Məhkəmə qərarları › İş №2(106)-870/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-870/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-870/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(032)-970/2023 saylı, 06 mart 2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək qanunsuz tələblərinin icra edilməsi ilə əlaqədar cavabdeh tərəfindən ona və şəhid övladının xatirəsinə qarşı edilən həqarətlər nəticəsində ona vurulmuş 15.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 2(032)-970/2023 saylı, 30 dekabr 2023-cü il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Neftçala Rayon Məhkəməsinin 2(032)-970/2023 saylı, 06 mart 2024-cü il tarixli (hakim Ceyhun Qədimov) qərardadı ilə, Neftçala Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi, vəkil X1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən şikayət verilmişdir. Neftçala Rayon Məhkəməsinin 2(032)-970/2023 saylı, 27 mart 2024-cü il tarixli (hakim Ceyhun Qədimov) qərardadı ilə, Neftçala Rayon Məhkəməsinin 2(053)-970/2023 nömrəli iş üzrə 06 mart 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət edilməyərək, şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Neftçala Rayon Məhkəməsinin 2(032)-970/2023 saylı, 30 dekabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti məhkəmə tərəfindən geri qaytarılmışdır. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, verilmiş apelyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə və 2 saylı Əlavəyə uyğun tərtib edilməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək hüququ istər iddiaçıya istərsə də cavabdehə prosessual qanunvericiliklə tanınmış hüquqdur. Lakin hüququn realizəsi məhz subyektlərin qənaəti ilə deyil prosessual qanunvericiliyin tələblərinə uyğun həyata keçirilikdə mümkün olmalıdır. Belə ki, MPM-nin 361.1-ci maddəsində də “bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayəti” sözləri yazılmaqla məhz apellyasiya şikayətinin verilməsi qaydası və formasının MPM-nin tələblərinə uyğun olmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1.4-cü maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. 361.1.5-ci maddəsinə əsasən apelyasiya şikayətində şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən apelyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. MPM-də göstərilən “2 saylı Əlavə”yə uyğun olaraq apelyasiya şikayəti verən şəxs Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri, Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlilləri, Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlilləri, irinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlilləri öz apellasiya şikayətində göstərməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə nəzər yetirdikə isə görünür ki, şikayət forma və məzmun baxımından qanunvericiliyin yuxarıda göstərilən müddəalarına, həmçinin Azərbaycan Respublikası MPM-nə 2 nömrəli əlavəyə ziddir. Belə ki, şikayətdə Azərbaycan Respublikası MPM-nə 2 nömrəli əlavənin 2, 3 və 9 – 11ci bəndlərində nəzərdə tutulmuş: «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», «Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» göstərilməyib. Həmçinin apellyasiya şikayətini imzalayan şəxs X1 işdə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili qismində iştirak etməsinə baxmayaraq, apellyasiya şikayətində sonuncunun adı yalnız nümayəndə kimi göstərilib. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin 2(032)-970/2023 saylı, 06 mart 2024-cü il tarixli ı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(032)-970/2023 saylı, 06 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar