Məhkəmə qərarları › İş №2(106)-678/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-678/2024

13.03.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-678/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və X3 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmri ilə Masallı rayonu, Ərkivan kəndində yaşayan Borclu əsas borc kimi 4746, faiz borcu isə 1687 ABŞ dollarının, cəmi 6433 ABŞ dollarının alınıb "xxxx"nın Cəlilabad filialının xeyrinə verilməsi, Borclu tutulmalı olan 6433 ABŞ dolları məbləğində vəsaitin onun girov qoyulmuş “VAZ-2106” markalı, dövlət nömrə nişanı **-BX-*** olan minik avtomobilinə yönəldilməsi əmr edilmişdir. Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli göndəriş məktubu ilə məhkəmənin 03 oktyabr 2007-ci il tarixli məhkəmə əmri məlumat üçün tərəflərə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Mərkəzi Bankına 15 gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etmələri və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilməsi üçün tədbirlər görmələri qərara alınmışdır. Ona görə də "xxxx" QSC BOKT-nin Lənkəran filialı 13 iyun 2023-cü il tarixli məktubla Masallı Rayon Məhkəməsinə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmri üzrə icra işinin yenidən icraya yönəldilməsinə sərəncam verilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli məktubu ilə Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmri Borclu münasibətdə yenidən icra edilməsi üçün Masallı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Masallı rayon İcra və Probasiya şöbəsinin 27 iyul 2023-cü il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı icra sənədi üzrə icraata başlanılmışdır. 11 avqust 2023-cü il tarixində Borclu Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmrinə etiraz vermiş, etirazda həmin əmrin ləğv edilməsini və iş üzrə yenidən ədalətli araşdırma aparılmasını təmin edərək onun hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Borclu etirazını onunla əsaslandırmışdır ki, "xxxx" ASC ona qarşı məhkəmədən pul tələbi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin hakimi Tofiq Heydərov heç bir araşdırma aparmadan 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmrini çıxararaq borcludan ümumilikdə 6433 ABŞ dollarının tutulmasını əmr etmişdir. Borclunun ümumiyyətlə məhkəmə əmrindən xəbəri olmamış, məhkəmə sənədləri rəsmi qaydada ona göndərilməmişdir. O, banka olan borcunu tam şəkildə bağlamışdır. Onun banka heç bir borcu yoxdur. İcra şöbəsindən ona bildiriş gəldikdə onun sözügedən əmrdən məlumatı olmuşdur. Əmrlə razı deyil, əmr onun bütün hüquqlarını pozur. Borclu etirazını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 276.1-ci, 282-ci və 283-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Masallı rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış Masallı Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli göndəriş məktubu ilə Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmri ilə əlaqədar olan icra işinin lazımi qaydada təsdiqlənmiş surətlərinin tam şəkildə məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadı ilə (sədrlik edən hakim Ceyhun Quliyev) Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmrinə Borclu tərəfindən verilmiş etiraz təmin edilməmişdir. Qərardaddan narazı qalan Borclu şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadının ləğv edilməsini və tələbə iddia icraatı qaydasında baxılması üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, onun Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmrindən həqiqətən xəbəri olmamış, məhkəmə əmri qanunla müəyyən edilmiş qaydada ona verilməmişdir. İş materiallarında da məhkəmə əmrinin rəsmi qaydada ona verilməsi barədə rəsmi sənəd ola bilməz. Çünki məhkəmə əmri ona verilməmişdir. Bundan əlavə, işdə mübahisə olduğuna görə işə baxan hakim buna əmr icraatı qaydasında baxmamalı idi. Məhkəmə qərardadında göstərir ki, məhkəmə əmrindən 15 il keçdikdən sonra şikayət verilmişdir. Əmr ləğv olunduqdan sonra sübutları olacaq və məhkəmə tərəfindən araşdırılmayan hallar məhkəmə tərəfindən araşdırılmalıdır. Məhkəmə formal mülahizələr irəli sürməklə, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada ona məlumat verməmiş, teztələsik qərardad qəbul etməklə birtərəfli qaydada məhkəmə iclasını aparmışdır. Məhkəmə qərardadında digər tərəfi dindirib işdə olan sənədləri elan edir. Halbuki, məhkəmə borclunun məhkəmə əmrini alıb-almamasını araşdırmalı idi. Məhkəmə isə işin bu halını ümumiyyətlə qərardadında araşdırmamışdır. Məhkəmə onu məhkəmə müdafiəsi hüququndan istifadə etmək imkanından məhrum etmişdir. Məhkəmə onun xəbəri olmadan işə baxıb onun ziyanına qərar çıxarmış və belə vəziyyətdə o da məhkəməyə sübut təqdim edə bilməmişdir. Bugünədək məhkəmə əmrini almadığından və əmrdən vaxtında şikayət verə bilmədiyindən, MPM-in 282-ci maddəsinin tələbləri işə baxan hakim tərəfindən pozulmuşdur. Masallı Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadı qüvvədə saxlanılmış, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş materialları 28 fevral 2024-cü il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı icra sənədi üzrə icra işindən görünür ki, Masallı rayon Məhkəmə icraçıları bölməsinin 17 oktyabr 2007-ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə Borclu 17 oktyabr 2007-ci il tarixli bildiriş göndərilmiş, icra hərəkətləri barəsində borcluya məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş hərrac təşkilatının hərracın yekunları barədə 08/02 nömrəli, 24 iyul 2008-ci il tarixli protokolunun surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2-619/2007 saylı, 03 oktyabr 2007-ci il tarixli məhkəmə əmrinə və Masallı rayon MİB-nin 242/07 saylı, 18 aprel 2008-ci il tarixli sifariş məktubuna əsasən Borclu məxsus “VAZ-2106” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil 3230 manat satış qiyməti ilə X1. Bununla bağlı, 24 iyul 2008-ci il tarixli müqavilə imzalanmışdır. İşdə surəti olan Masallı rayon Məhkəmə icraçıları bölməsinin 29 iyul 2008-ci il tarixli qərarından görünür ki, həmin qərarla Masallı Rayon Məhkəməsi tərəfindən verilmiş 2- 619/07 saylı, 03 oktyabr 2007-ci il tarixli icra sənədi tam olunduğuna görə Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, borclunun şikayətinin Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmrindən xəbərinin olmaması ilə bağlı dəlili həqiqətə uyğun deyil. Belə ki, sözügedən məhkəmə əmrinin icrası ilə bağlı bir sıra icra hərəkətləri həyata keçirilmiş, onun icrasını təmin etmək və avtomobilin satışını həyata keçirmək məqsədilə hərrac təşkil edilmiş, hərrac nəticəsində həmin avtomobil 24 iyul 2008-ci ildə Məmməd Ağayevə satılmış, bundan sonra 29 iyul 2008-ci ildə həmin icra sənədi tam icra olunduğuna görə Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Bu hallar isə borclunun sözügedən məhkəmə əmrindən xəbərsiz olmasına dair dəlilinin əsassız olduğunu göstərir. Həmçinin borclu şikayətində qeyd etmişdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilmədən hazırda mübahisələndirilən qərardad qəbul edilmişdir. Lakin iş materiallarının 59-cu vərəqinə əlavə edilmiş məktubdan görünür ki, 30 noyabr 2023-cü il tarixə, saat 15:00-a təyin edilmiş məhkəmə iclası barədə borcluya bildiriş göndərilmiş, həmin göndərişlə əlaqədar iş materiallarının 60-cı vərəqinə poçt göndərişlərinin çatdırılması ilə bağlı reyestr əlavə edilmişdir. Bundan əlavə, iş materiallarının 61-ci vərəqinə əlavə edilmiş telefonoqramdan göründüyü kimi, 30 noyabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclası barəsində borclunun nümayəndəsi və vəkili olan X4 telefon vasitəsilə məlumat verilmişdir. Qeyd edilənlər isə borclunun şikayətinin onun məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmaması ilə bağlı dəlilinin də əsassız olduğunu göstərir. Bundan başqa, borclu həm hazırkı məhkəmə əmrindən xəbərsiz olduğunu, həm də banka hər hansı borcunun olmadığını və banka olan bütün borcunu bağladığını bildirərək bir-birilə ziddiyyət təşkil edən dəlillər irəli sürmüşdür. Məhkəmə kollegiyası borcluya bildirir ki, əgər o, banka olan bütün borcunu ödəmişdirsə və ya həmin borc tamamilə bağlanmışdırsa, borclu yenidən icraya yönəldilmiş icra sənədinin təmin edilməsi ilə bağlı müvafiq sənədləri icra orqanına da təqdim edə bilər. Hazırda iş materiallarında Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli, 2-619/2007 saylı məhkəmə əmrinin birbaşa olaraq Borclu təqdim edilməsini təsdiq edən sənədin olmamasına baxmayaraq, iş materiallarında Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2007-ci il tarixli göndəriş məktubu ilə həmin əmrin məlumat üçün tərəflərə göndərilməsinə dair sənəd mövcuddur. İşin digər müəyyən edilmiş halları isə borclunun sözügedən əmrdən məlumatlı olmasını təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 263, 264, 385.1, 397, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-619/2007 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar