Məhkəmə qərarları › İş №2(106)-895/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-895/2025

24.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-895/2025 24.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: aliment tələbi. Şirvan şəhəri, 24 iyun 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(018)-553/2025 saylı qətnaməsindən (hakim: Ş.Meybullayeva) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2024-cü ilin yanvar ayından başlayaraq birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il tarixdə X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ailə quraraq uzun müddət birlikdə yaşamışlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 adlı övladları olmuşdur. Hal-hazırda uşaq onun himayəsindədir. Evləndikdən sonra aralarında olan narazılıqlara görə nikahları məhkəmə qaydasında pozulmuşdur. Çətinliklə də olsa anasının köməyi ilə uşağını böyüdür. Uşağının atası ona heç bir köməklik etmir. Dəfələrlə bu məsələni könüllü qaydada həll etməyə çalışmağına baxmayaraq bu günə kimi heç bir nəticəsi olmamışdır. Baxmayaraq ki, yüksək maaş alır. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Qanunla müəyyən edilmiş qaydada cavabdehdən uşağın saxlanılması üçün hər ay qazancından 1/4 hissəsinin tutulub ona verilməsi barədə qətnamə çıxarılmalıdır. Cavabdeh bu müddət ərzində uşağı ilə maraqlanmamış və heç bir maddi yardım etməmişdir. Cavabdehin daimi işi vardır. Ona görə də məhkəmə tərəfindən əmək haqqının 1/4 hissəsi məbləğində aliment qət edilməlidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, cavabdehin xarici şirkətlərə məxsus gəmidə işlədiyini, 2000 manat civarında əmək haqqı aldığını, cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında, təxminən 400 manat məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən onun mövqeyini öyərnmək mümkün olmamışdır. Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(018)-553/2025 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbinə” dair iddiası qismən təmin edilmiş, 06 fevral 2025-ci il tarixindən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulması, iddia qalan hissədə təmin olunmaması, İddiaçı aliment tələbi barədə iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin iddia ərizəsinin verilməsinə görə 49.52 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Astara rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(018)-553/2025 saylı qətnaməsi qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından, həmin qətnaməni ləğv edib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə vermiş olduğu izahatında məhkəməyə yanlış məlumat vermişdir. Belə ki, tərəflər 2010-cu ildə faktiki nikaha daxil olub evlənmişlər, həmin nikahdan onların xx.xx.2011-ci ildə X4 və 09.10. 2013-cü ildə X3 adlı iki uşaqları doğulmuşdur. Onlar 17 fevral 2014-cü il tarixdə həmin nikahlarını rəsmləşdirmişlər. Həmin nikah 13 iyun 2017-ci il tarixdə Astara rayon Məhkəməsinin 2(018)-918/2017 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahlarından doğulmuş 09 oktyabr 2013-cü il təvəllüdlü X3 iddiaçı X1 himayəsində, 09 fevral 2011-ci il təvvəlüdlü X4 isə Cavabdeh himayəsində saxlanması müəyyən olunmuşdur. Məhkəmə azyaşlı uşaqların hər birinin valideynlərdən birinin yanında saxladığı üçün onların saxlanmasından ötrü aliment müəyyən etməmişdir. İddiaçı da qətnamə ilə razı olduğu üçün qətnamədən şikayət verməmiş, qətnamə qanun qüvvəsini almışdır. Belə ki, bir iş barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi varsa, həmin işə yenidən baxmaq olmaz. Lakin bu barədə məhkəməyə hər hansı bir məlumat verilmədiyindən məhkəmə bu halı bilməmişdir. Məhkəmə 12 mart 2025-ci il tarixdə məhkəmə iclası keçirirərkən, cavabdehə göndərilmiş məhkəmə bildirişi ona çatmamış, oda üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməmiş və həmin məlumatları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsində qeyd olunur ki, Apellyasiya instansiya məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya məhkəməsində təqdim etdikləri yeni sübutlar tədqiq edilərsə bu faktiki halın işin nəticəsinə təsir edəcək halları müəyyən ediləcəkdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərinin məzmununa uyğun izahat vermiş, onun təmin edib, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş, onun təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2010-cu ildə faktiki nikaha daxil olub evlənmişlər, Nikahlarından xx.xx.2011-ci ildə Nemət və xx.xx.2013-cü ildə isə Tunay adlı iki uşaqları doğulmuşdur. Nikahlarını 17 fevral 2014-cü il tarixdə rəsmləşdirmişlər. Həmin nikah 13 iyun 2017-ci il tarixdə Astara rayon Məhkəməsinin 2(018)-918/2017 saylı qətnaməsi ilə pozulmuş, uşaqlardan Tunay onun, Nemət isə atasının yanında saxlanılmışdır. Nikah pozularkən aliment müəyyən etməmişdir. Birinci instansiya məhkəməsində də eyni xarakterli izahat vermişdir. Lakin sonradan yanında saxlanılan uşağın xərclərini ödəyə bilmədiyindən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdehin nümayəndəsi (vəkili) verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardı “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün minimum əmək haqqı 345, 2025-ci ildə isə 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə mülki işin materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş müvafiq sənədlər əsasında müəyyən etmişdir ki: İş materiallarına əlavə edilmiş, yaşayış yeri barədə Astara rayon İHB-nın Şüvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 27 yanvar 2025-ci il tarixli 80 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu Şüvi kəndində yaşayır. İş materiallarına əlavə edilmiş, Astara rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə X1 nikahı Astara Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İş materiallarına əlavə edilmiş, Astara rayon Şöbəsi tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, 09 oktyabr 2013-cü il tarixdə anadan olmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş, AZE seriyalı 11980049 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 09 oktyabr 2013-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdir, Astara rayonu, Vəznəş kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” ayarışdan görünür ki, 24 yanvar 2025-ci il tarixində, saat 14:30-da keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. İddiaçı 50 (əlli) manat İMS rüsumu, 10 (on) manat məbləğində kargüzarlıq xərci ödəmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. İddiaçı isə qətnamə ilə razılaşmış və apellyasiya şikayəti verməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili iddiaçının birinci instansiya məhkəməsində yanlış izahat verməsi, tərəflərin bir deyil, 2 uşağının olması, nikahlarının 2017-ci ildə pozulması, nikah pozularkən uşaqlardan birinin iddiaçının, digərinin isə cavabdehin yanında saxlanılması və bu səbəbdən də uşaqlar üçün alimentin müəyyən edilməməsi, qətnamənin artıq qüvvəyə minməsi, tərəflər arasında ailə münasibətinə dair artıq qanuni qüvvəyə minmiş qətnamənin olması və bu səbəbdən də yenidən bu məsələyə baxıla bilməməzliyi ilə bağlı məsələlər təşkil etmişdir. Həqiqətən də iş materialları ilə müəyyən edirilir ki, tərəflər 2014-cü ildə rəsmi nikaha daxil olmuş, onların bu nikhdan 2011 və 2013 təvəllüdlü iki uşağı olmuşdur. Tərəflər arasında olan nikah 13 iyun 2017-ci il tarixdə pozulmuş, uşaqlardan biri iddiaçının, digəri isə cavabdehin yanında saxlanılmış, uşaqların saxlanılması üçün aliment müəyyən olunmampışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, dəlillər əsassızdır. Belə ki, birincisi ailə münasibətləri davamedən münasibətlər olduğu üçün iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İkincisi, tərəflər arasındakı nikah pozularkən iddiaçı tərəfindən aliment tələb edilməmişdir. Məhkəmə qətnaməsində də uşaqlardan hər birinin ayrı-ayrı valideyinin yanında qalması əsası ilə alimentin müəyyən edilməməsi öz təsdiqini tapmır. Yəni bu məsələ qətnamədə müzakirə mövzusu olmamışdır. Üçüncüsü, Ailə Məcəllənin 78.3-cü maddəsində göstərilib ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçını daha az təminatlı valideyn hesab etmiş və cavabdehdən iddiaçının xeyrinə aliment tutmuşdur. Cavabdeh isə daha az təminatlı valideyn olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin işdən görünür ki, iddiaçının tələbi sabit məbləğdə aliment tələbi il deyil, alimentin cavabdehin bütün qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsi ilə bağlıdır. Lakin məhkəmə alimenti sabit məbləğdə müəyyən etmişdir. Buna baxmayaraq iddiaçı qətnamə ilə razılaşıb ondan şikayət vermədiyindən kollegiya yalnız apellyasiya şikayətinin dəlilləri həddində araşdırma aparmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göründüyü kimi minimum əmək haqqının 0.615 misli 246 manata bərabərdir. Belə olduqda alimentin illik qiyməti 2952 manat təşkil edir ki, buna görə də hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2(018)-553/2025 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar