Məhkəmə qərarları › İş №2(106)-742/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-742/2024

08.05.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-742/2024 08.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X10 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbinin direktoru Cavabdeh1, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Şirvan şəhər 12 saylı tam orta məktəbinə və direktoru Cavabdeh1 qarşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının tutulması" tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(032)-1399/2023 saylı qətnaməsindən cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Şirvan şəhər 12 saylı tam orta məktəbinə və direktoru Cavabdeh1 qarşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilməklə "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının tutulması" tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh1 onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə 6 iyun 2023-cü il tarixli 68 nömrəli əmrinin ləğv edilməsi, Şirvan şəhər 12 saylı tam orta məktəbdə tutmuş olduğu təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə yenidən qaytarılması və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh1 6 mart 2023-cü il tarixli 35 nömrəli əmrinə əsasən həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə 3 aylıq sınaq müddəti ilə təyin olunmuşdur. İşə başladığı vaxtdan məktəbin daxili təsərrüfatının abadlaşdırılmasında yaxından iştirak etmiş və kollektiv daxilində daim fəallıq göstərmişdir. Bu barədə məktəb rəhbərliyi tərəfindən ona xasiyyətnamə verilmiş və həmin xasiyyətnamə ərizəsinə əlavə edilmişdir. İşə təyin olunduğu vaxtdan etibarən hər gün vaxtlı-vaxtında işə gəlib tabelə imza etmişdir. Lakin işlədiyi müddətdən 3 ay keçdikdən sonra məktəb direktoru 6 iyun 2023-cü il tarixli 68 nömrəli əmri ilə sınaq müddətinin başa çatmasına dair ona heç bir məlumat vermədən, heç bir əsas olmadan əmək müqaviləsinə xitam vermişdir. Lakin bundan onun xəbəri olmamış və hər gün işə gələrək tabelə imza atmışdır. Bundan bir müddət sonra isə məktəb direktoru şifahi surətdə ona demişdir ki, “sən işdən azad olunmusan”. Hansı əsasla işdən azad olunmağı barədə məktəb direktorundan soruşarkən ona cavab vermişdir ki, “bu mənim iradəmdən asılı olmayan bir haldır, mənə yuxarı instansiyadan tapşırmışlar ki, səni işdən azad edim”. Bundan sonra naəlac qalaraq pozulmuş əmək hüququnun bərpasından ötrü X6 ərizə ilə şikayət etmişdir. Ərizəsi əsasında əmək müfəttişliyi tərəfindən məktəbdə yoxlama aparılmış və qanun pozuntuları aşkarlanmışdır. Belə ki, X9 Xidmətinin Şirvan- Salyan regional şöbəsinin rəyində onun əmək müqaviləsinə xitam verilməsi, əmək və istifadə edilməmiş məzuniyyət günlərinin hesablanması və eləcə də sonuncu haqq-hesaı düzgün hesablanmayaraq ödənilməsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83 və 144-cü maddələrinin 2-ci hissələrinin tələbləri pozulduğundan işəgötürən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək iddiasının təmin olunmasını xahiş etmişdir. İzahatında əlavə olaraq göstərmişdir ki, onunla 3 aylıq sınaq müddəti ilə müqavilə bağlanmış, 09 iyun tarixdə müsahibədə iştirak etmiş, 13 iyun 2023-cü il tarixədək davamiyyət jurnalına imza etmişdir. 12 iyun gecə saatlarında məktəb direktoru ona zəng edərək müsahibədə kobud danışdığına görə işdən azad edilməsini bildirmiş, arxa tarixlə əmrləşdirib onu işdən çıxarmışdır. Əmək kitabçasında onun sınaq müddətinin bitməsi səbəbindən işdən çıxarılması qeyd olunsa da, əmrdə müddətli müqavilənin bitməsi, həmçinin tarixlərin də səhv göstərilməsi, ona 13 iyun tarixlərində işləyən şəxs kimi müsbət xasiyyətnamələrin verilməsi sübuta yetirir ki, onu qanunsuz olaraq işdən çıxarıblar. Birinci instansiya məhkəməsində cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh1 iddianı qəbul etməyərək, əsassız olduğunu bildirib, rədd olunmasını xahiş etmiş, mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan təsərrüfat müdiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul olunmuşdur. İddiaçıla bağlanmış əmək müqaviləsinin müddəti 5 iyun 2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Əmrdə və əmək kitabçasında həm tarix, həm müddətli və sınaq müddətli müqavilənin qeyd edilməsinin xitam verilməsinə dair əmrlərin müxtəlif tarixlərdə göstərilməsinin texniki səhv olmasını bildirmiş, əmək müqaviləsinə xitam verilməsinin 6 iyun tarixdə deyil, 12 iyun 2023-cü il tarixdə elektron sistemə daxil edilməsini etiraf etmiş, iddiaçının davamiyyət jurnalına onların xəbəri olmadan imza etməsini bildirmişdir. Birini instansiya məhkəməsində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə1 Əlinizam qızı mübahisə ilə bağlı mülahizə təqdim edərək izahatında bildirmişdir ki, Şirvan şəhər 12 nömrəli tam orta məktəbdən daxil olmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə 6 mart 2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq məktəbə təsərrüfat işləri üzrə direktor müavini işinə qəbul edilmişdir. İddiaçı əmək müqavilsinə 5 iyun 2023-cü il tarixdə sınaq müddəti başa çatdığına görə heç bir xəbərdarlıq edilmədən işdən azad edildiyini, 2023-cü ilin iyun ayının 13-nə kimi işə davamiyyət jurnalına qol çəkdiyini bildirmişdir. İddiaçı ilə 6 mart 2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq məktəbə təsərrüfat işləri üzrə direktor müavini işinə qəbul edilmişdir. İddiaçı əmək müqaviləsinə 5 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində göstərilən qaydada xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən gün İddiaçı son haqq-hesab ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı sonuncu iş günü işçiyə verilməli olduğu halda İddiaçı son haqq-hesab gecikdirilərək 22 iyun 2023-cü il tarixdə ödənilmişdir. Son haqq-hesab ödənilən zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı işlədiyi 3 aylıq dövrə münasibətdə istifadə edilmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İddiaçı işlədiyi 3 aylıq dövrə münasibətdə istifadə edilməyən 8 məzuniyyət günü əvəzinə istifadə edilməmiş 5 məzuniyyət günü üçün pul əvəzi ödənilmişdir. Məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü və 144-cü maddələrinin 2-ci hissəsinin tələbləri pozulduğundan, işəgötürən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, 24 iyul 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuş və 31 iyul 2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərara əsasən 700 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmçinin, İddiaçı ödənilməli olan son haqq-hesabın qalıq məbləğinin ödənilməsi barədə Şirvan şəhər 12 nömrəli tam orta məktəbinin direktoruna 25 iyul 2023-cü il tarixli göstəriş verilmişdir. Şikayət ərizəsində qaldırılan digər məsələ, işçinin 5 iyun 2023-cü il tarixdə işdən çıxmasına baxmayaraq, iyun ayının 13-nə kimi işə davamiyyət juranllarına imza atması iddiası ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinin və 294-cü maddəsinin 1-ci hissəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı işə bərpa tələbinə dair bildiririk ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və həmin maddənin “b” bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur və həmin maddənin 2-ci hissəsində qeyd edilir ki, işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Şirvan Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(032)-1399/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Şirvan şəhər 12 saylı tam orta məktəbinin direktorunun İddiaçı haqqında olan 6 iyun 2023-cü il tarixli 68 nömrəli əmri ləğv olunmuş, İddiaçı həmin məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə bərpa olunması, ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Əmək Məcəlləsinin 2, 11-ci maddəsinin "g" bəndi, 12, 51ci maddəsinin 1-ci hissəsi, 53, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsinin "d" bəndi, 73.1-ci maddəsinin 1-ci hissəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh təşkilatla “müddətli” əmək müqaviləsinin bağlanmasını qəbul etmir, onların arasında sınaq müddəti müəyyən edilmiş müqavilənin bağlandığını qeyd edir və bildirir ki, 3 aylıq sınaq müddəti ilə işə götürülmüş, sınaq müddəti bitmiş, sınaqdan keçdiyinə görə əmək münasibətləri davam etmiş (davamiyyət jurnalına 12 iyun 2023-cü il tarixədək imza etməsi, həm iddiaçının özü, həm də regional təhsil idarəsi və məktəbin tərtib etdiyi aktlarla təsdiq edilir). Ona müsbət xasiyyətnamələr verilmiş, xasiyyətnamələrin məzmununda (vəzifəsinin ona verdiyi səlahiyyətlərindən düzgün istifadə edir, işin təşkilini düzgün qurmağı bacarır) şəxsin hazırda da məktəbdə işləməsi və sözügedən vəzifəni tutması müəyyən olunmuşdur. İddiaçının işlədiyi zamanda müsahibədə iştirak etməsi (09 iyun 2023-cü il), müsahibədən qeyri-məqbul çıxmasından sonra ona direktor tərəfindən məlumat verilməsi (12 iyun 2023-cü il) və arxa tarixnən işdən çıxarılması (elektron sistemə əmək müqaviləsinin 12 iyun 2023-cü il tarxidə daxil edilməsi, sənədlərdə isə 05 iyun 2023cü il, bəzilərində 06 iyun 2023-cü il göstərilməsi) barədə dedikləri əldə edilən və tədqiq sənədlərlə tam şəkildə təsdiq edilir. Həmçinin iddiaçının işə götürülməsi ilə əlaqədar əmrdə müddətli əmək müqaviləsi ilə işə götürülməsi, işdən azad edilməsinə dair əmək kitabçasında qeyd edilmiş əmrdə əmək münasibətlərinə son qoyulmasının səbəbi kimi sınaq müddətinin bitməsi, direktorun imzaladığı əmrində isə müddətli əmək müqaviləsinin bitməsi, iddiaçıya verilmiş və səlahiyyətli şəxslər olan regional təhsil idarəsinin rəisi, məktəbin direktoru, həmkarlar ittifaqının rəhbəri və sair tərəfindən imzalanmış bütün xasiyyətnamələrdə şəxsin sınaq müddəti ilə işləməsi, sınaq müddətində özünü doğrultması qeyd edilmişdir. Göstərilən ziddiyyətlərlə əlaqədar məktəb direktorunun izahatında isə bu halların “onun katibəsi” tərəfindən yol verilmiş texniki səhv olması bildirilmişdir. Həmçinin iddiaçının işdən çıxma vaxtının gah 06 iyun 2023-cü il tarixi, gah da 05 iyun 2023-cü il tarixi kimi göstərilməsi, bundan əlavə şəxsin 05 iyun 2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq 12 iyun 2023-cü il tarixində buna dair məlumatın kənar müdaxilənin mümkün olmadığı elektron sistemə daxil edilməsi, iddiaçının 12 iyun 2023-cü il tarixədək məktəblə əmək münasibətlərinin davam etməsini, onun sonradan müsahibədə qeyri-məqbul nəticə göstərməsi səbəbilə arxa tarixnən, yəni 05 iyun 2023-cü il tarixi göstərilməsinə dair bildirdikərinin həqiqət olmasını sübuta yetirir. Adı çəkilən əmr, əmrlər kitabı, əmək kitabçası, xasiyyətnamə kimi rəsmi sənədlərdə isə vəzifəli bir şəxs kimi daşıdığı məsuliyyətin anlayışına malik regional təhsil idarəsinin rəhbərliyinin, o cümlədən də məktəb direktorunun dəfələrlə “texniki səhv”lərə yol vermələri inandırıcı hesab edilə bilməz. Həmçinin əmək qanunvericiliyi sınaq müddəti ilə işə götürülmüş işçinin sınaq dövrü ərzində özünü doğrultmaması səbəbindən işdən çıxarılmasını (70-ci maddənin d bəndi) və çıxarılmasının imperativ prosedurunu (53.1-ci maddə - 3 gün əvvəl yazılı xəbərdarlıq) müəyyən etmişdir. Hazırda isə qarşı tərəf regional təhsil idarəsinin məktubunu təqdim etməklə şəxsi 3 gün əvvəl müqavilənin xitam verilməsi barədə məlumatlandırdığını bildirsə də, bunu nə iddiaçı təsdiq edir, nə də ki, qarşı tərəf təsdiqedici bir sübut təqdim etmir. Bundan əlavə müddətli əmək müqaviləsi bağladığını iddia edən cavabdehin qanunvericiliklə sınaq müddətinin bitməsi və işçinin özünü doğrultmaması halında onu 3 gün əvvəl məlumatlandırması prosedurunu həyata keçirməsini bildirməklə özü də ziddiyyətli bir mövqedə olmasını məhkəmə qarşısında biruzə verir. Məhkəmə təqdim edilən və tədqiq edilən sübutlara əsasən cavabdehin iddiaçını müddətli müqavilə ilə işə götürməsi halına da münasibət bildirməyi vacib hesab edir və bu halda da cavabdehə əmək qanunvericiliyinin müddətli müqavilə və ona xitam verilmə qaydası ilə əlaqədar nəzərdə tutulmuş müddəaları baxımından özü bildirdiyi “texniki səhv”lərə yol verməklə işəgötürən kimi qanunvericiliyin müddəalarını pozmuş olmasını qeyd edir. İşin faktiki hallarından da göründüyü kimi müqavilənin 05 iyun 2023-cü il tarixdə müddətinin bitməsinə baxmayaraq, 12 iyun 2023-cü il tarixədək iddiaçının davamiyyət jurnalına imza etməsi, 09 iyun 2023-cü il tarixdə regional təhsil idarəsinin təşkil etdiyi müsahibədə iştirak etməsi, əmək müqaviləsinə xitam verilməsi barədə məlumatın 12 iyun 2023-cü il tarixdə elektron sistemə daxil edilməsi, özü-özlüyündə cavabdehin bildirdiyi kimi müddətli əmək müqaviləsindən irəli gələn münasibətlərdə olması halında belə artıq müddəti tamam olduqdan sonra, 1 həftə ərzində əmək münasibətlərinin davam etməsini, sözügedən müqavilənin artıq yenidən uzadılmış hesab edilməsini və tərəflərin davamlı əmək münasibətlərində olmasına dəlalət edir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmə iclasında vermiş olduğu izahatında onunla 3 aylıq sınaq müddəti ilə müqavilə bağlandığını, sonradan 09 iyun tarixdə müsahibədə iştirak etməsini, 13 iyun 2023-cü il tarixədək davamiyyət jurnalına imza etməsini, 12 iyun gecə saatlarında məktəb direktorunun ona zəng edərək müsahibədə kobud danışdığına görə onu işdən azad edilməsini, arxa tarixlə əmrləşdirib onu işdən çıxarmasını, əmək kitabçasında onun sınaq müddətinin bitməsi səbəbindən işdən çıxarılması qeyd olunsa da, əmrdə müddətli müqavilənin bitməsini, həmçinin tarixlərin də səhv göstərilməsi, ona 13 iyun tarixlərində işləyən şəxs kimi müsbət xasiyyətnamələrin verilməsini, qanunsuz olaraq işdən çıxarılmasını bildirmişdir. İddiaçının vermiş olduğu izahat doğru deyildir. Belə ki, X1 şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan təsərrüfat mudiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul olunmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 05 iyun 2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verimiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Həmçinin, əmrdə və əmək kitabçasında həm tarix, həm də müddətli və sınaq müddətli muqavilənin qeyd edilməsi, xitam verilməsinə dair əmrlərin müxtəlif tarixlərdə göstərilməsi texniki səhv olmuş, habelə, iddiaçı davamiyyət jurnalına xəbəri olmadan imza etmişdir. İş materialları arasında olan Şirvan şəhəri 12 nömrəli tam orta məktəb üzrə 06 mart 2023-cü il tarixli 35 nömrəli əmrdə göstərilmişdir ki, Salyan Təhsil İdarəsinin 06 mart 2023-cü il tarixli 3-29-34/2-475/2023 nömrəli məktubuna əsasən məktəbdə vakantda olan təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə İddiaçı təyin edilsin və onunla 06 mart 2023-cü il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi bağlansın. Göründüyü kimi işə götürmə haqqında əmrdə iddiaçının 06 mart 2023-cü il tarixdən 3 aylıq müddətinə işə götürülməsi müəyyən olunmuşdur. Eyni zamanda Şirvan şəhər 12 nömrəli tam orta məktəbin müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında iş materialları arasında olan 05 iyun 2023-cü il tarixli 68 nömrəli əmrdə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndini rəhbər tutaraq əmr etmişdir: 1.Məktəbin təsərrüfat müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən 05 iyun 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin və tutduğu vəzifədən azad edilsin. 2. Tapşırılsın məktəbin mühasibi Xəyalə Səmədzadəyə, İddiaçı ilə son haqq-hesabın aparılmasını təmin etsin. 3. İddiaçı əmək kitabçası sonuncu iş günü işçiyə təhvil verilsin. Əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin İl hissəsinin B bəndi olmuşdur. Eyni zamanda, əmək müqaviləsinin bağlanması ilə bağlı iş materialları arasında olan əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 06 mart 2023-cü il tarixdə müddətli olaraq təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə qəbul edilmiş, bildiriş 10 mart 2023-cü il tarixdə sistemə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə 05 iyun 2023-cü il tarixdə xitam verilmiş, bildiriş 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası müddətin qurtarması qeyd edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin iş materialları arasında olan 09 iyun 2023-cü il tarixli müsahibə komissiyasının rəyində göstərilmişdir ki, İddiaçı müsahibə nəticələri üzrə yekun balı uyğun hesab edilməmişdir. Şirvan şəhər 12 saylı tam orta məktəbin iş materialları arasında olan 20 iyun 2023-cü il tarixli aktında göstərilmişdir ki, təsərrüfat müdiri vəzifəsini 3 aylıq müddətli müqavilə ilə icra edən İddiaçı 05 iyun 2023-cü il tarixdə işinə xitam verilməsinə və ona xəbərdarlıq edilməsinə baxmayaraq, məktəb rəhbərliyini sonradan hədələmək məqsədi ilə texiki işçilərin işə davamiyyət jurnalına öz adını yazmış və 14 iyun 2023-cü il tarixə qədər imza etmişdir. Azərbaycan Respublikası Elmvə Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhər 12 nömrəli tam orta məktəbin 19 iyul 2023-cü il tarixli 39 nömrəli məktubundan görünür ki, İddiaçı Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan təsərrüfat müdiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul olunmuşdur. Vətəndaşla bağlanmış əmək müqaviləsinin müddəti 05 iyun 2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Bastanov keçirilmiş imtahanın müsahibə mərhələsindən keçmədiyi üçün yenidən işə bərpa edilməmiş və əmək haqqısı tarif cədvəlinə uyğun ödənilmişdir. İş materiallarından göründüyü kimi iddiaçıyla bağlanılmış əmək müqaviləsinin müddəti 05 iyun 2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verimiş va bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Lakin iddiaçı qanunvericikilə müəyyən olunmuş 1 aylıq iddia müddəti ərzində məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının müvafiq tövsiyələrinə əməl etməmiş və nəticədə Qərarın 2.4, 6.2, 6.3-cü bəndlərinin tələblərinin pozuntusuna yol vermişdir. Məhkəmənin iş üzrə qəbul etmiş qətnaməsində obyektiv həqiqəti ifadə edən faktlar nəzərə alınmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamış və nəticədə qanunvericiliyin tələbləri kobud surətdə pozularaq əsassız qətnamə qəbul edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, qətnamə maddi və prossesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış və bununla da pozuntuya yol verilmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbin direktoru Cavabdeh1, məktəbin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahatlar verərək təmin olunmasını xahiş etdilər. Məhkəmədə İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X9 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi Nümayəndə2 iddiaçının müraciəti əsasında tərəflərindən aparılan araşdırmanın nəticəsi olaraq pozuntu yalnız iddiaçıya son haqq-hesabın düzgün hesablanmamasında və vaxtında ödənilməməsində aşkar edilmişdir. Məhz bu səbəbdən məktəb direktoru barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilmişdir. İşçi ilə bağlanmış müddətli əmək müqaviləsini Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüququdur. Apellyasiya şikayətinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi və iddianın rədd olunması üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir və tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya şahid qismində dindirilmiş Şahid3 ifadəsində atasının 3 aylıq sınaq müddətilə Şirvan şəhər 12 nömrəli tam orta məktəbə işə götürülməsini, 12 iyun 2023-cü il tarixdə axşam saatlarında direktor Şəbnəm xanımın atasına zəng edərək onu işdən çıxarmatdığını deməsini bildirmişdir. Birinci instansiya şahid qismində dindirilmiş Şahid2 məktəb üzrə Həmkarlar İttifaqının sədri olduğunu, iddiaçıın yaxşı işçi olmasını, sonradan 3 aylıq müqaviləsinin bitməsi səbəbindən işdən çıxarılmasını bildirmişdir. Birinci instansiya şahid qismində dindirilmiş Şahid1 iddiaçının müddətli müqavilə əsasında işə götürülməsini, yaxşı işçi və kollektivlə yaxşı münasibətlərdə olmasını, sonradan isə onun müsahibədən keşməməsini, müqaviləsinin müddəti bitməsinə görə işdən çıxarılmasını bildirmişdir. İddiaçının sualına cavab olaraq kömək məqsədilə ona əmək məcəlləsində sınaq müddəti ilə işə götürülən işçilərə aid maddənin telefonuna atmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli 35 nömrəli əmrdə göstərilmişdir ki, məktəbdə vakantda olan təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə İddiaçı təyin edilsin və onunla xx.xx.2023-cü il tarixdən 3 aylıq müddətli əmək müqaviləsi bağlansın. Əsas Salyan Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli 3-29-34/2-475/2023 nömrəli məktubu. Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə xx.xx.2023-cü il tarixli 35 nömrəli əmrin surətindən görünür ki, məktəbin vakantda olan təsərrüfat işləri direktor müavini vəzifəsi İddiaçı xx.xx.2023-cü il tarixdən 3 aylıq müddətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sisteminə 10 mart 2023-cü il tarixdə yerləşdirilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən Şirvan şəhər 12 saylı orta məktəb direktoru Cavabdeh1 ilə işçi İddiaçı arasında 06 mart 2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə əsasən sonuncu 05 iyun 2023-cü il tarixinədək məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. Şirvan şəhər 12 nömrəli tam orta məktəbin müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli 68 nömrəli əmrində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndini rəhbər tutaraq əmr edirəm: 1.Məktəbin təsərrüfat müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 05 iyun 2023-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin və tutduğu vəzifədən azad edilsin. 2.Tapşırılsın məktəbin mühasibi Xəyalə Səmədzadəyə, İddiaçı ilə son haqq-hesabın aparılmasını təmin etsin. 3. İddiaçı əmək kitabçaüsı sonuncu iş günü işçiyə təhvil verilsin. Əsas: ƏM 68-ci maddəsinin İİ hissəsinin B bəndi. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əmək müqaviləsinə 05 iyun 2023-cü il tarixdə xitam verilmiş, bildiriş 12 iyun 2023cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sisteminə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası 68.2 b.müddətin qurtarması qeyd edilmişdir. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, 06 mart 2023-cü il tarixli 35 nömrəli əmrlə Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə vakantda olan təsərrüfat işləri direktor müavini vəzifəsinə İddiaçı təyin edilsin və onunla 06 mart 2023-cü il tarixdən 3 aylıq əmək müqaviləsi bağlanılsın. İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 68 nömrəli əmrlə Şirvan şəhər 12 nömrəli tam orta məktəb üzrə vakantda olan təsərrüfat işləri direktor müavini vəzifəsinə təyin edilmiş İddiaçı 3 aylıq sınaq müddəti tamamlandığı üçün onunla bağlanmış əmək müqaviləsinə 06 iyun 2023-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin 09 iyun 2023-cü il tarixli müsahibə komissiyasının rəyində göstərilmişdir ki, İddiaçı müsahibə nəticələri üzrə yekun balı uyğun hesab edilməmişdir. Şirvan şəhər 12 saylı məktəbin direktoru Cavabdeh1 tərəfindən 14 iyun 2023-cü il tarixdə imzalanmış xasiyyətnamədən görünür ki, İddiaçı 2023-cü ilin mart ayının 6-da Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli tərəfindən 3 ay sınaq müddətinə Hacıqəhrəmanlı qəsəbəsində yerləşən 12 saylı tam orta məktəbə təsərrüfat işləri üzrə direktorun müavini təyin edilmişdir. Şirvan şəhər 12 saylı tam orta məktəbin 20 iyun 2023-cü il tarixli aktında göstərilmişdir ki, təsərrüfat müdiri vəzifəsini 3 aylıq müddətli müqavilə ilə icra edən İddiaçı 05 iyun 2023cü il tarixdə işinə xitam verilməsinə və ona xəbərdarlıq edilməsinə baxmayaraq, məktəb rəhbərliyini sonradan hədələmək məqsədi ilə texiki işçilərin işə davamiyyət jurnalına öz adını yazmış və 14 iyun 2023-cü il tarixə qədər imza etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhər 12 nömrəli tam orta məktəbin 19 iyul 2023-cü il tarixli 39 nömrəli məktubundan görünür ki, İddiaçı Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə vakantda olan təsərrüfat müdiri vəzifəsinə 3 aylıq müqavilə ilə işə qəbul ounmuşdur. Vətəndaşla bağlanmış əmək müqaviləsinin müddəti 05 iyun 2023-cü il tarixdə bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və bu haqda ona 3 gün öncədən məlumat verilmişdir. Bastanov keçirilmiş imtahanın müsahibə mərhələsindən keçmədiyi üçün yenidən işə bərpa edilməmiş və əmək haqqısı tarif cədvəlinə uyğun ödənilmişdir. 19 iyun 2023-cü il tarixli 36 nömrəli xasiyyətnamənin surətində göstərilmişdir ki, İddiaçı 06 mart 2023-cü il tarixdən Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi X8 tərəfindən Şirvan şəhər 12 nömrəli tam orta məktəbdə 3 aylıq sınaq olunduğu kollektivin və tabeliyində olan işçilərin hörmət və ehtiramını qazanmışdır. Vəzifəsinin ona verdiyi səlahiyyətlərindən düzgün istifadə edir, bacarır, işin təşkilini düzgün qurmağı bacarır. Əxlaqlı, savadlı, idarəetməni bacaran yüksək səviyyəli bir kadrdır. Pedaqoji şuranın bütün iclaslarına dəvət alır, fikir mübadiləsi aparmağı bacarır. Məktəbdə təşkil olunan dövlətdaxili tədbirlərin işlərini yüksək səviyyədə təşkil edir. Ona edilmiş müraciətlərə laqeyd qalmır. İşlədiyi sınaq müddəti ərzində rəhbərliyə onun haqqında heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Şirvan-Salyan egional Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, onunla Şirvan şəhər 12 nömrəli tam orta məktəbdən daxil olmuş sənədlər əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (3 aylıq) müddətli əmək müqaviləsi bağlanaraq məktəbə Təsərrüfat işləri üzrə direktor müavini işinə qəbul edilmişdir. Əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində göstərilən qaydada xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilən gün ona son haqq-hesab ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğun olaraq əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, əmək kitabçası və işəgötürənin son haqq-hesabı sonuncu iş günü verilməli olduğu halda, bu ona son haqq-hesab gecikdirilərək xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Son haqq-hesab ödənilən zaman Azərbaycan respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinı görə pul əvəzi ödənilməlidir. İşlədiyi 3 aylıq dövrə münasibətdə istifadə edilməyən 8 məzuniyyət günü əvəzinə istifadə edilməmiş 5 məzuniyyət günü üçün pul əvəzi ödənilmişdir. Məktəb direktoru tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü və 144-cü maddələrinin 2-ci hissəsinin tələbləri pozulduğundan işəgötürən Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXMnin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və 24 iyul 2023cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Ona ödənilməli olan son haqq-hesabın qalıq məbləğinin (72 manat 30 qəpik) ödənilməsi barədə Şirvan şəhər 12 nömrəli tam orta məktəbin direktoruna 25 iyul 2023-cü il tarixli, 3-17-5/2-Ə-27611/2023 nömrəli göstəriş verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyət orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsi : 2-ci maddəsi əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər - işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir; 3-cü maddənin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) dedikdə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə başa düşülür; 3-cü maddənin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi dedikdə, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd başa düşülür. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 8-ci maddənin 1-ci hissəsi - bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir; 8-ci maddənin 2-ci hissəsi - müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablanır; 8-ci maddənin 3-cü hissəsi - illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir; 8-ci maddənin 4-cü hissəsi - əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir; 12-ci maddə - əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biri hesab edilir; 11-ci maddəsinin “a” və "b" bəndləri - əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 45-ci maddənin 1-ci hissəsi - əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; 45-ci maddənin 2-ci hissəsi - əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir; 49-cu maddənin 1-ci hissəsi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; 51-ci maddənin 1-ci hissəsi - bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir; 51-ci maddənin 3-cü hissəsi - sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur; 53-cü maddə - sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər; 68-ci maddənin 2-ci hissəsinin “b” bəndi - əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır; 70-ci maddənin “d” bəndi - sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 73-cü maddənin 1-ci hissəsi - müddətli əmək müqaviləsinin müddəti qurtardıqda əmək müqaviləsinə xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşin materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasının surətindən, işə qəbul barədə 35 nömrəli 06 mart 2023-cü il tarixli əmrdən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sisteminə 10 mart 2023-cü il tarixdə yerləşdirilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, işəgötürən Şirvan şəhəri 12 saylı tam orta məktəbinin direktoru ilə işçi (iddiaçı) arasında 06 mart 2023-cü il tarixində 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Nə iddiaçının əmək kitabçasında, nə əmrdə, nədəki rəsmi portala yerləşdirilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişində hər hansı bir sınaq müddətindən bəhs edilmir. İddiaçı əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi ilə bağlı aparılan qeyddə yer alan "3 aylıq sınaq müddətinin tamamlandığı üçün onunla bağlanmış əmək müqaviləsinə 06 iyun 2023-cü il tarixindən xitam verilsin" ifadəsinə istinadla hesab edir ki, bağlanan əmək müqaviləsi 3 ay sınaq müddəti ilə bağlanmış olmuşdur. Bu zaman iddiaçı əmək müqaviləsinin 3 ay müddətinə bağlanmasından məlumatlıdır və hesab edir ki, işəgötürən Əmək Məcəlləsinin 53-cü maddəsinin tələbini pozmuş, sınaq müddəti qurtaranadək üç gün əvvəldən yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini pozmalı olduğu halda, qanunun bu tələbinə əməl etməmişdir. Bu rakursdan çıxış edən birinci instansiya məhkəməsi də, idiaçının əmək kitabçasındakı əmək müqaviləsinə xitam verilməsinə dair qeyddə, 14 iyun 2023-cü il tarixdə verilən xasiyyətnamədə işlədilən 3 aylıq sınaq müddəti ifadələrini, həmçinin məktəb direktorunun məhkəmə baxış iclasında bunları "texniki səhv" adlandırmasını ziddiyyətli məqamlar olaraq iddiaçının dəlillərinin təsdiqi kimi qiymətləndirmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır. Əvvəla ona görə ki, əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması və tərəflərin bundan məlumatlı olması işin mübahisəsiz halıdır. Əks halda iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkil etdiyi müsahibə komissiyasında 09 iyun 2023-cü il tarixində iştirakının hansı zərurətdən yarandığı sual doğurur. Digər tərəfdən iddiaçı ilə bağlanan əmək müqaviləsinin müddəti 3 ay müəyyən edildiyindən, ona münasibətdə ən çoxu iki həftəlik sınaq müddəti müəyyən oluna bilərdi (ƏM-in 51-ci madd. 1-ci hiss.). Göründüyü kimi qanunvericiliyə əsasən 3 ay müddətinə bağlanmış əmək müqaviləsi üzrə 3 ay sınaq müddətinin təyin olunması yolverilməzdir. Bunun əlavə təsdiqi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d" bəndi ilə xitam verilməməsidir. Odur ki, kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli olmaqla, 3 ay müddətinə, 05 iyun 2023-cü il tarixinədək bağlanmış olmuşdur. 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron İnformasiya sisteminə daxil edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə müvafiq olaraq əmək müqaviləsi müddətinin qurtarması əsası ilə 05 iyun 2023-cü il tarixindən xitam verilmişdir. Qeyd olunan hissədə iddiaçının dəlilləri əmək müqaviləsinə xitam verilməsinə dair əmrin 05 iyun 2023-cü il tarixində deyil, daha sonradan verilməsindən, məktəbin direktorunun onunla bağlanmış əmək müqaviləsinə xitam verməsinə dair məlumatı ona 12 iyun 2023-cü il tarixində verməsindən, həmin tarixədək işləməsindən və işə davamiyyət jurnalında imzalarının olmasından ibarətdir. Birinci instansiya məhkəməsi də hesab etmişdir ki, tərəflərin müddətli əmək müqaviləsindən irəli gələn münasibətlərdə olması halında belə, artıq müddəti tamam olduqdan sonra 1 həftə ərzində əmək münasibətlərinin davam etməsi, sözügedən müqavilənin yenidən uzadılmış hesab edilməsinə, tərəflərin davamlı əmək münasibətlərində olmasına dəlalət edir. Kollegiya bu hissədə də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 8-ci maddənin 3-cü və 4-cü hissələrinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. 2023-cü ilin təqviminə əsasən 05 iyun 2023-cü il tarixi həftənin bazar ertəsi gününə, ondan bir həftə sonrakı tarix, yəni 12 iyun 2023-cü il tarixi də, növbəti həftənin bazar ertəsi gününə təsadüf etmişdir. Hətta işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi tarixi kimi rəsmi portala yerləşdirilən 12 iyun 2023-cü il tarixi qəbul edilsə belə, burada Əmək Məcəlləsinin 68-ci və 73-cü maddəsinin tələbləri pozulmamışdır. Qanunverici əmək müqaviləsinin müddətinin qurtarmasını əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi müəyyən etdiyindən və bu hüquqdan müqavilə müddətinin qurtardığı tarixdən bir həftə ərzində istifadə etmək işəgötürənin hüququ olduğundan, kollegiya iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsində pozuntu aşkar etməmişdir. Beləliklə aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən edilmişdir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respubliaksının Əmək Məcəlləsinin tələblərinin pozulması ilə həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə maddi hüquq normalarının səhv təfsir edilməsi mahiyyət etibarı ilə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti təmin olunaraq, qətnamə ləğv olunmalı və iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbinin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli 2(032)-1399/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Şirvan şəhər 12 saylı tam orta məktəbinə və direktoru Cavabdeh1 qarşı "əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının tutulması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən ilə qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar