Məhkəmə qərarları › İş №2(106)-857/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-857/2025

13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-857/2025 13.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Mahir Abdulla oğlu Əsədlidən ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, tərəflərin iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurduğu mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, ikinci qrup Qarabağ müharibəsi əlilidir. Cavabdehi kənd sakini kimi uzun illərdir ki, tanıyır. Cavabdehlə eləcə də, onun ailə üzvləri ilə münasibətləri həmişə normal olmuşdur. 2024-cü ilin əvvəllərindən cavabdeh heç bir əsaslı səbəb olmadan onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Sabirabad Rayon Polis X6 Bölməsinə əsassız şikayətlər etməyə başlamışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, Cavabdeh bütün şikayətləri əsassız olduğu üçün rədd edilmişdir. Cavabdeh hər dəfə əsassız şikayət etdikdə onun əsəbləri pozulmuş, heç bir hüquqazidd əməl törətmədiyi halda Polis Şöbəsinə çağırılaraq izahatları alınmış, ciddi mənəvi iztirablar çəkmişdir. Baş vermiş hadisələrlə bağlı mütəmadi olaraq müalicələr almaq məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, onun rədd edilməsini xahiş etmiş, etirazında bildirmişdir ki, cavabdeh onun yerini suya basmış, dəfələrlə onu təhqir etmiş, hətta kənd daxilində onun adına başqa kişi ilə gəzməsi barədə söz-söhbət çıxarmışdır. Buna görə də o, sonuncu barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib şikayət etmişdir. Bu xüsusda şikayət etməsi vətəndaş olaraq onun haqqıdır. O, iddiaçıya qarşı heç bir mənəvi ziyanverici hərəkət etməmişdir. Sadəcə hüquqi baxımından ədalətin bərqərar olmasını istəmişdir. Əslində iddiaçının hazırki tələblə müraciət etməsinin səbəbi tamamilə başqadır. Belə ki, iddiaçı ona və ailə üzvlərinə məxsus torpaq sahəsini almaq istəmiş, o isə buna qarşı olmuşdur. Bundan sonra ona qarşı təhqirlər və adına sözçıxarmalar başlamışdır. İddiaçı ona açıq-aydın bildirmişdir ki, o, Qarabağda döyüşdüyü üçün haraya getsə onun sözü eşidiləcəkdir. Sabirabad Rayon Məhkəməsinin (hakim S.Allahverdiyev) 27 yanvar 2025-ci tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, 2024-cü ilin əvvəllərindən cavabdeh heç bir əsaslı səbəb olmadan onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Sabirabad Rayon Polis X6 Bölməsinə əsassız şikayətlər etmişdir. Cavabdeh hər dəfə əsassız şikayət etdikdə onun əsəbləri pozulmuş, heç bir hüquqazidd əməl törətmədiyi halda Polis Şöbəsinə çağırılaraq izahatları alınmış, ciddi mənəvi iztirablar çəkmişdir. Baş vermiş hadisələrlə bağlı mütəmadi olaraq müalicələr almaq məcburiyyətində qalmışdır. Şikayətə görə, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, özü xəstədir. Cavabdeh torpaq sahəsini ona satıb. Əsassız olaraq ondan şikayətlər edir. O qazidir. Onun lövhədə olan şəkillərini çəkib “tik-tok” sosial şəbəkəsində paylaşıb. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçı tərəfindən onun torpaq sahəsi suya verilmişdir. Ona görə də iddiaçıdan şikayət etmişdir. İddiaçı onun adına əxlaqsız sözlər demişdir. İddiaçı onun bostanından oğurluq etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı tələbində cavabdehdən ona vurduğu mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pulun ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin əvvəllərindən cavabdeh heç bir əsaslı səbəb olmadan onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Sabirabad Rayon Polis X6 Bölməsinə əsassız şikayətlər etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, aralarında yaranmış münaqişələrlə bağlı cavabdeh iddiaçı barəsində polis orqanlarına şikayətlər etmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçı, polis mayoru X2 04 iyun 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərardan görünür ki, Cavabdeh Sərədan qızının müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 389 nömrə ilə qeydə alınaraq araşdırılmış material üzrə cinayət işi başlanması rədd edilmiş, X8 barəsində İXM-nin 232-1-cı maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Sabirabad RPŞ-nin İTB-yə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokuroruna, şikayətçi Cavabdeh Sərədan qızına göndərilməsi qərara alınmışdır. Həmin qərardan bəlli olur ki, Cavabdeh xx.xx.2024-cü ildə AR DİN-in 102 Xidmətinə zəng vuraraq, xx.xx.2024-cü ildə şifahi ərizə protokolla Qaragüney PB-nə müraciət edərək, qonşusu X4 ona məxsus 3 ha qarpız və süpürgə sahəsinə qəsdən su açaraq ərazisini yararsız hala saldığını bildirmişdir. Eyni zamanda X5 barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Sabirabad RPŞ-nin İTB-yə göndərilmişdir. Bundan başqa, Sabirabad rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçı, polis baş leytenantı X1 19 mart 2024-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi barədə» qərarından görünür ki, İddiaçı əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardan bəlli olur ki, Cavabdeh xx.xx.2024-cü ildə AR DİN-in 102 Xidmətinə zəng vuraraq, dünən həmkəndlisi Nizaminin oğlu Mirzənin onun qarşısını kəsərək öldürməklə hədələdiyini bildirmiş, xx.xx.2024-cü ildə Qaragüney PB-nə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2024-cü ildə həmkəndlisi İddiaçı onun yaşadığı evinə gələrək ünvanına nalayiq ifadələr işlətməsini və onu öldürməklə hədələməsini bildirmişdir. Sabirabad RPŞ-nin Qaragüney PB-nin sahə rəisi Sahib Baxışov tərəfindən Cavabdeh Sərəstan qızının DİN-in “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti əsasında toplanmış materiala dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh Sərəstan qızının torpaq sahəsini İddiaçı adlı şəxsin qəsdən bilərəkdən suya basmasını və nəticədə onun şumlanmış sahəsinin yararsız vəziyyətə düşməsi və ziyan dəyməsi barədə DİNin “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti icraatına daxil olmuş, bununla yanaşı, Cavabdeh Sərəstan qızı xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə özünə məxsus torpaq sahəsini həmkəndlisi İddiaçı suya verərək ziyan vurmasını bildirmişdir. Aparılmış araşdırma zamanı Cavabdeh izahatında xx.xx.2024-cü il tarixdə həmkəndlisi İddiaçı onun əkinini suya verdiyi üçün əsəbləşərək DİN-in “102” Xidməti-zəng mərkəzinə müraciət etdiyini, lakin hazırda müraciəti ilə əlaqədar şikayət və tələbinin olmadığını göstərmişdir. Sabirabad RPŞ-nin Qaragüney PB-nin sahə rəisi Sahib Baxışov tərəfindən İddiaçı DİNin “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti əsasında toplanmış materiala dair xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı Əfsanə adlı şəxs tərəfindən şərlənməsi barədə DİN-in “102” Xidməti-zəng mərkəzinə etdiyi müraciəti icraatına daxil olmuş, bununla yanaşı, İddiaçı xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin Qaragüney PB-nə ərizə ilə müraciət edərək, həmkəndlisi Cavabdeh, əri İlkin və atası Sərəstan tərəfindən şərlənməsini bildirmişdir. Aparılmış araşdırma müddətində İddiaçı izahatında həmkəndliləri X9, onun həyat yoldaşı Cavabdeh Sərəstan qızı və Əfsanənin atası Sərəstanın onun barəsində kənddə müxtəlif sözlər danışaraq onu şərləməsini göstərmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki halda cavabdehin pozulmuş hüquqlarının müdafiəsi üçün polis orqanına müraciətlər etməsi iddiaçının mənəvi zərərə uğramasının əsasını təşkil etmiş hesab edilə bilməz. Belə ki, cavabdehin torpaq sahəsinin suya verilməsi ilə əlaqədar araşdırma nəticəsində həmin faktın mövcudluğu təsdiqini tapmış, əməlində inzibati xəta tərkibi olduğu hesab edilən Əhməd Xəlilli barəsində qanunamüvafiq tədbir görülməsi üçün materialın İTB-nə göndərilməsi qərara alınmışdır. Digər tərəfdən Cavabdeh İddiaçı tərəfindən təhqir edilməsi ilə bağlı, İddiaçı isə Cavabdeh tərəfindən şərlənməsi ilə bağlı polis orqanına müraciət etmiş, həmin müraciətlər üzrə qarşılıqlı araşdırmalar nəticəsində hər iki tərəfin müraciətinin əsaslılığı müəyyən edilməmişdir. Bununla yanaşı, o da qeyd edilməlidir ki, iddiaçı tələbində baş vermiş hadisələrlə bağlı mütəmadi olaraq müalicələr almasını göstərmiş olsa da, ərizəsinə bu barədə hər hansı sübut təqdim etməmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: İddiaçı ona vurulmuş ziyanı tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri- maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarında hüquqi mövqeyini belə ifadə etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiya qeyd edir ki, hazırkı halda sübut etmə yükü iddiaçının üzərindədir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı mənəvi ziyana məruz qalmasını əsaslandırmamış, məhkəmədə işə baxılarkən mənəvi iztirablara məruz qalması ilə bağlı sübut təqdim etməmişdir. Bundan başqa, mənəvi ziyan tələbinin təmin edilməsi, bir qayda olaraq, əsas tələbin təmin edilməsi ilə bağlı olur. Cavabdehin hər-hansı hüquqpozma və ya delikt törətməsi müəyyən edilməmişdir. Cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ziyan vurulduğunu sübuta yetirmək iddiaçının üzərindədir. İddiaçı bu halı da sübuta yetirə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, doğru nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(056)-86/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar