırkı iş üzrə tutulduğu 01 (bir) gün müddət nəzərə alınmaqla təyin olunmuş cəza yüngülləşdirilərək ona qəti olaraq 1200 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Həmçinin iddiaçının hər kəsdən sirr olaraq gizlətdiyi xəstəliklərə dair məlumatları özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “WhatsApp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinin status bölməsində 01 aprel 2024-cü il saat 21:21 tarixindən 02 aprel 2024-cü il tarixinədək keçən dövr ərzində 20 saatadək müddətdə paylaşmaqla, eləcə də 18-1-68/2-724/2024 nömrəli elektron məktubu 11 may 2024-cü il tarixdə saat 09:18-də X3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə işləyən “WhatsApp” ani mesajlaşma mübadilə şəbəkəsi profilinə yuxarıda qeyd olunan nömrəsindəki profili vasitəsi ilə mesaj bölməsindən göndərməklə yaymışdır. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Ona dəymiş mənəvi zərərin məbləğinin 1000 manat olması anlaşılmazdır. Məhkəmə tərəfindən onun da müəllim olaraq pedaqoji fəaliyyətlə məşğul olmağı və bütün tanışlarının evli olduğu səbəbindən ortaq olması, paylaşılmış şəxsi sirr olan məlumatlarını və cavabdehin onun şərəf və ləyaqətini alçaldan ifadələrini ortaq tanışları tərəfindən görülməsinin qaçınılmaz olması, bununla da onda olan psixoloji sarsıntıların şiddətinin artıq olması nəzərə alınmamışdır. Məhkəmə tərəfindən, sosial, psixoloji və iqtisadi qiymətləndirmə düzgün aparılmamışdır. Məhkəmə tərəfindən, cavabdehin rəsmi iş yerinin olması müəyyən olunsa da, əmək fəaliyyəti ilə məşğul olmayan vətəndaşlar üçün müəyyən edilən təzminat məbləği hesablanmışdır. Məhkəmə tərkibi şikayətin dəlilləri ilə qismən razılaşır. İş materiallarından görünür ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların və nalayiq ifadələrin “Whatsapp” ani mesajlaşma mübadilə şəbəkəsi vasitəsilə yayılması və bununlada ona mənəvi zərər vurulması nəticəsində iddiaçının psixoloji stress, sarsıntı və emosional gərginlik keçirməsi və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Yəni iddiaçının müəyyən mənəvi zərərə məruz qalması qaçılmazdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Qərarın 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsi "Maksimov Rusiyaya qarşı” iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. Məhkəmə tərkibi mənəvi ziyanla bağlı iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərə görə cavabdehdən alınan məbləğ 1000 manat kifayət qədər az olmaqla, iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi ədalətli hesab edilə bilinməz. Buna görə də həmin məbləğin artırılaraq 3000 manat məbləğdə müəyyən edilməsi iddiaçının keçirdiyi mənəvi sarsıntının, psixi iztirabın qarşılığı kimi qismən ədalətli hesab edilməklə dəyərləndirilməlidir. “Oyalın Türkiyəyə qarşı işi üzrə 23 mart 2010-cu il, nömrə 4864/05 tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında deyilir; “Dövlət etiraz edərək bildirdi ki, mənəvi zərərlə bağlı tələb hədsiz çoxdur və ədalətsizdir. Dövlət daha sonra bildirdi ki, hər hansı məbləğdə mənəvi zərərin tutulması əsassız zənginləşməyə səbəb olacaqdır. Dövlətin təmin olunacaq məbləğin səbəbsiz zənginləşmə təşkil etməsi arqumentinə gəldikdə, məhkəmə qeyd etmişdir ki, şəxsin çəkdiyi əzab və istirab, sarsıntı heç bir məbləğlə, hətda ən yüksək məbləğlə belə kompensasiya edilə bilməz.” Məhkəmə tərkibi qeyd edir ki, mənəvi zərərin həddini müəyyən edərkən cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya onları nüfuzdan salan məlumatların yayılması səbəbiylə cavabdehin məsuliyyətə cəlb olunması və cavabdeh barəsində Salyan Rayon Məhkəməsinin hökmü ilə 1200 (bir min iki yüz) manat miqdarında cərimə cəzası təyin edilməsi cavabdehi mənəvi zərərə görə kompensasiya ödəmək öhdəliyindən azad etmir. Mənəvi zərərə görə iddiaçının tələb etdiyi məbləğlə bağlı məhkəmə tərkibi qeyd edir ki, mənəvi zərərin müqabilində apellyasiya şikayətində tələb edilən 10000 manatın iddiaçının xeyrinə tutulması, onun pozumuş hüququnun ədalətli şəkildə bərpasından çox iddiaçının zənginləşməsinə xidmət etmiş olacaqdır ki, bu da mənəvi zərərlə bağlı institutun məqsədlərinə ziddir. Mənəvi ziyana görə tutulan kompensasiya məbləği işin hallarına, iddiaçının məruz qaldığı mənəvi sarsıntı və iztirablara, eyni zamanda formalaşmış məhkəmə təcrübəsinə uyğundur. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməməlidir. İddiaçının mənəvi ziyana görə tələb etdiyi 10000 manat məbləğində kompensasiya isə qeyd olunan meyarlara cavab vermir. Ona görə də şikayət tam təmin edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Şirinovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 noyabr 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(057)- 126/2025 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(057)-126/2025 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh mənəvi zərərə görə 3000 (üç min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar