Məhkəmə qərarları › İş №2(106)-771/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-771/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-771/2024 24.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(017)-89/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək, azyaşlı 11 yanvar 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Laçın Rayon Məhkəməsinin 2(047)- 602/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qətnaməsinə əsasən, Laçın Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(047)-652/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh 11 yanvar 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə qəbul edildikdən sonra iddiaçı ilə cavabdeh arasında barışıq olduğuna görə birgə təsərrüfat apararaq birgə yaşamağa başlamışlar. Bu zaman iddiaçı Bərdə rayon İcra və Probasiya şöbəsində onun xeyrinə yığılmış aliment pulundan birdəfəlik imtina etmiş və artıq cavabdehlə barışdığını bildirərək, alimentə xitam verilməsini rəsmi qaydada bildirmişdir. O, cavabdeh ilə cəmi 2 aydan da az müddətdə birlikdə yaşadılar. İddiaçıya məlum olmuşdur ki, cavabdeh yığılmış alimentə görə onunla barışmışdır. Aliment tam silinən kimi və alimentdən imtina edilən kimi cavabdeh əsl üzünü göstərərək, əvvəlki pis vərdişlərinə və hərəkətlərinə davam etməyə başlamışdır. İddiaçı icra və probasiya şöbəsinə müraciət edərək, ərizəsini geri götürmək istəsə də, buna nail ola bilməmişdir. İddiaçıya şifahi şəkildə izah olunmuşdur ki, bir daha məhkəməyə aliment tələbinə dair iddia ilə müraciət edə bilər. Heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq, öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə uşaqların saxlanılması üçün minimum pul 220 manat məbləğində müəyyən edilmişdir. Laçın Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(047)-89/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Cavad İbrahimov) iddia tələbi qismən təmin edilmiş, 20 noyabr 2023-cü il tarixdən başlayaraq Cavabdeh 11 yanvar 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Laçın Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(047)-89/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2021-ci ildə onun sabiq həyat yoldaşı İddiaçı ona qarşı iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmiş və Laçın Rayon Məhkəməsindən 11 yanvar 2017-ci il tarixdə birgə nikahdan anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay alimentin tutulub iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin (hakim X8) 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı qətnaməsinə əsasən, qət olunmuşdur ki, Cavabdeh 11 yanvar 2017-ci il tarixdə birgə nikahdan anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Laçın Rayon Məhkəməsinin (hakim X8) 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı qətnaməsi icra olunması üçün Bərdə rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsində tələbkar İddiaçı ilə birlikdə olarkən cavabdeh bildirmişdir ki, tələbkar İddiaçı 2022-ci ilin oktyabr-noyabr ayları ərəfəsində xahişinə əsasən razılaşmışlar ki, məhkəmə qərarı əsasında ona hər ay verdiyi 130 manat aylıq aliment borcunun qarşılığında İddiaçı xahişi əsasında onun yaşadığı Abşeron rayonunun Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin fasadının yenilənməsi, İddiaçı 2200 manatlıq komplekt qızıl-zinət əşyasının alınması və 7500 manat pulun nağd şəkildə ona verilməsi müqabilində gələcəkdə ondan hər hansı bir, o cümlədən pul tələbi olmayacaqdır. Tələbkar İddiaçı Bərdə rayon İcra və Probasiya şöbəsində iltizam verməklə yanaşı ora müraciət edərək, bildirmişdir ki, onun öz xahişi əsasında bu razılığa gəlmişlər və alimentlə bağlı icra işinə xitam verilməsini Bərdə rayon İcra və Probasiya şöbəsində onun yanında xahiş etmişdir. Bunun üçün, yəni tələbkarın xahişini yerinə yetirmək üçün cavabdeh də öz növbəsində birinci nikahdan olan övladı X6 məxsus olan şəxsi avtomaşını satıb, İddiaçı olan gələcək üçün aliment borcunu birdəfəlik tamamilə ödəmişdir. Bunun üçün oğlu X9 da sonradan ona avtomaşın alacağı şərti ilə öz avtomaşının satılmasına razı olmuşdur. Cavabdeh övladına məxsus avtomobili sataraq İddiaçı məxsus Abşeron rayonunun Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin fasadının yenilənməsi üçün 900 manat, komplekt qızıl-zinət əşyasının alınması üçün 2200 manat və əlavə olaraq 7500 manat nağd olaraq, ümumilikdə 10600 manat məbləğində pulu ona vermişdir. Lakin bugünədək maddi çətinliklər səbəbindən cavabdeh övladı X2 avtomobilin əvəzinə başqa avtomobil alıb verə bilməmiş, nə də ki, satdığı avtomobilin əvəzinə övladına pul verə bilməmişdir. İddiaçının xahişi ilə razılaşdıqları kimi – bu səbəbdən də, bütün tələbləri tamamilə yerinə yetirildikdən sonra, İddiaçı 16 noyabr 2022-ci il tarixdə öz imzası ilə iltizam yazaraq, ona və Bərdə rayon İcra və Probasiya şöbəsinə təqdim etmişdir ki, alimentlə bağlı ondan hazırda və gələcəkdə də heç bir şikayət və tələbi olmayacaqdır. Həmin iltizamda İddiaçı qeyd etmişdir ki, ona olan aliment borcunun gələcək də nəzərə alınmaqla bütövlüklə ödənilməsini qeyd edir. Odur ki, həmin vaxt Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru İddiaçı xahişi və verdiyi iltizam əsasında həmin icra işinə baxaraq, icra işinin xitam edilməsi haqqında müvafiq qərar qəbul etmişdir. Eyni zamanda, həmin vaxt danışdıqları pulları tamamilə ödədikdən sonra, İddiaçı aralarında gəlinən razılığa əsasən 11 yanvar 2017-ci il tarixdə birgə nikahdan anadan olmuş qızı X1 üçün cavabdehin himayəsinə vermişdir. Lakin 2023-cü ilin əvvəllərində cavabdeh evdə olmayan vaxt İddiaçı onun evinə qonaq kimi gəlib, yaşlı anasından qızı X7 oynatmaq adı ilə götürüb qaçırtmışdır. Bu zaman cavabdehin evindən bir sıra əşyalarla yanaşı, onun adına olan məcburi köçkün vəsiqəsini də götürüb, evin giriş qapısını yaşlı anası evdə olduğu halda, bağlayıb, açarları da özü ilə aparmışdır. O, İddiaçı dəfələrlə müraciət etsə də, qızını geri qaytarmaqdan qəti imtina edir, halbuki, qeyd etdiyi kimi, uşağı cavabdehə verməsi üçün ona istədiyi miqdarda pulu vermişdir. 2023-cü ilin iyul ayının əvvəllərində çağırış əsasında cavabdeh Laçın Rayon Məhkəməsinin hakimi X3 xidməti otağına gəlmiş və sonuncu ona bildirmişdir ki, İddiaçı məhkəməyə müraciət edərək, ondan aliment tələb etmək istəyir. O, hakimə bildirmişdir ki, İddiaçı ondan aliment tələb etməyəcəyi ilə bağlı iltizamı vardır. O, İddiaçı ona vermiş olduğu iltizamın əslini hakimə vermiş, hakim ona bildirmişdir ki, əgər alimentlə bağlı rədd cavabı verməyini istəyirsə, ona 500 manat pul verməlidir. Hakim onu aldadaraq, onun 500 manat pulunu almışdır ki, İddiaçı iddialarını bir daha təmin etməyəcəkdir. O da hakimin vədlərinə inanıb, aldanıb, ona 500 manat pul vermişdir. Hakimin həmin pulu ondan almağı ilə bağlı əlində bütün sübutları vardır. Bir müddət sonra, 2023-cü ilin iyul ayında çağırış əsasında o, yenidən Laçın Rayon Məhkəməsinə gələndə, məhkəmənin hakimi X3 xidməti otağında İddiaçı görmüşdür. Həmin vaxt Laçın Rayon Məhkəməsinin hakimi X8 ona bildirmişdir ki, İddiaçı aliment iddiası ilə yenidən məhkəməyə müraciət edib. Lakin butün bunlara baxmayaraq, İddiaçı 2023-cü ilin noyabr ayının 23-də yenidən iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə alimentlə bağlı müraciət etmiş və onun iddia ərizəsi 17 yanvar 2024-cü il tarixə Laçın Rayon Məhkəməsində məhkəmənin tək hakimi olan cənab Cavad İbrahimovun sədrliyi ilə baxılması üçün təyin edilmişdir. Sonradan İddiaçı ona bildirmişdir ki, qızını cavabdehin evindən qaçırmağı və alimentlə bağlı məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etməyi ona onunla hazırda da çox yaxın münasibətlərdə olan Laçın Rayon Məhkəməsinin hakimi cənab X8 şəxsən özü məsləhət görmüş, nəyi və necə etməyi, o cümlədən iddia ərizəsini necə tərtib etməyi ona öyrətmişdir. Cavabdeh bu səbəbdən də, eyni zamanda, Laçın Rayon Məhkəməsinin hakimi cənab X8 əvvəllər hakim kimi birinci instansiya məhkəməsində eyni məzmunlu mülki işin mahiyyəti üzrə baxılmasında iştirak etdiyindən, İddiaçı ilə çox yaxın münasibətlərdə olma səbəblərindən, onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması qənaətinə gələrək və onda hakimin obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas olduğundan, hesab etmişdir ki, onun yenidən hakim kimi işə baxılmasında iştirakına yol verilə bilməz. Odur ki, elə birinci məhkəmə iclasında, yəni məhkəmənin hazırlıq iclasında yazılı etirazını hakimə təqdim etmiş, lakin hakim onun etirazını götürməkdən qəti imtina etmişdir. Bu səbəbdən də, o, yazılı etirazını Laçın Rayon Məhkəməsinin dəftərxanasına vermək istəmiş, lakin Laçın Rayon Məhkəməsinin hakimi cənab X8 buna da imkan verməmiş və onun etirazını götürməyi dəftərxanaya qadağan etmişdir. Bu səbəblərdən də, eyni zamanda, Laçın Rayon Məhkəməsinin təktərkibli məhkəmə olmasını nəzərə alaraq, o, 10 yanvar 2024-cü il tarixdə Laçın Rayon Məhkəməsinin hakimi cənab X5 qarşı yazdığı yazılı rəsmi etirazı aidiyyəti üzrə poçt vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. O, 10 yanvar 2024-cü il tarixdə Laçın Rayon Məhkəməsinin hakimi cənab X5 qarşı yazdığı etirazı poçt vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərərkən öz etirazında yuxarıda qeyd etdiyi halları ətraflı olaraq bildirmiş, İddiaçı Laçın Rayon Məhkəməsində ona qarşı qaldırdığı iddia ərizəsinə Laçın Rayon Məhkəməsinin hakimi cənab X3 baxmasına qəti etiraz edərək, mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə hazırda onun məcburi köçkün kimi məskunlaşdığı Bərdə rayonu ərazisində fəaliyyət göstərən Bərdə Rayon Məhkəməsinə həvalə olunmasını xahiş etmişdir. Bütün qeyd etdiklərinə baxmayaraq, ona qarşı digər çoxsaylı qanunsuz hərəkətləri etməklə yanaşı, Laçın Rayon Məhkəməsinin hakimi cənab X8 17 yanvar 2024-cü il tarixdə məhkəmə iclasını təxirə salmaq və mülki işi aidiyyəti üzrə baxılması üçün göndərmək əvəzinə, cavabdehin məlumatı olmadan İddiaçı adından özünün tərtib etdiyi iddia ərizəsinə baxaraq onun iddiasının qismən təmin olunması haqqında məhkəmə qətnaməsi çıxarmışdır. Yuxarıda qeyd etdikləri ilə əlaqədar Laçın Rayon Məhkəməsinin hakimi cənab X8 barəsində qanunamüvafiq tədbirlər görülməsi və ona qarşı törədilmiş qanunsuzluqların aradan qaldırılması üçün müvafiq ünvanlara şikayətlər etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh tərəfin fikrincə, məhkəmə iddiaçının tamamilə əsassız iddialarını rədd etmək əvəzinə iddiaçının tələblərinin sübutetmə vəzifələrini faktiki olaraq, tamamilə öz üzərinə götürmüş və işin hallarını qətiyyən araşdırmadan iddiaçının iddiasının qismən təmin olunması haqqında əsassız məhkəmə qətnaməsi çıxarmışdır. Mülki iş üzrə mübahisələr üzrə ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi pozulmuşdur. Məhkəmədə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli idi. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz prinsipləri pozulmuşdur. Məhkəmə cavabdeh tərəfin sübutlarını və qanunun tələblərinin nəzərə almayaraq, yekun qərar qəbul etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə cavabdeh tərəfin sübutlarını və qanunun tələblərini nəzərə almayaraq, yekun qərar qəbul etmişdir. Məhkəmənin müəyyən etdiyi iddiaçının iddiasının təmin olunması halları məhkəmənin iddiaçının arzularını təmin etməkdən, başqa heç bir sübuta əsaslanmır. Laçın Rayon Məhkəməsinin (hakim X8) 17 yanvar 2024-cü il tarixli, 2(047)-89/2024 saylı qətnaməsində göstərilən hallar işin real hallarına qətiyyən uyğun gəlmir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iştirak etmədiyindən və məhkəmənin keçirilməsindən məlumatlı olmadığından, özünün heç bir sübutunu təqdim edə bilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək bildirdi ki, o, birinci instansiya məhkəməsində aparılan icraat zamanı hakimə etiraz versə də, onun etiraz ərizəsinin qəbul edilməsindən imtina olunmuş, buna görə də etiraz ərizəsini birbaşa olaraq Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Hesab edir ki, iş onun hazırda məskunlaşdığı Bərdə Rayon Məhkəməsində baxılmalı idi. Bundan əlavə, İddiaçı hazırda ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etməsi də əsassız olmuşdur. Belə ki, o, iddiaçıya aliment tələblərindən tamamilə imtina etməsi üçün 7500 manat nağd pul vermiş, 2200 manat dəyərində qızıl komplekt almış və evinin fasadını təmir etmişdir. Bununla bağlı iddiaçı iltizam da yazıb vermişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmadan iddia tələbinin qismən təmin edilməsi düzgün olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin və cavabdehin izahatının məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh tərəfindən təqdim olunan iltizamda onun imzası saxtalaşdırılmışdır. Bundan başqa, o, Bərdə rayon İcra və Probasiya şöbəsində alimentin icrasından imtina etdiyinə dair ərizə vermiş olsa da, həmin vaxt cavabdeh onu inandırıb aldatmış, onunla barışmış kimi özünü aparmış, o, alimentin icrasından imtina etdikdən sonra isə öz əvvəlki hərəkətlərini etməyə davam etmişdir. Onların barışıb birlikdə yaşamaları heç 2 ay da çəkməmişdir. Ona görə də sonradan yenə aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi düzgün və əsaslıdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddiaçının iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, tərəfləri dinləyib, işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-T 062686 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 11 yanvar 2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. İşdəki AZ-İ 379456 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahına 16 sentyabr 2021-ci ildə xitam verilmişdir. İşdə surəti olan Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)- 602/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Laçın Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(047)-652/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh 11 yanvar 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarının 30-cu vərəqində olan tələbkar İddiaçı tərəfindən Bərdə rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 17 noyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı qeyd etmişdir ki, Laçın Rayon Məhkəməsinin 2(047)-602 saylı, 16 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 130 manat aliment tutularaq onun xeyrinə ödənilməlidir. O, borclu ilə barışmışdır və birgə yaşayırlar. Borclunun bugünə qədər heç bir aliment borcu yoxdur. Onun heç bir tələb və şikayəti yoxdur. Odur ki, icra sənədinə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsi ilə xitam verilməsini xahiş etmişdir. İşdə surəti olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 17 noyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərar ilə Laçın Rayon Məhkəməsinin 2(047)-602/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşdə surəti olan Laçın Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(047)- 533/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası rədd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, tərəflərin nikahından 11 yanvar 2017-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Tərəflərin nikahına 16 sentyabr 2021-ci ildə xitam verilmişdir. Laçın Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(047)-602/2021 saylı qətnaməsi ilə Laçın Rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(047)- 652/2019 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilmiş, qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq cavabdehdən 11 yanvar 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunmağa başlanılmış, lakin iddiaçı 17 noyabr 2022-ci ildə Bərdə rayon İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, cavabdehlə barışdığını, birgə yaşadıqlarını, cavabdehin aliment borcu olmadığını, icra sənədinə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsini xahiş etmiş, Bərdə rayon İcra və Probasiya şöbəsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə Laçın Rayon Məhkəməsinin 2(047)-602/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Bundan sonra, iddiaçı alimentin artırılması barədə iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etsə də, Laçın Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli, 2(047)-533/2023 saylı qətnaməsi ilə iddiaçının cavabdehə qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası rədd edilmişdir. Sonradan iddiaçı hazırkı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, azyaşlı 11 yanvar 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə bir uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Laçın Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(047)-89/2024 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 20 noyabr 2023-cü il tarixdən başlayaraq cavabdehdən 11 yanvar 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh isə apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin əsas dəlili kimi ona istinad etmişdir ki, o, iddiaçının aliment iddiasının olmaması üçün övladının avtomobilini sataraq iddiaçıya məxsus Abşeron rayonunun Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin fasadının yenilənməsi üçün 900 manat, komplekt qızıl-zinət əşyasının alınması üçün 2200 manat və əlavə olaraq 7500 manat nağd olaraq, ümumilikdə 10600 manat məbləğində pulu iddiaçıya vermişdir. Bu halı təsdiq etmək üçün o, 16 noyabr 2022-ci ildə iddiaçı tərəfindən yazıldığını bildirdiyi iltizamı təqdim etmişdir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsində iştirak etmədiyindən və məhkəmənin keçirilməsindən məlumatlı olmadığından, özünün heç bir sübutunu təqdim edə bilməmişdir. Lakin iş materiallarında olan poçt göndərişlərindən və SMS bildirişlərdən də göründüyü kimi, cavabdehin apellyasiya şikayətində də qeyd olunmuş ünvanına məhkəmə bildirişləri göndərilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barəsində cavabdehin telefon nömrəsinə SMS göndərilmişdir. Buna görə də cavabdehin hazırkı işdən onun telefon nömrəsinə (***-***-**-**) hələ ilk bildirişin göndərildiyi 20 noyabr 2023-cü ildən məlumatı olmuşdur. Bundan başqa, işdəki cavabdehin 10 yanvar 2024-cü ildə tərtib etdiyi hakimə etiraz ərizəsinin məzmunundan da göründüyü kimi, o, 17 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasından məlumatlı olmuşdur. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hazırkı iş üzrə iddia ərizəsinə Laçın Rayon Məhkəməsində baxılmasına etiraz etsə də, onun etirazının qəbul edilməsindən imtina olunmuş, buna görə də 10 yanvar 2024-cü ildə poçt vasitəsilə etirazını Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Cavabdeh ümumiyyətlə onun etiraz ərizəsinin qəbulundan birinci instansiya məhkəməsi tərəfindən imtina edilməsinə dair hər hansı sübut təqdim etməməklə yanaşı, birbaşa apellyasiya məhkəməsinə ünvanladığı 10 yanvar 2024-cü il tarixli etiraz ərizəsində də bu cür halla bağlı hər hansı qeyd göstərməmişdir. Bu isə cavabdehin bu barədə bildirdiklərinin əsassız olduğunu göstərir. Həmçinin işdən görünür ki, cavabdeh tərəfindən birbaşa Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş etiraz ərizəsi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilənə qədər Laçın Rayon Məhkəməsində hazırkı işə mahiyyəti üzrə baxılaraq 17 yanvar 2024-cü il tarixli, 2(047)-89/2024 saylı qətnamə qəbul olunmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, cavabdeh Laçın rayonunda qeydiyyatda olduğuna görə MPM-in tələblərinə uyğun olaraq Laçın Rayon Məhkəməsində işə baxılması düzgün olmuşdur. Həmçinin, cavabdeh Laçın rayonunda qeydiyyatda olmasaydı belə, aliment tələbinə dair iddiası ilə bağlı iddiaçı Laçın rayonunda qeydiyyatda olması səbəbilə MPM-in 36.3-cü maddəsinə uyğun olaraq öz seçiminə görə də Laçın Rayon Məhkəməsinə müraciət edə bilərdi. Bundan əlavə, əvvəllər hakim Cavad İbrahimov tərəfindən tərəflər arasındakı aliment mübahisələrinə baxılması isə onun sonradan aliment mübahisəsinə baxmasını istisna edən hal kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, cavabdehin apellyasiya şikayətinin işə Laçın Rayon Məhkəməsində baxılmamalı olmasına dair bildirdikləri formal mülahizə xarakteri daşıyır. Cavabdeh tərəfindən təqdim edilmiş İddiaçı adından yazılmış 16 noyabr 2022-ci il tarixli iltizamda qeyd olunmuşdur ki, onun Cavabdeh ilə birgə nikahından X10 dünyaya gəlmişdir. Laçın Rayon Məhkəməsində nikahları pozulduqdan sonra 20 noyabr 2019-cu ildən məhkəmə qərarı ilə hər ay 130 manat alimenti bugünkü tarixə qədər (16 noyabr 2022-ci il) Cavabdeh ödəmişdir. Hazırda öz aralarında razılaşdıqları üçün Yeni Saray qəsəbəsində yaşadığı evin çöl fasadını, onun öz istəyi ilə xoşuna gələn komplekt qızılzinət əşyasını (2200 manat), əlavə olaraq, 7500 manatı nağd şəkildə ona ödədiyi üçün Laçın Rayon Məhkəməsinin qərarı ilə ödəniləcək hər ay 130 manat aliment borcunu bütövlükdə ona ödəmişdir. Bunun üçün Cavabdeh gələcəkdə heç bir şikayət və ya tələbi olmayacaqdır. Cavabdeh həmin iltizamı təqdim edərək, iddiaçının ona qarşı bir daha aliment tələbi irəli sürməyəcəyinə dair öhdəlik götürdüyünü qeyd etmişdir. Ümumiyyətlə, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ərarvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Bu anlayış Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında da öz əksini tapmışdır. Göründüyü kimi, aliment öhdəliyi valideynlər və uşaqlar arasında bir tərəfdən digərinin saxlanılması üçün qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaitin ödənilməsi borcudur. Yəni, hazırkı halda alimentin təyinatı onun uşağın saxlanılmasına xidmət etməsi ilə bağlıdır. İddiaçı apellyasiya məhkəməsinin iclasında cavabdehin 16 noyabr 2022-ci il tarixli iltizamı saxtalaşdırdığını qeyd etmişdir. Bununla belə, həmin iltizamın mötəbər olması qəbul edilsə belə, həmin iltizamda öz aralarında razılaşdıqları üçün Yeni Saray qəsəbəsində yaşadığı evin çöl fasadını təmir etməsi, iddiaçının öz istəyi ilə xoşuna gələn komplekt qızıl-zinət əşyasını (2200 manat), əlavə olaraq, 7500 manatı nağd şəkildə cavabdehin iddiaçıya ödəməsi qeyd olunmuşdur. Göründüyü kimi, qeyd edilənlərdən evin çöl fasadının təmir edilməsinin və iddiaçıya öz istəyi ilə xoşuna gələn komplekt qızıl-zinət əşyasının alınmasının ümumiyyətlə aliment öhdəliyinin icrası üçün həyata keçirilmədiyi bariz şəkildə görünür. Bununla belə, 7500 manat məbləğində pulun da məhz hansı təyinatla verilməsi də iltizamda əks olunmamışdır. Nəzərə alınmalıdır ki, alimentin təyin olunmasının məqsədi uşağın yaşayış səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan uşağın yaşayış səviyyəsinin saxlanılmasına xidmət etməyən və ya təyinatı müəyyən edilə bilməyən ödənişlərin aliment öhdəliyinin birdəfəlik icrası kimi qəbul edilməsi yolverilməzdir. Ona görə də birinci instansiya məhkəməsi iddiaçının hazırkı aliment tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İddiaçı aliment məbləğinin müəyyən edilməsi ilə bağlı tələbini “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinad edərək, 220 manat məbləğində müəyyən etmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, uşaqlarını saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin hər ikisinə aid olduğundan və uşağın himayəsində olduğu iddiaçının üzərinə daha çox yük düşdüyündən minimum dolanacaq xərclərinə nisbətən yaxın məbləğin – 140 manatın sabit pul məbləğində aliment kimi cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli və düzgün olmuşdur. Bu zaman həm də o nəzərə alınmalıdır ki, alimentin məbləği müəyyən edilərkən uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əhəmiyyət verilməlidir. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Laçın Rayon Məhkəməsinin 2(017)-89/2024 saylı, 17 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar