Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-76/2023 07.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclasının katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil Rüstəmov Fəxri Sərvaz oğlunun,Cavabdeh və onun nümayəndəsi vəkil Tapdıqov İlqar Məhərrəm oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, sahiblik və istifadə hüququnun tanınması, cavabdehin torpaq sahəsindən çıxarılması və ya torpağın alınması üçün verilmiş 2350 manat məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivaİenti 5875 manat məbləğdə pul, 29 baş şişək qoyun, 1 baş qoç, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, 1 baş üçüncü döl camış (iki balası), 2 ton ərzaq buğdasının naturada, bu mümkün olmadıqda isə 3.79 ha torpaq sahəsinin movcud tarixə bazar qiyməti, 22740 manat məbləğində pul vəsaitinin tutulması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(020)-44/2022 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏN ETDİ: Beyləqan Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(020)-44/2022 saylı qətnaməsi ilə (hakim Seyfəli Seyfullayev) iddia qismən təmin edilərək Cavabdeh 2350 (iki min üç yüz əlli) manat, 29 baş şişək qoyun (bir ədədinin qiyməti 160 manat), 1 baş qoç, (bir ədədinin qiyməti 240 manat), 2 baş ikinci döl inək (bir ədədinin qiyməti 1100 manat), 2 baş birinci döl inək (bir ədədinin qiyməti 1000 manat), 1 baş üçüncü döl camış (iki balası) (bir ədədinin qiyməti 1200 manat), 2 ton ərzaq buğdası naturada, bu mümkün olmadıqda, onların dəyəri 11080 (on bir min səksən) manat məbləğində pul, qiymətləndirmə rəyi üçün ödədiyi 190 (yüz doxsan) manat, 20 (iyirmi) manat məbləğdə dövlət rüsumunun alınıb İddiaçı verilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı və cavabdeh tərəfindən Beyləqan Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(020)-44/2022 saylı qətnaməsindən apellyasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, 2006-cı ildə Beyləqan rayonu Dünyamaİılar kəndində yaşayan həmkəndlisi Cavabdeh ailəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ömürlük satmaq istədiyini bilmişdir. O, təsərrüfatla məşğul olduğuna, mal-qara və kiçik buynuzlu heyvanlarının çox olduğuna görə torpağa ehtiyacı olduğu üçün onunla razılaşaraq, 2350 manat pul, 30 baş (29 baş şişək, bir baş qoç) kiçik buynuzlu heyvan, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, bir baş üçüncü döl camış (iki balası) olmaqla, cəmi 37 baş iribuynuzlu heyvan, 2 ton ərzaq buğdası ilə razılaşaraq, həmin torpaq sahəsini cavabdehdən aldı, aralarında olan etibara görə o, həmin vaxt cavabdehlə alqı-satqını rəsmləşdirmədi, sonralar isə başı təsərrüfata qarışdığına görə həmin sənədləşmə ilə məşğul ola bilməmişdir. Son vaxtlara qədər aralarında torpaqla bağlı heç bir narazılıq yaranmamış, lakin 2020-ci ildən torpaqlar kəskin bahalaşdığına görə cavabdeh həmin torpaq sahəsini başqa bir şəxsə satmaq istədiyini öyrənmişdir. O, cavabdehə bu hərəkətinin düzgün olmadığını bildirsə də, cavabdeh ona məhəl qoymamışdır. Hal-hazırda cavabdeh həmin 3.79 ha torpaq sahəsini onun istifadəsindən çıxarıb, lakin ondan aldığı pulu və heyvanları, 2 ton ərzaq buğdasını qaytarmamışdır. O, hesab edir ki, cavabdehlə aralarında şifahi olaraq razılaşdıqları alqısatqı müqaviləsi məhkəmə qaydasında bağlanmış hesab edilməli, sahiblik və istifadə hüququ tanınmalı, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. Əks halda, ondan 3.79 ha torpaq sahəsinə görə aldığı 2350 manat pul məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivalenti olan 5875 manat, 29 baş şişək qoyun, 1 baş qoç, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, 1 baş üçüncü döl camış (iki balası), 2 ton ərzaq buğdasının naturada, bu mümkün olmadıqda isə 3.79 ha torpaq sahəsinin mövcud tarixə bazar qiyməti, 22740 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb ona verilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə ilə razı deyildir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində həmin torpaq sahəsinin onun icarəsində olmasını müəyyən etmiş, lakin bununla bağlı heç bir sübuta istinad etməmişdir. İzahatı alınmış şahidlərin və məhkəmə iclasında tədqiq edilmiş audioyazıdan müəyyən olunmuşdur ki cavabdehlə onun arasında torpağın ömürlük alqı-satqısı ilə bağlı münasibət yaranmış, cavabdeh həmin sənədləşməni aparmaqdan yayınmış, sonda isə qiymətlərin qalxması ilə əlaqədar olaraq həmin torpaq sahəsini başqa bir şəxsə satmışdır. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki cavabdehə verdiyi heyvanları indi o qiymətlərə almaq mümkün deyildir, məhkəmə həmin hissədə iddianı tələbin naturada ödənilməsini təmin etməli idi. Məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, ona görə də, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iddia təmin edilməlidir. İş materiallarından da göründüyü kimi, cavabdeh həmin torpaq sahəsini satdığını etiraf edir, həmin torpağa görə aldıqlarını qəbul etsə də, həmin aldıqlarının əvəzinin torpaqdan istifadə etməklə götürdüyünü israr edir. Məhkəmə mülki iş üzrə sübutlara düzgün qiymət verməmiş, işin hallarına uyğun sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə tərəflər arasında olan faktiki münasibətləri düzgün araşdırmamış, nəticədə tərəflər arasında icarə münasibətlərinin mövcud olması nəticəsinə gəlmişdir ki, bu hal da özlüyündə hazırkı mülki işin faktiki hallarına uyğun deyildir. Bu fakt heç bir sübutla təsdiqini tapmır, əksinə məhkəmə iclasında ifadə verən şahid ifadələri ilə həmin torpaq sahəsinin şifahi olaraq birdəfəlik satıması müəyyən olunsa da, məhkəmə icarə münasibətlərinin olması qənaətinə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə qətnamə qəbul edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, sübutları tam və obyektiv qiymətləndirməmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsində İddiaçı ondan 2350 manat məbləğdə pul vəsaitinin, 29 baş şişək qoyun, 1 baş qoç, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, 1 baş üçüncü döl camış (iki balası), 2 ton ərzaq buğdasına cavabdehin mülkiyyətində olan Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 3,79 ha torpaq sahəsini ömürlük aldığını və sonradan rəsmləşdirmədiyini iddia etsə də, məhkəmə həmin torpaq sahəsinin cavabdeh tərəfindən icarəyə verildiyini müəyyən etmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən mübahisəli 3,79 ha torpaq sahəsinin 1 hektarının 2006-cı ildəki satış qiymətini və icarə haqqını, cavabdehdən tələb edilən heyvanların və 2 ton ərzaq buğdasının həmin dövrdəki bazar qiymətini və iddiaçı tərəfindən 3,79 ha torpaq sahəsindən 14 il ərzində istifadə edərək əldə etdiyi qazancı müəyyən etməyərək qiymətləndirilmə rəyini əsas götürmüşdür. Bundan başqa, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddiaçı tərəfindən təqdim edilmiş şahidləri dindirmişdir. Göründüyü kimi, həmin şahidlər də iddiaçının qohumlarıdır və iş üzrə maraqları vardır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən tərəflər arasında hüquq münasibətinin yarandığı zaman 3,79 ha torpaq sahəsinin bazar dəyərini və icarə haqqını, iddia tələbində cavabdehdən tələb edilən heyvanların və 2 ton ərzaq buğdasının həmin dövrdəki bazar qiymətini və iddiaçı tərəfindən 3,79 ha torpaq sahəsindən 14 il ərzində istifadə edərək əldə etdiyi qazancı və bəhəri müəyyən etməmişdir. Məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almadan səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi vəkil Rüstəmov Fəxri Sərvaz oğlu verdikləri apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi vəkil Tapdıqov İlqar Məhərrəm oğlu məhkəmədə öz apellyasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin olunmalı, Cavabdeh apellyasiya şikayəti isə təmin olunmamalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası əvvəlcə apellyasiya şikayətlərinin birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərinə riayət etməməsi barədə dəlillərinə qiymət verərkən aşağıdakıları qeyd edir: İş materiallarına əlavə edilmiş JN-180 saylı KOD 60700068 Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Cavabdeh və onun ailə üzvlərinə Beyləqan rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1999-cu il tarixli, 70 nömrəli qərarına əsasən Beyləqan rayonu Dünyamalılar kəndində 3,79 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 04 iyun 2021-ci il tarixli qiymətləndirilmə rəyindən görünür ki, İddiaçı tələb etdiyi 2350 manatın 08.20xx-xx.2021-ci il tarixə ekvivalenti, mal-qara və ərzaq buğdasının hazırkı bazar qiyməti 16955 manat təşkil edir. Şahid qismində dindirilmiş Əyyubov Cavid Eyvaz oğlu ifadəsində göstərmişdir ki, İddiaçı onun əmisidir. Əmisi ona dedi ki, həmkəndliləri Cavabdeh ona mülkiyyətində olan 3,70 ha torpaq sahəsini satır. Bunun müqabilində əmisi Cavabdeh 1250 manat pul, 30 baş (29 baş şişək, bir baş qoç) kiçik buynuzlu heyvan, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, bir baş üçüncü döl camış (iki balası) olmaqla cəmi 37 baş iribuynuzlu heyvan, 2 ton ərzaq buğda vermişdir. Həmin mal-qaranı və buğdanı cavabdeh traktora qoşulmuş iki qoşku ilə aparmışdır. Cavabdeh mülkiyyətində olan 3,70 ha torpaq sahəsini əmisi İddiaçı ömürlük satdığını demişdir. Şahid qismində dindirilmiş Əyyubov Hikmət Eyvaz oğlu ifadəsində göstərmişdir ki, İddiaçı onun əmisidir. O, fermada olanda, həmkəndliləri Cavabdeh ona mülkiyyətində olan 3,70 ha torpaq sahəsinin müqabilində əmisi Cavabdeh 30 baş (29 baş şişək, bir baş qoç) kiçik buynuzlu heyvan, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, bir baş üçüncü döl camış (iki balası) olmaqla cəmi 37 baş iribuynuzlu heyvanı apardığını görmüşdür. Həmin vaxt o, mal-qaranın aparılmasına köməklik etmişdir. Sonradan əmisi torpaq sahəsini öz adına rəsmləşdirməmişdir. Cavabdeh mülkiyyətində olan 3,70 ha torpaq sahəsini əmisi İddiaçı ömürlük satdığını demişdir. Şahid qismində dindirilmiş Gülmalıyev Nizam Əyyub oğlu ifadəsində göstərdi ki,İddiaçı və Cavabdeh onun həmkəndliləridir. Həqiqətən də, İddiaçı Cavabdeh 3,70 ha pay torpaq sahəsini almışdır. İddiaçı Cavabdeh torpağa görə onun yanında 1250 manat pul, 30 baş (29 baş şişək, bir baş qoç) kiçik buynuzlu heyvan, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, bir baş üçüncü döl camış (iki balası) olmaqla cəmi 37 baş iribuynuzlu heyvan, 2 ton ərzaq buğda vermişdir.Cavabdeh mülkiyyətində olan 3,70 ha torpaq sahəsini İddiaçı ömürlük satdığını demişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh 2350 manat pulun, 29 baş şişək qoyun, 1 baş qoç, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, 1 baş üçüncü döl camış (iki balası), 2 ton ərzaq buğdasına cavabdehin mülkiyyətində olan Beyləqan rayonu Dünyamalılar kəndində yerləşən 3,79 ha torpaq sahəsini ömürlük aldığını və sonradan rəsmləşdirmədiyini iddia etmişdir. Ancaq məhkəmədə izahat verən cavabdeh onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsini iddiaçıya satmadığını icarəyə verdiyini bildirmişdir. Lakin iş üzrə dindirilmiş şahidlərin ifadələri və tərəflər arasında baş vermiş telefon danışığının səsyazısından aşkar olur ki, onlar arasında torpaqdan daimi istifadə ilə bağlı razılıq əldə edilmişdir. Bu faktı tərəflər arasında razılaşma üzrə pul, mal-heyvan, eləcə də buğda kimi əşyaların Cavabdeh birdəfəyə və ya bir neçə dəfəyə ödənilməsinin qərarlaşdırılması da təsdiq edir. Bu hal özlüyündə tərəflər arasında icarə münasibətlərini istisna edən haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquqi-subyektin ona mənsub əmlaka (əşiyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Beləliklə, tərəflər arasında alqı-satqı münasibətlərinin olması iddia edilsə də, həmin münasibətlərə alqı-satqı kimi qiymətləndirmək mümkün deyildir. Çünki alqı-satqı üçün tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyin həmin müqavilənin bağlanmış hesab edilməsi üçün zəruri olan forma və tələblərinə əməl edilmədiyi üçün tərəflər arasında həmin razılaşmaya etibarsız əqdin normaları üzrə qiymət verilməlidir. Belə ki, diqqətə çatdırılmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmçinin, MM-in 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. MM-in 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Bununla da, işin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı 3.79 ha torpaq sahəsindən daimi istifadəsinə (mülkiyyətinə) verməyi vəd etməklə İddiaçı 2350 manat məbləğində pul vəsaiti, 29 baş şişək qoyun, 1 baş qoç, 2 baş ikinci döl inək, 2 baş birinci döl inək, 1 baş üçüncü döl camış (iki balası), 2 ton ərzaq buğdası almaqla əsassız olaraq varlanmışdır. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallda baş vermiş saylır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir. MM-in 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bundan əlavə, nəzərə alınmalıdır ki, MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci bəndində göstərilir ki, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutlara işin müəyyən edilmiş halları üzrə tam olaraq düzgün hüquqi qiymət verməmiş, İddiaçı tərəfindən torpağın alınması üçün Cavabdeh verilmiş 2350 manat məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivaİentinin tutulmasının təmin olunmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 21 fevral 2023-cü il tarixli məktubunda öz əksini tapmış İstehlak qiymətləri indeksinə əsasən 2350 manat məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivaİenti hazırkı vaxta 1711 manat məbləğ təşkil etmişdir. Məhkəmə hesab edir ki, apellyasiya şikayətlərinin tərəflər arasında alqı-satqı müqaviləsinin mövcudluğunun tanınaraq təsdiq edilməsi, habelə şahidlərin iddiaçının qohumu olmaları, birinci instansiya məhkəməsində izahatının təhrif edilməsi barədə formal və əsassız dəlilləri iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapmamışdır. Bununla yanaşı, tərəflərin apellyasiya şikayətlərində tələb edilən əşyaların qiymətlərinin müəyyən olunduğu rəy barədə qeydlər olsa da, həmin əşyaların qiymətlərinin hansı məbləğdə olması, habelə qiymətləndirmə rəyinin mötəbər sayıla bilməməsinin nədən ibarət olmasını konkret sübutlarla göstərə bilməmişlər və məhkəmə bu səbəbdən də, kollegiay həmin rəyin mötəbərliyini şübhə altına alan hər hansı halın mövcudluğunu müəyyən etmir. Buna görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Beyləqan Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(020)-44/2022 saylı qətnaməsi İddiaçı tərəfindən torpağın alınması üçün Cavabdeh verilmiş 2350 manat məbləğdə pul vəsaitinin inflyasiya ilə 5875 manat məbləğdə ekvivaİentinin tutulmasının təmin olunmaması hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, 2350 manat məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivaİenti qismində 1709 manat 50 qəpik məbləğdə pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 2(020)-44/2022 saylı qətnaməsi İddiaçı tərəfindən torpağın alınması üçün Cavabdeh verilmiş 2350 manat məbləğdə pul vəsaitinin inflyasiya ilə 5875 manat məbləğdə ekvivaİentinin tutulmasının təmin olunmaması hissədə qətnamə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 2350 (iki min üç yüz əlli) manat məbləğdə pul vəsaitinin inflyasiya ilə ekvivaİenti qismində 1709 (min yeddi yüz doqquz) manat 50 (əlli) qəpik məbləğdə pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-76/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-76/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver