Məhkəmə qərarları › İş №2(106)-955/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-955/2023

21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-955/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(073)-425/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması məqsədilə 220 manat alimentin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Cavabdeh birgə nikahdan olan uşağın saxlanılmasına köməklik etmir. Buna əsasən cavabdehə dəfələrlə müraciət edərək, uşağın saxlanılmasına kömək göstərməsini ondan xahiş etmişdir. Lakin cavabdeh onun müraciətlərinə müsbət cavab verməmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(073)-425/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Vüsal Cəbrayılov) iddia qismən təmin edilmiş, 15 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının 23 yanvar 2023-cü il tarixdən hesablanması, ödənilməli olan 38 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi, qətnamənin dərhal icra olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(073)-425/2023 saylı qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin tam təmin edilməsi və alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində müəyyən olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qəbul edilən zaman 2023-cü il üçün müəyyən olunmuş yaşayış minimumu və hazırda ölkədə baş verən iqtisadi bahalaşma nəzərə alınmamışdır. Həmçinin, birgə nikahdan doğulmuş uşağı Xədicə hazırda orta məktəbdə təhsil alır və repetitor xidmətindən istifadə edir. Bu isə onun xərclərinin əhəmiyyətli surətdə artmasına səbəb olur. İddiaçı rəsmi olaraq heç bir yerdə işləmir. Gündəlik tələbat xərclərini təmizlik işlərində çalışaraq ödəyir. Buna görə də iddiaçı övladının xərclərini qarşılamaqda çətinlik çəkir. Cavabdehin isə maddi vəziyyəti yaxşıdır, lakin övladına maddi və ya mənəvi heç bir köməklik göstərmir. Məhkəmə qətnamə qəbul olunan zaman ümumiyyətlə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna istinad etməmiş və yaşayış minimumundan çox aşağı aliment təyin etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPMin) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilərək alimentin miqdarının artırılaraq 220 manat sabit pul məbləğində müəyyən olunmasına dair yeni qətnamə qəbul olunmasını xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnaməni qismən – müəyyən edilmiş alimentin məbləğinə dair hissədə iddianın təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq bildirir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi aliment məbləğinə dair hissədə dəyişdirilməlidir. İşdəki AZ-T 042960 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 xx.xx.2008-ci ildə nikahlarını bağlamışlar. Bu barədə Xəzər rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2008-ci ildə 1197 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşdəki AZ-İİ 327931 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Beləliklə, iş materialları və apellyasiya şikayətinin dəlilləri ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından 15 mart 2009-cu il təvəllüdlü X3 doğulmuşdur. İddiaçı halhazırda rəsmi olaraq heç bir yerdə işləmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olubolmamasını və s. məsələləri nəzərə almalıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, sabit pul məbləğində alimentin miqdarı müəyyən olunarkən ilk növbədə Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq digər hallar və uşağın əvvəlki təminatının səviyyəsi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbinə görə, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi bundan ibarətdir ki, ölkə üzrə müəyyən edilən yaşayış minimumu məbləği aliment məbləğinin müəyyənləşdirilməsi baxımından mümkün məntiqi meyar olaraq nəzərə alına bilər və bu zaman minimum dolanacaq xərclərinə yaxın məbləğ aliment kimi digər valideyndən tutula bilər. Hazırkı işdən də görünür ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində alimentin miqdarını yaşayış minimumu məbləğinə yaxın həddə müəyyən etməmişdir və müəyyən edilmiş aliment məbləği ədalətli olmamışdır. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı işsizdir və hal-hazırda himayəsində olan qızı hazırda orta məktəbdə təhsil alır. Bu isə onun saxlanılması xərclərinin daha çox olduğunu göstərir. Məhkəmə kollegiyası bu baxımdan 15 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini ədalətli hesab edir. Beləliklə də, məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarına dair hissədə dəyişdirilməli, 15 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulmalı olan 150 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilərək, 170 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz və o, çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2(073)-425/2023 saylı qətnaməsi sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarına dair hissədə dəyişdirilsin. 15 mart 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh tutulub İddiaçı verilməli olan sabit pul məbləğində alimentin miqdarı 170 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər Zaur Allahyarov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar