Məhkəmə qərarları › İş №2(106)-693/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-693/2023

02.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-693/2023 02.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X6, iddiaçının və onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin və onun vəkili Nümayəndə2 iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, iddiaçı X4 Cavabdeh qarşı uşağın anadan alınaraq atanın yanında saxlanması, valideynlik hüquqlarından məhrum etmə, ananın razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması və ölkəyə gətirilməsi, aliment tutulmasının dayandırılması tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X8 ilə Cavabdeh əvvəlcə faktiki, 19 fevral 2015-ci ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 21 iyul 2014-cü il təvəllüdlü Əsma doğulmuşdur. Tərəflər arasındakı nikah Şirvan Şəhər Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, həmin vaxtdan da birgə nikahdan doğulmuş uşaq ana Cavabdeh yanında saxlanılmış və uşağın saxlanılması üçün X2 aylıq qazancın ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırkı tələbində X8 xx.xx.2014-cü il təvəllüdlü X10 münasibətdə cavabdehin valideynlik hüquqlarından məhrum edilməsi, uşağın anadan alınaraq ona verilməsi, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin tutulmasının dayandırılmasını xahiş etmişdir. Sonra iddiaçı tələbinin həcmini artırmış, azyaşlı X9 ölkə hüdudlarından kənara çıxarılması, ölkə ərazisinə gətirilməsinin cavabdehin icazəsi olmadan həyata keçirilməsini də xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Şirvan Şəhər Məhkəməsinin qətnaməsinə uyğun olaraq cavabdehlə rəsmi nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü Əsmanın yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin edilmiş alimenti həmişə vaxtında ödəmiş, lakin sonradan cavabdehlə razılığa gələrək uşağının anası ilə birlikdə ölkə sərhədindən kənara çıxmasına razılıq vermiş, tələbkar Cavabdeh də təyin edilmiş alimentdən imtina etmişdir. Bununla bağlı Daşkəsən rayon Dövlət Notariat Kontorunda təsdiq edilməklə saziş imzalanmış və alimentin ödənilməsi ilə bağlı icraata xitam verilmişdir. Cavabdeh azyaşlı qızını özü ilə 2018-ci ilin əvvəllərində Rusiyaya, oradan da Qazaxıstana aparmış, 2020-ci il fevral ayında cavabdeh özü Azərbaycana qayıtmış, uşağı gətirməmişdir. Sonra cavabdeh razılaşmaya riayət etməyərək məhkəməyə müraciət etmiş, ərizəsinə əsasən xitam verilmiş aliment ödənişi bərpa edilmişdir. Hazırda ondan tutulan alimentin kimə xərclənməsindən xəbəri yoxdur. Cavabdeh uşağı Rusiya Federasiyasına apardıqdan sonra uşaqla bağlı heç bir məlumat əldə etməmişdir. Uşaq hazırda Rusiya Federasiyasının Samara şəhərindədir. Uşaqla ünsiyyət hüququna dair Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin olmasına baxmayaraq icra olunmur. Cavabdeh narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Hazırda Əfsanənin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi vardır. Cavabdeh uşağı barəsində valideynlik hüququnu illərdir ki, həyata keçirmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, hazırda uşağı onun anasının yanında Rusiyada yaşayır, orta məktəbə gedir, öz ətrafı və öyrəşdiyi mühit vardır. Şəxsi həyatında baş vermiş problemlərlə əlaqədar hazırda qızına baxa bilmir, lakin uşağın ondan alınıb atasına verilməsinə razı deyil, belə hesab edir ki, uşaq Rusiyada nənəsinin yanında qalmalıdır. O narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunsa da, barəsində narkomaniya xəstəlikdən məcburi müalicə təyin edilməmişdir, narkotikadan asılılığı yoxdur. İddiaçı tərəfindən hər ay verilən alimenti ayrıca yığır, uşağının gələcəyinə xərcləməyi fikirləşir. Həmin alimenti Rusiyaya göndərmir, qızının bütün xərclərini anası özü çəkir. Şirvan Şəhər Məhkəməsinin (hakim S.Məmmədova) 24 yanvar 2023-cü il tarixli qətnaməsi ilə A.Əhmədovun iddiası qismən təmin edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X9 atası X4 himayəsinə verilməsi, cavabdehlə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X9 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və ölkə ərazisinə gətirilməsinin Cavabdeh razılığı olmadan həyata keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şiakayətində cavabdeh göstərmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü Əsma bir neçə ildir ki, atasını görmür və onunla ünsiyyət saxlamır. Belə ki, uşaq hazırda Rusiya Federasiyasında öz nənəsi ilə birgə yaşayır. Orada 2-ci sinifdə oxuyur. Şikayətə görə, uşağın təhsil aldığı məktəbdən və sinif yoldaşlarından ayrılması olduqca çətindir. Uşaq atasının himayəsində qalmaqdan imtina edir. Cavabdeh şikayətində onu da vurğulamışdır ki, müayinə zamanı onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, hazırda bu xəstəlikdən əzab çəkmir və narkomaniyadan məcburi müaliyəcəyə ehtiyacı yoxdur. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdeh və onun vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İzahatında cavabdeh göstəmişdir ki, birgə nikahdan doğulmuş uşaq dörd ildir ki, Rusiyada nənəsinin yanında yaşayır, atasını görmür, atası ilə bağlılığı yoxdur. Uşaq Rusiyada təhsil alır, 2-ci sinifdə oxuyur, onun təhsil aldığı məktəbdən və sinif yoldaşlarından ayrılması çətindir, atasının himayəsinə verilməkdən də imtina edir. İddiaçı isə cəbhə bölgəsində işləyir, səngərdə olur, çıxa bilmir, cavabdehin narkotiklə bağlılığı yoxdur, cəzasının 7 ayını çəkib qurtarmış, 9 ayı qalmışdır. Valideynləri Rusiyada yaşayır. İddiaçı X8 və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı izahatında göstərmişdir ki, cavabdeh narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğuldur, uşağa ciddi problemlər yaradacaqdır, uşağa qarşı psixoloji təsir vardır; əvvəllər uşağın ölkədən müvəqqəti çıxarılmasına razılıq versə də, cavabdeh bundan sui-istifadə edib uşağı ondan ayırmaq üçün daimi Rusiyada saxlamışdır. Özü hərbçidir, baş gizirdir, Kəlbəcərdə işləyir, lazım olanda gələ bilir. Uşağının qayğısına qalmaqda valideynləri də ona kömək edə bilir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni və izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarına görə, iş üzrə tərəflərin əvvəlcə faktiki, 19 fevral 2015-ci il tarixli isə rəsmi nikahından 21 iyul 2014-cü il təvəllüdlü Əsma doğulmuşdur. Tərəflər arasındakı nikah Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulmuş uşaq ananın yanında saxlanılmış və uşağın saxlanılması üçün X2 hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırkı tələbində iddiaçı uşağın anadan alınaraq ona verilməsi, xx.xx.2014-cü il təvəllüdlü X10 münasibətdə Cavabdeh valideynlik hüquqlarından məhrum edilməsi, , Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün nəzərdə tutulan hər ay qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasının dayandırılması və uşağın ölkə hüdudlarından kənara çıxarılması, ölkə ərazisinə gətirilməsinin cavabdehin razılığı alınmadan həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qətnaməni iddianın təmin edilmiş hissəsində, yəni uşağın atanın yanında saxlanması və ananın razılığı olmadan atanın müşayiəti ilə ölkə hüdudlarından kənara çıxarılması və ölkəyə gətirilməsinin həyata keçirilməsinə dair hissələrdə mübahisələndirmişdir. Kollegiya işə apellyasiya şikayəti həddində baxır. Mübahisələndirilən hissədə iddia ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 63-cü maddəsinə əsasən: 63.1. Valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 63.2. Belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. 63.3. Valideynlərin və ya başqa şəxslərin yanında yaşayan uşağın tərbiyəsinin və inkişafının təmin olunmaması məhkəmə tərəfindən müəyyən edilərsə, məhkəmə uşağı müvafiq icra hakimiyyəti orqanının himayəsinə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. İddiaçı tələbində həmçinin ananın razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılmasını və ölkəyə gətirilməsiniə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci madddəsinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fıziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyə, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Vətəndaşın ölkədən getmək hüququ yalnız Qanunda nəzərdə tutulmuş hallarda müvəqqəti məhdudlaşdırıla bilər: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 11.1-ci maddəsinə əsasən həmin Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Kollegiya qeyd edir ki, iddianın təmin edilməsi üçün əsaslar kifayət qədər vardır. Bu əsaslar tərəflərin izahatlarından açıq-aşkar göründüyü kimi, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh uşağın qayğısına qalmır, öz valideynlik hüquqlarını həyata keçirmir, cavabdeh uşağı xarici ölkəyə- Rusiya Federasiyasına aparıb orada qoymuş, özü Azərbaycana qayıtmış, uşağı ilə maraqlanmamış, bundan sonra iddiaçı uşaqla bağlı heç bir məlumat əldə etməmişdir. Uşaq hazırda xarici ölkədədir. Uşaqla ünsiyyət qura bilmir. Bundan başqa, cavabdeh narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. Hazırda cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, şəxsi həyatında baş vermiş problemlərlə əlaqədar hazırda qızına baxa bilmir, lakin uşağın ondan alınıb atasına verilməsinə razı deyil, belə hesab edir ki, uşaq Rusiyada nənəsinin yanında qalmalıdır. O narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunsa da, barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməmişdir, asılılığı yoxdur. İddiaçı tərəfindən hər ay verilən alimenti ayrıca yığır, uşağının gələcəyinə xərcləməyi fikirləşir. Həmin alimenti Rusiyaya göndərmir, qızının bütün xərclərini anası özü çəkir. Kollegiya hesab edir ki, iddiaçı öz tələbini əsaslandıra bilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Birinci instansiya məhkəməsində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 23 noyabr 2022-ci il tarixli, 2243 saylı rəyi alınmışdır. Qəyyumluq və Himayəçilik Komissiyası rəyində göstərmişdir ki, X8 və Cavabdeh bir müddət birgə yaşadıqdan sonra ayrılmışlar. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə onların aralarında olan nikah pozulmuş, uşağın ananın himayəsində qalması müəyyən edilmişdir. Uşaq atası X4 razılığı ilə anası Cavabdeh ilə birlikdə xarici ölkəyə getmişdir. Lakin bir müddət sonra ana Cavabdeh uşağı xarici dövlətdə qoyaraq özü Azərbaycana qayıtmışdır. Ananın deməsinə görə yetkinlik yaşına çatmayan övladı X13 nənəsi ilə birlikdə Rusiya Federasiyası, Samara vilayəti Moskovoskoye şosse 260 ünvanında yaşayır. İddiaçı X4 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil yaşayış üçün yararlıdır və kommunal xidmətlərlə əhatə olunmuşdur. Komissiya araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 21 iyul 2014-cü il təvəllüdlü X11 2018-ci ilin əvvəllərində özü ilə Rusiya Federasiyasına aparmış, 2020-ci ilin fevral ayında Cavabdeh özü Azərbaycana qayıtmış, həmin vaxtdan bu günə kimi bir valideyn olaraq uşağın təlim-tərbiyyəsi ilə, onun maddi və mənəvi ehtiyaclarının ödənilməsi ilə məşğul olmamışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə azyaşlı X1 üçün müəyyən edilmiş alimenti alsa da, uşağın saxlanılmasına sərf etməmişdir. Cavabdeh iki ildən artıq müddət ərzində valideynlik vəzifələrini yerinə yetirməmiş, azyaşlı Əsmanı saxlamaqdan yayınmış, uşağa Rusiya Federasiyasında nənəsi baxmışdır. Bundan əlavə Komissiyaya təqdim edilmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-234/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 6 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ərazi narkoloji dispanserdə qeydiyyata alınmışdır. Komissiyanın iclasında Cavabdeh yuxarıda qeyd edilənlərin doğru olduğunu təsdiqləmişdir. Cavabdeh bir ana və valideyn kimi vəzifələrini yerinə yetirməmiş, övladı 21 iyul 2014-cü il təvəllüdlü X9 azyaşlı olmasına məhəl qoymayaraq onu xarici dövlətdə nənənin ümidinə buraxmış, ona və onun gələcək taleyinə, inkişafına biganə yanaşmış, öz şəxsi istək və maraqlarını azyaşlı övladının hüquq və mənafelərindən üstün tutmuş, uşağın saxlanılmasından yayınmışdır. Komissiya yuxarıda qeyd olunanlara əsaslanaraq, araşdırmaların nəticəsi olaraq hər iki valideynin uşağa olan qayğısını, bağlılığını, uşağın maraq və mənafelərinin təmin edilməsinə olan münasibətini, onun inkişafı və tərbiyyəsi üçün şərait yaradılmasını qiymətləndirərək, hər iki valideynin əxlaqi və digər şəxsi keyfiyyətlərini nəzərə alaraq uşağın maraq və mənafelərinin və gələcək taleyinin müdafiəsi məqsədi ilə 21 iyul 2014-cü il təvəllüdlü X9 atası X4 himayəsinə verilməsini məqsədəuyğun hesab etmişdir. X4 mənzil-məişət şəraitinin müayinəsi barədə xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə X4 mənzil-məişət şəraitinin müayinəsi ilə əlaqədar faktiki yaşadığı ünvan 2 ünvanında olmuş və mənzilə baxış keçirmişlər. Müəyyən edilmişdir ki, mənzil 3 otaq, 1 mətbəx, 1 hamam və sanitar qovşağından ibarətdir, orta təmirlidir. Kommunal xidmətlərlə tam əhatə olunmuş, yaşayış üçün yararlıdır. Bundan başqa, Cavabdeh məhkum olunması ilə əlaqəli materiallar işə əlavə edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 1(032)-234/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, müvafiq qaydada ərazi narkoloji dispanserində qeydiyyata alınması tapşırılmışdır. Müəyyən edilir ki, Cavabdeh cəzasını çəkib qurtarmamışdır. Bundan başqa, Cavabdeh adı başqa cinayət işinin materiallarında da hallanır. Cavabdeh, Şirvan Şəhər Məhkəməsinin 1(032)-326/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 244.2.2 maddələri ilə məhkum olunmuş X3 və X5 barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış və həmin hökmlə müəyyən olunmuşdur ki, Əfsanə Hüseynova pul müqabilində müxtəlif kişilərlə cinsi əlaqədə olmuş, cinsi istismara məruz qalmışdır. Bu faktlar ona dəlalət edir ki, Cavabdeh öz övladının tərbiyəsi ilə məşğul olmamış, uşağını Rusiya Federasiyasında anasının yanında qoyub Azərbaycana qayıtmış, əxlaqa zidd və qanunsuz əməllərlə məşğul olmuşdur. Müəyyən edilir ki, iddiaçı X8 hərbi xidmətdə olmasına baxmayaraq, daim öz övladı ilə maraqlanmış, Rusiya Federasiyasına müraciətlər etmiş, övladının taleyinə biganə qalmamışdır. Rusiya Federasiyası Samara vilayəti üzrə Təhsil və Elm Nazirliyi 102 nömrəli məktəb tərəfindən verilmiş 532 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X13 2 Q sinfində oxuyur. İşin hallarından görünür ki, iddiaçı A.Əhmədov Rusiya Federasiyasının ədliyyə və daxili işlər orqanlarına uşağının yerinin müəyyən edilməsi və ona verilməsi ilə bağlı müraciət etmiş, ona hüquqları izah edilməklə müvafiq cavablar verilmişdir. Kollegiya onu qeyd etməyi zəruri hesab edir ki, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafını, fiziki və psixi sağlamlığını daim diqqətdə saxlamalıdırlar. Uşaqların tərbiyəsində onlara qarşı biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, azyaşlı X9 yaşayış yeri müəyyən edilərkən atasının yanında qalması məqsədəuyğundur. Bu hissədə qətnamə qanuni və əsaslıdır. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin uşağın iddiaçının himayəsinə verilməsini qət etməsi, ayrılıqda yaşayan valideynlərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 yaşayış yerini müəyyən etməklə iddiaçıya verilməsini ehtiva edir. Bu hal “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarında olan göstərişlərə uyğundur. Həmin Qərarın 7.7-ci bəndində göstərilmişdir ki, uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Mübahisələndirilən hal həm də uşağın ölkə hüdudlarından kənara çıxarılması, ölkə ərazisinə gətirilməsinin cavabdehin razılığı alınmadan həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasında deyilir ki, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər (maddə 9). Konvensiyanın 10-cu maddəsində deyilir ki, iştirakçı dövlətlərin 9-cu maddənin 1-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq uşağın və ya onun valideynlərinin ailənin birləşməsi məqsədilə iştirakçı dövlətə gəlmək və ya oradan getmək barədə ərizələrinə iştirakçı dövlətlər tərəfindən müsbət, humanist və operativ baxılmalıdır. İştirakçı dövlətlər daha sonra təmin edirlər ki, bu cür xahişin verilməsi ərizəçilər və onların ailə üzvləri üçün xoşagəlməz nəticələrə gətirib çıxarmasın. Valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə və iştirakçı dövlətlərin 9-cu maddənin 2-ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləyirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın (ordre public), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya sığır. Qeyd edilməlidir ki, xx.xx.2014-cü il təvəllüdlü azyaşlı Əsmanın anası Cavabdeh razılığı olmadan, atasının müşayəti ilə ölkə hüdudlarından kənara çıxarılması və ölkəyə gətirilməsi üçün hər-hansı məhdudiyyət müəyyən edilməmişdir və Kollegiya hesab edir ki, bu barədə məhkəmənin qənaəti də qanuni və əsaslıdır. Göstərilənlər onu deməyə əsas verir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə doğru qənaətə gəlmişdir. Beləliklə, Kolelgiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları şikayətçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(032)-22/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar