Məhkəmə qərarları › İş №2(106)-889/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-889/2023

04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-889/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(032)-103/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 86000 (səksən altı min) manat məbləğdə pul vəsaitinin və ödənilmiş 348 manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(032)-103/2023 saylı qətnaməsi ilə (hakim Etibar Hümbətov) iddia qismən təmin olunaraq, Cavabdeh 10600 (on min altı yüz) manat məbləğdə pulun alınaraq İddiaçı verilməsi, məhkəmə xərclərinin 12 faizinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 348 manat pulun 12 faizi - 42 manatın alınaraq İddiaçı verilməsi və qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı tərəfindən Şirvan Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(032)- 103/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən təmin edilməsi hissəsində ləğv edilməsini və Cavabdeh İddiaçı xeyrinə 86000 (səksən altı min) manat məbləğdə pul vəsaitinin tutulmasına dair yeni qətnamə çıxarılmasını xahiş edilmişdir. İŞİNHALLARİ: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən 86000 (səksən altı min) manat məbləğində qızıl-zinət əşyalarını aldadılaraq dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi Sərdar Rüstəmov tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılmış və aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinə göndərilmişdir. Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq İdarəsinin müstəntiqi polis kapitanı Quliyev Emil Fail oğlunun 10 fevral 2022-ci il tarixli qərarına əsasən cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərara əsasən Cavabdeh ona 86000 (səksən altı min) manat məbləğində borcunun olması tam sübuta yetirilmişdir. Belə ki, həmin qərarın əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Cavabdeh İddiaçı olan 86000 (səksən altı min) manat məbləğində olan borcun alınması məsələsinə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində Cavabdeh verdiyi 25 may 2021-ci il tarixli yazılı izahatında ərinə məxsus (050) *** ** ** nömrə ilə qeydiyyatdan keçmiş özünün istifadəsinə olan mobil telefonla “Whatsapp” proqramı vasitəsilə 40000 manat borcunun olmasını etraf etmiş, lakin izahatında bunun səbəbini İddiaçı özünü öldürəcəyindən qorxması və vaxt uzatmaq səbəbindən bu cür addım atdığını göstərmişdir. Lakin məhkəmə tərəfindən 40000 manat borcunun olmasını etraf etməsi ilə bağlı hallar araşdırılmamış, ********* nömrəli cinayət işi üzrə materialın tələb edilməsi bağlı məhkəmə tərəfindən müvafiq sorğu göndərilsə də, materialın məhkəməyə daxil olması gözlənilmədən qətnamə qəbul edilmişdir. İş materiallarında olan NBPİ-nin İstintaq və təhqiqat bölməsində Cavabdeh verdiyi 25 may 2021-ci il tarixli yazılı izahatından görünür ki, hal-hazırda İddiaçı ümumilikdə 10600 manat məbləğdə borcu olduğunu və həmin borcu Xəyalə qəbul edib razılaşacağı təqdirdə hissə-hissə ödəməyə hazır olduğunu bildirmişdir. İşin faktiki hallarından və İddiaçı müraciəti əsasında Hava NBPİnin İB-də toplanmış materiala əlavə olunmuş izahatlardan da görünür ki, tərəflər arasında qızıl məmulatları və geyim əşyalarının nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. Cavabdeh nümayəndəsi Vəkil1 izahatında cinayət işinin icraatına xitam verilməsi qərarında da göründüyü kimi iddiaçının iddia ərizəsində göstərdiyi məbləğin real məbləğ olmamasını, iddiaçının cinayət işinin icraatına xitam verilməsi qərarında verdiyi izahatında Cavabdeh verdiyi qızıl-zinət əşyalarının Bakı şəhərində qızıl alveri ilə məşğul olan Əli adlı tanışından aldığını bildirməsinə baxmayaraq, zərgər Əli Əliyev istintaqa ifadəsində İddiaçı ümumilikdə 5000 manat məbləğində qızıl-zinət əşyaları verdiyini qeyd etdiyini, cavabdehin “Whatsapp” sosial şəbəkəsində 40000 manat borcunun olmasını etiraf etməsi ilə bağlı iddiaçının ərinin onu öldürəcəyi qorxusu ilə cavabdehi qorxutduğundan cavabdeh ərinin mobil telefonundan “Whatsapp” vasitəsi ilə 40000 manat borcunun olmasını bildirdiyini, cavabdehin 40000 manat borcu olmasının öz telefonu ilə deyil, yoldaşının telofonu ilə yoldaşının adından yazmasını birinci instansiya məhkəməsində etiraf etdiyi məbləğin 10600 manat olduğunu, cavabdehin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində verdiyi izahatın onun iştirakı ilə baş tutduğunu, bu halın borcun etiraf edilməsi halı kimi qiymətləndirilə bilməsinin qeyri-mümkünlüyünü bildirmişdir. Həmin izahatlar onun iştirakı ilə alındığı və həmin izahatların surətləri işə əlavə edildiyi üçün onların yenidən sorğu edilməsi lüzumsuzdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Şirvan Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(032)-103/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin İstintaq və təhqiqat bölməsində 10 fevral 2022-ci il tarixli Cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlamış və ibtidai istintaq aparılan ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. İşdə olan NBPİ-nin İstintaq və təhqiqat bölməsində Cavabdeh verdiyi 25 may 2021-ci il tarixli yazılı izahatından görünür ki, hal-hazırda İddiaçı ümumilikdə 10600 (on min altı yüz) manat borcu olduğunu və həmin borcu Xəyalə qəbul edib razılaşacağı təqdirdə hissəhissə ödəməyə hazır olduğunu bildirmişdir. İşin faktiki hallarından və İddiaçı müraciəti əsasında Hava NPİnin İB-də toplanmış materiala əlavə olunmuş izahatlardan da görünür ki, tərəflər arasında qızıl məmulatları və geyim əşyalarının nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq iddianın təmin edilməyən hissəsinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, apellyasiya şikayətinin 86000 manat məbləğdə alınmış borc pulun qətnamə ilə təmin olunmayan qalan hissəsinin də Cavabdeh tərəfindən İddiaçı qaytarılması barədə dəlili formal mülahizə xarakterli olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Habelə, kollegiya hesab edir ki, iddiaçının cavabdehə 86000 manat məbləğində qızıl-zinət əşyalarının nisyə alqı-satqısı halını və bu xüsusda da iddia edilən miqdarda borcun mövcudluğunu təsdiq edən mötəbər sübutların olmaması, habelə işdə olan Cavabdeh tərəfindən iddiaçının özünü öldürəcəyi səbəbindən əri Hüseynov Cəlil Elçin oğluna məxsus mobil telefonda “Whatsapp” proqramı vasitəsilə ərinin adından 40000 manat borcunun olmasını bildirməsi heç də MPM-in tələbləri baxımından iddianın etirafı kimi qiymətləndirilərək, idddianın tam təmin edilməsi üçün əsas vermir. Eynilə, Cavabdeh İddiaçı 40000 manat məbləğində borcun olmasına dair həmin “Whatsapp” yazısındakı müvafiq qeyd hər hansı digər sübutlarla da təsdiq edilmir. Bütün bunlara əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Belə ki, qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Habelə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrinin rəhbər tutaraq QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 03 mart 2023-cü il tarixli 2(032)-103/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar