Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-688/2025 17.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı Cavabdeh 5000 manat mənəvi zərərin və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ (Açar sözlər: şərəf və ləyaqətin müdafiəsi, dəymiş mənəvi zərərin ödənilməsi) Şirvan şəhəri, 17 aprel 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Cavabdeh 5000 manat mənəvi zərərin və ödənilmiş 70 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin (hakim Elxan Əmirəliyev) 25 oktyabr 2024-cü il tarixli, 2(073)-1876/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat mənəvi zərərin və ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cəlilabad rayon Əsədli kəndində yaşayır. xx.xx.2022-ci il tarixdən 1154 saylı əmrlə Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin olunmuşdur. Cavabdeh xx.xx.2015-ci il tarixdən Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbində texniki işçi vəzifəsində işləmişdir və onun cavabdehlə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir üzürlü səbəb olmadan işə çıxmadığı ilə bağlı aktlar tərtib edilmiş və bu səbəbdən də cavabdehin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən və əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xx.xx.2023-cü il tarixli 96 nömrəli əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdehla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh əsassız olaraq 24 noyabr 2023-cü il tarixdə, 29 noyabr 2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə şər və böhtan xarakterli ərizələrlə Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət edərək onu müəllimlərdən, texniki işçilərdən rüşvət almaqda ittiham etmiş və bunu da guya məktəbin texniki işçilərinin işə gəlməməsi və onların əmək haqlarını mənimsəməsi ilə əsaslandırmışdır. Belə şər və böhtan xarakterli ərizələr onun mənəviyyatına toxunur. Cavabdeh qeyd etdiyi ərizələrlə kifayətlənməyib, X4 Xidmətinin X1 də müraciət edərək guya o, cavabdehi qanunsuz olaraq işdən kənarlaşdırmışdır. Əsil həqiqətdə isə cavabdeh özünün hüquqa zidd əməlləri nəticəsində əmək qanunvericiliyinə əsasən işdən kənarlaşdırılmışdır. Cavabdeh Cəlilabad rayon prokuroruğuna da ərizə ilə müraciət edərək guya “o, hər ay cavabdehdən və digər texniki işçilərdən rüşvət qismində pul vəsaiti alaraq onların qanunsuz əməllərinə göz yummuş və məktəbdə özbaşınalıq etmiş, digər qanunsuz əməllərlə məşğul olmuşdur”. Cavabdeh bu ərizəsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmış 11,03.2024-cü il tarixdə cinayət işinin başlanmasınının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdehin onun barəsində yazdığı digər ərizələrində də qeyd etdiyi məlumatlar yalan olduğundan müvafiq arayışla iş materiallarına əlavə edilərək arxivə göndərilmişdir. Cavabdeh hər bir ərizəsi əsasında o, müxtəlif vaxtlarda Regional Təhsil Şöbəsinə çağırılmış, həmin ərizələr üzrə izahatları alınmış və hər dəfə də arzuolunmaz vəziyyətə düşmüşdür. Bununla da onun şərəf və ləyaqəti alçaldılmışdır. Cavabdeh hər dəfə yazdığı şər və böhtan xarakterli ərizələri əsasında icraçılara izahat verərkən ürək ağrısı çəkmiş, arzuolunmaz vəziyyətə düşmüş və günü-gündən sarsılmışdır. Cavabdeh tərəfindən şər və böhtana məruz qalaraq, rüşvət almaqda ittiham edilməklə, el arasında şərəf və ləyaqəti alçaldılmışdır. Artıq cavabdehin bu hərəkətləri nəticəsində özünü pis hiss edir, tez-tez qan təzyiqinin artması ilə əlaqədar tibbi yardımla bağlı tibb müəssisələrinə müraciət etmişdir. Beləliklə, Cavabdeh tərəfindən xüsusilə ona mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir. Mənəvi zərər qeyri - əmlak hüquqlarının pozulmasıdır. Hazırda hüquqi bir dövlətdə yaşadığından, qeyd edilənlərin artıq hər hansı bir hüquqi yolu olduğundan və onunla cavabdeh arasında mübahisənin daha da münaqişəli bir vəziyyətə çatmaması, mübahisənin daha da gərginləşməsi və gələcəkdə bu kimi halların qarşısının alınması səbəbindən məcbur qalıb məhkəməyə müraciət etmiş ki, məsələ hüquqi müstəvidə həll edilsin. Bu səbəbdən də o, şərəf və ləyaqətinin müdafiəsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qənaətinə gəlmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddianı etiraf etməyərək məhkəmə baxışı iclasında bildirmişdir ki, o, Cəlilabad rayon Əsədli kəndində yaşamaqla, xx.xx.2015-ci il tarixdən 01 noyabr 2023-cü il tarixədək Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbində texniki işçi vəzifəsində işləmişdir. Lakin Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbinin diroktoru İddiaçı tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 96 saylı əmrə əsasən qanunsuz olaraq işdən çıxarılmışdır. O, iddiaçı barəsində olanları, yəni düzünü yazmış. Bir vətəndaş kimi haqlı olaraq iddiaçı barəsində aidiyyatı orqanlara müraciət etmişdir. İddiaçı barəsində ilk əvvəl müvafiq orqanlara müraciət etmiş, lakin məhkəmə araşdırması dövründə heç bir orqana müraciət etməmişdir. Qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(073)-1876/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikasının Vitse Prezidentinə, Təhsil Nazirliyinə və Cəlilabad rayon prokurorluğuna İddiaçı ünvanına şərəf və ləyaqətin alçaldan, işgüzar nüfuzuna ləkə gətirən və həqiqətə uyğun olmayan məlumatlar əks etdirən əsassız ərizələr yazması nəticəsində Cavabdeh 500 manat məbləğində vurulmuş mənəvi zərər və dövlət rüsumuna görə 70 manatın alınıb İddiaçı verilməlisini qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, məhkəmə işi tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, işin faktiki hallarını aydınlaşdırmamış və nəticədə də əsassız olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. O öz konstitusion hüququndan istifadə etməklə pozulmuş hüquqlarının bərpası barədə müvafiq qurumlara şikayətlər etmiş, öz müraciətlərində direktor kimi iddiaçının fəaliyyətini tənqid etmişdir. Lakin iddiaçı bunu öz mənafeyinə uyğun olaraq şərh etmiş, birinci instansiya məhkəməsi də, formal xarakter daşıyan iddia tələbini qismən də, olsa təmin etmişdir. Nəticə etibarı ilə məhkəmə əssassız qətnamə çıxarmışdır. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, adı çəkilən internet saytlarında iddiaçı barəsində gedən müraciətləri o özü yazmışdır. Həmin saytlarda qeyd etdikləri həqiqətdir. Lakin heç bir dövlət orqanı, heç bir qurum onun iddiaçı barəsində qeyd etdiklərini araşdırmamış və iddiaçının hərəkətlərinə hüquqi qiymət verməmişlər. O, bu müraciətlərində iddiaçını yalnız tənqid etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq olunan hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) olan məlumatların təkzib ediməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onların şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi kimi baxıla bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli tövsiyyə xarakterli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olması və bu məlumatların yayılması. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Belə ki, məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materialında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh İddiaçı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlət əmlakını talamaqda ittiham etmişdir. İş materialında olan Cavabdeh tərəfindən Təhsil Nazirliyinə ünvanlanmış xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, Cavabdeh İddiaçı rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham etmişdir. İş materialında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vitse Prezidentinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh İddiaçı haqqında “İddiaçı məktəbi öz dədəsinin mülki kimi hesab edir” ifadəsini qeyd etmişdir. İş materialında olan Cəlilabad rayon prokurorluğunun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ələsgərov X2 rayon prokurorluğuna müraciət edərək, əsassız olaraq Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbi tərəfindən işdən azad olunduğunu və həmin məktəbin direktoru İddiaçı ondan və məktəbin digər texniki işçilərindən hər ay rüşvət qismində 31 manat pul vəsaiti tələb etdiyini qeyd etmişdir. Müraciət əsasında toplanmış 27/C-24 nömrəli materialda hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən, cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Cəlilabad rayonu Əsədli kənd tam orta məktəbi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli, 96 saylı əmrdən görünür ki, 01 fevral 2015-ci il tarixdən məktəbin 10 nömrəli əmri ilə məktəbə texniki işçi qəbul edilmiş Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı şərəf və ləyaqətinin ləkələnməsinə görə ona 5000 (beş min) manat mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 70 (yetmiş) manat alınıb verilməsi onun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab edərək, cavabdehin üzərinə qeyd edilən mənəvi ziyana dair hissədə Cavabdeh 500 manat və dövlət rüsumunun əvəzinə 70 manat pul tutulmasını qət etmişdir. İddiaçı qətnamə ilə razılaşmış və şikayət verməmişdir. Lakin cavabdeh qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Onun apellyasiya şikayətinin əsas dəlili müxtəlif orqanlara yazdığı müraciətlərdə məqsədi iddiaçının şərəf və ləyaqətini alçaltmaq deyil, etmiş olduğu hərəkətlərə görə onu tənqid etmək olmuşdur. Apellyasiya kollegiyası birinci instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiqi ilə qəbul edilmişdir. Göründüyü kimi şərəf və ləyaqətin müdafiəsi ilə bağlı hallar araşdırılarkən yuxarıda göstərilən üç elementin vahidliyi mövcud olmalı, onlardan hər-hansı birinin olmaması şəxsin şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsi ilə qət edilən mənəvi zərər hissəsində də, qətnaməni əsaslı hesab edir və qeyd edir ki, 500 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutulması hər iki tərəfin mənafeyinə uyğundur. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin əsası olan və cavabdeh tərəfindən iddiaçı barəsində yayılmış, həmin məlumatlar iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi müəyyən edilmiş, yayılan məlumatların həqiqətə uyğun olması isə cavabdeh tərəfindən sübut edilməmişdir. Cavabdeh apellyasiya şikayətinin etirazında, vəsatətində və verdiyi izahatlarında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir, məhkəmə işi tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, işin faktiki hallarını aydınlaşdırmamış və nəticədə də əsassız olaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. O, öz konstitusion hüququmdan istifadə etməklə pozulmuş hüquqlarının bərpası barədə müvafiq qurumlara şikayətlər etmiş, öz müraciətlərində direktor kimi iddiaçının fəaliyyətini tənqid etmişdir. Lakin iddiaçı bunu öz mənafeyinə uyğun olaraq şərh etmiş, birinci instansiya məhkəməsi də, formal xarakter daşıyan iddia tələbini qismən də, olsa təmin etmişdir. Nəticə etibarı ilə məhkəmə əssassız qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Qeyd edir ki, hazırda cavabdehin iddiaçı barəsində yaydığı məlumatlar onun şərəf və ləyaqətinə toxunan məlumatlardır, bir şərtlə ki, həmin məlumatlar həqiqətə uyğun olmasın. Həmin məlumatların həqiqətə uyğun olduğunu isə cavabdeh sübut etməli olduğu halda o, həmin məlumatların müvafiq dövlət qurumları və məhkəmə tərəfindən sübut edilməli olmasını bildirmişdir. Əksinə əgər cavabdeh qeyd edilən halların həqiqətə uyğun olmasını sübut edərdisə o, zaman onu gözləyən məsuliyyətdən azad oluna bilərdi. Lakin cavabdeh bunu sübut edə bilmir. Əksinə o həm birinci instansiya məhkəməsi həm də kollegiyanın iclasında bildirmişdir ki, müraciətlərində iddiaçı barəsində qeyd etdikləri həqiqətdir və bu məlumatlar müvafiq qurumlar tərəfindən ətraflı araşdırılmamışdır. Halbuki, müraciətlərində qeyd edilənlər cavabdehin özü tərəfindən sübut edilməli idi. Belə olan halda da, cavabdeh iddiaçının şərəf və ləyaqətinə toxunacaq məlumatları yaydığına görə mülki məsuliyyət daşıyır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlillərini araşdırıb hüquqi qiymət verərək apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi baxımından qanuni əsaslar müəyyən edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hazırkı qətnamə ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2(073)-1876/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-688/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-688/2025
17.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver