Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-899/2023 07.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-293/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019-cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanması üçün hər uşaq üçün sabit pul məbləğində aylıq 193 manat alimentin tutulması və uşaqların sağlamlığı ilə bağlı əlavə xərclər üzrə hər birinə 50 manatın cavabdehdən tutulmaqla iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2017-ci ildə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2019cu il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X8 adında uşaqları var. 2022-ci ilin may ayının əvvəlində faktiki kirayə yaşadıqları Bakı şəhəri, Qobustan qəsəbəsində həyat yoldaşı və qaynanası tərəfindən əsassız olaraq fiziki və psixoloji zorakılığa məruz qalmışdır. Dəfələrlə təkrarlandığı üçün 2022-ci ilin may ayında AR DİN-in 102 qaynar xəttinə də məlumat verməklə, atasını çağıraraq ata evinə getmişdir. Həyat yoldaşı və onun anası, atası və qardaşı Cəlilabadda iddiaçının ata evinə gələrək evdə də münaqişə yaratmışlar. İddiaçı atasına məxsus ünvan 1 ünvanında azyaşlı övladları ilə birlikdə yaşayır. Övladlarının və özünün bütün maddi tələbatlarını valideynləri ödəyir. Belə ki, cavabdeh ilə 2022-ci ilin 01 may tarixindən faktiki olaraq ayrı yaşayırlar. Qobustanda kirayə yaşadıqları mənzildən təzyiqlə bağlı çıxmağa məcbur olmuş, küçəyə atıldığı üçün uşaqlarının və özünün bütün şəxsi əşyaları, paltarları, qızıl-zinət əşyaları həmin evdə qalmışdır. Cavabdeh bir yerdə yaşadıqları dövrdə gəlirlərə malik olmuş, uşaqlarının saxlanmasına laqeydlik göstərmişdir. Odur ki, məhkəmə qaydasında aliment tutulmasına zərurət yaranmışdır. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-293/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Qalib Paşayev) iddia qismən təmin edilərək, 07 dekabr 2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 manat, cəmi 420 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh 100 manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 2(073)-293/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin qismən təmin edilib hər uşağa görə hər ay 100 manat, ümumilikdə 300 manat məbləğində pulun ondan tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun hazırda aylıq qazancı 593 manat təşkil edir. Lakin öncəki aylarda əmək haqqı 489-550 manat təşkil etmişdir. Hətta 2023-cü ilin fevral ayında 460 manat əmək haqqı almışdır. Yəni, onun əmək haqqı stabil olaraq hər ay 593 manat təşkil etmir. Buna görə də hər ay 420 manat məbləğində alimentin ödənilməsi onun tərəfindən həyata keçirilə bilmir. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, 3 uşağa görə aylıq qazancın yarısı məbləğində aliment valideyndən tutula bilər. O, aylıq ehtiyaclarını yalnız aldığı əmək haqqı ilə qarşılayır, yəni başqa gəliri yoxdur. Buna görə də, onun aylıq qazancının yarısı, yəni 297 manat aliment məbləği müəyyənləşdirilməli idi. Hər nə qədər maddi çətinlik yaşasa da, yalnız ümumilikdə 300 manat məbləğində alimentin övladları üçün ödənilməsinə gücü çatır. Ailəsinin maddi ehtiyacları birlikdə yaşadıqları dövrdə də cavabdeh tərəfindən 490 manat məbləğindəki əmək haqqı ilə qarşılanırdı. Lakin hazırda hər ay ümumilikdə 420 manat aliment məbləğinin onun tərəfindən ödənilməsi mümkün deyil. Cavabdeh işləyir, öz maddi ehtiyaclarını, nəqliyyat xərclərini həmin əmək haqqı ilə qarşılayır. 593 manat məbləğindəki əmək haqqının 420 manatının aliment olaraq ödənilməsi nəqliyyat xərclərinin belə qarşılanmasını mümkünsüz edir. Bundan başqa, iddiaçı bir müddətdir ki, valideynləri ilə birlikdə Cəlilabad rayonu, Göytəpə şəhərində yaşayır. Məhkəmə qərarına əsasən o, hər həftə övladları ilə görüşmək üçün Bakı şəhərindən Cəlilabad rayonuna gedir. Bu da aylıq xərclərinin daha da artmasına səbəb olmuşdur. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz verilmiş, etirazda cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Cəlilabad Rayon Məhkəməsinin 2(073)-293/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, o, hazırda yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. Onun aylıq maaşı 530 manatla 590 manat arasında dəyişir. Məhkəmənin müəyyən etdiyi cəmi 420 manat məbləğində alimenti ödəmək iqtidarında deyil. 3 uşaq üçün cəmi 300 manat aliment ödəyə bilər. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilərək iddia tələbinin qismən təmin edilib hər uşağa görə hər ay 100 manat, ümumilikdə 300 manat məbləğində pulun ondan tutularaq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinin mahiyyətindən və dəlillərindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, iddiaçının vəkilini və cavabdehi dinləyib işdə olan sübutları tədqiq edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki AZ-T 194160 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası X1r. İşdəki AZ-T 194161 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X4 atası Cavabdeh, anası X1r. İşdəki AZ-T 194162 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası X2r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, onun hazırda aylıq əmək haqqı məbləği 593 manat təşkil edir və Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə uyğun olaraq ondan 3 uşağa görə əmək haqqı məbləğinin yarısı miqdarında – 300 manat məbləğində aliment tutulmalı idi. Məhkəmə kollegiyası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən bildirir ki, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu hallarda, aliment sabit pul məbləğində müəyyən edilir. Bundan başqa, cavabdehin özü də qəbul edir ki, onun aylıq qazancı qeyri-müntəzəm olaraq, dəyişkən xarakter daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, 3 uşağa görə cavabdehdən tutulmalı olan alimentin məbləğinin onun aylıq əmək haqqı məbləğinin hissəsinə nəzərən müəyyən edilməsi iddiaçının və uşaqların mənafeyini pozacağından, apellyasiya şikayətinin qeyd edilən dəlili əsaslı sayıla bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndinə əsasən, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında da qeyd edilmişdir ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Cavabdeh işləməsinə dair rəsmi sənəd təqdim etməsə də, bank hesabından çıxarışı apellyasiya şikayətinə əlavə etmiş, apellyasiya məhkəməsinin iclasında yanacaq doldurma məntəqəsində operator vəzifəsində çalışdığını və aylıq qazancının 530-590 manat arasında dəyişdiyini bildirmişdir. Ali Məhkəmə və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən hüquqi yanaşmasını nəzərə alan məhkəmə kollegiyası bildirir ki, cavabdehin aylıq əmək haqqı məbləğinin yüksək olmaması onu uşaqlarını saxlamaq və onların maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Bu zaman həm də o nəzərə alınmalıdır ki, alimentin məbləği müəyyən edilərkən uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasına əhəmiyyət verilməlidir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, uşaqlarını saxlamaq vəzifəsi Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlərin hər ikisinə aid olduğundan və uşaqların himayəsində olduğu iddiaçının üzərinə daha çox yük düşdüyündən minimum dolanacaq xərclərinə yaxın məbləğin – bir uşağa görə 140 manat olmaqla, 3 uşağa görə 420 manatın sabit pul məbləğində aliment kimi cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ədalətli olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi nəticəyə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-293/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-899/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-899/2023
07.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver