Məhkəmə qərarları › İş №2(106)-757/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-757/2025

10.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-757/2025 10.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı cehiz əmlakları ilə birgə evdən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılmasına dair Şirvan Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2(032)-327/2025 saylı qərardadından iş üzrə Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və cehiz əmlakını ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evindən öz vəsaitləri hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda Cavabdeh İddiaçı və X1 qarşı mübahisə predmeti olan evin dəyərinin yarısının alınması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2(032)-327/2025 saylı qərardadı ilə (Hakim: Əli İmanov), İddiaçı Cavabdeh qarşı cehiz əmlakları ilə birgə evdən çıxarılma tələbinə dair mülki iş üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmış, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 143 manat dövlət rüsumu (**********51 nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi) Cavabdeh geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 17 mart 2025-ci il tarixdə məhkəməyə şikayət təqdim edərək bildirmişdir ki, Azərbaycan respublikası MPM-nin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarına görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsinə uyğun olaraq ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia verən cavabdehdən həmin məcəllənin 4.3-4.6-cı maddələrinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə qədər nizamlama qaydalarına (pretenziya və mediasiya) riayət edilməsi tələb olunmur. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən hüquqi mövqedən aydın şəkildə görünür ki, tərəflər arasında mübahisə mövcuddursa, qarşılıqlı iddiaçının artıq mediasiyaya müraciət etməsi lüzumsuzdur. Digər tərəfdən məhkəmə qarşılıqlı iddia ərizəsini yalnız X1 münasibətdə baxılmamış saxlaya bilərdi. Belə ki, ailə münasibətləri yalnız X3 Həbibova arasındadır. Məhkəmə ilkin iddia üzrə iddiaçı ilə Cavabdeh arasındakı münasibətləri də ailə münasibətləri kimi qiymətləndirirsə, bu zaman ilkin iddianı da mediasiya sessiyasından keçmədiyinə görə baxılmamış saxlamalı idi. Şirvan Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2(032)-327/2025 saylı qərardadı ilə (Hakim: Əli İmanov), Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Şirvan Şəhər Məhkəməsinin 2(032)-327/2025 saylı, 03 mart 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-327/2025 nömrəli qərardadından Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 verdiyi şikayətin baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, məhkəmə ilk əvvəl qarşılıqlı iddia ərizəsini icraata götürsə də, sonradan qarşılıqlı iddia ilə ilkin iddianın bir-biri ilə əlaqədar olsa da qarşılıqlı iddianın hüquqi tələbinin ailə münbasibətlərindən irəli gəldiyini müəyyən etmiş, həmçinin qarşılıqlı iddia verilən zaman mediasiya sesiyasından keçilmədiyinə görə qarşılıqlı iddianı baxılmamış saxlamışdır. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və cehiz əmlakını ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evindən öz vəsaitləri hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Eyni zamanda Cavabdeh İddiaçı və X1 qarşı mübahisə predmeti olan evin dəyərinin yarısının alınması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən 1 saylı ev ilkin iddiaçının oğlu Zaur Həbibovla birlikdə olduqları nikah dövründə alınmışdır, məhz ailə münasibətlərindən irəli gələrək həmin evin yarısına pay hüququ vardır, ona görə həmin evin orta bazar qiyməti 35000 manat olduğundan 17.500 manat ona ödəniş edildikdən sonra yaşadığı evdən çıxacaq və qarşılıqlı iddia ərizəsində məhkəmədən Zaur Həbibovun da cavabdeh qismində işə cəlb olunmasını xahiş etmişdir. MPM-in 155.1-ci maddəsinə müvafiq olaraq cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsi proses tərəflərindən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolunu oynayır. Mülki proses qarşılıqlı iddia institutu vasitəsilə dispozitivlik və çəkişmə prinsipləri əsasında mübahisədə öz mövqeyini müdafiə etmək üçün cavabdeh tərəfi prosessual hüquqlar məcmusu ilə təmin etmişdir. MPM-in 155.1-ci maddəsinə müvafiq olaraq cavabdeh, işin baxılmasına başlanana kimi ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Göstərilən normalardan belə nəticəyə gəlmək olar ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaya qarşı müstəqil maddi-hüquqi tələbi və müdafiə vasitəsidir. İlkin və qarşılıqlı iddiaya birlikdə baxılması tərəflər arasındakı mübahisənin daha tez həll edilməsinə imkan verir, öz aralarında əlaqəli olan tələblərə dair ziddiyyətli qərarların çıxarılmasının qarşısını alır. Qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilkin iddianı irəli sürmüş şəxsə - iddiaçıya qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokurora və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Əgər işdə bir neçə cavabdeh çıxış edirsə qarşılıqlı iddianın cavabdehlərdən biri və ya bir neçəsi (müştərək qarşılıqlı iddia) tərəfindən irəli sürülməsi mümkündür (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair 27 avqust 2012-ci il tarixli qərarı). Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən aydın olur ki, cavabdeh qarşılıqlı iddianı, yalnız ona qarşı iddia irəli sürən şəxsə-iddiaçıya verə bilər. Hazırki işdə də İddiaçı Cavabdeh qarşı iddiasının mahiyyəti mülkiyyət hüququnun müdafiəsindən irəli gəlməklə cavabdehin əmlaklarının ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evindən çıxarılması ilə bağlı olduğu halda, Cavabdeh qarşılıqlı iddiası isə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı tələbdir və həmin tələb üzrə Cavabdeh ona qarşı iddiası olmadığı halda Zaur Həbibovu da cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, qarşılıqlı iddianın da mahiyyəti də məhz elə Zaur Həbibova qarşı yönəlmişdir. MPM-in 51.3-cü maddəsinə əsasən Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 156-cı maddəsi qarşılıqlı iddianın qəbul olunması şərtlərini müəyyən edir: - qarşılıqlı tələb ilkin tələbin ödənilməsinə yönəlmişsə; - qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; - qarşılıqlı və ilkin iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılması ilə nəticələnərsə. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Burada nəzərə almaq lazımdır ki, tələbin ödənilməsi o zaman mümkündür ki, tələblər xarakterinə görə oxşar olsunlar. Məsələn, tərəflərin qarşılıqlı pul öhdəliklərinə dair tələblər. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədə müvafiq hesab edildikdə mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır (MPM-in 82-ci maddəsi). Göründüyü kimi Cavabdeh yuxarıda qeyd edildiyi kimi ilkin iddia ilə qarşılıqlı əlaqəsi olmayan iddia irəli sürməklə yanaşı, həm də prosessual qanunvericiliyin yuxarıda göstərilən tələbinə zidd olaraq Zaur Həbibovun da cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Halbuki ilkin iddiaçının iddia tələbi mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olmaqla Zaur Həbibovun həmin iddia tələbi ilə bağlı heç bir hüquqi bağlılığı yoxdur. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərardadında haqlı olaraq, ilkin iddia üzrə İddiaçı Hacıoğlu oğlu ilə Cavabdeh arasında olan mübahisənin mənzildən istifadə hüququna xitam verilməsi ilə əlaqədar olmasını, qarşılıqlı iddia üzrə mübahisənin bir-biri ilə əlaqədar olsa da qarşılıqlı iddianın hüquqi tələbinin ailə münbasibətlərindən irəli gəldiyini qeyd etmişdir. Digər tərəfdən kollegiya Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 şikayətinin dəlilləri ilə bağlı, yəni tərəflər arasında mübahisə mövcuddursa, qarşılıqlı iddiaçının artıq mediasiyaya müraciət etməsi lüzumsuzdur mövqeyi ilə bağlı qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 155-ci maddəsinin həmin Məcəllənin 4.3-4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 14 dekabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, ilk iddia üzrə mediasiya prosesinin keçirilməsi və barışığın əldə edilməməsi qarşılıqlı iddia üzrə yenidən mediasiyanın keçirilməsi zərurətini aradan qaldırır. Cavabdehin nümayəndəsi də qeyd olunan qərara istinad etməklə məhkəmənin mediasiyadan keçilmədiyinə görə qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə gəldiyi nəticəni qanunsuz hesab etmişdir. Kollegiya qeyd edir ki, MPM-in 155.3-cü maddəsinin tələbi baxımından qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Qanun ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur (Mülki Prosessual Məcəllənin 4.5 və 4.6-cı maddələri). “Mediasiya haqqında” Qanunun 3.2 və 28.1-ci maddələrinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı məhz məhkəməyə müraciət etməmişdən əvvəl tələb olunur. Hazırkı işdə də ilkin iddia ərizəsi mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan ilkin mediasiya sessiyasında iştirak tələb olunmur və ona görə də iddia ərizəsi verilərkən mediasiya müraciət edilməmişdir. Lakin qarşılıqlı iddia ərizəsi ailə münasibətlərin irəli gələn iddia olduğundan ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Belə olan halda Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə münasibətdə ilkin iddia üzrə mediasiya sessiyasında iştirak tələb olunmadığı halda qarşılıqlı iddia üzrə də mediasiya sessiyasında iştirak edilməməsi prosessual baxımdan düzgün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 03 mart 2025-ci il tarixli 2(032)-327/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar