Məhkəmə qərarları › İş №2(106)-880/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-880/2025

04.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-880/2025 04.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, X5 oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “18 yaşdan yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa aliment ödənilməsi və ona qulluq edilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-485/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı X6 iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən (2020-ci ildən) oğlunun ömrünün axırınadək xx.xx.1998-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan: qulluq edənə yaşayış minumumu ölkə üzrə 246 manat, uşaq üçün olan 220 manat, ayda cəmi hər ay 466 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh uşağa baxmır, onun ehtyaclarını ödəmir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, himayəsində üç yetkinlik yaşına çatmayan uşaq var. Uşaqlarından biri xəstədir və onun müalicəsi üçün pul lazımdır. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-485/2025 saylı qətnaməsi ilə (Hakim: Lətafət Ağakişiyeva), İddiaçı Cavabdeh qarşı “18 yaşdan yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa aliment ödənilməsi və ona qulluq edilməsi” tələbi barədə iddiasının qismən təmin edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.1998-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində və qulluq etməyə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, bildirmişdir ki, İddiaçı ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət edərək xx.xx.1998-ci il təvəllüdlü X1 üçün qulluq edənə görə 246 manat, uşaq üçün 220 manat, cəmi 466 manat alimentin ondan tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan İmişli Rayon Məhkəməsi iddia ərizəsini qismən təmin edərək sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində və qulluq etməyə görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul etmişdir. Mahiyyəti üzrə bildirir ki, o sözügedən qətnamə ilə razı deyil. Məhkəmə qanunsuz olaraq yüksək məbləğdə aliment kəsmişdir. Qeyd edir ki, o heç bir yerdə işləmir. Bildirir ki, o iddiaçıdan ayrılandan sonra 2007-ci ildə başqa şəxslə nikaha daxil olmuşdur və onların birgə nikahlarından 3 yetkinlik yaşına çatmayan uşaqları vardır və həmin uşaqlardan biri də xəstədir. Həmçinin o özü də şəkər xəstəliyindən əziyyət çəkir. Belə ki, birinci instansiya məhkəməsi onun maddi vəziyyətini və təyin edilən alimenti ödəyə bilib-bilməyəcəyini araşdırmamışdır. Məhkəmə araşdırma aparmadan yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlar və sənədlər əsasında qeyri-qanuni qətnamə qəbul etmişdir. Bildirir ki, iddiaçının aliment tələb etdiyi xx.xx.1998-ci il təvəllüdlü X3 1-ci qrup əlildir, ona dövlət tərəfindən pensiya və baxım pulu ödənilir. Ona görə də hesab edir ki, hazırkı iddia əsassızdır. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-485/2025 saylı qətnaməsinin ləğv olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-485/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-485/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, kollegiya İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-485/2025 saylı qətnaməsinin Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həddində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Ailə Məcəlləsinin: 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 45.1-ci maddəsinə əsasən, Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 85.1.2-ci maddəsinə əsasən, 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə iddianın qismən təmin edilməsini müəyyən edərkən, tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, işin faktiki hallarını tam, hərtərəfli və tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmamış, nəticədə qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsas yaratmışdır. Belə ki, məhkəmə kollegiyası iş materialların araşdıraraq müəyyən etdi ki, İddiaçı iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh övladları xx.xx.1998-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan: qulluq edənə yaşayış minumumu ölkə üzrə 246 manat, uşaq üçün olan 220 manat, ayda cəmi hər ay 466 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X3 İ qrup əlildir. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. xx.xx.1998-ci il təvəllüdlü X2 üstün mənafelərinin qorunması və xərclərinin minimum səviyyədə qarşılanması məqsədilə tərəflərin maddi vəziyyətinə və şəxsin mənafeyinə uyğun olaraq sonrakı artımlar nəzərə alınmaqla, xx.xx.2024-cü il tarixdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulmasını məhkəmə məqsədə müvafiq hesab edir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi xx.xx.1998-ci il təvəllüdlü X2 1-ci dərəcə əlil olmaqla maddi yardıma ehtiyacı olmasını, iddiaçının onu saxlamaqda çətinlik çəkməsini nəzərə alaraq cavabdehdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində alimentin tutulmasını qət etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin qulluq edənə alimentin tutulması hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və mövqeyini aşağıdakılarla əsaslandırır: Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, İddiaçı həm övladı X2 1-ci dərəcə əlil olması, həm də ona qulluq edilməsi ilə bağlı, ümumilikdə, 470 manat pensiya alır. Cavabdeh isə rəsmi iş yeri yoxdur və X4 ilə rəsmi nikahda olmaqla himayəsində üç uşağı vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki şəraitdə cavabdehdən əlavə olaraq qulluq edənə görə də hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələblərinə uyğun deyil, eyni zamanda, cavadehin himayəsində olan üç uşağın mənafeyinin pozulmasına səbəb olacaqdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N. Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası işin halları və apellyasiya şikayətinin dəlillərinə məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-485/2025 saylı qətnaməsi qismən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.1998-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə qulluq etməyə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutulması hissəsində ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-485/2025 saylı qətnaməsi qismən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.1998-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə qulluq etməyə görə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,28 misli həddində sabit pul məbləğində aliment tutulması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Qətnamədə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar