Məhkəmə qərarları › İş №2(106)-680/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-680/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-680/2023 02.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Quluyev Xeyrullah Şirin oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Quluyev Xeyrullah Şirin oğluna qarşı alqı-satqı faktının müəyyən edilməsi və ya pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)- 533/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh Quluyev Xeyrullah Şirin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Quluyev Xeyrullah Şirin oğluna qarşı iddia ərizəsi (daha sonra iddia tələbinin həcminin artırılması barədə) ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə 2011-ci il tarixdə şifahi bağlanılmış 3.40 ha torpaq sahəsinin alqı-satqısı faktının müəyyən edilməsi və ya 3.40 ha torpaq sahəsini almaq üçün cavabdehə ödədiyi 6200 manat məbləğdə pulun indiki orta bazar ekvivalentinin, yəni 23120 manat məbləğdə pulun və 3.40 ha torpaq sahəsində yaxşılaşdırma məqsədilə apardığı meliorativ işlərin, 2021-ci il üzrə əldən çıxmış yonca ot bitkisinin dəyərinin 7743,44 manat məbləğdə pulun, ümumilikdə 30863,44 manat məbləğdə pulun, 465 manat qiymətləndirmə rəyinin dəyərinin və 30 manat məbləğdə ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, Beyləqan rayonunun Sarısu qəsəbə sakini olan cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin 3.40 hektarını 2011-ci il tarixdə cavabdehə 6200 manat məbləğdə nağd pul verməklə satın almışdır. Həmin torpaq sahəsini alarkən cavabdehlə aralarında yüksək səviyyədə inam və etibar olduğundan və cavabdehin ailə üzvlərinin sənədlərində müəyyən qədər çatışmazlıq olduğundan sənədləşmə işlərini tam başa çatdıra bilməmişlər. Cavabdehin ailə üzvlərinin hər birinin razılığı ilə alqı-satqı etmişlər. Hətta müəyyən sənədləşmə işlərinin xərclərini belə özü ödəmişdir. Belə ki, cavabdehin sənədlərində müəyyən çatışmazlıqlar olmuş, o, həmin sənədləri müxtəlif orqanlardan toplayaraq düzəltdirmişdir. Sonradan cavabdehin qardaşı vəfat etdiyinə görə sənədləşmə işlərinin aparılmasının başa çatdırılması mümkün olmamışdır. Həmin torpaq sahəsini aldığı gündən etibarən son zamanlara kimi istifadə etməklə həmin torpaq sahəsini özününkü hesab etməklə külli miqdarda xərc qoyaraq abadlaşdırma və yaxşılaşdırma işləri apararaq tam yararlı vəziyyətə gətirmişdir. Belə ki, aldığı torpaq sahəsində hamarlanma işlərinin aparılmasına, arxların çəkilməsinə xeyli miqdarda vəsait xərcləmişdir. Lakin son zaman cavabdeh aralarında olan şifahi alqı-satqı müqaviləsinin şərtlərini pozaraq ondan aldığı 3.40 ha torpaq sahəsini özbaşına şumlatdırmışdır. Halbuki, o, 2019-cu ildə həmin torpaq sahəsinə yonca səpmiş, yonca yetişən vaxt cavabdeh sahəni şumlatdıraraq hazır yonca məhsulunu məhv etmişdir. Bununla da, cavabdeh ona zərər vurmuşdur. Həmin zərərlə bağlı akt tərtib edilmiş və mütəxəssis rəyi alınmışdır. Həmin torpağı aldığı vaxt həmin ərazidə torpaqların 1 hektarının alqı-satqı dəyəri tərəflərin razılaşmalarına əsasən 1500-1700 manat məbləğ olmuşdur. Hazırda isə həmin ərazidə torpağın 1 hektarının dəyəri 6000-6500 manat təşkil edir. Cavabdehə 3,40 hektar torpaq sahəsini almaqdan ötrü verdiyi 6200 manat məbləğdə pulla hazırda həmin ərazidə 1 hektar torpaq sahəsi almaq mümkündür. Beyləqan Rayon Məhkəməsinin 2(020)-533/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramiz Nurullayev) iddia qismən təmin edilərək, cavabdehdən torpaq alqı-satqısı üçün ödənilmiş 6200 manat, dəymiş zərərə görə 7743,44 manat, qiymətləndirmə rəyinə görə 182,50 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manatın alınıb iddiaçıya verilməsi, iddianın qalan hissədə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında cavabdeh iddiaçıya torpaq sahəsini 6200 manata 10 il müddətinə icarəyə verdiyini göstərsə də, məhkəmə onun bu izahatı inandırıcı deyil. İddiaçı tərəfindən torpaq sahəsinin dəyərini bütöv şəkildə verməsi tərəflər arasında torpağın alqı-satqısına sübutdur. Çünki həmin vaxt torpağın 1 hektarının dəyərinin 1500-1700 manat olması nəzərə alındıqda, iddiaçının 3,40 ha torpaq sahəsinin pulunu tam şəkildə ödəməsi təsdiq edilir. Ona görə də, məhkəmə hazırkı mübahisəyə alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Cavabdeh torpaq sahəsini geri tələb etməklə öz üzərinə düşən vəzifənin icrasını yerinə yetirməkdən imtina etmişdir. Belə olan halda, iddiaçının həmin torpaq sahəsini almaqdan ötrü ödədiyi pul ona geri qaytarılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddiasında göstərdiyi kimi həmin torpaq sahəsinə çəkdiyi xərclərin əvəzi və torpaq sahəsini almağa görə cavabdehə ödədiyi 6200 manat pulun indiki bazar qiyməti ilə ekvivalentini tələb etməsini əsaslı hesab etməmişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmiş və gəlir əldə etmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi qanunda nəzərdə tutulmuş qaydada bağlanmadığından iddianın tərəflər arasında şifahi bağlanmış 3.40 ha torpaq sahəsinin alqı-satqı faktının müəyyən edilməsi tələbinə dair hissəsi əsassız olmuş və iddia həmin hissədə də rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının son vaxtlar həmin torpaq sahəsində əkib yetişdirdiyi hazır yonca məhsulu cavabdeh tərəfindən həmin torpaq sahəsi şumladılaraq məhv edilmişdir. Həmin fakt məhkəmə iclasında dindirilən şahid ifadələri və onlar tərəfindən tərtib edilmiş aktla, eləcə də cavabdehin öz izahatı ilə təsdiq edilmişdir. Bununla da, cavabdeh tərəfindən iddiaçıya zərər vurulması müəyyən edilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 567, 568.1,646.1,648.1, 1096, 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Quluyev Xeyrullah Şirin oğlu apellyasiya şikayəti verərək, qətnamənin təmin olunmuş hissəsində ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında alqı-satqı deyil, icarə münasibətləri olmuşdur. Fevral ayında yonca yetişə bilməzdi, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır.Torpaq sahəsi onun və ailə üzvlərinin mülkiyyətində olduğu halda iddiaçının hansı əsasla zərərə düşməsini məhkəmə əsaslandırmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2783/2021 nömrəli mülki iş üzrə 28 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Nüsrət Mirzəyev) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına və ya uzunmüddətli istifadəyə verilməsinə dair hər hansı yazılı razılaşma olmamışdır. Lakin tərəflərin razılaşması ilə iddiaçının həmin torpaq sahəsindən mübahisəsiz istifadə etməsi, orada abadlaşdırma işlərinin aparılması, iddiaçının orada yonca bitkisi əkməsi tərəflərin izahatları və iş materialları ilə təsdiq edilmişdir. Hazırda tərəflər arasında alqı-satqı müqaviləsi baş tutmamış sayılmalıdır. İddiaçı baş tutmamış alqı-satqı müqaviləsinə görə ödədiyi pulun geri qaytarılmasını və ona vurulmuş ziyanı tələb etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçının ona verdiyi puldan qat-qat artıq qazanc götürdüyünü, iddiaçı ilə həmin torpaq sahəsinin hər bir hektarını 180 manata razılaşsa da, sonrakı illər həmin torpaq sahəsinin hər hektarının illik icarə qiymətinin surətlə bahalaşmasını, son 3 ildə isə hər hektarının 500 manat olduğunu, birinci instansiya məhkəməsinin zərər tələbini təmin edərkən, həmin torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətində olduğu halda, iddiaçının hansı əsasla zərərə düşməsini əsaslandırmadığını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092 və 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh Quluyev Xeyrullah Şirin oğlu (vəkil Rüstəmov Fəxri Sərvaz oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mülkiyyət hüququnun məzmununa zidd qərar qəbul edərək, heç bir müqavilə olmadığı halda, cavabdehin özünün və ailəsinin mülkiyyətində olan torpaq sahəsində əkin işləri aparmaq kimi müstəsna hüququna zərbə vurmuş, cavabdehin Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat altına alınmış mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsi ilə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edərək, onun üzərində sahiblik, istifadə hüququnun həyata keçirməyinə delikt kimi qiymət verərək, onun iddiaçıya ziyan vurmasını müəyyən etmiş, maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Kassator qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında alqısatqı münasibətinin yaranmasının hansı dəlil əsasında müəyyən etməsini əsalandırmamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, apellyasiya istansiyası məhkəməsi isə bu hala ümumiyyətlə toxunmamışdır. Nəticədə icarə münasibətlərindən irəli gələn nəticələr yox, əqdlərin etibarsızlığından irəli gələn nəticələr tətbiq edilmiş, icarə haqqı kimi cavabdehə verilmiş 6200 manat məbləğdə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Halbuki, məhkəmə qətnaməsində göstərilmişdir ki, iddiaçı həmin torpaq sahəsini istifadə etmiş, gəlir götürmüşdür. Eyni zamanda, bu yaxşılaşdırma işlərinin görülməsinə görə ödənişlərin və işlərin kimlər tərəfindən görülməsi barədə heç bir məlumat olmamışdır. Yeganə sübut işdə olan mütəxəssis rəyidir ki, bu rəydə iddiaçının deməsi əsasında mütəxəssis tərəfindən müəyyən edilmiş qiymətlər əsasında hesablanmış, lakin həmin işlərin həqiqətən də görülməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi bu hala heç bir qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi isə şikayətin dəlillərindən asılı olmayaraq, maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlamalı olduğu halda, üzərinə düşən bu vəzifəni yerinə yetirməmiş, nəticədə əsassız olaraq qətnaməni qüvvədə saxlamaqla, apellyasiya şikayətini təmin etməmişdir. Kassator qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi araşdırma zamanı yetişmiş yonca sahəsinin məhv edilməsini müəyyən edərkən, iddiaçının dediyi yetişmiş yonca bitkisinin fevral ayında mövcud olmasının mümkünlüyü məsələsini araşdırmamışdır. Cavabdeh mübahisəli torpaq sahəsini fevral ayında şumlatdırmış, həmin vaxt yonca ola bilməzdi, və iddiaçının cavabdehin mülkiyyətindən gəlir gözləməsi də məntiqli olmamışdır. Kassator həmçinin qeyd etmişdir ki, baxmayaraq ki, iddia ona qarşı yox, tamamilə başqa şəxsə qaldırılmışdır. Adı, soyadı Quluyev Xeyrullah Şirin oğlu olmasına baxmayaraq, iddia Quliyev Xeyrulla Şirin oğluna qarşı qaldırılmış, məhkəmələr isə həmin hala qiymət vermədən qətnamə çıxarmışlar. Kassator şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 567, 1097.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddələrinə istinad edilmişdir. İddiaçı tərəfindən cavabdeh Quluyev Xeyrullah Şirin oğlunun kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2023-cü il tarixli 2(102)- 176/2023 saylı qərarı ilə cavabdeh Quluyev Xeyrullah Şirin oğlu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2783/2021 nömrəli 28 sentyabr 2021-ci il tarixli qətnaməsi dəymiş zərərin məbləğinə dair hissədə ləğv edilərək, işin həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmış və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-2783/2021 nömrəli 28 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Qərarda göstərilmişdir ki, kassasiya şikayətinin dəlili kimi göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında alqı-satqı münasibətinin yaranmasının hansı dəlil əsasında müəyyən etməsini əsaslandırmamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, apellyasiya istansiyası məhkəməsi isə bu hala ümumiyyətlə toxunmamışdır. Nəticədə icarə münasibətlərindən irəli gələn nəticələr yox, əqdlərin etibarsızlığından irəli gələn nəticələr tətbiq edilmiş, icarə haqqı kimi cavabdehə verilmiş 6200 manat məbləğdə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Halbuki, məhkəmə qətnaməsində göstərilmişdir ki, iddiaçı həmin torpaq sahəsini istifadə etmiş və gəlir götürmüşdür. Məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsini belə əsaslandırmışdır ki, iclasında cavabdeh iddiaçıya torpaq sahəsini 6200 manata 10 il müddətinə icarəyə verdiyini göstərsə də, məhkəmə onun bu izahatını inandırıcı hesab etmir. İddiaçı tərəfindən torpaq sahəsinin dəyərini bütöv şəkildə verməsi tərəflər arasında torpağın alqı-satqısına sübutdur. Çünki, həmin vaxt torpağın 1 hektarının dəyərinin 1500-1700 manat məbləğ olması nəzərə alındıqda, iddiaçının 3,40 ha torpaq sahəsinin pulunu tam şəkildə ödəməsi təsdiq edilir. Ona görə də, məhkəmə hazırkı mübahisəyə alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına və ya uzunmüddətli istifadəyə verilməsinə dair hər hansı yazılı razılaşma olmamışdır. Lakin tərəflərin razılaşması ilə iddiaçının həmin torpaq sahəsindən mübahisəsiz istifadə etməsi, orada abadlaşdırma işlərinin aparılması, iddiaçının orada yonca bitkisi əkməsi tərəflərin izahatları və iş materialları ilə təsdiq edilmişdir. Hazırda tərəflər arasında alqı-satqı müqaviləsi baş tutmamış sayılmalıdır. İddiaçı baş tutmamış alqı-satqı müqaviləsinə görə ödədiyi pulun geri qaytarılmasını və ona vurulmuş ziyanı tələb etmişdir. Kassasiya instansiya məhkəməsi də apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu barədə əlavə dəyərləndirmə aparılmasına lüzum görmür. Kassator həmçinin göstərmişdir ki, yaxşılaşdırma işlərinin görülməsinə görə ödənişlərin və işlərin kimlər tərəfindən görülməsi barədə heç bir məlumat olmamışdır. Yeganə sübut işdə olan mütəxəssis rəyidir ki, bu rəydə iddiaçının deməsi əsasında mütəxəssis tərəfindən müəyyən edilmiş qiymətlər əsasında hesablanmış, lakin həmin işlərin həqiqətən də görülməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi bu hala heç bir qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi isə şikayətin dəlillərindən asılı olmayaraq, maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlamalı olduğu halda, üzərinə düşən bu vəzifəni yerinə yetirməmiş, nəticədə əsassız olaraq qətnaməni qüvvədə saxlamaqla, apellyasiya şikayətinı təmin etməmişdir. Kassasiya instansiyası məhkəməsi bununla əlaqədar qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərkən yaxşılaşdırmalarla əlaqədar dəlili irəli sürməmişdir. Apellyasiya şikayətində irəli sürülməmiş həmin dəlil isə kassasiya instansiyası məhkəməsi tərəfindən araşdırıla bilməz. Kassator kassasiya şikayətində göstərmişdir ki, baxmayaraq ki, iddia ona qarşı yox, tamamilə başqa şəxsə qaldırılmışdır. Onun adı, soyadı Quluyev Xeyrullah Şirin oğlu olmasına baxmayaraq, iddia Quliyev Xeyrulla Şirin oğluna qarşı qaldırılmış, məhkəmlər isə həmin hala qiymət vermədən qətnamə çıxarmışlar. Kassasiya instansiyası məhkəməsi həmin dəlildə göstərilən halı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə təsir etməyən texniki səhv hesab edir. Belə ki, iş materiallarından məlum olur ki, cavabdeh kassator birinci instansiya məhkəməsində məhkəmə iclaslarında iştirak edərək izahat vermiş, hətta kassasiya şikayətini də “Quliyev Xeyrulla Şirin oğlu” kimi imzalamışdır. Kassasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi məhkəmə araşdırılması zamanı yetişmiş yonca sahəsinin məhv edilməsini müəyyən edərkən, iddiaçının dediyi yetişmiş yonca bitkisinin fevral ayında mövcud olmasının mümkünlüyü məsələsini araşdırmamışdır. Cavabdeh mübahisəli torpaq sahəsini fevral ayında şumlatdırmışdır. Həmin vaxt yonca ola bilməzdi və iddiaçının cavabdehin mülkiyyətindən gəlir gözləməsi də məntiqli olmamışdır. Kassasiya instansiyası məhkəməsi həmin dəlillə razılaşır. Birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini müəyyən edərkən "Paritet-M” MMC-nin 17 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə istinad etmişdir. Mübahisəli torpaq sahəsinin 2021-ci ilin fevral ayında şumlatdırılması işin mübahisəsiz halıdır. Yuxarıda göstərilən rəydən məlum olur ki, zərər məbləği hesablanarkən yonca sahəsinin bir il ərzində 4 dəfə (may-iyun, iyun-iyul, iyul-avqust, avqust-sentyabr) biçilməsi, payız-qış otlaq sahəsi kimi istifadə (yaşıl yem) ilə əlaqədar əldə edilə biləcək gəlirlər də nəzərə alınmışdır. Buna dair dəlil apellyasiya şikayətində göstərilsə də, apellyasiya məhkəməsi həmin dəlili prosessual qaydada araşdıraraq sübutları qiymətləndirməmişdir. Yonca sahəsi fevral ayında şumlatdırılmaqla həmin vaxtdan sonra torpaq sahəsi mülkiyyətçinin faktiki istifadəsinə keçsə də, nəyə görə ondan sonrakı vaxtlarda biçilməsi ehtimal olunan yoncaya görə əldə edilməsi ehtimal olunan gəlirin də cavabdehdən alınmalı olduğunu əsaslandırmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 49-cu bəndində göstərilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğvinə səbəb olan məsələlər araşdırılaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilərək nəticəsindən asılı olaraq müvafiq yekun qərar qəbul olunmalıdır. Məhkəmə iclasında cavabdeh Quluyev Xeyrullah Şirin oğlu apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh Quluyev Xeyrullah Şirin oğlunun apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, cavabdehin apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Şükürov Fədayət Əhməd oğlunun apellyasiya şikayəti qismən təmin olunmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN 0055 saylı KOD 60714028 seriyalı Dövlət aktına əsasən Beyləqan rayon Aqrar İslahat Komissiyasının 31 yanvar 1998-ci il tarixli qərarı ilə Quluyev Xeyrullah Şirin oğlu və onun ailə üzvlərinə Beyləqan rayonu Sarısu qəsəbəsi ərazisində 10,20 ha pay torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 17 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən 3,4 ha əkin sahəsində yonca ot bitkisinin yenidən bərpası üçün çəkilməli olan xərclərin məcmusunun bazar dəyəri 644,64 (altı yüz qırx dörd manat 64 qəpik) manat təşkil etmişdir. Cəmi (2720,00 + 4378,80 + 644,64) = 7743,44 (yeddi min yeddi yüz qırx üç manat 44 qəpik) manat məbləğində zərər dəydiyi ehtimal olunmuşdur. İş materiallarına əlavə edilmiş Beyləqan rayonu Sarisu qəsəbə sakinləri tərəfindən imzalanmış 26 fevral 2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı məxsus 3.40 ha torpaq sahəsinə baxış keçirilərkən İddiaçı tərəfindən əkilmiş yonca sahəsində bitmiş olan yonca Quluyev Xeyrullah Şirin oğlu tərəfindən şumlatdırılaraq məhv edilmişdir. İş materiallarına əlavə edilmiş Beyləqan rayonu Sarısu bələdiyyəsi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli arayışa əsasən Beyləqan rayonu Sarısu qəsəbəsi ərazisində həqiqətən torpaqların keyfiyyətindən asılı olaraq vətəndaşlara məxsus pay torpaq sahəsinin 1.00 ha 6000-6500 manat məbləğləri arasında satılır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Quliyev Xəqani Zülfiqar oğlu ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdeh onun həmkəndlisi və qohumları olmuşlar. 2011-ci ildə iddiaçı cavabdehdən 3.40 hektar torpaq sahəsini satın almış və bunun müqabilində cavabdehə 6200 manat pul vermişdir. Cavabdeh torpağı iddiaçıya ömürlük satmışdır. Həmçinin 2021-ci ilin fevral ayında cavabdehin iddiaçı tərəfindən həmin torpaq sahəsində əkdirdiyi yoncanı şumlatdırıb məhv etməsinin şahidi olmuşdur. Şahid Əliyev İxtiyar Şirin oğlu şahid Quliyev Xəqani Zülfiqar oğlunun ifadəsində göstərdiklərini ifadəsində təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Quliyev Asif Əli oğlu ifadəsində göstərmişdir ki, cavabdehin pay torpaq sahəsi ona məxsus pay torpaq sahəsi ilə qonşuluqda yerləşir. Cavabdehə məxsus torpaq sahəsinin 3.40 ha hissəsindən 10 ildən artıqdır ki, iddiaçı istifadə etmişdir. İddiaçının deməsindən eşitmişdir ki, torpaq sahəsini cavabdehdən 6200 manata ömürlük almışdır. 2021-ci ilin fevral ayında cavabdehin həmin torpaq sahəsində iddiaçı tərəfindən əkilib-becərilmiş yoncanı şumlatdırıb məhv etməsini görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Quliyev Fazil Cahangir oğlu ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehin hər ikisi ilə qohumluq əlaqəsi olmuşdur. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 3.40 hektarını iddiaçıya satmışdır. İddiaçının torpaq alarkən cavabdehə pul verməsində iştirak etməmiş, lakin iddiaçının həmin torpağı 6200 manata məbləğə aldığını eşitmişdir. 2021-ci ilin fevral ayında cavabdehin həmin torpaq sahəsində iddiaçı tərəfindən əkilib becərilmiş yoncanı şumlatdırıb məhv etməsini görmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1 və 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091.1 və 1091.2. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vuran şəxsin öhdəsinə qoyula bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında ehtiva olunan məcburi göstərişlərə uyğun olaraq, dəymiş zərərin həcminin müəyyən edilməsi hissədə hərtərəfli hüquqi qiymət verərək hesab edir ki, görülmüş işlərin həqiqi dəyərini təsdiq edən sübut olaraq məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 17 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyində ehtiva olunmuş qiymətlərin qeyri-mötəbər olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, habelə bu rəy cavabdeh tərəfindən birinci instansiya məhkəməsində mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı yetişmiş yonca sahəsinin məhv edilməsini müəyyən edərkən iddiaçının dediyi yetişmiş yonca bitkisinin fevral ayında mövcud olubolmaması məsələsinə dair qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsi 2021-ci ilin fevral ayında cavabdeh Quluyev Xeyrullah Şirin oğlu tərəfindən şumlatdırılmışdır. Bu səbəbdən də, həmin vaxtdan etibarən yonca sahəsi mövcud olmamışdır. Beləcə, iddiaçının həmin tarixdən etibarən cavabdehin mülkiyyətində olan sahədən hər hansı gəlir gözləməsi də mümkün deyildir. Birinci instansiya məhkəməsi dəymiş zərərin məbləğini müəyyən edərkən "xxxx" MMC-nin 17 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə istinad etmişdir ki, mübahisəli torpaq sahəsinin 2021-ci ilin fevral ayında şumlatdırılması işin mübahisəsiz halıdır və zərər məbləği hesablanarkən yonca sahəsinin bir il ərzində 4 dəfə (may-iyun, iyun-iyul, iyul-avqust, avqust-sentyabr) biçilməsi, payız-qış otlaq sahəsi kimi istifadə (yaşıl yem) ilə əlaqədar əldə edilə biləcək gəlirlər də (4378,80 manat) nəzərə alınmışdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin məbləğinə dair hissədə araşdırma aparılması üzrə qeyd edir ki, birinci instansiya məhkəməsində iş üzrə təqdim və tədqiq edilmiş sübutlara əsasən müəyyən olunur ki, dəymiş zərərə görə 7743,44 manat məbləğ real deyildir. Həmin məbləği dəqiqləşdirərkən Ali Məhkəmənin iş üzrə 23 fevral 2023-cü il tarixli qərarında öz inikasını tapmış və icrası məcburi olan göstərişlərə uyğun dəyərləndirmə aparılmalıdır. Belə ki, Beyləqan rayonu Sarısu qəsəbə sakinləri tərəfindən imzalanmış 26 fevral 2021-ci il tarixli Aktdan da görünür ki, İddiaçı məxsus 3.40 ha torpaq sahəsində onun tərəfindən əkilmiş yonca cavabdeh Quluyev Xeyrullah Şirin oğlu tərəfindən 2021-ci ilin fevral ayında şumlatdırılaraq məhv edilmişdir. Dəymiş ziyanla bağlı tərtib edilmiş "xxxx" MMC-nin 17 fevral 2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən: 3,4 ha əkin sahəsində hamarlama işlərinin aparmaq üçün rəy verilən dövrə xidmətin orta bazar qiymətilə dəyəri 2720,00 manat təşkil edir; 3,4 ha yonca ot bitkisinin dəyəri 2021-ci ildə orta bazar qiymətlərilə 4378,80 manat təşkil edir; 3,4 ha əkin sahəsində yonca ot bitkisinin yenidən bərpası üçün çəkilməli olan xərclərin məcmusunun bazar dəyəri 644,64 manat məbləğ təşkil edir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya (2720,00+4378,80+644,64) 7743,44 manat məbləğində zərər dəydiyi ehtimal olunmuşdur. Kollegiya dəymiş zərərin məbləğini müəyyənləşdirərkən diqqətə çatdırır ki, mübahisəli 3.40 ha torpaq sahəsində yonca bitkisinin cavabdeh Quluyev Xeyrullah Şirin oğlu tərəfindən 2021-ci ilin fevral ayında şumlatdırılaraq məhv edildiyi nəzərə alındıqda, müəyyən edilmiş 7743,44 manat zərərin məbləğindən 2021-ci ildə 3,4 ha yonca ot bitkisinin orta bazar qiymətlərilə dəyəri olan 4378,80 manat məbləğ çıxılmalıdır. Bununla da, iddiaçıya dəymiş zərərin həcmi yekun olaraq 3364,64 manat məbləğ müəyyən edilir. Beləcə, kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara işin müəyyən edilmiş halları üzrə tam olaraq düzgün hüquqi qiymət verməmiş, cavabdeh Quluyev Xeyrullah Şirin oğlu İddiaçı dəymiş zərərin miqdarının 7743,44 manat məbləğ müəyyən etməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Habelə, cavabdehin apellyasiya şikayətində zərərin həcminin müəyyən olunduğu rəyin mötəbər sayıla bilməməsinin nədən ibarət olmasını konkret sübutlarla göstərə bilməmişlər və bu səbəbdən kollegiaya həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı halın mövcudluğunu müəyyən etmir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Quluyev Xeyrullah Şirin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(020)-533/2021 saylı qətnaməsi araşdırılan hissədə - cavabdeh Quluyev Xeyrullah Şirin oğlundan dəymiş zərərə görə 7743,44 manat məbləğində pul vəsaitinin İddiaçı alınıb verilməsi hissədə dəyişdirilməli, cavabdeh Quluyev Xeyrullah Şirin oğlundan dəymiş zərərin əvəzi qismində 3364 manat 64 qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh Quluyev Xeyrullah Şirin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-533/2021 nömrəli iş üzrə 05 may 2021-ci il tarixli qətnaməsi araşdırılan hissədə - cavabdeh Quluyev Xeyrullah Şirin oğlundan dəymiş zərərə görə 7743,44 manat məbləğdə pul vəsaitinin İddiaçı alınıb verilməsi hissədə dəyişdirilsin. Cavabdeh Quluyev Xeyrullah Şirin oğlundan dəymiş zərərin əvəzi qismində 3364 (üç min üç yüz altmış dörd) manat 64 (altmış dörd) qəpik məbləğdə pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar