Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-691/2025 01.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Cəbrayıl Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(072)-259/2025 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment, valideynlik hüququndan məhrum etmə və yetkinlik yaşına çatmayan vətəndaşa pasport verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(072)-259/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment, valideynlik hüququndan məhrum etmə və yetkinlik yaşına çatmayan vətəndaşa pasport verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması və İddiaçı qərardadın əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İddiaçı şikayət verərək Cəbrayıl Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli, 2(051)- 1216/2024 saylı qərardadının ləğv edilməsini və işin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd edilən maddələrinə əsasən iddia iddiaçının yaşadığı yerə görə verilə bilər. İddia alimentlə bağlıdır, həm də himayəsində 2 yetkinlik yaşına çatmayan uşaq var. Ona görə də, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Cəbrayıl Rayon Məhkəməsinin 03 mart 2025-ci il tarixli, 2(072)-259/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı “aliment, valideynlik hüququndan məhrum etmə və yetkinlik yaşına çatmayan vətəndaşa pasport verilməsi” tələbinə dair iddia ərizəsi əsasında mülki iş üzrə “iddia ərizəsinin geri qaytarılması haqqında” Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 259/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Cəbrayıl Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(072)-259/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İlk növbədə qeyd edilməlidir ki, Cavabdeh rəsmi qeydə alındığı yer “Sumqayıt şəhəri, 5-ci mkr., ev 7/8, mənzil 26” olduğu halda İddiaçı Cavabdeh rəsmi qeydə alındığı ünvan üzrə birinci instansiya məhkəməsi qismində Sumqayıt Şəhər Məhkəməsinə deyil, Cəbrayıl Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan başqa, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində mövcud olan məlumata əsasən Cavabdeh yaşayış yeri üzrə rəsmi qeydə alındığı yer “Sumqayıt şəhəri, 5-ci mkr., ev 7/8, mənzil 26” ərazisidir. Halbuki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə (4-cü fəsil) müəyyən olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Çerniçkin Rusiyaya qarşı” iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin (Ədalətli məhkəmə araşdırması hüququ) tələblərini pozur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə tərkibi şikayətə münasibət bildirərək qeyd edir ki, iddiaçı şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə istinad etmişdir. Lakin bu maddə də qeyd edilir ki, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Hazırki iddia tələbi alimentin alınması və atalığın müəyyən edilməsi ilə bağlı deyildir. İddia tələbindən görünür ki, iddiaçının iddia tələbi aliment, valideynlik hüququndan məhrum etmə və yetkinlik yaşına çatmayan vətəndaşa pasport verilməsi ilə bağlıdır. Eyni zamanda, qeyd edilməlidir ki, sonucu tələb mövcud olmasa belə hazırkı iddiaya Cəbrayıl Rayon Məhkəməsində baxıla bilməzdi. Belə ki, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən edilmiş çıxarışdan müəyyən edilir ki, İddiaçı “ünvan 2 ünvanında rəsmi qeydiyyatdadır. Həmçinin iddiaçı iddia ərizəsində faktiki yaşayış yerini “Biləsuvar rayonu 8 saylı ünvan 3 ünvan kimi qeyd etmişdir. Göründüyü kimi iddiaçı Cəbrayıl rayonunda nə rəsmi qeydiyyatdadır, nə də ki faktiki olaraq yaşayır. Digər tərəfdən iddiaçı şikayətində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.5-ci maddəsinə istinad etmişdir. Məhkəmə tərkibi hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Belə ki, maddənin məzmunundan görünür ki, bu maddəyə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Hazırki iddia tələbi isə nikahın pozulması ilə bağlı deyildir. Ona görə də şikayət bu hissədə də əsassızdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Cəbrayıl Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(072)-259/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(072)-259/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-691/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-691/2025
01.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver