Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-696/2024 29.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Yəhya oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Yəhya oğlunun Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 29 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Yəhya oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 11 mart 2006-cı ildə anadan olan Əsli, 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral, 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların saxlanması üçün hər ay hər hər uşağa görə 220 manat , cəmi 1100 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yəhya oğlu məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh ilə nikahla ailə qurmuşlar. Birgə nikahlarından 11 mart 2006-cı ildə Əsli, 08 noyabr 2009-cu ildə Rahilə, 04 fevral, 2012-ci ildə Rahidə, 10 mart 2013- cü ildə Yusif, 11 aprel 2015ci ildə Aydan adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Hazırda uşaqları onun yanında yaşayır. Uşaqlarını saxlamaqda çətinlik çəkir. Maddi vəziyyəti həddən artıq ağırdır. İndiki bahaçılıq bir dövrdə uşaqların saxlanılmasının öhdəsindən demək olar ki, gələ bilmir. Başqa heç bir gəliri yoxdur və heç bir müavinət almır. Cavabdeh uşaqların saxlanması üçün heç bir köməklik göstərmir. Ona görə də, hazırkıiddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh 11 mart 2006-cı ildə anadan olan Əsli, 08 noyabr 2009cu ildə anadan olan Rahilə, 04 fevral, 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların saxlanması üçün hər ay hər hər uşağa görə 220 manat , cəmi 1100 manat alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Seyfəli Seyfullayev), Cavabdeh 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 950 (doqquz yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub 11 mart 2006-cı ildə anadan olan Əsli, 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqların atası İddiaçı Yəhya oğluna verilməsi, Cavabdeh 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumuna görə alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76.1.1, 78.1, 78.2 və 100.2-ci maddəsinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməklə, Beyləqan Rayon Məhkəməsinin 2(020)- 1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Yəhya oğlu apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh keçirilən iclasda iştirak etməmiş, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsini Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (xx.xx.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli dəyərləndirmə aparmayaraq, prosessual qanunvericiliyin tələblərini pozmuş, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normalarını səhv tətbiq və təfsir etmişdir. Bununla da qətnamənin apellyasiya qaydasında mübahisələndirilərək dəyişdirilməsi üçün əsaslar yaratmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İşdə olan doğum haqqında şəhadətnaməsinin sürətindən görünür ki, tərəflərin birgə nikahlarından 11 mart 2006-cı ildə Əsli, 08 noyabr 2009-cu ildə Rahilə, 04 fevral, 2012-ci ildə Rahidə, 10 mart 2013-cü ildə Yusif, 11 aprel 2015-ci ildə Aydan adlı uşaqları doğulmuşdur. Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək və iddiaçının izahatını dinləyərək müəyyən edir ki, İddiaçı Yəhya oğlu Cavabdeh ilə nikahla ailə qurmuşlar. Birgə nikahlarından 11 mart 2006-cı ildə Əsli, 08 noyabr 2009-cu ildə Rahilə, 04 fevral, 2012-ci ildə Rahidə, 10 mart 2013-cü ildə Yusif, 11 aprel 2015-ci ildə Aydan adlı uşaqları anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyindən faktiki olaraq ayrılmışlar. İddiaçı hazırda heç yerdə işləmir, Uşaqlar onun yanında yaşayırlar. Hazırda cavabdeh uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi yardım göstərmir. Ona görə də iddiaçı cavabdehdən uşaqların saxlanması üçün sabit pul məbləğində hər ay hər uşağa görə 220 manat cəmi 1100 manat aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya həmçinin qeyd edir ki, uşaqların atanın yanında qalması işin mübahisəsiz halını təşkil edir. Mübahisənin əsas predmetini cavabdehə təyin edilmiş aliment məbləğinin miqdarı təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. İş materiallarından görünür ki, məhkəmə irəli sürülmüş iddia tələbini qismən əsaslı saymış və 10 avqust 2023-cü il tarixdən başlayaraq hər uşağa görə 190 manat olmaqla ümumilikdə 5 uşağa görə 950 manat məbləğində pulun hər ay cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Qətnamədən narazı qalan Cavabdeh isə heç bir yerdə işləmədiyini əsas gətirərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya ilk əvvəl qeyd edir ki, Ailə Məcəlləsinin 75.5-ci maddəsinə əsasən aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 11 mart 2006-cı təvəllüdlü X1 11 mart 2024-cü il tarixdə 18 yaşı tamam olmuşdur. Belə olan halda kollegiya qeyd edir ki, 11 mart 2006-cı təvəllüdlü X2 münasibətdə 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay 190 manat aliment ödənilməsinə münasibətdə məhkəmənin qətnaməsi dəyişdirilməməlidir/ Çünki, Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə təyin edilmiş aliment miqdarına digər 4 uşağa görə yəni 08 noyabr 2009-cu ildə anadan olmuş Rahilə, 04 fevral, 2012-ci ildə anadan olmuş Rahidə, 10 mart 2013-cü ildə anadan olmuş Yusif, 11 aprel 2015-ci ildə anadan olmuş Aydan adlı uşaqların yetkinlik yaşına çatanadək alimentin məbləğinin müəyyən edilməsinə yenidən hüquqi qiymət verilməlidir. Kollegiya təyin edilmiş aliment miqdarına münasibətdə isə qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh rəsmi olaraq harada işləməsi və gəlirləri barədə məlumat yoxdur. Həmçinin iddiaçı apelyasiya icraatı zamanı verdiyi izahatında cavabdehin işləməsi və aylıq qazancının olması barədə hər hansı sübutunun olmadığını bildirərək, həmçinin özünün işlədiyini və aylıq 1500-1600 manat qazancı olduğunu göstərmişdir. Bunu əsas götürən kollegiya hesab edir ki, 4 uşağa münasibətdə hər bir uşağa görə 190 manat olmaqla ümumilikdə 760 manat miqdarında təyin edilmiş aliment miqdarı həddindən artıq ağır olmaqla cavabdehin maddi vəziyyətinə uyğun olmadığından azaldılmalıdır. Lakin bu hal yetkinlik yaşına çatmayan uşaqların mənafeyi baxımından valideyni aliment ödənilməsi, yəni uşaqların saxlanılması ilə bağlı öhdəlikdən azad edə bilməz. Düzdür aliment təyin olunarkən azyaşlı uşaqların mənafeyi ilə yanaşı aliment ödəmək öhdəliyi daşıyan valideyinin də maddi və sair gəlirləri, həmçinin qət olunan alimenti ödəmək imkanı nəzərə alınmalıdır. Bununla əlaqədar kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Həmçinin, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin faktiki hallarını və uşağın mənafeyini, tərəflərin maddi vəziyyətini, uşağı saxlamaqda valideynlərin bərabər öhdəlik daşımalarını və uşağın saxlanılması üçün minimum yaşayış xərclərini rəhbər tutaraq hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 760 (yeddi yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqların atası İddiaçı Yəhya oğluna verilməsi hissəsində dəyişdirilərək, Cavabdeh 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 70 (yetmiş) manat, cəmi 280 (iki yüz səksən) manat məbləğində aliment müəyyən edilməli, məhkəmə tərəfindən miqdarı dəyişdirilmiş alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi aliment hissəsində dəyişdirilməli, Cavabdeh 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 70 (yetmiş) manat, cəmi 280 (iki yüz səksən) manat məbləğində aliment müəyyən edilməli, məhkəmə tərəfindən miqdarı dəyişdirilmiş alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Qətnamənin mübahisələndirilən hissəsində cavabdehin apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 280x12=3360 manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Lakin iddiaçının iddia tələbi üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti (760- 280)x12=5760 manat təşkil edir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385.2 və 402.1 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1607/2023 saylı, 09 oktyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh 10 avqust 2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat, cəmi 760 (yeddi yüz altmış) manat sabit pul məbləğində alimentin tutulub 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün uşaqların atası İddiaçı Yəhya oğluna verilməsi hissəsində dəyişdirilərək, Cavabdeh 08 noyabr 2009-cu ildə anadan olan Rahilə, 04 fevral 2012-ci ildə anadan olan Rahidə, 10 mart 2013-cü ildə anadan olan Yusif, 11 aprel 2015-ci ildə anadan olan Aydan adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa görə 70 (yetmiş) manat, cəmi 280 (iki yüz səksən) manat məbləğində müəyyən edilsin. Dəyişdirilmiş aliment miqdarının tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlansın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-696/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-696/2024
29.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver