Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-657/2023 28.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı fərdi evin tikintisinə və təmirinə sərf olunmuş 60000 manat məbləğdə pul vəsaitinin üzərində ½ paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(036)-980/2023 saylı qərardadından İddiaçı nümayəndəsi vəkil Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş şikayətə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində birgə nikah dövründə əldə edilmiş gəlirlər hesabına inşa edilmiş 787 saylı fərdi yaşayış evinin tikintisinə və təmirinə sərf edilən 60000 manat üzərində ½ hissə üzrə paylarının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(036)-980/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı ümumi birgə əmlakın bölünməsi tələbi barədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1, 152.1, 213.1 və 223.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 5.1 və 153.2.1-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddələrinə istinadən göstərilmişdir ki, ərizəyə əlavə edilmiş AR İN ƏM DX Daşınmaz Əmlakın DKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********71 saylı məlumata əsasən daşınmaz əmlakın dövlət reyestrində Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş 787 saylı fərdi yaşayış evi üzərində Cavabdeh əmlak hüququnun qeydiyyatı aşkar edilməmişdir. Habelə, 109944 nömrəli qəbzin surətinə əsasən İddiaçı 811 nömrəli “e-Manat” terminalı vasitəsilə xx.xx.2022-ci il tarixdə 51,0 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Buna görə də, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməməli və geri qaytarılmalıdır. Habelə, həmin qərardadda qeyd edilmişdir ki, İddiaçı payının müəyyənləşdirilməsini tələb etdiyi əşya 60000,0 manat məbləğdə nağd pul vəsaiti daşınmaz əmlak obyektinin tikilməsinə sərf edilərək fiziki cəhətdən mövcudluğunu itirib dəyər ölçüsünü ifadə edən mücərrəd formaya (qiymətə) çevrilmişdir. Bölünməsi tələb edilən əşya - 60000,0 manat faktiki olaraq ümumi birgə mülkiyyətdə qalmadığından (konkret bir şəxsin sahibliyində və sərəncamında olmadığından) onunla bağlı əşya hüququ yaranmamış və yaxud artıq xitam olunmuşdur. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, bölünməsi tələb edilən əşya - 60000,0 manat fiziki cəhətdən mövcud olmaması səbəbindən konkret olaraq bir və ya bir neçə şəxsdə əşya hüququ yaratmadığından hüquqi cəhətdən mübahisə predmetini təşkil edə bilməz. Mübahisə predmetinin olmaması isə işin məhkəmə qaydasında baxılması imkanını aradan qaldırır. İddiaçı nümayəndəsi vəkil Qasımlı Anar Elman oğlu İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(036)-980/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğvini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə iddianı qanunsuz olaraq həm iddianın yolverilməzliyinə görə, həm də dövlət rüsumuna görə geri qaytarmışdır. Belə ki, iddia məhkəmədə baxılmalı deyilsə, o zaman məhkəmə dövlət rüsumuna görə geri qaytarmamalıdır. İmişli Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli e-2(036)-980/2023 saylı qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına MPM-in 152-ci və 153-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi eyni zamanda həm iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etmək, həm də iddia ərizəsinin geri qaytarılması barədə qərar qəbul etmişdir ki, bu da MPM-in tələblərinə əsasən yolverilməzdir. Belə ki, ərizə məhkəməyə daxil olduğu gün hökmən qeydiyyatdan keçməlidir. Bundan sonra onun məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılır. Yəni iddia ərizəsinin Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verilib-verilməməsi vəziyyəti qiymətləndirilir. Əgər ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir və ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Bu halda, məhkəmə həmin qərardadda iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını da mütləq göstərməlidir. Qeyd edilməlidir ki, Məcəllənin imperativ tələbinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Eyni vaxtda, eyni qərardadla iddia ərizəsinin geri qaytarılması qanunvericiliyin tələbinə ziddir. Belə ki, iddia ərizəsinin qaytarılması haqqında hakimin çıxardığı qərardaddan şikayət verilə bilər və həmin qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Ən əsası isə diqqətə çatdırılmalıdır ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina etməkdən fərqli olaraq, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası bundan başqa, diqqətə çatdırmaq istəyir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinadən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edərkən düzgün olmayaraq, tikintisinə və təmirinə sərf edilən 60000 manat üzərində ½ hissə üzrə paylarının müəyyən edilməsi xahiş olunan fərdi yaşayış evinin - Sumqayıt şəhəri Corat bağları ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa edilmiş 787 saylı evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aşkar edilməməsinə görə maddi hüquq normalarına əsaslanmışdır. Bu hal MPM-də ehtiva olunan onun məhkəmə icraatının mümkünlüyü əsasları ilə uyğunsuzluq təşkil edir. Çünki hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda, onun həmin sübutları tələb etmək barədə əsaslandırılmış vəsatətlə məhkəməyə müraciəti əsasında fiziki və hüquqi şəxslərdən və ya orqanlardan sübutlar tələb edir, işdə iştirak edən şəxslərə xəbər verməklə maddi və yazılı sübutların yerində müayinəsini aparır. Həmçinin, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Nəzərə alınmalıdır ki, MPM-in 78.1ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Habelə, məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bununla da, qanunvericiliyin tələbinə görə məhkəmə sübutları müayinə və tədqiq etdikdən, onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləcə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsini ərizə məhkəməyə daxil olarkən sübutların ona əlavə edilməsinin məcburiliyi ilə şərtləndirilməsi yolverilməzdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin dövlət rüsumuna görə geri qaytarılmasına dair məhkəmə tərəfindən qərar qəbul edilərkən haqlı olaraq “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddələrinə istinad edilmişdir. Belə ki, MPM-in 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməli olduğu halda, iddiaçı qanunun qeyd edilən məcburi göstərişinə əməl etməmişdir. Göründüyü kimi, məhkəməyə daxil olmuş iddia ərizəsinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Habelə, nəzərə alıanmalıdır ki, MPM-in 108.3-cü maddəsinə əsasən isə dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Məhkəmə eyni zamanda, nəzərə alınmamışdır ki, MPM-in 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Habelə, MPM-in 149.2.4-1.-ci maddəsinə əsasən iddia ərizəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. MPM-in digər - 150.0.8-ci maddəsinin tələbinə görə iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Kollegiya qeyd edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsində tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələbinə riayət edilməsinə dair məlumat göstərilməmişdir. MPM-in 152.1.6-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilməlidir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Həmin Qanunun 25.1-ci maddəsinə görə tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr barədə mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmətdən və mülki prosessual hüququn təməl prinsiplərindən olan prosessual qənaət prinsipi baxımından, mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir və mülki prosessual qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Kostitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(036)-980/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(036)-980/2023 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılması üçün mülki iş materialları İmişli Rayon Məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi vəkil Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(036)-980/2023 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə yenidən baxılması üçün mülki iş materialları İmişli Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-657/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-657/2023
28.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver