Məhkəmə qərarları › İş №2(106)-681/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-681/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-681/2024 18.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İslam oğluna qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Açar sözlər: mənəvi zərər tələbi X47 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İslam oğluna qarşı «mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(056)-434/2023 saylı qətnaməsindən (hakim Səlim Allahverdiyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh2 və Cavabdeh1 İslam oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 İslam oğlu tərəfindən ona vurulmuş 50000 manat mənəvi zərərin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı ildə doğulmuşdur, ali təhsillidir, 1984-1989-cu illərdə M.F.Axundov adına Azərbaycan Dillər İnstitutunun rus dili tarix, 1989- 2011-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunu bitirərək Sabirabad rayonu Qaratəpə beynəlmiləl kənd orta məktəbini fərqlənmə ilə başa vurmuşdur. 9-10-cu sinifləri Ukrayna Respublikasının Xerson vilayətinin Xerson şəhərində 1 saylı orta məktəbində təhsil almışdır. 1989-cu ildə Əhmədabad kənd tam orta məktəbində rus dili müəllimi, 1990cı illərdə Nərimankənd kənd məktəbində rus dili və tarix müəllimi, 1996-cı ildən 2011-ci ilə qədər Nərimankənd kənd tam orta məktəbində təlim tərbiyə işləri üzrə müavin vəzifəsində işləmişdir. Ailəlidir, həyat yoldaşı və oğlunun hər ikisi ali təhsillidirlər. 2012-ci ilin aprel ayından Əhmədabad kənd ümumi orta məktəbində direktor vəzifəsində çalışır. Fəaliyyət göstərdiyi bu illərdə həmişə nümunəvi olmuş, çoxsaylı təltiflər almış, rayon və Respublika səviyyəli ictimai tədbirlərdə fəaliyyəti xüsusi qiymətləndirilmişdir. Təhsil nazirliyi tərəfindən xüsusi təltiflərə layiq görülmüşdür. Rəhbərlik və yuxarı təşkilatlar tərəfindən heç bir cəza almamışdır. İşlədiyi kollektivdə, kənd əhalisi arasında, pedoqoji kollektivlərdə və şagirdlər arasında əməyinə uyğun hörmət qazanmışdır. Rəhbərlik etdiyi Əhmədabad kənd ümumi orta məktəbində işlədiyi dövr ərzində məktəbdə təlim və təhsilin səviyyəsinin artmasına, sağlam pedoqoji mühit yaradaraq təhsilli gənclərin yetişdirilməsində üzərinə düşən bütün vəzifələrin tam və layiqli yerinə yetirilməsinə çalışmış və buna nail olmuşdur. Bütün bunlara baxmayaraq onun qazandığı uğurlara kölgə salmağa cəhd edən, əhali arasında onu hörmətdən salamağa, işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirməyə çalışan kənd sakini hazırki iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona qarşı qərəzli şəkildə Respublika Rəhbərliyinə, X27, Sosial Şəbəkələrdə barəsində şantaj, böhtan, yalan xarakterli məlumatlar yayaraq onun direktor təyin edildiyi gündən məktəbdə özbaşınalıq, pedaqoqa yaraşmayan korrupsiya xarakterli əməllər törətdiyini, uzun illərdir ki, kənddə yaşayan Mesxeti türklərinə qarşı ögey münasibət, onlara qarşı qərəzli hərəkət, hətta məktəbdə türklərin ona görə işdən çıxaraq Türkiyə Respublikasına köçmələri, onun evindən 1 kq qızıl və 50 manat pulun oğurlanması və həmin pulun guya onun tərəfindən məktəbdə saxtakarlıq və korrupsiya əməlləri ilə qazanıldığını, məktəbdə texniki avadanlığın və ümumiyyətlə məktəbdə aparılan təmir və abadlıq işləri üçün ayrılmış vəsaitin tərəfindən mənimsənilmiş, yalnız öz qohumlarını işə təmin edərək onların əmək haqqılarının mənimsənilməsini, mənəvi cəhətdən yararsız adamları işlə təmin etməyini və digər böhtan xarakterli məlumatları təkrar şəkildə göndərilsə də, onların müraciətləri əsasında aidiyyəti təşkilatlar tərəfindən aparılan araşdırmalar zamanı heç bir faktın doğru olmadığı aşkar edilmiş və rəsmiləşdirilmişdir. Cavabdehlərin bu hərəkətləri onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirməklə ona mənəvi zərər vurur, o, sarsıntı və əzab çəkir, həmçinin fiziki sağlamlığını itirir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlərin müraciətlərinin nəticəsi olaraq həm məktəbdə, həm Təhsil İdarəsində müraciətlərlə araşdırmalar aparılmış, onların istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Cavabdehlərin göstərmiş olduqları hallar təsdiqini tapmamış olsa belə onun işgüzar nüfuzuna ləkə gətirmiş, onu mənəvi zərərə məruz qomuşdur. Belə ki, bu müraciətlərlə bağlı aparılan yoxlamalar kollektiv və məktəblilər arasında onun idarəçiliyinin zəifləməsi kimi fikirlər yaratmış, rəhbər təşkilatlar qarşısında ona qarşı şübhələr yaratmış, bəzi valideynlər tərəfindən övladlarının onun rəhbərlik etdiyi məktəbdən çıxarılaraq digər məktəblərə aparılmaq fikrinin formalaşması barədə söz-söhbətlər eşitməyə başlamışdır. Bütün bu hallar onun işinə və pedaqoji fəaliyyətinə mənfi təsir göstərmiş, işgüzar nüfuzunun aşağı düşməsini hesab etmişdir. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh2 iddiaya etiraz edərək bildirmişdir ki, iş materiallarında olan müraciətlər onun tərəfindən edilmiş olsa da, bu günə kimi həmin müraciətləri ilə bağlı onun iştirakı ilə hər hansı araşdırma aparılmamışdır. O, hər hansı böhtan xarakterli müraciət ünvanlamamışdır. Müraciətlərdə göstərilən halların hamısı həqiqəti əks etdirir. İddiaçının məhkəməyə müraciətlərlə bağlı təqdim etdiyi cavablarla razılaşmır və bununla da bağlı müvafiq qurumlara müraciətlər edəcəkdir. Bundan əlavə, müraciətləri o, tək ünvanlamamış, onunla birgə bir neçə nəfər kənd sakini də həmin müraciətə imza etmiş, kollektiv müraciət olunmuşdur. İddiaçı onunla qərəzli olduğu üçün digər şəxslə deyil, yalnız ona qarşı iddia qaldırmışdır. Bunun da səbəbi vardır. Belə ki, iddiaçının himayə etdiyi əvvəllər məhkum olunmuş, narkotik vasitə istifadəçisi olan və iddiaçının rəhbərlik etdiyi məktəbdə işləyən Nurəddin adlı şəxs ona qarşı bu iddianın hazırlanıb məhkəməyə təqdim edilməsində xüsusi rol oynamışdır. Hazırda o, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 İslam oğlu iddiaya etiraz edərək, müraciəti bir tək onun etmədiyini, onun yanız bir dəfə müraciətə imza etdiyini, digərlərindən xəbəri olmadığını bildirib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(056)-434/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İslam oğlundan mənəvi zərərin əvəzi olaraq hər birindən ayrı-ayrılıqda 1000 (bir min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-434/2023 saylı qətnaməsinin ləğv edilməsini, Sabirabad Rayon Məhkəməsinə ödədiyi 240 manat dövlət rüsumunun və iddianın tam təmin edilməsi, o cümlədən apellyasiya şikayətinin verilməsi üçün təqdim olunmuş 120 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Sabirabad Rayon Məhkəməsi, Ali Məhkəmə və Konstitusiya Məhkəmələrinin müvafiq plenumunun qərarlarını rəhbər tutaraq bu qətnaməni verərkən İnsan hüquqlarına dayanaraq qərar versədə qərar verərkən bir rəhbər olduğu təhsil ocağında ona dəymiş mənəvi zərəri ilə necə sarsdığını və bundan ötrüdür ki, şagirdlərin təhsilə yönəlik illərini verdiyi təlib-tərbiyə metoduna ciddi xələl gətirdiyini nəzərə almamışdır. Əlavə olaraq həmin qətnamədə misallar gətirərək ölkələrin mənəvi zərər iddiaları ilə onun iddiasını bir ölçüdə götürmüş və qərarını o istiqamətdə vermişdir. İşgüzar nüfuzunu zədələməklə yanaşı ailə sirlərini yaymış və bütün dövlət orqanlarına onun şəxsi ailə həyatı sirrini yazıb qanunsuz bəyan etmişdir. Məhkəmə bunları ciddi nəzər almamışdır. Məhkəmənin qətnaməsində iddianı qismən təmin etməsi yəni hər birinə ayrılıqda 1000 manat dəyərində pulun onlardan alınıb iddiaçıya verilməsi ilə bağlı qərar çıxarsa da bu qərar ona dəymiş mənəvi zərər və dəymiş ziyanın heç bir hissəsini ödəmir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı onun tərəfindən verilən apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunanların məzmunu ilə oxşar məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, cavabdehlərin maddi imkanlarının vəziyyəti barədə birinci instansiya məhkəməsinə hər hansı sübutlar təqdim etməmişdir. Əgər maddi zərərin məbləği artırılarsa həmin zərərin cavabdehlərin ödəmək iqtidarında olmalarını deyə bilməz. Kollegiyanın iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, ali təhsilli iqtisadçı olsa da heç bir yerdə işləmir. Maddi imkanı aşağı səviyyədədir. İddiaçı haqqında yazdıqları isə həqiqətdir. Belə ki, onun direktorluğu dövründə 1 nəfər də olsun ali məktəblərə şagird qəbul olunmamışdır. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh1 İslam oğlu məhkəmədə hər hansı bir üzrlü səbəb bildirmədən iştirak etməmişdir, Kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın tam təmin edilməsini xahiş etməklə, mahiyyətcə qətnaməni qismən, yəni mənəvi zərərin tutulmasının təmin olunmayan hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli qərarına əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli qərarına əsasən, məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyətini, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya idgər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri - inamsızlıq, narahatlıq, məyusluq hislərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn Avropa məhkəməsi "Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə "mənəvi narahatlıq yetirilməsinə”, "Arçiko İtaliyaya qarşı” işdə "tənhalıq və kimsəsizlik hislərinə”, "Younq, Cames və X12rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zirər ödənilməsi qərarına gəlmişdir. Azərbaycan Dövlətinin hüquqi dövlət olması, Azərbaycan Respublikası Konstiutsiyasında insan hüquq və azadlıqlarının təmininin dövlətin ali məqsədi kimi bəyan edilməsi, insan hüquq və azadlıqlarının bərpa olunmasının məhkəmələrin vəzifəsi kimi müəyyənləşdirilməsi, həmçinin Konvensiyanın 41-ci maddəsi və Avropa Məhkəməsinin təcrübəsini insan hüquq və azadlıqlarının pozulduğu hallarda ədalətli satisfaksiyası yolu ilə əvvəlki vəziyyətin bərpa edilməsi ona dəlalət edir ki, milli məhkəmələr mənəvi ziyanın ödənilməsi barədə tələblərə baxarkən qeyd olunanları əsas götürməli və pozulmuş hüququn tam bərpasına nail olunması üçün ədalətli kompensasiya ödənilməsini təmin etməlidirlər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni, iddiaçını və Cavabdeh2 izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X21 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan X52 Təhsil İdarəsinin Sabirabad Təhsil sektorunun aparıcı məsləhətçisi X22, Əhmədabad kənd ümumi orta məktəbin direktoru İddiaçı və həmin məktəbin təsərrüfat müdiri X3 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Əhmədabad kənd ümumi orta məktəbində 11 (on bir) texniki işçi işləyir. Texniki işçilərdən X13 və X17 işdə olmadılar. İş materiallarına olan Əhmədabad kənd ümumi orta məktəbin direktoru İddiaçı tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli, 57 nömrəli texniki işçilərin işə gəlməməsi barədə əmrdən çıxarışdan görünür ki, texniki işçilər- xadimə vəzifəsində çalışanlar X13 və X2 ilə əlaqədar xx.xx.2022- ci il tarixindən işə gəlmədiklərinə görə onlara əmək haqqı ödənişi dayandırılmışdır. İş materiallarında olan Sabirabad RİHB-nin müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, RİHB-nin aparatı Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi pxisoloqu Nazim Sultanov, Əhmədabad kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndə Xaqani qasımov, Sabirabad rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi Babaş Babaşov, Əhmədabad kənd orta məktəbin direktoru İddiaçı, Əhmədabad kənd orta məktəbin təsərrüfat işləri üzrə müdiri X4, Sabirabad rayonu Əhmədabad kənd sakini X23 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sabirabad rayonu Əhmədabad kənd sakini X23 müvafiq işlə təmin (həyat yoldaşı) olunması ilə bağlı xx.xx.2022-ci tarixdə rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olarkən etdiyi müraciət və həmin tarixli rəsmi ərizəsi əsasında tərəflərindən Əhmədabad kənd ümumi orta məktəbində araşdırma aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Əhmədabad kənd ümumi orta məktəbin direktoru İddiaçı həmin məktəbdə yardımçı işlərdə çalışan xadimə X17, X13, X42 - gözətçi, X24 -laborantın heç bir qohumluq əlaqələri yoxdur. Öz aralarında qohumluq əlaqələri olan şəxslər bir müəssisədə çalışsalar da, yardımçı təsərrüfat olmaqla əmək funksiyalarının icrası zamanı bu və ya digər formada birbirlərinin tabeçiliyində deyillər. Mövcud qanunvericiliyin tələblərinə əsaslanaraq adları çəkilən şəxslərlə bağlanmış əmək müqavilələrinə xitam verilməsi yolverilməzdir. İş materiallarında olan Sabirabad rayon Təhsil İdarəsinin məsləhətçisi X20, Əhmədabad kənd ümumi orta məktəbin direktoru İddiaçı, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini X30 və məktəbin təsərrüfat işləri üzrə direktor müavini X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixində məktəbin 248 nəfər şagirdinin davamiyyətini yoxlamışlar və 95% davamiyyətin olduğunu, 25 nəfər pedaqoji işçinin yerində olmasını, 11 texniki işçidən 9 nəfər işçinin yerinə olmasını müşahidə etdilər. 2 nəfər texniki işçinin üzrlü səbəbdən işdə olmadığını müəyyən etdilər. Məktəbə baxış keçirərkən köhnə kolxozun uyğunlaşdırılmış inzibati binasında yerləşməsinə baxmayaraq bütün fənlər üzrə dərslərin ixtisaslı kadrlar tərəfindən tədris olunduğunu, səliqə səhmanlı, inzitzamlı və məktəbə verilmiş bütün avadanlıqların yerində olduğunu aşkarladılar. Məktəbin dəhlizində və sinif otaqlarında şagird davranış qaydalarına aid lövhələri gördülər. İş materiallarında olan Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru K.Əliyevə, Azərbaycan Respublikasının Elm və Təhsil X35 və Azərbaycan Respublikasının Baş X33 Xidmətinin rəisi F.F.Heydərova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, o, Əhmədabad kənd natamam orta məktəbində yaranmış qeyri-sağlam durumun uşaqların əxlaqlarına, onların təhsil almasına mənfi təsir göstərən bir vəziyyət yaranmasını, belə ki, məktəbin direktoru İddiaçı öz vəzifəsindən və qulluq mövqeyindən sui-istifadə edərək yaxın qohumlarını heç bir keyfiyyəti, təhsili, bacarığı nəzərə almadan işə qəbul etməsi nəticəsində pedaqoji kollektivə təsadüfi adamlar düşərək uşaqların əxlaqına, təlim və bilik almasına mənfi təsir göstərdiyini, həmin şəxslərdən birinin kənd sakini kimi hamısının yaxından tanıdığı məktəbdə direktorun himayədarlığı nəticəsində işlə təmin olunmuş X29 olduğunu, bu şəxsin ciddi şəkildə narkotik istifadəçisi və satışı ilə məşğul olmasına görə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq baxış keçirilərkən onun üzərindən 26 ədəd spiçka qabında satış məqsədilə narkotik maddə (marixuana) aşkar edilərək götürüldüyünü, CMnin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edildiyini, hazırda məktəbdə azyaşlı övladlarına pedaqoji texniki təlim öyrətdiyini, bu vəziyyətin övladlarının tərbiyəsinə mənfi təsir göstərməyinin hamısına bəlli olduğunu, digər tərəfdən direktorun öz yaxın qohumlarından X31 gözətçi, Əlləzova Tahirəni texnik, X8 texnik, X11 texnik, X25 tədris hissə müdiri vəzifələrinə təyin etdiyini, onların heç birinin işə gəlmədiyini, məktəbdə fəaliyyətlərinin olmadığını, məktəbdə dövlət tərəfindən texniki vasitələrin təmirinə ayrılmış vəsaitin mənimsənilməsi (korrupsiya) faktlarının olduğunu, işə davamiyyəti olmayan şəxslərin adına əmək haqqı hesablanaraq mənimsənilməsi pedaqoji kollektivə təsadüfi düşmüş pedaqoq adına ləkə gətirən, açıq-aşkar saxtakarlıq, narkomanlıq faktları övladlarının təlim və tərbiyəsinə çox pis təsir etdiyinə görə 40 nəfərdən artıq valideynlərin övladlarının tərbiyəsinin pozulmaması üçün məcburiyyət qarşısında qalaraq onların kənddən 15-16 km kənarda yerləşən Saburabad şəhərində M.Ə.Sabir adına tam orta məktəbə gətirib orada təhsil almalarına şərait yaratdıqlarını göstərərək, onların kəndində yaradılmış təhsil müəssisəsinə nəzarətin artırılaraq orada olan özbaşınalığın, kadrların pedaqoji kollektivə təsadüfi düşərək şagirdlərin təlimtərbiyəsinə mənfi təsir göstərən kadrların məktəbdən uzaqlaşdırılmasını, yeni, sağlam gənc nəslin yetişdirilməsi üçün məktəbdə islahtlar keçirilməsini təmin etmələrini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının Elm və Təhsil X35 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, Cavabdeh2 Əhmədabad kənd ümumi orta məktəbin direktoru İddiaçı qanunsuz əməllərindən bəhs etmiş, İddiaçı Nərimankənd tam orta məktəbində rus dili müəllimi işlədiyini, Sabirabad rayon Təhsil Şöbəsindən İddiaçı Əhmədabad kənd ümumi orta məktəbinə məktəbdə rus dili müəllimi olduğu halda 2-ci rus dili müəllimi kimi göndərdiklərini, 3-4 gün sonra məktəbə direktor təyin edildiyini, təyn olunduğu gündən özbaşınalıq etdiyini, heç kimi saymadığını, təyin olunmamışdan əvvəl dağılmış bir evi olduğunu, indiki evinin villa olduğunu, evindən 50000 manat pul, 1 kq qızıl oğurlandığını, oğluna 40000 manatlıq maşın aldığını, deyilənə görə məktəbin kağız üzərində təmir olunduğunu, alkin heç bir iş görülmədiyini, bütün qohumlarını məktəbdə işlə təmin etdiyini, qardaşı qızını, bacısı gəlinini, öz gəlinini başqa məktəbdə işlədiyi halda, kənddə kimya müəllimi olduğu halda gəlininə 2-ci iş yeri kimi məktəbə kimya müəllimi kimi gətirdiyini, oğlunun da əvvəl məktəbdə işlədiyini, sonradan çıxardığını, həyat yoldaşı Əhəd Bağırovun məktəbdə işləməsini, həm də Sabirabad rayon seçki dairəsində sədr müavini işləməsini, hər iki yerdən əmək haqqı almasını, deyilənə görə məktəbdə tibb məntəqəsi olduğunu, tibb bacısının isə işə gəlmədiyini, onun əmək haqqını direktorun mənimsədiyini, məktəbdə 17 texniki işçi olduğunu, 6-sının işə gəldiyini, 11 nəfərin gəlmədiyini, onların yerinə gəlmə-getmə kitabına imzanı direktorun özününü atdığını, pulları özünün aldığını, məktəbdə ayrı seçkilik etməsini, məktəbdən 6 nəfər kənddən olan müəllimin onun əlindən Türkiyə Respublikasına çıxıb getdiyini, məktəbin ibtidai sinif müəlimi X14 4 ildir ki, məktəbə gəlmədiyini, dərs demədiyini, onun dərsini başqa müəllimlərin keçdiyini, 2021-2022- ci il tədris ilində 20 nəfərin 9-cu sinifi bitirdiyini, onlara 9 illik şəhadətnamə paylanmadığını, ona görə hazırda həmin şagirdlərin B.Şabanov adına Əhmədabad kənd tam orta məktəbində boşuna məktəbə gedib gəldiyini, ancaq jurnalda adlarının getmədiyini, 2021-2022-ci il tədris ilində 9-cu sinifdə oxuyan 20 nəfər şagirddən heç birinin imtahandan qiymət almadığını, məktəbin imtahan nəticələrinə görə rayon üzrə məktəblər arasında ən bərbad məktəblərdən biri olduğunu, xx.xx.2022-ci il tarixində 2021-2022-ci il tədris ilinin imtahan nəticələrinə görə, Sabirabad rayon Mil-Muğan Regional iclası keçirildiyini, həmin iclasda İddiaçı adının ən bərbad məktəblər olduğunun vurğulandığını göstərmiş, İddiaçı təyin olunduğu gündən bu günə kimi fəaliyyətinin yoxlanılmasını xahiş etmiş, onlara belə direktor lazım olmadığını, onun işdən azad olunmasını istədiklərini əgər onun haqqında tədbir görülməzsə yuxarı orqanlara müraciət edəcəklərini qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidməti tərəfindən Əhmədabad kənd natamam orta məktəbin direktoru İddiaçı ünvanlanmış məktubdan görünür ki, İddiaçı vətəndaş Cavabdeh2 Sabirabad rayon Əhmədabad kənd natamam orta məktəbdə texniki işçilərin işə gəlməməsi, məktəbin fəaliyyətinin olmaması və digər qanun pozuntuları barədə ünvanladığı müraciətə Xidmətin Mil-Muğan regional şöbəsində baxıldığı, müraciətə aydınlıq gətirilməsini və müvafiq sənədlərin 3 gün ərzində Əmək Müfəttişliyi Xidmətinin Mil-Muğan Regional şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarına həmçinin Cavabdeh2, Cavabdeh1 İslam oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti cəna İlham Əliyevə, Azərbaycan Respulbikasının Təhsil X35, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Səbinə xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş X36, Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiya və Rüvətxorluğa qarşı Mübarizə idarəsinin rəisi Nazim Rəcəbova, sabirabad rayon prokuroru F.Pənahova ünvalanmış kollektiv müraciəti, "Tik-tok” sosial şəbəkəsindən fraqment şəklində yayılmış görüntülərlə bağlı CD disk, iddiaçıya aid xasiyyətnamə əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan regional Təhsil idarəsi tərəfindən Əhmədabad kənd sakini Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli xx.xx.2022-ci il tarixli müracətə cavab məktubundan görünür ki, onun Sabirabad rayon Əhmədabad kənd tam orta məktəbin direktoru tərəfindən inventarların satılması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş və araşdırılması üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilmiş müraciətinə Mil-Muğan Regional Təhsil İdarəsində baxılmış, qeyd edilən məsələ ilə bağlı sabirabad rayon əhmədabad kənd tam orta məktəbində 2022-ci il 25 noyabr tarixində inventarizasiya aparılmış və araşdırma nəticəsində deyilənlər öz təsdiqini tapmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X33 Xidməti Mil-Muğan regional şöbəsi tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli müraciətinə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, onun Əhmədabad kənd natamam orta məktəbin direktoru tərəfindən yaxın qohumlarının və cinayət məsuliyyətimə cəlb olunmuş şəxsin müvafiq işlərə qəbul olunmaları və digər qanunsuzluqlar barədə müraciətinə Xidmətin Mil-Muğan regional şöbəsində baxılmış, müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi üçün onun ünvanına xx.xx.2022-ci il tarixli dəvət məktubu göndərilmiş, lakin o, şöbəyə gəlməmişdir. Onunla saxlanılan əlaqə zamanı həmin məktəbdə işləmədiyini və müraciətində qaldırdığı xüsusatlara dair əlavə təsdiqedici sənədlərin olmadığını bildirmişdir. Həmçinin araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən onun adına ümumiyyətlə qüvvədə olan əmək müqaviləsi bildirişi müəyyən edilməmişdir. "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.5-ci maddəsinə əsasən müraciəti baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Xidməti tərəfindən Sabirabad rayon Əhmədabad kənd orta məktəbinin müəllimi Cavabdeh2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun Əhmədabad kənd orta məktəbinin rəhbərliyinin fəaliyyətində nöqsanların olması barədə müraciəti xx.xx.2023-cü ildə Xidmətə daxil olmuş, müraciətdə göstərilən məlumatlar araşdırılması və nəticəsi barədə ona məlumat verilməsi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Həsən Həsənov tərəfindən Əhmədabad kənd sakinləri Cavabdeh2 və Cavabdeh1 İslam oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onların Azərbaycan Respublikasının Prezidentinə ünvalandığı müraciətə tərəflərindən baxılmış, müraciətdə Əhmədabad kənd ümumi orta məktəbin direktoru İddiaçı məktəbin texniki işçiləri ilə qohumluq əlaqələri olduğunu, əmək haqqı kartlarını özündə saxlamaqla hər ay maaşlarını mənimsədiyini qeyd edərək lazımi tədbir görülməsi xahiş edilmiş, 31 mant və 29 noyabr 2022-ci il tarixlərində Sabirabad rayon icra hakimiyyətinin, Mil-Muğan regional Təhsil İdarəsinin məsul əməkdaşlarının Əhmədabad kənd ümumi orta məktəbində araşdırma aparması, texniki işçilər arasında qohumluq əlaqələrinin olmadığının öz təsdiqini tapdığı bildirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan regional Təhsil idarəsi tərəfindən Əhmədabad kənd sakinləri Cavabdeh2, X9, Əhmədov Murad yazdan oğluna və Cavabdeh1 İslam oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onların Sabirabad rayon Əhmədabad kənd ümumi orta məktəbin direktoru İddiaçı məktəbdə qanunsuz əməllər etməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və digər dövlət orqanlarına ünvaladıqları təkrar müraciəti Mul-Muğan regional Təhsil İdarəsində aidiyyəti üzrə araşdırılmış, cavab olaraq bildirilmişdir ki, əhmədabad kənd ümumi orta məktəbin texniki işçi heyəti 17 deyil, 11 texniki işçidən ibarətdir. Bu heyətdə Aslanova Gülçöhrə adlı işçi işləmir. Məktəbin texniki işçi heyətinə daxil edilmiş X17 və X18 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olduqları üçün işə çıxmamış və işdə olmadıqları dövr üçün xəstəlik vərəqini təqdim etmişlər. Halhazırda işçilər hər gün işə gəlir və əmək müqaviləsi üzrə vəzifələrini yerinə yetirirlər. Həmin şəxslərdən alınan izahata əsasən onlar arasında qohumluq əlaqəsi yoxdur və əmək haqqı kartları da özlərindədir. Müraciətdə qeyd edilən İddiaçı öz qohumlarını məkətəbə təyin etməsi ilə əalqədar bildirilir ki, məktəbin kimya müəllimi X1 işə qəbulu müsabiqəsində 75.75 bal toplayaraq Sabirabad rayon Qalağayın kənd tam orta məktəbinə kimya fənni üzrə müəllim təyin edilmiş və ikinci iş yeri olaraq Əhmədabad kənd ümumi məktəbində fəaliyyət göstərir. Məktəbin ibtidai sinif müəllimi X26 öz ərizəsinə əsasən məktəb direktorunun xx.xx.2022-ci il tarixli, 81/3 nömrəli əmri ilə əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinə əsasən işdən azad edilmişdir. Məktəbin direktorunun həyat yoldaşı Əhəd Bağırov isə həmin məktəbdə heç bir vəzifəyə təyin edilməmişdir. Ərizədə qeyd olunan digər məsələlər 2021-2022-ci tədris ilində 9-cu sinif şagirdlərindən 20 nəfərinin ümumi orta təhsil haqqında attestat almamağı, şagirdlərin kütləvi şəkildə başqa məktəbə getməsi kimi faktlar öz təsdiqini tapmamışdır. Məktəb direktorunun verdiyi izahata əsasən şagirdlərin hamısı buraxılış imtahanında müvəffəqiyyətlə iştirak etmiş və ümumi orta təhsil haqqında attestat almışlar. Məktəbdə mütəmadi olaraq məktəbdaxili monitorinqlər keçirilir, nəticələr müzakirə edilərək təhlil olunur və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində daim tədbirlər görülməkdədir. Məhkəməyə təqdim edilmiş Sabirabad RİHB-nin müavini Həsən Həsənov tərəfindən Əhmədabad kənd sakinləri X29 və digərlərinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Mil-Muğan Təhsil İdarəsinin əməkdaşları Əhmədabad kənd ümumi orta məktəbində araşdırma aparmış, 18 nəfər kənd sakini Əhmədabad kənd ümumi orta məktəbin direktoru barədə müraciətdən məlumatları olmadıqlarını bildirərək, onların adından saxta imzalar çəkildiyini, işə düzəltmək adı ilə vədlər verildiyini qeyd etmişlər. İddiaçı mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmiş, cavabdehlərin hər birindən 1000 manat məbləğində zərərin əvəzinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılır ki, ölkə vətəndaşlarının ümumi həyat səviyyəsi, iddiaçının uğradığı zərərin həcmini müəyyən etməyə imkan yaradacaq sübutların həcmi, həmçinin məhkəmə aktlarının icrası mümkünlüyü nəzərə alınaraq, 1000 manat məbləğində zərərin əvəzi iddiaçının xeyrinə cavabdehlərdən tutulmalıdır. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnaməni- mənəvi zərərə dair hissədə, iddianın təmin edilməyən hissəsinə münasibətdə mübahisələndirir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, rəhbər olduğu təhsil ocağında ona dəymiş mənəvi zərərin, onu necə sarsdığını birinci instansiya məhkəməsi nəzərə almamış, mənəvi zərər iddiaları ilə onun iddiasını bir ölçüdə götürmüş və qərarını o istiqamətdə vermişdir. İşgüzar nüfuzunu zədələməklə yanaşı ailə sirləri yayılmış və bütün dövlət orqanlarına onun şəxsi ailə həyatı sirrini yazıb qanunsuz bəyan etmişdir. Məhkəmə bunları ciddi nəzər almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, formal mülahizələrdir. Buna əsasən də, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə mümasibət bildirərək, qeyd edir ki, ilk öncə iddiaçı ona dəymiş mənəvi ziyanın məbləğini müəyyən etmək üçün məhkəməyə hər hansı sübut (həkim arayışını və başqa hər hansı sənədi) təqdim edə bilərdi. Birinci instansiya məhkəməsi də, hər bir tərəfin mənafeyini nəzərə almış və mənəvi ziyan məbləğini müəyyən etmişdir. Şikayətin digər dəlili ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı işgüzar nüfuzuna toxunan məlumatların cavabdehlər tərəfindən təkzib olunmasını məhkəmə qaydasında tələb edərək, bu barədə iddia qaldıra bilər. Eyni zamanda iddiaçı ailə sirrinin pozulması ilə bağlı da aidiyyəti olaraq hüquqmühafizə orqanlarına müraciət edə bilər. Bundan başqa iddiaçı cavabdehlərin müvafiq maddi imkana malik olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı tələb üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan çoxdur və prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(056)-434/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar