Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-759/2025 19.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə; Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)-29/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 may 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat borc pulun, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Ağcabədi rayonunun Poladlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan iş üzrə Cavabdeh 30 yanvar 2024-cü il tarixdə 6 aya qaytarmaq şərti ilə 8.000 (səkkiz min) manat məbləğində borc pul vermişdir. Cavabdehi babası Kərimin vasitəsilə tanıyır. Cavabdeh ondan 8.000 (səkkiz min) manat məbləğində borc pul alması barədə şəxsən özü qəbz yazaraq imzası ilə təsdiq edib ona vermişdir. Cavabdeh tərəfindən ondan alınmış 8.000 (səkkiz min) manat məbləğində borc puldan bu günədək ona heç bir məbləğdə pul qaytarılmamışdır. Dəfələrlə cavabdehə aldığı borc pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh ekspertiza təyin etdirmiş, yenə də qəbzin onun tərəfindən yazılması ekspert rəyi ilə təsdiq olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 8.000 (səkkiz min) manat məbləğində pulun, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, o, İddiaçı tanımır və ona heç bir məbləğdə borcu yoxdur. O, Qadirin babası Kərimdən 4000 manat faizə pul almış və həmin pulu faizi ilə birlikdə qaytarmışdır. Hazırda onun Aqilə borcu yoxdur. Qəbzdəki 8.000 (səkkiz min) manat məbləğində tərəfindən borc alınmasına dair yazılan imza ona məxsus deyil və ekspertin rəyi ilə razı deyildir. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahat verərək göstərdi ki, İddiaçı onun doğma oğludur. Cavabdeh atası Kərimin vasitəsilə tanıyır. X6 əlaqə saxlayaraq yaxın tanışı olan Cavabdeh borc pul lazım olduğunu demişdir. Oğlu Aqil babasının xahişini nəzərə alaraq 30 yanvar 2024-cü il tarixdə cavabdehə 8000 manat pulu borc olaraq vermişdir. Həmin vaxt cavabdeh onların yaşadığı evə gəlmiş, puluda evdə sayıb vermişlər. Cavabdeh borcu qaytaracağına söz versədə müxtəlif bəhanələr gətirərərk borcu qaytarmaqdan yayınmışdır. İşdə olan 8000 manat borcun alınmasına dair qəbz cavabdeh tərəfindən yazılmış və imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-29/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi ilə (X7), iddianın qismən təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc pul və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 110 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, (VÖEN **********, hesab AZ41NABZ********************) İddia qalan hissədə təmin edilməsin. qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Ağcabədi Rayon Məhkəməsinin 2(017)-29/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini, Ağcabədi Rayon Məhkəməsinin 2(017)- 29/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-29/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-29/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-29/2025 saylı, 11 fevral 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 8.000 (səkkiz min) manat məbləğində pul borcu vardır. İş materiallarından görünür ki, cavabdehin şifahi vəsatəti üzrə borc pul almasına dair qəbzin onun tərəfindən icra oluknub- olunmamasına dair Ağcabədi rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(017)-1631/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə - xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 16-16/2-4/1758 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 4-cü vərəqəsində olan Cavabdeh adından olan 8000 manata dair borc qəbzinin mətni və həmin qəbzin sonunda Cavabdeh yazısının qarşısındakı imza– Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri mövcud olmuş, iddiaçı tərəfindən cavabdehə 8000 manat borc verilmiş, lakin cavabdeh tərəfindən həmin borc məbləği iddiaçıya qaytarılmamışdır. Cavabdeh apelyasiya şikayətinin dəlillərində iddiaçının tələb etdiyi 8000 manat pulu iddiaçının babasından aldığını, həmin pulun 8000 manat deyil, 4000 manat olduğunu, aylıq 500 manat olmaqla qaytardığnı bildirmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında qəbzin onun tərəfindən yazılmadığını və onun tərəfindən imzalanmadığını bildirsə də, 06 dekabr 2024-cü il tarixli, 16-16/2-4/1758 saylı ekspert rəyi ilə, qəbzdəki yazının və imzanın Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh həmin borcun 4000 manat olması və aylıq 500 manat olmaqla ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdeh pulun iddiaçıya geri qaytarılmasını sübut edə bilmir. Halbuki Mülki Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Beləlikə, iddiaçı 8000 manat borc pulun cavabdehə verilməsi barədə sübutu məhkəməyə təqdim etsə də cavabdeh pulun qaytarılması barədə sübutlarını təqdim edə bilməmişdir. Apellyasiya icraatı zamanı borcun alınması barədə tətib olunmuş qəbzdə göstərilən “borcun əvəzində X1 maaş kartını ona verdim” halı üzrə araşdırma aparılıb-aparılmaması ilə bağlı Cavabdeh bildirmişdir ki, onun tərəfindən nə iddiaçıdan borc alınmadığı, nə də ki, X2 məxsus maaş kartının ona verilməsi halı baş verməmiş, qəbzdə yazılanlar iddiaçının Babası Kərimin deməsi ilə onun tərəfindən təzyiq altında yazılmışdır. Əslində Qadirin babası Kərimdən 4000 manat borc almasını onun tərəfindən Kərimə aldığı borcu öz kartı vasitəsi ilə göndərmiş və bunu təsdiq edən sübutların mövcud olduğunu bildirmişdir. Kollegiya cavabdehin iddia tələbinə etirazı kimi göstərdiyi “Qadirin babası Kərimdən 4000 manat borc almasını onun tərəfindən Kərimə aldığı borcu öz kartı vasitəsi ilə göndərmiş və bunu təsdiq edən sübutların mövcud olması” barədə dəlillərini onun hüquqi baxışları kimi qiymətləndirir. Çünki bu etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olar. Cavabdehin iddiaçı Qadirdən hər hansı məbləğdə borc almaması, əslində Qadirin babası Kərimdən 4000 manat borc almasını, onun tərəfindən Kərimə aldığı borcu öz kartı vasitəsi ilə göndərməsnı və bunu təsdiq edən sübutlarının olmasını bildirməsi, iddia tələbinin təmin olunmamasının qanuni əsası kimi qəbul edilə və işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətlənlirilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beləliklə iddia təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat məbləğində borc pul və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin.” mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Ağcabədi Rayon Məhkəməsinin 2(017)-29/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 2(017)-29/2025 saylı, 11 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-759/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-759/2025
19.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver