Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-844/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əsədov İlham Qoşunəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(050)-173/2024 saylı qətnaməsindən (hakim F.Əliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “işgüzar nüfuzun, şərəf və ləyaqətin müdafiəsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, barəsində yayılan məlumatların həqiqətə uyğun olmadığının müəyən edilməsi, onun ünvanına, eləcə də Bakı şəhəri üzrə Təhsil idarəsinə, Təhsil Nazirliyinə və Səbail rayonu 239 nömrəli məktəbə məktub göndərməklə onun barəsində həqiqəti əks etdirməyən məlumatları yaydığna görə yazılı formada üzr istəmək vəzifəsinin cavabdehin üzərinə qoyulması, işgüzar nüfuzuna vurduğu mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat kompensasiyanın və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində həm işgüzar nüfuz, həm də şərəf və ləyaqətlə bağlı hallar barəsində qeyd etsə də, bu hallar mövcud olsa da, xahiş etdi hissəsində bu barədə qeyd etməmişdir. Odur ki, iddia tələbinin işgüzar nifuzun, şərəf və ləyaqətin müdafiəsi və kompensasiya tələbi kimi qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, uzun illər Səbail rayonu ərazisində fəaliyyət göstərən X4 adına 239 tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Dəfələrlə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən uğurlu fəaliyyətinə görə təltif olunmuşdur. O, əməkdar müəllim, qabaqcıl təhsil işçisi olmaqla yanaşı, hər il səmərəli fəaliyyətinə görə Fəxri Fərmanlarlara, xaricdə təlimdə iştirakı ilə bağlı sertifikatlara, təşəkkürnamələrə layiq görülmüşdür. Artıq 29 ilə yaxın müddətdir ki, direktor kimi fəaliyyət göstərən, peşəkar kollektivi və mövcud resursları ilə övladlarını məhz onun rəhbərliyi altında fəaliyyət göstərən məktəbə həvalə edən valideynlərin məmnuniyyətini qazanmışdır. Bu günə qədər heç bir valideyn məhz onun rəhbərliyi altında fəaliyyət göstərən məktəbdən və müəllim heyətinin fəaliyyətindən öz narazılığını ifadə etməyib, heç bir zaman məktəbdə bu və ya başqa zəmində hər-hansı məhkəmə mübahisəsinə səbəb olacaq hadisə, anlaşılmamazlıq yaranmamışdır. Uzun illər məktəbin kollektivi arasında heç bir neqativ hallar, narazılıqlar baş verməmişdir. Lakin qeyd edilən halların tam əksi olaraq ən qəribəsi də odur ki, uzun illər ərzində ömrünü, illərini, şərəflə, ləyaqətlə təhsil sisteminə həsr edən bir əməkli ziyalı haqqında həmin məktəbdə psixoloq kimi çalışan Cavabdeh tərəfindən heç bir həqiqətə uyğun olmayan, özündə qəzəb, hirs, sanki qisas xarakterli ifadələri əks etdirən ifadələrin, yalan məlumatların həm məktəbin kollektivi arasında, eləcə də, aidiyyəti qurumlarda yayılması və səslənməsi onun həm mənəvi, həm də işgüzar nüfuzuna sarsıdıcı bir zərbədir. Belə ki, tədris ilinin sonunda Bakı şəhəri üzrə Təhsil idarəsinin daxili nəzarət sektoru tərəfindən idarəyə dəvət edilərək Cavabdeh şikayət ərizəsi ona təqdim olunmuş, şikayət ərizəsində guya onun psixoloji probleminin olması, uzun illər onun sözü gedən məktəbdə çalışma səbəbi kimi arxasında kiminsə dayandığını, onun tərəfindən valideynlərin, şagirdlərin, müəllimələrin yanında təhqirə, qarğışa məruz qaldığını, təlim və kurslara gedərkən onun tərəfindən süni maneələrlə üzləşdiyini, onun şəxsiyyət pozuntusundan və sklerozdan əziyyət çəkdiyini, hətta onun “Hegamon” olmasını qeyd edərək, məktəbin kollektivi, şagirdlər və müəllimələr, eləcə də yaşadığı ərazidə yaymışdır. Artıq hər kəs baş verən bu neqativ hadisədən məlumatlıdır. Cavabdeh əsassız olaraq bildirir ki, güya onun tərəfindən ona qarşı haqsızlıq olunmuşdur. Cavabdeh tərəfindən fəaliyyəti barəsində həqiqəti əks etdirməyən məlumatların ərazilərdə yayılması işgüzar nüfuzuna ciddi xələl gətirmişdir. Hesab edir ki, cavabdeh tərəfindən işgüzar nüfuzuna, həmçinin şərəf və ləyaqətinə vurulmuş mənəvi zərərin əvəzi olaraq ona 10000 (on min) manat ödənilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri 239 nömrəli məktəbdə psixoloq vəzifəsində işləyir. Artıq 17 ildir ki, həmin məktəbdə psixoloq kimi fəaliyyət göstərməklə, məktəbin kollektivi ilə heç bir problemi olmamış, öz işində ciddi nöqsanlara yol verməmişdir. Lakin bütün bunlara baxmayaraq məktəbin keçmiş direktoru İddiaçı aqressiyası və qərəzli münasibəti ondan da yan keçməmişdir. Belə ki, oğlu İsmayıl Qurbanov həmin məktəbin 11-ci sinifdə oxuyan zaman yüksək qiymət yazılmasından ötrü İddiaçı istədiyi pulu vermədiyi üçün ona qarşı hiddəti daha da artmışdır. İddiaçı süni problemlər yaradaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi kurs və tədbirlərdə iştirak etməsinə maneçilik törətmişdir. Müəllimlərin sertifikasiya müşahidə mərhələsində komissiya üzvü kimi iştirak etdiyi halda onu günlərinin tutulacağı ilə hədələmişdir. Dəfələrlə təşkil etdiyi tədbirlərdən onu məktəb uşaqlarının gözü qarşısında uzaqlaşdırmışdır. Artıq son illərdə vəziyyət dözülməz həddə çatmış və bütün kontingentin qarşısında təhqir və qarğışlara məruz qalmışdır. Bundan başqa İddiaçı qapı-pəncərələrini bağlatdıraraq kiminsə onu izlədiyini, işdəki hamının ona yalan danışdığını və hər kəsin ona qarşı oyun qurduğunu, eyni zamanda onun arxasının çox güclü olmasını, heç bir kəsin ona heçnə edə bilməyəcəyini bildirmişdir. İddiaçı təhqir, qarğış və alçaldıcı sözlərinə dözməyib subardinasiya qaydalarına əməl edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş, etdiyi müraciətdə isə onun diaqnoz qoyan şəxs olmamasını, lakin psixoloq kimi İddiaçı bir sıra pozuntuların olduğunu müşahidə etdiyini və onun obyektiv diaqnostikadan keçirilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(050)-173/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçı barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə edilmiş müraciətlər, hətta bu müraciətlərin əsassız olması halında belə, iddiaçının işgüzar nifuzunu ləkələyən, şərəf və ləyaqətini alçaldan və ona mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz, əks halda bu, hər bir şəxsin Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş müraciət etmə hüququndan məhrum edilməsi demək olardı. Nəzərə alınmalıdır ki, cavabdeh iddiaçının fəaliyyətini tənqid, yaxud onun hərəkətləri haqqında məlumat verərkən və ya şikayət edərkən, bu məlumatın və ya şikayətin təsdiq olunmaması riskini daşımamalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini əssassz olaraq təmin etməmiş, bununla da qanunvericiliyin tələbini pozmuş, mənafeyini nəzərə almamışdır. Məhkəmə əsassız olaraq qanunvericiliyin tələblərini pozaraq hesab etmişdir ki, barəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciəti geniş kütlə arasında yayılmadığından cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında haqqında mənfi rəy yaradan məlumatlar kimi qiymətləndirilə bilməz. Bekə ki, Cavabdeh məhkəmədə verdiyi ifadəsində bir daha təsdiq etmişdir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinə şikayət ərizəsi göndərməklə onun barəsində həqiqəti əks etdirməyən məlumatları yaymış, bu azmış kimi bir daha vurğulamışdır ki, 17 ildir ki, həmin məktəbdə psixoloq kimi fəaliyyət göstərməklə məktəbin kollektivi ilə heç bir problemi olmamış, öz işində ciddi nöqsanlara yol verməmişdir. Lakin bütün bunlara baxmayaraq guya məktəbin keçmiş direktoru İddiaçı aqressiyası və qərəzli münasibəti ondan da yan keçməmişdir. Belə ki, oğlu İsmayıl Qurbanov həmin məktəbin 11-ci sinifdə oxuyan zaman yüksək qiymət yazılmasından ötrü İddiaçı istədiyi pulu vermədiyi üçün ona qarşı hiddəti daha da artmışdır. İddiaçı süni problemlər yaradaraq Elm və Təhsil Nazirliyinin təşkil etdiyi kurs və tədbirlərdə iştirak etməsinə maneçilik törətmişdir. Müəllimlərin sertifikasiya müşahidə mərhələsində komissiya üzvü kimi iştirak etdiyi halda onu günlərinin tutulacağı ilə hədələmişdir. Dəfələrlə təşkil etdiyi tədbirlərdən onu məktəb uşaqlarının gözü qarşısında uzaqlaşdırmışdır. Artıq son illərdə vəziyyət dözülməz həddə çatmış və bütün kontingentin qarşısında təhqir və qarğışlara məruz qalmışdır. Bundan başqa İddiaçı qapı-pəncərələrini bağlatdıraraq kiminsə onu izlədiyini, işdəki hamının ona yalan danışdığını və hər kəsin ona qarşı oyun qurduğunu, eyni zamanda onun arxasının çox güclü olmasını, heç bir kəsin ona heçnə edə bilməyəcəyini bildirmişdir. İddiaçı təhqir, qarğış və alçaldıcı sözlərinə dözməyib subardinasiya qaydalarına əməl edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmiş, etdiyi müraciətdə isə onun diaqnoz qoyan şəxs olmamasını, lakin psixoloq kimi İddiaçı bir sıra pozuntuların olduğunu müşahidə etdiyini və onun obyektiv diaqnostikadan keçirilməsini xahiş etmişdir. Bildirmək istəyir ki, cavabdeh onun barəsində şikayət ərizəsində qeyd etdiyi halların düzgünlüyünü bir daha sübut etməyə çalışaraq təkrarən onun barəsində həqiqəti əks etdirməyən ifadələr işlətmiş, özünün məktəbdə dəfələrlə nizam-intizama riayət etməyərək süni problemlər yaratdığını gizlətməyə çalışmışdır. Belə ki, Cavabdeh onun haqqında səsləndirdiyi həqiqətə uyğun olmayan şərböhtan xarakterli hallar barəsində özünə haqq qazandırmaq üçün hazırda çalışdığı məktəbin işçi heyətini öz qanunsuz əməllərinə cəlb etmiş, Elnurə Məhərrəmova, Zahirova Fəxrəndə, İsmayılzadə İlhamə və Hüseynova Lamiyə, Şəhriyar (onun ərizəsində imzası olmadığı üçün qəbul edilməmişdir) adlı şəxslər tərəfindən İddiaçı barəsində həqiqətə uyğun olmayan qərəzli, düşünülmüş və özünümüdafiə xarakterli ərizələrini Masallı Rayon Məhkəməsinə təqdim etmişdir. Həmin ərizələrdə adlarını yuxarıda qeyd etdiyi şəxslər birmənalı olaraq Cavabdeh dediklərini təsdiqləmişlər. Guya ki, o, yerli-yersiz Cavabdeh alçaltmış, qarğış eləmiş, süni maneələr yaratmış və bir sözlə Cavabdeh təhqir etmişdir. Hətta Cavabdeh ərizəsində qeyd etmişdir ki, işində nizam-intizamlı olsa da, fəaliyyətində heçbir nöqsana yol verməsədə, heç bir səbəb olmadan öz vəzifə səlahiyyətlərini aşaraq guya onunla qərəzli davranmışdır. Bildirir ki, xx.xx.2023 və digər izahatlarından da görünür ki, Cavabdeh təkrar - təkrar iş rejimini pozaraq işə gəlməmiş və bununla bağlı kurslarda olduğunu bildirsə də, heç bir sənəd təqdim edə bilməmişdir, işində məsuliyyətsiz və nizamintizama riayət etmədən məktəbin inzibati bunasını dəfələrlə icazəsiz tərk etmiş, xx.xx.2021 - xx.xx.2021-cil il tarixində icazəsiz Türkiyədə olmuş, qayıdanda isə bununla bağlı heçbir sənədi olmadığını bildirmiş və buna görə xx.xx.2021-ci il və digər tarixlərdə xəbərdarlıq, töhmət, sonuncu xəbərdarlıq və şiddətli töhmət almışdır. Eləcə də, məktəbin UBR X2 ilə eyni otaqda otururlar, Cavabdeh ən yaxın rəfiqəsi olmaqla ailə dostudurlar. Fəxrəndə Zahirova məktəbin təsərrüfat işləri üzrə müavinidir, BŞTİ tərəfindən yoxlama keçirilən zaman işdə yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıq və şiddətli töhmət almışdır. İlhamə isə onun qohumu, həm də qonşusudur. Belə ki, həm Elnurə, həmdə Suğra son zamanlar məktəbin bəzi tədbirlərinə mane olmağa çalışmışlar, məktəbdə X5 Əliyevin 100 illik yubileyinə hazırlıq tədbiri keçirilərkən, bu tədbirdə Səbail rayon məktəblərinin direktorları və hər məktəbdən 15 şagirdin, eyni zamanda rayonun rəhbər işçilərinin də iştirakı nəzərdə tutulmuşdu. Həmin tədbirin hazırlığını yoxlayarkən məlum oldu ki, Suğra, Elnurə və digər əməkdaşlar Heydər Əliyev lektoriyasında icazə olmadan “Erkən Nigah” mövzusunda tədbir keçirirlər. Halbuki 10-15 dəqiqədən sonra bütün rayonun ictimaiyyəti məktəbə toplaşacaqdı. Lakin həmin vaxtda lektoriyada tamam fərqli mövzuda tədbir keçiriləcəkdi. Sözsüz ki, tədbirin keçirilməsinə yol verilmədi və səbəbi isə təşkilatçılara izah edildi. Yuxarəda qeyd olunanlardan aşıq-aşikar məlum olur ki, bütün problemlər süni yolla yaradılmışdır. Eləcə də, bu azmış kimi həm Bakı Şəhər Təhsil İdarəsinə ünvanladığı şikayət ərizəsində, həm də məhkəmə iclasında verdiyi izahatında da bir daha bu halları təsdiqləmiş, şəxsiyyət pozuntusundan və sklerozdan əziyyət çəkdiyini, hətta bu halı əminliklə qeyd etməsi, ziyalı bir insanı çəkinmədən “Hegemon” adlandırması və s. kimi həqiqəti əks etdirməyən ifadələr və bu məktəbi belə bir direktora həvalə edilməməli olduğuna dair açıq çağırışlar etməsi, həm ona qarşı şər böhtandır, eləcə də, işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələyərək və cəmiyyətdə barəsində mənfi rəyin formalaşmasına səbəb olmuşdur. Qanunvericiliyin tələblərinə görə də, cavabdeh bir başa qanunvericiliyin tələblərini pozmuş, həqiqəti əks etdirməyən məlumatları yaymışdır. Məhkəmə tərəfindən müəyyən olunmuş işin halları və qənaətini formalaşdıran sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə kifayətlənmiş, onu hüquqi cəhətdən əsaslandırmamışdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənmiş, sübutlar əlaqələndirilməmiş, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımı hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcək. İddiaçını nə sosial şəbəkələrdə, nədə kollektivdə təhqir etməmişdir, amma özünün və iş kollektivinin ərizələrində də bildirdikləri kimi özü kollektiv içərisində hər zaman təhqirlərə məruz qalmışdır. Bunlara artıq dözməyib Bakı Şəhər Təhsil İdarəsinə öz şikayətini bildirmişdir. Şikayətdə heç bir təhqiredici cümləyə və fikirə yer verməmişdir. Gördüklərini və müşahidə etdiklərini daha səlahiyyətli şəxslərdən araşdırmasını tələb etmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmədə iştirak etməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə həmin şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının vəkili, eyni zamanda nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddianın verilməsinə əsas olmuş Cavabdeh Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etdiyi müraciətin məzmunu aşağıdakı kimidir: Salam. Mən məktəb psixoloquyam. Məktəblərdə sağlam psixoloji mühitin təmin olunmasında, qorunmasında biz psixoloqların böyük rolu olmalıdır. Bəs psixoloq özü direktor tərəfindən valideynlər, şagirdlər və müəllimlər içərisində davamlı təhqirə, mobbinqə məruz qalırsa və hətta üzü-üzünə təhsil ocağına layiq olmayan qarğışlar (çox acınacaqlıdır) olunursa, bu hal necə tənzimlənməlidir. Artıq 17 ildir mən o məktəbdə fəaliyyət göstərirəm və heç bir kontingentin üzvi ilə problem" yaşamamışam (araşdırıla bilər). Hər zaman istənilən məsələyə vəzifəmin də irəli sürdüyü kimi humanist və tolerant yanaşmışam. TN və BŞTİ-nin təşkil etdiyi təlim və kurslara gedərkən hər zaman süni problem ilə üzləşmişəm. Niyə bizlərin inkişafı bu cür köhnə fikirli insanları qorxudur. Psixoloqun fəaliyyətini qəbul etmir, hətta görmək istəmir. Mən və mənim iş yoldaşlarım daim süni problemlərlə üzləşirik. Sözümüzü belə, deməkdən hər zaman çəkinmişik. Çünki deyənlərin aqibətini mən daxil, görmüşük. Bu insan artıq 30 ildir eyni yerdə işləyir və o müəssisəni öz obyekti kimi mənimsədiyi üçün bizləri evinin qulluqçusu kimi görür. Hər əmrə sözsüz tabe olmağı tələb edir. Etmədikdə də nəticə mənim yaşadıqlarım kimi olur. Bu insanın 70 yaşı var, şəxsiyyət pozuntusundan, sklerozdan əziyyət çəkir. Mən diaqnoz qoyan şəxs deyiləm, amma obyektiv diaqnostika keçirilərsə bunun sübutu öz əksini tapar. TN əli ilə məni işdən çıxaracağı ilə hədələyir. Niyə? Öz havadarlarına bu qədər mi güvənir? "Mənə heç kim heç nə edə bilməz, mənim adamım çox güclüdür" deyir. Kimdir bu şəxsə havadarlıq edib onun bu cür hegemonluq etməsinə səbəb olan? Niyə mən və digər yoldaşlarım işə gələrkən düşünməliyik ki, bu gün nə baş verəcək. Təhsil qalıb bir kənara, bizdə hər gün belə söhbətlər "xırdalanır". Bizim məktəbimizdə iş və münasibətlər şəxsi prinsiplər əsasında qurulur. Hər gün qarğış, nalə, negativ aura (ətrafındaki hər kəsə). Gəl də sağlam psixologiya ilə işlə. Belə məmurlar bizləri işimizdən, dövlətimizdən, qanunlardan incik salırlar. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası : Maddə 24 Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26 Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 46 Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Maddə 47 Hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Maddə 50 Hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Maddə 57 Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Maddə 1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Mülki Məcəllə : Maddə 23.1 Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Maddə 23.4 Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı : Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli Qərarı: 3-cü bəndə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası: Maddə 10.1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Maddə 10.2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Baxılan iş üzrə iddiaçı cavabdehin ona qarşı mülki-hüquq pozuntusu (delikt) törətməklə şərəf və ləyaqətlərini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasına və bunun nəticəsində zərər çəkməsinə istinad edir. Qeyd olunan tələbin hüquqi əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların iddiaya tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri müəyyən edilməli, onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. Hazırkı mübahisədə cavabdehin istinad olunan əməli (hərəkəti) törətməsi, yəni vəzifəli şəxs olan iddiaçının barəsində tabe olduğu yuxarı dövlət orqanına müraciət göndərməsi işin mübahisəsiz halıdır. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən belə müraciətin göndərilməsi onun dövlət orqanına müraciət etmək, habelə söz və fikir azadlığı hüquqlarının ifadəsi olmaqla yanaşı, məsələ iddiaçının şərəf və ləyaqətinin, işgüzar nüfuzun qorunması hüququ baxımından da təhlil edilməli, cavabdehin qeyd olunan hüquqlarından qanunla müəyyən edilmiş hədlər çərçivəsində istifadə edib-etmədiyinə, iddiaçının hüquqlarına müdaxilənin qanuna zidd və mütənasib olub-olmadığına, iddiaçının həmin əməldən zərər çəkib-çəkmədiyinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə, belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir. Qeyd edilir ki, cavabdeh tərəfin dövlət orqanına ünvanladığı şikayət ərizəsi iddiaçının şəxsiyyətinə qarşı deyil, məhz onun daşıdığı publik vəzifə səlahiyyətlərindən irəli gələn fəaliyyətinin tənqid olunmasına yönəlmiş və nəticə etibarı ilə həmin müraciət əsasında iddiaçının yaş həddi nəzərə alınmaqla məktəb direktoru kimi fəaliyyətinə xitam verilmişdir. Avropa Məhkəməsi qərarlarında bu şəkildə tənqidi “vətəndaş mövqeyinin bildirilməsi” kimi qiymətləndirərək, onun məhdudlaşdırılmasını ciddi şəkildə tənqid etmişdir (Chorherr Avstriyaya qarşı (1993)) Kollegiya hesab edir ki, iddiaçı digər şəxslərdən fərqli olaraq publik vəzifə daşıyan şəxs kimi fəaliyyəti ilə bağlı tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxunabiləcək fikirlərə qarşı dözümlülük nümayəş etdirməlidir. Nəzərə alınmalıdır ki, cavabdehin şikayəti və şikayətdə yer alan ifadələr məhz cavabdehin öz hüquqlarının qorunmasına xidmət etmiş və həmin ifadələr mətbuata deyil, vətəndaşın hüquqlarının qorunmasına yardım etmək səlahiyyəti olan Dövlət qurumuna ünvanlanmışdır. Kollegiya hesab edir ki, İddiaçı Bakı şəhəri Səbail rayonu X4 adına 239 tam orta məktəbin direktoru kimi publik vəzifə daşıyan şəxs olaraq, cavabdeh tərəfindən yuxarı Dövlət qurumuna (Bakı Şəhəri üzrə Təhsil İdarəsinə) məhz öz hüquqlarının qorunmasına xidmət etmiş şikayətdə yer alan tənqidi və bəzən çox sərt və ilk baxışdan nüfuzuna toxunabiləcək fikirlərə qarşı dözümlülük nümayəş etdirməli olduğundan, həmin cavabdehə qarşı irəli sürdüyü “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi” tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəməkollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli 2(050)-173/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-844/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-844/2024
05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver