Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-833/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16344 (on altı min üç yüz qırx dörd) manat pulun, keçirdiyi psixoloji gərginliklərin və sarsıntının əvəzi kimi mənəvi ziyana görə 3000 (üç min) manat pulun və ödənilmiş 150 manat dövlət rüsumuna görə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun bacısı oğludur. 2015-ci il tarixdə ev alan zaman evi yaxın qohumu kimi Zaurun adına sənədləşdirmişdir. Həmin vaxtı onun Vaz 2106 markalı avtomobili var idi və Zaur ona avtomobili satsa, həmin avtomobili ona satmağını demişdir. O da həmin avtomobili satmaq istəmiş və Zaura satacağını bildirmişdir. Zaur da avtomobili almağa razılaşmış. Ona ayda 500 (beş yüz) manat verəcəyini desə də, o razılaşmamış və sonra razılaşdılar ki, o öz adına 7000 (yeddi min) manat kredit götürsün və hər ay krediti Zaur ödəsin. O avtomarşrutu Zaura 2022-ci ilin noyabr ayında satmışdır. Zaur ilk 2 ay 500 (beş yüz) manat kredit pulunu ödəsə də, sonradan kreditin pulunu ödəmədi. Zaur işdən çıxdıqdan sonra krediti ödəyə bilmədi. 2023-cü ilin yanvar ayında iş yeri olmadığı üçün Zauru Masallı-Lənkaran xətti üzrə onun sərnişin mikroavtobusunu idarə etməyini demişdir. Zaurla danışıb razılaşıblar ki, onun mikroavtousunu idarə etsin və öz qazancını krediti ödəsin ki, adına gecikmə olmasın, ilk gün işə başlayanda Zaur ona 103 manat qazandığını demişdir. O, Zaura hər gün yanına gəlməməyini, bir siyahı tutub hər ay qazandığını və xərclərini yazmasını bildirmişdir. Birinci ay hesablaşma aparan zaman Zaur ona dediyi yerlərə ümumilikdə 550 (beş yüz əlli) manat pul xərclədiyini və 700 (yeddi yüz) manat kreditini də ödədiyini bildirdi. O, Zaura belə qazanc olmadığını və qazandığı pulun çox olduğunu dedikdə Zaur ona ayda 200 ya da 300 manat verməyi, bir il ərzində ona dəyməməyini, kreditini ödəyib gələn ildə ayda 200-300 manat götürüb qalan pulu ona verəcəyini bildirdi. O Zaurla razılaşmamış və ona ayda 500 və ya 600 manat pul verməsini, qalan pulla da kreditini ödəməyini bildirdi. İknci ay Zaur ona zəng edərək müəyyən yerlərə yəni vergi, sosial, sığorta, kassa aparatına və s. pul atılmasını istədikdə Zaur aradabir dediyini etsə də, sərnişin daşınması ilə əlaqədar digər xərclərini ödəmədi. Beləliklə, ümumilikdə Zaur onun sərnişin mikroavtobusunu 10 ay idarə etdi və 10 ay ərzində Zaur ona ümumilikdə cəmi 1206 (min iki yüz altı) manat pul ödədi. Qalan pulları isə özü xərclədi. Sadəcə evi Zaurun adında olduğu üçün ehtiyat edib ondan pul istəməmişdir. Qorxurdu ki, evini geri qaytarmaz. O, Zaur üçün iki ay ümumillikdə 1000 (min) manat kredit ödəmişdir. İstintaq araşdırılması zamanı ona verəcəyi pulu onun dükanına gətirdiyi ərzaq məhsullarının əvəzində “Viləş” marketə verdiyini bildirsə də, bununla bağlı araşdırılma aparılmamışdır. Şifahi sorğu zamanı “Viləş” marketə pul vermədiyi aşkar olunmuşdur. Onun adına sənədləşdirilən bank borcunu ayrı-ayrı aylarda verməyərək ona ödətdirmiş, sonra pulu qaytaracağına söz versə də, sonradan onun üçün banka ödədiyi pulunu qaytarmamışdır. Onun Cavabdeh idarə etmək üçün verdiyi mikroavtobusun qazancını Zaur ondan gizlədərək kənar yerlərə xərcləmişdir. Avtovağzalda lotoreya deyilən oyun oynamaqla götürüb. Sonda ona verəcəyi 600 manat pulu ona verməyib itirdiyini bəhanə etmişdir. İki ayrı-ayrı banka özü krediti ödədiyi halda, eləcə də atası da iki banka kredit ödədiyi halda ona verəcəyi pulları həyətində bulaq inşa etdirmiş və həyətinə qiymətli darvaza düzəltdirmişdir. Xərclənən pullar marşrutdan qazanılmış, lakin ona veriləsi halda ondan gizlədərək xərclənilmiş pullardır. 2023-cü ilin yanvar oktyabr ayları ərzində onun marşrut avtobusu ilə hər gün üçün 60 manat qazandığını (kənar xərclərdən başqa təmiz qazancın) ilə bağlı yazdığı qrafiki tərəfindən məhkəməyə təqdim ediləcəkdir. Cavabdeh yanvar oktyabr aylarında onun Masallı-Lənkəran Marşrut xətti üzrə mikroavtobusunu idarə etməklə ümumilikdə ona 20000 (iyirmi min) manat zərər vurmuşdur. Belə ki, hər ayda (özünün əlyazmasında göstərdiyi kimi bir günə 58.50 manat təmiz qazanc olmaqla) 1800 manata yaxın pul qazanmışdır ki, buda 10 aya hesablanmış olsa 18000 manata yaxın pul edir (təmiz qazanc). Həmin qazancdan ona 10 ay ərzində cəmi 1206 manat pul vermişdir. Qalan pulları isə özünə xərcləmiş, yəni evində tikinti aparmış, bank kreditlərini ödəmiş, ailəsindən kənarda qadın saxlayır ona xərcləmiş və eyni zamanda ailəsinə xərcləmişdir. O, Zaurla dəfələrlə bu barədə danışıb pulunu tələb etsə də, Zaur ya onun telefonlarını açmamış, yada qazancının olmadığını bildirmişdir. O, Cavabdeh bildirəndə ki, narazıdır, maşını saxla, adına olan krediti atanın adına keçir, Zaur ona acıqlı olduğunu bildirirdi. Onun yanından getdikdən sonrada o dəfələrlə ona zəng etsə də, telefonunu açmadı. Beləliklə, o Zaurla ciddi söhbət edə bilməmişdir. Çünki onun Zaurun adına 60000 manat dəyərində evi var idi və öz adına 7000 manat Zaur üçün pul kreditə götürmüşdür. Cavabdeh satdığı Vaz 2106 markalı maşının pulunu ödəməmiş maşını onun adından çıxarıb atasının adına keçirmişdir. Adına götürdüyü bank krediti olan 7000 manat pulu ödəməyəcəyi halda onun üzərində qalacağını, yəni onun məcbur qalıb ödəyəcəyini dərk edərək Zaurla mülayim davranmağa məcbur idi. Qeyd etdiklərini Cavabdeh dolayısı ilə təsdiq etmişdir. Cavabdeh polis şöbəsində izahat verərəkən onun üçün götürülmüş malların pulunu ödəməsi yalandır. Həmin malların pullarını o özü ödəmiş, Zaur sadəcə həmin malları ona məxsus olan mikroavtobusa yükləyərək onun Güllütəpə kəndində yerləşən mağazasına gətirmişdir. Qeyd etdiyi bu halları malları götürdüyü mağazanın mühasibi təsdiq edə bilər və həmin şəxs məhkəmədə şahid qismində iştirak edəcəkdir. Eləcə də o dəfələrlə cavabdehdən Masallı-Lənkəran marşrut xətti üzrə mikroavtobusunu idarə etməklə gündəlik nə qədər qazanc əldə etməsi ilə bağlı cədvəl tutmasını tələb etsə də, cavabdeh bunu etmirdi, hər dəfədə bir bəhanə edib gecikdirirdi. Ən nəhayət bir gün cavabdeh bir günlük qazancı, etmiş olduğu xərcləri və yükündən bütün xərcləri çıxdıqdan sonra gündəlik nə qədər təmiz qazanc əldə etdiyi ilə bağlı öz əlyazısı ilə bir cədvəl tutub ona göndərmişdir. Həmin cədvəldə bir günlük qazanc olaraq bütün xərcləri çıxdıqdan sonra 58 manat 50 qəpik göstərmişdir. Düzdür o, günlük qazancını gizlədib az göstərmiş olsa da, həmin 58.50 manatı 30 günə vurduqda 1755 manat edir, 10 aya isə 17550 manat təşkil edir. Həmin məbləğdən isə cavabdehin ona vermiş olduğu 1206 manat çıxılsa, 16344 manat qalmış olur. Bu da o deməkdir ki, bu gün cavabdehin ona məxsus mikroavtobusu ilə işləyib qazandığı və mənimsəyərək ona vermədiyi 16344 manat ziyan pulu vardır. Həmçinin cavabdehin yalanlar deyərək onu aldatması, yuxarıda qeyd etdiyi və onun vurmuş olduğu ziyanları ödəməyərək onu süründürməsi, bankdan onun adına kredit götürüb sonra ödəməməsi və sair hallarla bağlı o, güclü əsəb gərginliyi, stres keçirmişdir. Bunun nəticəsi olaraq səhhətində müxtəlif yaranmışdır. Ona görə də cavabdehin ona vurduğu mənəvi ziyanla bağlı cavabdehdən 3000 (üç min) manat mənəvi ziyan ödənilməsini tələb etmişdir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı X1 ona qarşı pul tələbinə dair iddia ərizəsi məhkəmə icraatındadır. İddiaçının iddia tələbi tam əsassız və böhtan olmaqla, iddiasını qəbul etmir. Belə ki, iddiaçı onun dayısı olmaqla bərabər ona məxsus olan mikroavtomarşrutunu ona özünün şəxsi ehtiyacları üçün qeyri-rəsmi şəkildə sürməyinə vermiş və o da 2023-cü il mart ayından sentyabr ayının 9-10-a kimi idarə edib onun sifarişlərini icra etmişdir. Buna görə də əldə olunan pulundan müəyyən xərclər çıxıldıqdan sonra 6 ay müddətində dəqiq bilmədiyi məbləği ona vermişdir. Lakin onunla bu barədə hec bir narazılıqları olmamışdır. İddiaçı sahibkar olmasına baxmayaraq mülkiyyətində olan nəqliyyatı idarə etmək üçün ona etibarnamə verməmiş, nə də işçi kimi işə qəbul etməmiş, nə də ki, aralarında heç bir icarə müqaviləsi bağlanmamışdır. Ümumiyyətlə iddiaçı ilə aralarında olan mübahisə onun evindən və maşınından pul oğurlamağını bəhanə edərək Masallı rayon polis şöbəsinə vermiş olduğu şikayət ərizəsi olmuşdur. Onun yalan məlumat verməyinə görə cinayət məsuliyyəti daşıdığına görə ondan şikayət edəcəyini ona xatırlatmışdır. Ona görə də iddiaçının iddiası əsassız və hec bir əsaslı subutu yoxdur, iddia ərizəsi təmin edilməməli və rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdeh bildirir ki, işlədiyi dövrdə Masallı-Lənkəran marşrutu üzrə gediş haqqı 1 manat olmuşdur. Lakin o, yanlış məlumat verir, gediş haqqı 1.50 manat təşkil edir. İşlədiyi dövrdə 10 ay ərzində qazancdan ona pul verməmiş və onun əvəzinə kredit borcunu ödəmişdir. Cavabdeh 16344 manat pulun, keçirdiyi psixoloji gərginliklərə və sarsıntıya görə 3000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, göstərmişdir ki, cavabdeh ifadəsində bildirmişdir ki, guya o cavabdehi çağırıb marşrutuna otuzdurmuşdur. Bu yalandır. Cavabdeh iş axtarırdı və təklif etdi ki, onun marşrutunu sürsün. Həmin avtomaşını hazırda satmışdır. Cavabdeh mikroavtobusu 01 yanvar 2023-cü il tarixdən 2023-cü ilin oktyabr ayına kimi sürmüşdür. Gediş haqqı 1.50 manat olmuşdur. Cavabdeh işsiz olduğu vaxt öz yaxın insanını işdən çıxartdırıb, özü onun yerinə işləmək üçün müraciəti olub. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o heç vaxt işsiz qalmayıb. İnşaat bazarında fəhlə işləmişdir. İddiaçı ona zəng edib deyib ki, gəl marşrutu sür. O heç bilməmişdir ki, iddiaçının marşrutu vardır, ya yox. İddiaçının marşrut avtobusunu 11 mart 2023-cü il tarixdən 9 oktyabr 2023-cü il tarixə kimi idarə etmişdir. O, ancaq iddiaçı üçün işləmişdir. Marşrut üzrə gediş haqqı 1 manat olub. Sərnişinlərin yarısı yarı yolda düşürdülər və tam gediş haqqını vermirdilər. Marşrut avtobusunda 15 oturacaq yeri var. Tam dolu olaraq getsə idi 15 manat, tam geri qayıtsa idi 15 manat qazanc olurdu. Lakin həmişə belə işləməyib. Ayın 20 gününü iddiaçının oğlu Rusiya Federasiyasında olduğundan fəhlə daşıyıb. İddiaçı hara demişdirsə, o da ora getmişdir. Günlük qazanc olmayıb. Məhkəməyə təqdim edilmiş cədvəli o yazmışdır, iddiaçının dediklərini yazmışdır. İddiaçının evi onun adına olmuşdur. Bir gün iddiaçı bir qadın gətirmiş və ona demişdir ki, həmin qadını evə qeydiyyata salısın. Atası razı olmadı. Bu səbəbdən də mübahisələri olmuşdur, iddia ona qarşı şər və böhtandır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası tamamilə heç bir hüquqi mənbəyə əsaslanmayaraq verilmişdir. İddiaçı sahibkarlıqla məşğul olur və VÖEN-i varıdır. Cavabdehi işə götürmüşdürsə, müqavilə bağlamayaraq vergidən yayınmışdır. Müqavilə yoxdur və əmək qanunvericiliyi pozulmuşdur. Hüquqi əsas olmadan şəxsi maşınını cavabdehə vermişdir. Cavabdeh bildirir ki, iddiaçı avtomaşını ona şəxsi tapşırıqlarının yerinə yetirilməsi üçün mart ayında vermişdir. İşlədiyi dövrdə cavabdehə əmək haqqı, yanacaq və avtomaşının təmiri üçün pul verilməmişdir. İddiaçının tapşırığı əsasında fəhlə daşımış, onun kiçik mağazasında satıcı işləmiş və oraya mal daşımışdır. Məhkəməyə cədvəl təqdim edilmişdir. Cədvəl yazıldıqdan sonra cavabdeh ondan imtina etmişdir. İddiaçı heç bir hüquqi əsas olmadan əsassız olaraq varlanmaq məqsədi güdür. İddia tamamilə əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, tərəflərlə qohumluğu yoxdur. Hacıəli ondan borc istəmişdir. Hacıəliyə verdiyi 500 manat pulu marşruta vermişdir. Soruşmuşdur ki, niyə verdin pulu marşruta, bildirmişdir ki, onun adına krediti var. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Hacıəli alver edirdi. O, telefonla lazım olanların siyahısını yazdırırdı və deyirdi maşın gəlib götürəcək. O, siyahıya uyğun malları yığdırırmış və Hacıəlinin dediyi maşın gəlib aparırdı. Alınan malların pulunu sonra Hacıəli şəxsən gətirib ona verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Hacıəli ona bildirmişdir ki, Zaur kredit pulunu ödəyə bilmir. Ondan pul istədi. 475 manat hesaba atmışdır. Verdiyi pulu qaytarmadılar. Hacıəli ilə Zaurun evinə getmişlər. Zaur ona bildirmişdir ki, ona pul verilməyib, kimə verilibsə ondan istəsin. Cavabdeh tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, 15 sentyabr 2023-cü il tarixdə 82 manat qazanc olmuş, ondan 16 manat dizelə və 7.50 manat dayanacağa olmaqla, cəmi 23.50 manat xərclənmişdir. 58.50 manat pul qalmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsi (hakim Z.Zeynalov) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 11196 (on bir min yüz doxsan altı) manat məbləğində pul vəsaiti və 123.59 (yüz iyirmi üç, əlli doqquz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında şərtləri şifahi şəkildə razılaşdırılmış öhdəlik münasibətləri yaranmış, iddiaçı özünə məxsus marşrut avtomarşrut vasitəsini gəlir əldə edilməsi üçün cavabdehin istifadəsinə vermişdir. Cavabdeh həmin avtomarşrutu 01 yanvar 2023-cü il tarixdən 09 oktyabr 2023- cü il tarixədək, yəni 9 ay 9 gün, gün hesabı ilə 282 gün müddətdə idarə etmiş və günlük xərcləri çıxdıqdan sonra gündəlik 58.5 (əlli səkkiz manat, 50 qəpik) manat təmiz qazanc əldə etmişdir. Cavabdeh işlədiyi müddət ərzində 79 (yetmiş doqquz) manat vergi ödəmiş, avtomarşrutun sığorta edilməsi ilə bağlı 134 (yüz otuz dörd) manat ödəniş etmiş, eləcədə 1206 manat məbləğində pulu müxtəlif üsullarla iddiaçıya ödəmişdir. Eləcə də cavabdeh işlədiyi müddət ərzində iddiaçının adına olan özünün kredit borcu ilə bağlı 8 aya olmaqla hər ay 500 manat ödəmişdir ki, bu da 4000 manat edir. Odur ki, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya müxtəlif üsullarla ödənilmiş ödənişləri, ödəmiş olduğu krediti və cavabdehin qazandığı şəxsi ehtiyaclarına sərf etdiyi və marşrut mikroavtobusunun xərcləri nəzərə alınaraq çıxıldıqdan sonra iddiaçıya ödənilməli pul 11196 manat təşkil etməklə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən hüquqi mövqeyini onunla əsaslandırır ki, məhkəmə araşdırmaları zamanı cavabdehin iddiaçının marşrut avtomarşrut vasitəsini idarə etməsi nəticəsində qazanc əldə etməsi müəyyən edildiyindən, hazırki vəziyyətdə sübutetmə vəzifəsinin bölgüsü baxımından sübut etmək vəzifəsini cavabdeh daşıyır. Lakin cavabdeh iddiaçının tələb etdiyi pulun verilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın 3000 manat məbləğində mənəvi zərər tələbinə münasibətdə qeyd etmişdir ki, həmin məbləğdə hər hansı zərərin iddiaçıya dəyməsinə dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia mənəvi ziyan tələbi hissəsində təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2, 21.3, 442, 443.1, 443.2, 443.3, 443.7-cü maddələri, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli, 141 nömrəli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli 7 saylı Plenum qərarı, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında Cavabdeh ona hər ay 200-300 manat verəcəyini bildirdiyini, lakin onun bu məbləğlə razı olmadığını, hər ay 500-600 manat pulun avtomarşrutin istifadəsi (icarəsi) üçün ona verilməsinə razı olduğunu bildirmişdir. Lakin məhkəmə tərəfindən məbləğ əsassız olaraq hər ay 1119,6 manat olmaqla 10 ay üçün hesablanmışdır. Əgər mikroavtobusların istifadəsi zamanı gəlirlər hər ay 1800 manat olsaydı, onda Azərbaycanda əksər insanlar bu işlə məşğul olardı. Cavabdeh idarəsində olan “Mercedes” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun Lənkəran-Masallı marşrutu üzrə hansı tarixdən etibarən fərqlənmə nişanı verilərək xətdə buraxılması və hansı tarixədək həmin mikroavtobusun xətdə qalması, həmçinin mikroavtobusun xətdə olduğu dövrdə Lənkəran-Masallı marşrutu üzrə gedişgəliş haqqının məbləğinin nə qədər olması barədə tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat X3 şöbəsinə sorğu ilə müraciət edilmişdir. Həmin sorğuya cavab gəldikdən sonra cavabdehin 10 ay deyil, 6 ay mikroavtobusu idarə etməsi öz təsdiqini tapacaqdır. Belə ki, cavabdeh təxminən xx.xx.2023-cü ildən 2023-cü ilin sentyabr ayına kimi “Mercedes” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu idarə etmiş və mikroavtobus Lənkəran-Masallı marşrutu üzrə xətdə olmuşdur. Həmin vaxt Lənkəran- Masallı marşrutu üzrə gediş-gəliş haqqı 1,03 manat olmuşdur. Cavabdeh iddiaçının avtomarşrutunu idarə etdiyi 6 ay müddətində əksər vaxtlarda avtomarşrutu günün birinci yarısınadək idarə etmiş, günün ikinci yarısında isə iddiaçıya məxsus dükanda onun işlərinə köməklik etmiş, satıcı kimi fəaliyyət göstərmişdir. Bundan başqa hər ay 79 manat vergi idarəsinə, 30 manat kassa aparatına, 60 manat departamentə və 134 manat sığortaya pul köçürmüşdür. İddiaçı özü izahatında və iddia ərizəsində qeyd etmişdir ki, o, mikroavtobusun istifadəsi ilə bağlı hər ay 500-600 manat pulun ona verilməsinə razı olmuşdur. Mikroavtobus Cavabdeh tərəfindən 6 ay, yəni xx.xx.2023-cü ildən 2023-cü ilin sentyabr ayına kimi idarə edilmişdir. Məhkəmə isə həmin müddəti 9 ay 9 gün olmaqla hesablamışdır. Halbuki bununla əlaqədar heç bir quruma sorğu da verilməmişdir. İddiaçı cavabdehin ona 1206 manat da pul verməsini təsdiq etmişdir. Belə olan vəziyyətdə hər ay 500 manatdan hesablanmaqla iddiaçıya 3000 manat pul verilməli idi ki, həmin pulun da 1206 manatı ödənilmişdir. Odur ki, cavabdeh tərəfindən iddiaçıya 1794 manat pul verilməlidir. Cavabdeh əlyazmasında yalnız bir günlük qazancı hesablamış, məhkəmə isə həmin məbləği əsassız olaraq 9 ay 9 günə vurulmaqla hesablayaraq qətnamədə qeyd etmişdir. Nəticədə isə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Ona görə də Masallı Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsini qismən ləğv edilib, iddianın 1794 (min yeddi yüz doxsan dörd) manat hissəsinin təmin edilməsi və qalan hissədə isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları tam və hərtərəfli araşdırmamış, sübutları hərtərəfli təhlil etmədən iddianı əsassız olaraq qismən təmin etmişdir. Halbuki, cavabdehə qarşı olan pul tələbinə dair iddiası tam təmin olunmalı idi. Bununla da, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 77-ci maddələrinin tələblərini pozmuşdur. Ona görə də Masallı Rayon Məhkəməsinin 2(050)-112/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilməsini və onun Cavabdeh qarşı pul tələbinə dair iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı özünün verdiyi apellyasiya şikayətinin təmin olunmasını, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsinin dəyişdirilməsini, Cavabdeh qarşı “pul” tələbinə dair iddiasının tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh özünün verdiyi apellyasiya şikayətinin təmin olunmasını, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsinin qismən ləğv edilib, iddianın 1794 (min yeddi yüz doxsan dörd) manat hissəsinin təmin edilməsi, qalan hissədə rədd edilməsi və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 cavabdehin verdiyi apellyasiya şikayətinin təmin olunmasını, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsinin qismən ləğv edilib, iddianın 1794 (min yeddi yüz doxsan dörd) manat hissəsinin təmin edilməsi, qalan hissədə rədd edilməsi və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)- 112/2025 saylı qətnaməsini apellyasiya şikayətlərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh 11196 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16344 (on altı min üç yüz qırx dörd) manat pulun, keçirdiyi psixoloji gərginliklərin və sarsıntının əvəzi kimi mənəvi ziyana görə 3000 (üç min) manat pulun və ödənilmiş 150 manat dövlət rüsumuna görə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh həmin avtomarşrutu 01 yanvar 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək, yəni 9 ay 9 gün, gün hesabı ilə 282 gün müddətdə idarə etmiş və günlük xərcləri çıxdıqdan sonra gündəlik 58.5 (əlli səkkiz manat, 50 qəpik) manat təmiz qazanc əldə etmişdir. Cavabdeh işlədiyi müddət ərzində 79 (yetmiş doqquz) manat vergi ödəmiş, avtomarşrutun sığorta edilməsi ilə bağlı 134 (yüz otuz dörd) manat ödəniş etmiş, eləcə də 1206 manat məbləğində pulu müxtəlif üsullarla iddiaçıya ödəmişdir. Eləcə də cavabdeh işlədiyi müddət ərzində iddiaçının adına olan özünün kredit borcu ilə bağlı 8 aya olmaqla hər ay 500 manat ödəmişdir ki, buda 4000 manat edir. Odur ki, həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya müxtəlif üsullarla ödənilmiş ödənişləri, ödəmiş olduğu krediti və cavabdehin qazandığı şəxsi ehtiyaclarına sərf etdiyi və marşrut mikroavtobusunun xərcləri nəzərə alınaraq çıxıldıqdan sonra iddiaçıya ödənilməli pul 11196 manat təşkil etməklə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.Tərəflər arasında müqavilə rəsmi qaydada bağlanmasa da, onların davranışı, əməli fəaliyyəti və qarşılıqlı razılaşmaları hüquqi münasibət yaradır. Bu baxımdan, müqavilənin bağlanması üçün zəruri olan şərtlər tərəflərin razılaşması ilə müəyyən edilmiş hesab olunur. Tərəflər arasında icarə haqqı (məsələn, hər gün və ya hər ay müəyyən məbləğ ödənilməsi) razılaşdırılıbsa və bu qaydada bir müddət ödənişlər həyata keçirilibsə, deməli, müqavilə faktiki olaraq mövcuddur və tərəflərin iradəsini əks etdirir. Bu münasibətlərdən irəli gələn öhdəliklər (hazırki mülki işdə icarə haqqının ödənilməsi) icra edilmədikdə, zərərçəkmiş tərəfin hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək və müvafiq tələblər irəli sürmək hüququ vardır. İş materiallarından aydın olur ki, tərəflər arasında mikroavtobusun icarəsinə dair şifahi razılaşma olmuşdur. Cavabdeh bir müddət nəqliyyat vasitəsini idarə etmiş, gündəlik qazancı bölüşdürmüş və tərəflər arasında qarşılıqlı öhdəliklər yaranmışdır. Həmin dövr ərzində cavabdeh tərəfindən müəyyən dövrlərdə pul ödənişləri edilmiş, lakin sonrakı aylar üzrə icarə haqqı ödənilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından, ilk növbədə, marşrut xəttinin cavabdeh tərəfindən istifadə olunduğu müddətə aydınlıq gətirilməlidir. Belə ki, iddiaçı marşrut xəttinin cavabdeh tərəfindən istifadə olunduğu 10 aya görə icarə haqqı qismində 16344 manat pulun cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin həmin avtomarşrutu 9 ay 9 gün, gün hesabı ilə 282 gün müddətdə idarə etdiyi qənaətinə gəlmişdir. Cavabdeh isə avtobusun 6 ay müddətində onun istifadəsində olduğunu göstərir. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin 02 aprel 2025-ci il tarixli məktubundan aydın olur ki, sözügedən mikroavtobus 2023-cü ilin mart-sentyabr ayları (7ay) ərzində daşıyıcı İddiaçı müraciəti əsasında İdarə tərəfindən “Lənkəran-Masallı” şəhərlərarası marşrut xətti üzrə fərqlənmə nişanı ilə təmin edilmişdir. Yuxarıda qeyd olunan məktubdan açıq şəkildə görünür ki, avtomarşrut məhz 2023cü ilin mart ayından başlayaraq sentyabr ayının sonuna qədər - 7 ay, yəni 214 gün ərzində marşrut xəttində fəaliyyət göstərmişdir. Bu dövr icarə münasibətlərinin faktiki müddətini təsbit edir. Qeyd olunan faktiki istifadə dövrü rəsmən təsdiqləndiyi üçün həmin 7 ay üzrə icarə haqqının tutulması hüquqi cəhətdən tam əsaslı və qanunauyğundur. Bu müddət ərzində cavabdeh avtomarşrutdən istifadə etməklə gəlir əldə etmiş, lakin razılaşdırılmış öhdəliklərini yerinə yetirməmişdir. Odur ki, avtobusun cavabdehin istifadəsində olduğu müddət olaraq 214 gün qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri baxımından hüquqi qiymət verilməli olan digər məsələ icarə haqqının məbləği ilə bağlıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, günlük xərcləri çıxdıqdan sonra gündəlik 58.5 (əlli səkkiz manat, 50 qəpik) manat təmiz qazanc əldə olunduğu müəyyən edilmişdir. Cavabdeh isə günlük qazancın 58.5 manat deyil, daha aşağı olduğunu göstərir. Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarında cavabdehin özünün yazdığı əlyazmada təmiz qazancın 58.5 manat olduğu, eyni zamanda, cavabdehin apellyasiya baxışı zamanı ziddiyyətli izahatlar verərək gah günlük məbləğin təxminən 20 manat civarında olması, gah da iddiaçıya məxsus avtobusla ancaq iddiaçının işlərini görməsi, yəni iddiaçı dayısı olduğuna görə ona təmənnasız köməklik etməsi, iddiaçı ilə avtobusun istifadəsinə dair hər hansı razılaşma olmaması, hər hansı gəlir əldə etməməsini göstərdiyi şəraitdə, günlük qazancın daha aşağı məbləğdə olmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Cavabdeh isə bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə, ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Cavabdeh tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, 15 sentyabr 2023-cü il tarixdə 82 manat qazanc olmuş, ondan 16 manat dizelə və 7.50 manat dayanacağa olmaqla, cəmi 23.50 manat xərclənmiş, 58.50 manat pul qalmışdır. Bu məlumat iş üzrə gündəlik gəlir potensialını və icarə haqqının hesablanması üçün əsas rəqəmi müəyyən etməyə imkan verir. Əgər avtomarşrut 2023-cü ilin mart ayından sentyabr ayınadək istifadə olunubsa və bu dövrdə təmiz qazanc gündə 58.50 manat olmuşdursa, icarə haqqı bu göstəricilərə əsasən hesablanmalıdır (58,5x214=12519). İddiaçının özünün etirafından görünür ki, cavabdeh aşağıdakı ödənişləri etmişdir: - Vergi ödənişi: 79 manat - Sığorta ödənişi: 134 manat - Birbaşa iddiaçıya nağd ödəniş: 1206 manat - Kredit ödənişləri: (8 ay × 500 manat = 4000 manat) Ona görə də bu məbləğlər əldə edilmiş ümumi gəlirdən çıxılmalı və çıxıldıqdan sonra müəyyən olunmuş məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir. (79+134+1,206+4,000 =5,419 manat; 12519-5419=7100). Çünki tərəflərin razılaşmasına əsasən cavabdeh avtobusun icarəsindən əldə edilmiş gəlirdən iddiaçının adına olan və özü üçün götürülmüş krediti ödəməli idi. Cavabdeh də aylıq 500 manat olmaqla 8 ay ərzində cəmi 4000 manat kredit ödəmişdir. Beləliklə, iddiaçıya ödənilməli məbləğ cəmi 7100 manat təşkil edir. Məhkəmə tərkibi iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər formal xarakterli olmaqla heç bir araşdırma zərurətini ortaya çıxarmır və işin baxılmasının uzadılmasına xidmət edir. Belə ki, apellyasiya şikayəti faktlara deyil, fərziyyələrə əsaslanmışdır. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddia tələbini mənəvi zərərə aid hissədə təmin etməməkdə düzgün qənaətə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Lakin iddiaçı tərəf mənəvi zərərin dəyməsini yalnız ümumi və iddia xarakterli formada bildirmiş, lakin bu zərərin nədən ibarət olduğu, hansı hərəkətlər nəticəsində meydana gəldiyi, onun cəmiyyət içindəki nüfuzuna, psixoloji vəziyyətinə, həyat keyfiyyətinə necə təsir göstərdiyi barədə heç bir konkret sübut, tibbi sənəd, şahid izahatı və ya digər hüquqi əsaslandırılmış məlumat təqdim etməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, mənəvi zərər əvəzi yalnız real əsaslandırılmış, konkretləşdirilmiş və sübutlarla təsdiqlənmiş hallarda təyin oluna bilər, subyektiv yanaşmalar kompensasiya təyin olunması üçün yetərli hesab edilmir. Həmçinin tərəflər arasında yaranmış münasibətlərin xarakteri, mübahisənin predmeti və tərəflərin davranışı şəxsi qeyri-əmlak hüquqların pozulması ilə bağlı aşkar və sübutlu halların mövcudluğunu ortaya qoymur. Ona görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Cavabdeh 11196 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilməli, Cavabdeh 7100 (yeddi min yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(050)-112/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilsin. Cavabdeh 7100 (yeddi min yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən digər hissələrə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-833/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-833/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver