Məhkəmə qərarları › İş №2(106)-697/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-697/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-697/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Xn Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Açar sözlər: subroqasiya qaydasında pul tələbi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2, (sədrlik edən, məruzəçi) X1 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı X Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(020)-102/2024 saylı qətnaməsindən (hakim Ramiz Nurullayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X məhkəmədə Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldırmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan mal-qara "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində "Atəşgah” Sığorta Şirkətində könüllü sığortalı olan "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. "Atəşgah” Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692.62 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh, təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən, Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdeh qeydiyyatında 83 baş xırdabuynuzlu qoyun və keçi qeydiyyata alınmışdır. Hadisə zamanı o mal-qaranı magistrai yolun tam kənarında ötürdüyü üçün ona məxsus qoyunlardan biri magistral yola doğru qaçaraq "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına çıxmışdır. Nəticədə də maşına maddi ziyad dəymişdir. Odur ki, Cavabdeh "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692.62 manat pulun və ödənilmiş 67.30 manat dövlət rüsumunun iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, 19 dekabr 2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi baş verməsi ilə təqsirli olduğuna görə inzibati qaydada İXM-nin 338.7-ci maddəsinə əsasən Beyləqan Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli İnzibati qərarına əsasən 80 manat məbləğində cərmə edilmiş və cərməni ödəmişdir. Yol nəqliyyat hadisəsi 19 dekabr 2019-cu il tarixdə törənmişdir. "Atəşgah” Sığorta Şirkəti ASC isə ona qarşı 2023-cü ilin noyabr ayında iddia qaldıraraq "Opel Corsa” markalı ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4692,62 manat ziyan vurmağı barədə "Subroqasiya qaydasında pul” tələbinə dair iddia qaldırmışdır. Yol nəqliyyat hadisəsi 19 dekabr 2019-cu il tarixdə törənmiş və həmin tarixdən 3 il 11 ay keçdikdən sonra "Atəşgah” Sığorta Şirkəti ASC iddia qaldırmışdır. Vaxtaşarı ödəmələr üzrə iddia müddəti 3 ildir. Atəşgah” Sığorta Şirkəti ASC ona qarşı "Opel Corsa” markalı ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692,62 manat pulun və ödənilmiş 67,30 manat dövlət rüsumunun alınması tələbinə dair iddiası üzrə iddia müddəti ötürüldüyündən Atəşgah” Sığorta Şirkəti ASC iddiasının rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(020)-102/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh könüllü sığortalı olan “Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 4692.62 (dörd min altı yüz doxsan iki manat altmış iki qəpik) manat pulun və ödənilmiş 67.30 (altmış yeddi manat otuz qəpik) manat dövlət rüsumunun alınıb iddiaçı "Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia müddətinin keçməsinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh tərəfin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Beyləqan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il, e-2(020)- 102/2024 nömrəli qətnaməsi ilə yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin ödənilməsini göstərsə də, cavabdehin inzibati xəta haqqında iş üzrə təqsirliliyi müdafiə hüququnun pozulması ilə müəyyən edilməsinə, xx.xx.2019-cu il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Opel Corsa “ markalı, ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin ərazidən keçərkən sürət həddinin yüksək olmasına, keçiddən yola qaçan bir baş qoyunu vurduqdan sonra 55 metr avtomobilin qarşısında aparıb dayanmasına, bu səbəbdən yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzinin onun tərəfindən ödənilməli olmaması kimi xüsusatlara hüquqi qiymət vermədən birtərəfli nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə həmin hadisə ilə bağlı aparılan inzibati xəta haqqında işdə cavabdeh kimi onun hüquqlarını bilmədən təyin edilmiş cəzaya etirazını bildirməməsinə görə mülki hüquq pozuntusu hadisəsini törətmiş sürücünün Beyləqan rayonunun Qarallar kəndinin yerləşdiyi əraziyə yaxın magistral yol yanından heyvanlarının keçid yeri yaxınlığında avtomobili yüksək sürətlə idarə etməsinə də düzgün hüquqi qiymət verilməməsinə, buna görə mülki hüquq pozuntusunu (delikti) törətmiş sürücü tərəfindən zərəri ödəmək vəzifəsini müəyyən edərkən səhv nəticəyə gəlmiş, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddətinin keçməsinə (3 il 11 ay sonra iddia ərizəsinin verilməsi), mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsi haqqında qərar çıxarması üçün əsasın olmasına baxmayaraq cavabdeh kimi onun verdiyi etirazı məhkəmə nəzərə almamış, bununla da məhkəmə iddiaçı tərəfindən verilmiş iddiadan imtina etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Beyləqan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il, e-2(020)-102/2024 nömrəli qətnaməsi ilə cavabdeh kimi onun iddia müddətinin keçməsinə (3 il 11 ay sonra iddia ərizəsinin verilməsi) dair verdiyi etirazı nəzərə alınmadan, həmçinin inzibati xəta haqqında iş üzrə araşdırmanın tam və hərtəfli araşdırılmaması, hadisə törədən sürücünün sürət həddini aşıb-aşması, həmçinin hadisə vaxtı avtomobili sürücünün sərxoş vəziyyətdə idarə edib-etməməsi kimi hallar yoxlanılmadan məhkəmə qanunsuz və əsassız qətnamə çıxarmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, qoyunlardan biri qəfldən onun qarşısından qaçaraq asfalt yola çıxmış və qəza baş vermişdir. Araşdırmanın nəticəsi olaraq inzibati qaydada məsuliyyətə cəlb edilmiş və o 80 manat cərimə edilmişdir. Cəriməni artıq ödəmişdir. İddiaçının nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq olunan hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət eləməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası MM-nin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.3-cü maddəsinə əsasən faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 936.6-cı maddəsinə əsasən həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 936-cı maddəsinə əsasən həmin Məcəllənin MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Ona görə, bu vəsait cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1 -ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Azərbaycan Respublikası MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş 081722 saylı sığorta aktından görünür ki, "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Atəşgah” Sığorta Şirkətində könüllü sığorta olunmuşdur. Yol-nəqliyyat hadisəsində "Atəşgah” Sığorta Şirkətində könüllü sığortalı olan "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Beyləqan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh məxsus olan mal-qara "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş, Cavabdeh İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş "Atəşgah” Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış "Opel Corsa” markalı, ** PX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4692.62 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Qətnaməni cavabdeh mübahisələndirir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi vaxtaşırı öhdəliklərdən irəli gələn öhdəlikləri nəzərə alaraq 3 illik iddia müddəti tətbiq etməli idi. Eyni zamanda inzibati xətada onun təqsiri olmamış, onun izahatı formal olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırkı mübahisəyə 3 illik iddia müddətinin tətbiq edilməsi qanunvericiliyin tələbinə uyğun deyil. Hazırkı mübahisə mülki hüquq pozuntusu olan deliktlərdən irəli gələn mübahisədir, buna görə də, mübahisəyə ümumi, yəni 10 illik iddia müddəti tətbiq edilməlidir. Hazırkı mübahisə üzrə vaxtaşırı icra edilməli olan öhdəliyin olması müəyyən edilmir. Eyni zamanda cavabdehin inzibati xətada təqsirinin olmaması, izahatlarının düzgün alınmaması barədə şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, inzibati xətalar dair işlər üzrə qanunvericiliyin tələbinə əsasən tənbeh olunan şəxsin inzibati qərardan şikayət vermək hüququ olmuşdur. Bu zaman o, qərardan şikayət verə bilərdi. Lakin o, şikayət vermək əvəzinə cəriməni ödəmiş, bir sözlə inzibati xətanı törətməsi ilə razılaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Güründüyü kimi iddia tələbi 5000 manatdan yuxarı deyil. Buna görə də qətnamədən kassasiya şikayəti verilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385.2, 392, 402.1-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli, e-2(020)-102/2024 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar