Məhkəmə qərarları › İş №2(106)-944/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-944/2024

29.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-944/2024 29.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "aliment və əlavə xərcin tutulması" tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(056)-365/2024 saylı qətnaməsindən (hakim N.Bağırov) iddiaçının verdiyi apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı "aliment və əlavə xərcin tutulması" tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, 4 avqust 2012-ci ildə doğulmuş X5 və 7 yanvar 2016-cı ildə doğulmuş X1 üçün hər ay hər birinə görə 250 manat olmaqla ümumilikdə iki uşaq üçün 500 manat sabit pul məbləğində alimentin və X3 müalicəsi üçün hər ay 200 manat əlavə xərcin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişir. Tələb onunla əsaslandırılmışdır ki, 7 oktyabr 2009-cu il tarixdə Cavabdeh ilə el adəti ilə toy edərək faktiki ailə qurmuşlar. Cavabdehin valideynlərinin yaşadığı Sabirabad rayonu, Yolçubəyli kəndində yerləşən evlərinə gəlin köçmüşdür. Həmin nikahdan 4 avqust 2012-ci ildə X5 və 7 yanvar 2016-cı ildə X7 adlı uşaqları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət Rusiya Federasiyasının Penza şəhərində yaşamışlar. Sonra isə cavabdeh onu və övladlarını öz valideynlərinin yaşadığı Sabirabad rayonu, Yolçubəyli kəndində yerləşən evlərinə gətirmişdir. Özü isə işləri ilə əlaqədar olaraq Penza şəhərində qayıtmışdır. 9 sentyabr 2023-cü il tarixdə cavabdehin ailəsi tərəfindən döyülərək evdən uşaqları ilə birgə çölə atılmışlar. Hazırda o, uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayır. Birgə nikahlarından doğulmuş X7 ikinci dərəcəli əlildir, hazırda mütəmadi olaraq müalicə alır. Uşağın dövlət tərəfindən xəstəliyi ilə bağlı müalicələrin qarşılanmasına baxmayaraq, onu saxlamaqda əlavə xərclərin çəkilməsinə ehtiyac var. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq uşaqlara mütəmadi diqqət və qayğı göstərmir, eyni zamanda onların tələbatları ilə bağlı xərcləri ödəmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, birgə nikahdan olan uşaqlarının saxlanması üçün hər ay hər birinə 150 manat olmaqla ümumilikdə iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment ödəmək imkanı vardır. Xəstə uşağı X3 müalicəsi üçün iddiaçının tələb etdiyi vəsaiti ödəməyə maddi imkanın yoxdur. Sabirabad Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(056)-365/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, 4 avqust 2012-ci il təvəllüdlü X2 və 7 yanvar 2016-cı il təvəllüdlü X3 22 dekabr 2023-cü il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları hər ay hər birinə görə 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 300 (üç yüz) manat məbləğində alimentin, həmçinin 7 yanvar 2016-cı il təvəllüdlü X3 müalicəsi ilə bağlı hər ay 100 manat əlavə xərcin cavabdeh X4 tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qismən dəyişdirilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, himayəsində olan uşaqların saxlanması ilə bağlı minimum dolanacaq xərclərinin hüquqi əsası kimi Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa iddiasında istinad edilmişdir. Məlumdur ki, həmin Qanununda göstərilən məbləğlər hər il üzrə dəyişiklik olunaraq 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Mübahisələndirilən qətnamədə maddi hüquq normalarına istinad edilməsinə baxmayaraq, lakin qeyd edilən Qanunun tələbləri nəzərə alınmamış, yalnız hakim heç bir hüquqi əsası olmayan məbləğ müəyyən edərək hər bir uşağa görə 150 manat aliment təyin etmişdir. Halbuki Respublikanın müxtəlif şəhər və rayon məhkəmələrində (Abşeron Rayon Məhkəməsinin 2(012)- 266/2024 və 2(012)-313/2024 saylı xx.xx.2024-cü il taixli qətnamələri, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-352/2024 saylı xx.xx.2024-cü il tarixli və e-2(006)-436/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamələri, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1054/2024 saylı xx.xx.2024-cü il tarixli və e-2(010)-1412/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamələri) hakimlər “aliment” tələbi üzrə işlərə baxarkən yuxarıda qeyd edilən qanununvericiliyin tələblərini nəzərə alaraq orta hesabla hər bir uşaq üçün 220-235 manat məbləğində aliment təyin edir. Mübahisələndirilən qətnamədən müəyyən edilir ki, işə baxan hakim uşaqların hüquqlarını pozaraq onların saxlaması üçün tələb olunan minimum xərclərini nəzərə almamış, yalnız cavabdehin şəxsi maraqlarını gözləyərək əhəmiyyətsiz dərəcədə aliment təyin etmişdir. Nəzərə almaq lazımdır ki, hazırki iddia tələbi uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş bir tələbdir, bu tələb iddiaçının, yəni mənim şəxsi gəlir əldə etməyimə xidmət etmir. Əksinə mənim üzərimdə uşaqlara qayğı göstərməklə yanaşı, onları düzgün qida ilə təmin etmək, müalicələrinin olunması kimi vəzifələr vardır və hazırda icra edilir. Belə olan halda köməksiz ana kimi öz həyatımı uşaqlara həsr etdiyim üçün öz fərdi fəaliyyətimlə məşğul olmaq və hər hansı bir yerdə işləyərək qazanc əldə etmək hüquqlarımdan məhrum olmuşam və gələcəkdə iş tapıb, işləməyim şübhə altındadır. Amma cavabdeh Rusiyada işləyərək şəxsi qazanc əldə edərək öz həyatını qurmuşdur. Bu faktları məhkəmə nərəzə almamışdır. Bundan başqa qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında AzərbaycanRespublikası Qanununda uşaqların hansı bölgədən olması ilə bağlı onların yaşayışı üçün minimum məbləğləri ayrı-ayrılıqda göstərilməyib. Bu Qanununda Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Sual yaranır hakim qətnamə qəbul edərkən 2023-cü il və ya 2024-cü il üçün yaşayış minimumu hansı ölkə üzrə uşaqlar üçün 150 manat məbləğində müəyyən etmişdir? Əgər hakim Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa istinad edibsə, onda alimnetin məbləği 150 manat yox, ən azından 235 manat olmalı idi. Bu Qanunda ölkə dedikdə Azərbaycan Respublikasının ərazisi nəzərdə tutulur, bu Qanununda uşaqların saxlanması üçün minimum məbləğ 2024-cü il üzrə 235 manat müəyyən edilib. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 25-ci maddəsinin İ bəndinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. (İİ.) Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. (İİİ.) Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Belə olan halda müəyyən edilir ki, hakim tərəfindən qətnamə qəbul edərkən işə qərəzli, ədalətsiz, tərəflərin hüquq bərabərliyini pozmaqla, faktlara əsaslanmadan baxmışdır. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikasında 2023-cüil üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələbləri birinci instansiya məhkəməsi tərəfindən kobud şəkildə pozulmuşdur. Mübahisələndirilən qətnamədən müəyyən edilir ki, məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, birgə nikahdan olan uşaqlarının saxlanması üçün hər ay, hər uşağa görə 150 manat olmaqla, ümumilikdə iki uşaq üçün 300 manat sabit pul məbləğində aliment ödəmək imkanı olduğunu, həmçinin xəstə uşağı X3 müalicəsi üçün iddiaçının tələb etdiyi vəsaiti ödəməyə maddi imkanının olmadığını bildirmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, cavabdehlə bir müddət Rusiya Federasiyasında yaşamışıq, cavabdeh dəfələrlə Rusiyaya gedib-gəlmişdir. Buna səbəb isə cavabdehin Rusiyada fərdi əməklə məşğul olaraq, biznez fəaliyyəti var, bundan başqa o, Rusiyada yaşayır. Əgər həqiqətən onun aliment verməyə imkanı yoxdursa, onda hansı vəasitlə tez-tez Rusiyaya gedib-gəlir? Məhkəmə tərəfindən bu hallar üzrə araşdırma aparmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi.Əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsində onun cavabdehlə birlikdə Rusiyanın Penza şəhərində yaşamasının, sonra cavabdehin onu gətirib valideyinlərinin evində uşaqları ilə birlikdə qoyub Rusiyaya qayıtmasının qeyd olunması yanlışdır. O heç zaman ölkə hüdudlarından kənara çıxmamışdır, heç ümumvətəndaş pasportu da yoxdur. Cavabdeh Rusiya vətəndaşlığı qəbul edib, Rusiyada sahibkarlıqla məşğuldur, tırla Moskva şəhərindən mal vuraraq Penza bazarında satışını edir. Azərbaycana Rusiya vətəndaşının pasportu ilə gəlib-gedir. Cavabdehin Penza şəhərində xüsusi mülkiyyətində iki evi var idi, birini satıb Xırdalandan anasının adına ev almışdır. Əlil övladı 220 manat pensiya alır, özünə isə əlil uşağa baxdığına görə 100 manat ödənilir. Uşaq autizm xəstəsi olduğundan məktəbə getmir, məcbur olub müəllim tutur. Bundan başqa həftədə 2 dəfə uşağı Sabirabada taksi ilə psixoloqa, ayda 1 dəfə taksi ilə Bakı şəhərinə nevropatoloqa aparır. Digər övladı məktəbdə 5-ci sinifdə oxuyur. Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, xəstə uşağa görə iddiaçı pensiya, həmçinin həmin uşağa baxdığına görə dövlətdən özünün etiraf etdiyi kimi pul alır. Bunlardan savayı qətnamə ilə ümumilikdə hər ay 400 manat cavabdehdən alır. Cavabdeh Rusiyada olduğundan dünən onunla vatsapda danışmışlar, cavabdeh alimentin və əlavə xərclərin məbləğinin artırılmasına etiraz edir. Bildirir ki, Rusiyada sürücü işləyir və bizim pulla ayda 400 manat əmək haqqı alır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı verdiyi apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsini alimentin və əlavə xərcin müəyyən olunan məbləğləri hissədə mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri alimentin müəyyən olunan məbləği hissədə qətnamənin dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından hər iki tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur: Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, Cavabdeh 4 avqust 2012-ci il və 7 yanvar 2016-cı il tarixlərində İddiaçı doğulmuş uşaqların atası hesab edilmişdir; Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, 4 avqust 2012-ci il təvəllüdlü X5 və 7 yanvar 2016-cı il təvəllüdlü X3 atası Cavabdeh qızı, anası isə İddiaçıdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının rəsmi arayışına əsasən 7 yanvar 2016-cı il təvəllüdlü X7 “uşaq autizmi, kanner sindromu, yüngül dərəcəli əqli gerilik İQ=52%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlil hesab edilmişdir, 65% orqanizminin funksiyaları pozulmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə görə dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən isə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 19-cu maddəsində isə müəyyən edilmişdir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasını, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Qanunun 11-ci maddəsinə görə hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvesiyasının 8ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demoktratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. "Elşolts Almaniyaya qarşı" işi üzrə Avropa İnsan hüquqları Məhkəməsinin 13 iyul 2000ci il tarixli qərarında qeyd edilir ki, Konvesiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideyinlərin arasında ədalətli tarazlığa riayət etsinlər, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideyinlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyin uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəilləri qətnamənin alimentin məbləği hissədə dəyişdirilməsi üçün əsasdır. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdehin iddiaçı ilə faktiki ailə münasibətlərində olduğu dövrdən Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsini, əlil uşağa baxması ilə əlaqədar iddiaçının işləmək imkanının olmamasını, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar kimi qiymətləndirən kollegiya hesab edir ki, həmin halların mövcudluğu qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsasdır. Bununla belə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə uşağın əvvəlki təminatının səviyyəsi barədə hər hansı bir sübut təqdim edilməmişdir. Odur ki, apellyasiya şikayəti qeyd olunan hissədə qismən təmin olunaraq cavabdehdən uşaqların saxlanması üçün müəyyən olunan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 200 manat müəyyən edilməlidir. Qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Apellyasiya şikayətlərinin dəlillərini 7 yanvar 2016-cı il təvəllüdlü X3 xəstəliyi ilə bağlı cavabdehin əlavə xərclərdə iştiraka cəlb edilməsi hissədə tədqiq edən kollegiya həmin hissədə şikayətlərin dəlillərini əsassız hesab edir. Ailə Məcəllsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə” dair 27 yanvar 2015-ci il tarixli qərarında göstərilir ki, yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Kollegiya qeyd olunan hissədə apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından uşağın “uşaq autizmi, kanner sindromu, yüngül dərəcəli əqli gerilik İQ=52%, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu ilə müddətsiz ikinci dərəcəli əlil hesab edildiyi müəyyən olunsa da, hər ay qulluq və müalicələrə çəkilməli olan xərclər barədə sübutlar verilməmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan halını, valideynlərin ailə və maddi vəziyyətini, tərəflərin diqqətəlayiq olan digər maraqlarını nəzərə alaraq hazırki dövr üçün əlavə xərcin məbləğini ağlabatan hesab etdiyi 100 manat miqdarında müəyyən etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki halda qətnamə üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az təşkil edir ki, prosessual qanunvericilikdə həmin qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(056)-365/2024 saylı qətnaməsi alimentin müəyyən olunan məbləği hissədə dəyişdirilsin, 4 avqust 2012-ci il təvəllüdlü X2 və 7 yanvar 2016-cı il təvəllüdlü X3 22 dekabr 2023-cü il tarixindən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları hər ay hər birinə görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə iki uşaq üçün hər ay 400 (dörd yüz) manat məbləğində müəyyən olunsun. Qətnamə qalan hissələrdə dəyişdirilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: İlham Əsədov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar