Məhkəmə qərarları › İş №2(106)-957/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-957/2024

29.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-957/2024 29.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X6 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2(041)-43/2024 saylı qətnaməsindən (hakim M.Bayramov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh X3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, 3130 manat əmlakına dəyən zərərin əvəzi və dövlət rüsumu olaraq ödənilmiş 51.30 manat, yol-nəqliyyat hadisəsinə görə avtomobilin Kürdəmir RPŞ-nin duracağına yerləşdirilməsinə görə gündəlik hesablanan 200 manat olmaqla, ümumilikdə 3381.3 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, “VAZ-21074” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 12 iyun 2023-cü il tarixdə axşam saat 21 radələrində həmin avtomobillə İmişli rayonu istiqamətindən Kürdəmir rayolnu istiqamətində hərəkətdə olarkən Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində yolun solundan sağına 2 baş camışın keçməsini görüb əyləci basmış, lakin hadisənin qarşısını ala bilməmişdir. Həmin vaxt o, 60 km/saat sürətlə hərəkətdə olmuşdur. İdarə etdiyi avtomobillə camışın birini vurmuş və camış bir qədər gedəndən sonra yıxılmışdır. Hadisə nəticəsində özü və yanında olan Ariz Səfərov xəsarət almasalar da, idarə etdiyi avtomobilə 3130 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyan ödənilməmişdir. Göstərilən yol-nəqliyyat hadisəsi X2 AR İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan tinzibati xəta törətməsi nəticəsində baş vermiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək, zərərin məbləğinin şişirdilmiş olduğunu bildirib, ekspertizanın təyin olunmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2(041)-43/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, vurulmuş zərərin əvəzim olaraq 2880 manat və 51.30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ziyanın onun tərəfindən yetirilməsinə barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. 2023-cu il tarixdə malı maşınla vurmuş iddaçıya o qədər ziyan dəyməmişdir. İşə baxan hakim iddiaçının heç bir sübuta istinad etmədən məhkəmədə verdiyi izahatına əsalanıb 2880 manat zərərin tutulması barədə qətnamə qəbul etməklə səhv nəticəyə gəlmişdir. Onun malı ölmüşdür və ziyan çəkən odur. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunları ilə oxşar məzmunda izahat verərək olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəmədə iştirak etməmiş, nümayəndəsi vasitəsilə təmsil olunmamışdır və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissədə ləğvini və həmin hissədə də rədd olunmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin olunan hissəsində yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materialları ilə aşağıdakılar müəyyən olunur: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən “VAZ-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur; Kürdəmir rayon Polis Şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X8 HK-1-1028 nömrəli material üzrə 16 iyun 2023-cü il tarixdə qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən edilmişdir ki, 12 iyun 2023-cü il tarixdə saat 21 radələrində kürdəmir rayon Sor-sor kənd sakini X3 məxsus bir baş dişi camışı, Kürdəmir-İmişli avtomagistral yolunun Kürdəmir rayonu Sor-sor kəndi ərazisindən keçən hissəsində, sutkanın qaranlıq vaxtı nəzarətsiz qalaraq yola çıxması nəticəsində İddiaçı idarə etdiyi “VAZ-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi “VAZ-21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3130 manat dəyərində zərər yetirilmişdir. Toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Mirzalıy ev İzdiham Xanlar oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tədbir görülməsindən ötrü qərarın surəti aidiyyəti üzrə X11 Bölməsinə göndərilmişdir; 17 iyun 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Kürdəmir rayon X11 Bölməsinin ispektoru Ruslan Talıbov tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmişdir; Kürdəmir Rayon Məhkəməsi hakiminin inzibati tənbehvermə haqqında 4 iyul 2023-cü il tarixli 3(041)-578/2023 saylı qərarından görünür ki, yol nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlim bilinmiş, barəsində 80 manat cərimə inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir; İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunan məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli 9/8252 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Kürdəmir şəhər Avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən tərtib edilmiş 13 iyun 2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-ci il buraxılışlı “VAZ 21074” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 2880 manat müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2 maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 21-ci maddəsinin müddəalarına əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin məzmununa görə, öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 81-ci maddəsinə əsasən, həmin qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin iddianın təmin olunan hissədə ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Cavabdeh tərəfindən zərərə məruz qalmış avtomobilə daha az məbləğdə real zərərin vurulması ilə bağlı sübutlar verilmədiyindən, iddianı təyin olunmuş ekspertizanın rəyinə müvafiq olaraq qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan qətnamədə kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh X2 apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2(041)-43/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov İlham Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar