Məhkəmə qərarları › İş №2(106)-714/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-714/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-714/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh və üçüncü şəxs İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “uşaqların onun yanında qalmalarının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)-1236/2021 saylı, 12 oktyabr 2021-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 22 oktyabr 2011-ci il təvəllüdlü X1 onun yanında qalmalarının müəyyən edilməsi və onlara görə yaranmış aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İmişli rayon Məhkəməsinin 04 noyabr 2019cu il tarixli, 2(036)-1161/2019 saylı qətanaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, nikahın pozulmasından sonra 28 fevral 2009-cu il təvəllüdlü X2 və 22 oktyabr 2011ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında saxlanılmış və uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ondan 17 aprel 2019-cu il tarixdən başlayaraq 320 manat aliment Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Cavabdeh nikahları pozulmadan uşaqlarını onun üstünə atıb başqa bir şəxsə qoşulub qaçmış, sonradan isə ondan da ayrılıb başqa biri ilə yaşamağa başlamışdır. Uşaqlar isə 01 aprel 2019-cu il tarixdən onun yanındadırlar. O, uşaqları nənələrinin köməkliyi ilə saxlayır. Uşaqlar anasına getmək istəmir. Bu faktı təsdiq edən kifayət qədər sübutlar da mövcuddur. Uşaqlar onun yanında qalmalarına baxmayarq icra şöbəsi tərəfindən ona aliment borcu hesablanmışdır. Halbuki bu müddət ərzində uşaqlar İlkanənin deyil onun himayəsində olmuşdur. Ona görə də hesab edir ki, həmin dövrlər üçün hesablanmış aliment borcu silinməlidir. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1236/2021saylı, 12 oktyabr 2021-cü il tarixli qətnaməsi ilə (Hakim: Qurban Hacıyev), iddianın təmin edilməsi, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 22 oktyabr 2011-ci il təvəllüdlü X1 ataları İddiaçı yanında qalması, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 22 oktyabr 2011-ci il təvəllüdlü X1 01 aprel 2019-cu il tarixdən hazırkı tarixədək faktiki olaraq atalarının yanında qalmaları nəzərə alınaraq həmin dövr üçün hesablanmış aliment borcunun silinməsi qət edilmişdir. Cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iddianı icraata qəbul edərkən prosessual hüquq normaları pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (iddia ərizəsi icraata qəbul eilərkən qüvvədə olan prosessual məcəllə başa düşülür) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 151.3-ci maddəsinə əsasən, iddia ərizəsi, əgər onun daxil olmasından 5 gün müddətində məhkəmə qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi məhkəmə iddia ərizəsinin mümkünlüyünü yoxlayarkən Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğuna riayət olunub-olunmaması yoxlanılmalı və yalnız MPM-nin tələbləri nəzərə alınmaqla məhkəmə icraatı mümkün hesab edilməlidir. Əks təqdirdə MPM-nin tələblərinə uyğun olaraq iddia ərizəsinin prosessual məcəllənin tələblərinə uyğun olmadığından geri qaytarılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, tərəflərin mediasiyada iştirakını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, tərəflər mediasiyada iştirak etmədən məhkəməyə müraciət edilmişdir. Belə ki, “Mediasiya haqqında” Qanunun preambulasında mediasiya mübahisələrin alternativ həlli üsullarından biri kimi təsbit edilmişdir. Mediasiyanın məqsəd və prinsiplərini müəyyən edən həmin Qanunun 4-cü maddəsindən göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Mediasiya könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi və konfidensiallıq prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 3.2 və 28.1-ci maddələrinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı məhz məhkəməyə müraciət etməmişdən əvvəl tələb olunur. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur (Mülki Prosessual Məcəllənin 4.5 və 4.6-cı maddələri). İş materiallarına baxış keçirilən zaman müəyyən edildi ki, İddiaçı 28 fevral 2009-cu il təvəllüdlü X2 və 22 oktyabr 2011-ci il təvəllüdlü X1 onun yanında qalmalarının müəyyən edilməsi və onlara görə yaranmış aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2021-ci il tarixində daxil olmuşdur. İş materiallarında tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. İmişli Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli 2(036) 1236/2021 saylı qərardadı ilə, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən ailə mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunduğu halda tərəflərin bu tələbə riayət edib-etməmələrini, həmçinin həmin tələbə riayət edilməsini təsdiq edən sənədin təqdim edilməməsini yoxlamadan iddia ərizəsini icraata qəbul etmiş və bununla da əsassız məhkəmə çəkişməsinin yaranmasına səbəb olmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd olunur ki, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur (Mülki Prosessual Məcəllənin 4.5 və 4.6-cı maddələri). Beləliklə məhkəmə kollegiyası qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən, apelyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1236/2021saylı, 12 oktyabr 2021-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizə baxılmamış saxlanılır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsassdır. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.13, 114.1.5, 384.0.5, 385.1.1, 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1236/2021 saylı, 12 oktyabr 2021-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “uşaqların onun yanında qalmalarının müəyyən edilməsi” tələbinə dair tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş olan 30 (otuz) manat dəyərində dövlət rüsumu İddiaçı qaytarılsın Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar