Məhkəmə qərarları › İş №2(106)-978/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-978/2025

11.06.2025 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-978/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X2 ibarət məhkəmə tərkibində, Astara Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Kreditor "xxxx" ASC məhkəməyə ərizə təqdim edərək Borclu1 və Borclu2 müştərək qaydada "xxxx" ASC -nin xeyrinə 4300 ABŞ dolları əsas, 748.47 ABŞ dolları faiz borcu, 430 ABŞ dolları penya olmaqla, ümumilikdə 5478.47 ABŞ dolları məbləğində borcun, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu1 məhkəməyə ərizə ilə müraciət edərək 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrinin ləğv olunaraq işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadına əsasən Borclu1 Astara Rayon Məhkəməsinin 28 dekabr 2015-ci il tarixli məhkəmə əmrindən verdiyi etiraz təmin edilməmişdir. Borclu1 05 fevral 2025-ci il tarixdə Astara Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadından apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadına əsasən Borclu1 Astara Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, 23 dekabr 2024-cü il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Borclu1 Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti verərərək, Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadının ləğv edilməsini, işə baxılması üçün kifayət qədər əsas olduğunu nəzərə alaraq işə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərardadına əsasən şikayətin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 10 fevral 2025-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2025-ci il tarixli qərardadına əsasən Borclu1 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi, Astara Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsi, yeni qərardad qəbul edilməsi, mülki işin qərardadın təsviri-əsaslandırıcı hissəsində qeyd edilən halların yenidən araşdırılması üçün Astara Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Astara Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadına əsasən Borclu1 Astara Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, Astara Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Borclu1 məhkəməyə elektron ərizə ilə müraciət edərək Astara Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdeh Borclu1 şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-2531/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-2531/2015 saylı qərardadından apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ tərəfin konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Cavabdeh Borclu1 məhkəmənin yuxarıda adıçəkilən qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. İş materiallarından müəyyən olunur ki, Astara Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadı 27 dekabr 2024-cü il tarixdə Borclu1 ünvanına poçt vasitəsi ilə göndərilmiş, Borclu1 həmin qərardadı 04 yanvar 2025-ci il tarixdə xəbərnaməyə imza etməklə təhvil almış, lakin qərardaddan verdiyi şikayət xx.xx.2025-ci il tarixində elektron qaydada məhkəməyə daxil olmuşdur. Beləcə, Borclu1 Astara Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qərardadını 04 yanvar 2025-ci il tarixdə rəsmi qaydada alsa da, həmin qərardadan şikayəti xx.xx.2025-ci il tarixdə (bir ay sonra) məhkəməyə vermişdir. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Kollegiya eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Astara Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Astara Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməsin və qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar