Məhkəmə qərarları › İş №2(106)-981/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-981/2025

08.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-981/2025 08.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X1 ibarət tərkibdə, Zaur Nəsir oğlu Dəmirovun katibliyi, iddiaçının, onun nümayəndəsi X5, cavabdehin, üçüncü şəxslər X12 və X3 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdən nikahda olmuşlar. Bu nikahdan bir uşaqxx.xx.2022-ci il təvəllüdlü İlqar doğulmuşdur. Tərəflərin arasındakı nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı- xx.xx.2022ci il təvəllüdlü X6 ilə birlikdə Kürdəmir rayonu Mürtülü kəndində 2 mərtəbəli, 6 otaqlı Cavabdeh evinə məcburi qaydada köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2021-ci il tarixdə evlənmiş, 3 il birgə yaşadıqdan sonra ailə münasibətləri pisləşmişdir. Cavabdeh Kürdəmir Rayon Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Hazırda azyaşlı övladı ilə birlikdə Kürdəmir rayonunun Qaraqocalı kəndində valideynlərinin himayəsində yaşayır. Həmçinin cehiz əşyaları gəlin köçdüyü Cavabdeh Kürdəmir rayonu, Mürtülü kəndində yerləşən evində qalmışdır. Cavabdeh uşağına heç bir maddi yardım etmir. O, uşağı saxlamağa çətinlik çəkdiyinə görə Cavabdeh Kürdəmir rayonunun Mürtülü kəndində yerləşən mənzilə köçürülməyi və istifadə hüququnun tanınmasını istəyir. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməmiş, iddianın rədd edilməsini xahiş etmiş, izahatında göstərmişdir ki, iddiaçı ilə 2021-ci ildə evlənib Kürdəmir rayonunun Mürtülü kəndində yerləşən, atası X9 məxsus evdə yaşamışlar. Bir müddət münasibətləri normal olsa da sonradan pisləşmişdir. 3 aydır ki, boşanmışlar, iddiaçı azyaşlı övladı ilə birlikdə valideynlərinin yanına getmişdir. İddiaçının iddia etdiyi yaşayış evi əslində 3 otaqlıdır və mülkiyyətçisi atasıdır. Hazırda iddiaçının cehiz əşyaları oradadır, istədiyi vaxt gəlib əşyalarını apara bilər. Kürdəmir Rayon Məhkəməsinin (hakim R.Mehdiyev) 10 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X6 ilə birlikdə nikahda olduğu müddətdə yaşadığı, cavabdehin atası X12 tərəfindən inşa edilmiş cehiz əşyalarının yerləşdiyi Kürdəmir rayonunun Mürtülü kəndində yerləşən 3 otaqlı yaşayış sahəsinə məcburi qaydada köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, işə baxan hakim iddiaçının tələbində göstərmədiyi və məhkəmə qaydasında araşdırılmasını tələb etmədiyi, yəni hazırki iş üzrə heç bir əhəmiyyət kəsb etməyən faktları araşdırmaqla, bilavasitə iddiaçının özbaşına tikili sayılan fərdi yaşayış evinə köçürülməsini əvvəlcədən fikir bildirməklə təmin etmiş və Mülki Məcəllə ilə birlikdə Mənzil Məcəlləsinin tələblərinə də riayət etməmişdir. Şikayətdə qeyd edilir ki, işə baxan hakim iddiaçının mənzilə evlənərkən onunla aralarında notariat qaydasında heç bir müqavilə bağlanmamasına hüquqi qiymət vermədən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etməklə, son nəticədə səhv nəticəyə gələrək, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə belə heç bir münasibət bildirməmişdir. AR Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilir ki, “əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər”. Bundan başqa işə baxan hakim iddiaçının onunla evləndikdən sonra köçdüyü fərdi yaşayış evinin atasına məxsus olan həyətyanı torpaq sahəsində tikilməklə heç bir hüquqmüəyyənedici sənədi (çıxarış) olmadığından, həmin evi özbaşına tikinti adlandırmaqla (MM-nin 180.1-ci maddəsi) iddiaçının onun keçmiş arvadı olduğuna görə mübahisəli evin özbaşına tikili olsa belə, həmin əmlakdan istifadə ilə bağlı hüquqlarının məhdudlaşdırılmaması qənaətinə gəlmiş və bilavasitə onun mübahisəli evin mülkiyyətçisi olduğunu (MM-nin 158.1-ci maddəsi) qətnamədə xüsusi olaraq qeyd edilmişdir. Həmçinin işə baxan hakim qətnamədə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını da iş üzrə düzgün tətbiq etməməklə, nəticədə iddiaçının xeyrinə qanunsuz qətnamə qəbul edilmişdir. Göründüyü kimi işə baxan hakim qanunvericiliyin qeyd edilən normasına əməl etməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi qətnaməsi qəbul edilərkən, işə baxan hakim Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə onun tələbinin əsası kimi hər hansı bir mötəbər sübut əlavə edilmədiyi halda, hakim mülki və mənzil qanunvericiliyinin müddəalarını, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını qətnamədə qeyd edib, iddiaçını heç bir sübut təqdim etmədiyi halda onun mənafeyinə xidmət edən qətnamə qəbul etmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq edərək bildirmişdir ki, 07 iyul 2024-cü il tarixdə rəsmi boşanmış, hazırda valideynləri ilə birlikdə yaşayır. Torpaq sahəsi atasının adınadır. Torpaq sahəsini atasına nənəsi bağışlayıb. Onun adına ev və ya torpaq sahəsi yoxdur. Qeyd olunan torpaq sahəsi 12 sotdur, həmin torpağın 07 sota dair şəhadətnaməsi var, 05 sotu isə bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı ilə onun bir yerdə yaşamağı mümkün deyil. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş, əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq edərək bildirmişdir ki, o, 2021ci ildə qeyd olunan evə gəlin gəlmiş və boşandığı vaxta qədər həmin evdə yoldaşı ilə ayrı yaşamışdır. Həyətdə iki ev var, evlərin arasında 10-15 metr məsafə vardır. Gəlin gəldiyi ev iki mərtəbə 6 otaqdan ibarətdir və qeyd olunan evə aid heç-bir sənəd yoxdur. Cavabdehin valideynləri həmin evi o, gəlin gələndə ona vermişdilər. Qayınatası və qayınanası isə həyətdə olan ciy kərpicdən tikilmiş evdə yaşayırlar. O, həmin evdən uşağı ilə yaşayış hüququ istəyir. İddiaçının nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs X12 apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, iddiaşının evə köçürülməsini istəmədiyini qeyd etmiş, əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq edərək bildirmişdir ki, o, 1967-ci ildə anadan olandan həmin ünvanda yaşayır, ev valideynlərinə məxsus olmuşdur. 1990-cı ildə ailə qurmuş və həyat yoldaşı həmin evə gəlin gəlmişdir. Yaşadığı evi 1985-86-cı illərdə ciy kərpicdən tikmiş, mübahisəli evin inşasına 2012-ci başlamış və 2018-ci ildə evin tikintisi başa çatmışdır. Həyətyanı torpaq sahəsi 12 sotdan ibarətdir. Onun 7 sotu sənədləşdirilib. Tikilən evin hansı torpaq sahəsinin üzərində olduğunu dəqiq bilmir. 05 sot torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və həmin torpaq sahəsinə dair sənəd yoxdur. Evini oğlu üçün tikmişdir. Məqsədi belə olub ki, gələcəkdə birinci mərtəbədə o, yoldaşı ilə, ikinci mərtəbədə isə oğlu yaşasın. O, oğlunun ayrılmasını istəmir. Oğlu özü iddiaçı ilə yaşamaq istəmir. Üçüncü şəxs X7 apellyasiya şikayətinin dəlillərinə etirazını bildirmiş, əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq edərək qeyd etmişdir ki, iddiaçının qeyd olunan evə köçürülməsinə etiraz edir. Hazırda yaşadığı ev könnə və çiy kərpicdəndir, evin təməli yoxdur. Sözügedən evi də özü bir yerdə yaşamaq üçün tikmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh xx.xx.2021-ci il ildən birgə nikahda olmuşlar. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə bir uşaq- İlqar doğulmuşdur. Onların arasında olan nikah Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırkı tələbində iddiaçı, azyaşlı uşağı ilə birlikdə Kürdəmir rayonu Mürtülü kəndində 2 mərtəbəli, 6 otaqlı Cavabdeh evinə köçürülməsini xahiş etmişdir. Qeydə alınmamış evlər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Lakin mübahisəni oxşar (analoji) münasibətləri tənzimləyən, yəni tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə qüvvədə olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarına uyğun qaydada həll etmək mümkündür. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının Konstitusiyasının, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Mənzil Məcəlləsinin oxşar müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında hüquqi mövqeyinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri 2009-cu il oktyabrın 1dən sonra yaranan münasibətlər olsa da hazırki halda iddiaçının tələbi üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrini tətbiq etməklə iddianı təmin etmək üçün əsas müəyyən edilmir. Müəyyən edilir ki, iddiaçının 2021-ci il in oktyabr ayında gəlin gəldiyi evə köçmək istədiyi ev hüquqi qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsi mübahisəli yaşayış evini özbaşına tikili hesab edərək, iddiaçının istifadə hüququnun yarandığı qənaətinə gəlmiş və iddianı təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İlk növbədə qeyd edilməlidir ki, iddia edilən tikili Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsi baxımından özbaşına tikili deyildir. Müəyyən edilir ki, mübahisəli yaşayış evinin yerləşdiyi ünvan üzrə təsərrüfatbaşına kitab cavabdehin atası X8 adına açılmışdır. Kürdəmir rayonu Mürtülü Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 05 nömrəli arayışından görünür ki, Mürtülü kənd sakini X8 0.07 ha həyətyanı torpaq sahəsi və həmin sahənin 0.06 ha zəbt olunmuş hissəsindəki torpaq sahəsində həqiqətən özünəməxsus 3 otaqlı yaşayış mənzili vardır. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il 5-56-31/2-04/2025 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu, Mürtülü kənd sakini Cavabdeh, atası X9 məxsus inşası 2011-2012-ci illərdə tikilmiş 3 otaqlı yaşayış mənzilində atası və anası ilə birgə yaşayır, ailə tərkibi- atası X12 və anası X2 ibarətdir. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabına əsasən (№ 17, səh.50), Kürdəmir rayonu, Mürtülü kəndində X9 məxsus 2011-2012-ci illərdə inşa edilmiş, 0,12 ha torpaq sahəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi vardır. Təqdim edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayonu, Mürtülü kəndində 0,07 ha torpaq sahəsi adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2022-ci il tarixdə X8 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Mübahisə edilən tikiliyə dair hüquq müəyyənedici sənəd olmasa da Kollegiya hesab edir ki, iddiaçının qayınatasının 2011-2012-ci illərdə inşa etdiyi tikiliyə köçmək üçün hüququ yaranmamışdır. Mübahisəli tikilinin iddiaçının qayınatası X9 məxsus olduğu (mülkiyyətə gözlənti hüququ ilə) nəzərə alınarsa iddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən onun ailə üzvü olmamışdır və Ailə Məcəlləsinin tələbləri baxımından “digər qohumlar” sırasına da aid edilmir. Digər tərəfdən, iddia tikilinin sahibi qismində X9 qarşı da verilməmişdir. İddiaçı izahatında onu da qeyd etmişdir ki, köçürülməsini tələb etdiyi tikilini cavabdehin valideynləri ona vermişlər. Lakin bu barədə hər-hansı sübut təqdim edilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddianı təmin etmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Odur ki, apellyasiya şikayətini təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə İddiaçı 50 manat tutulub Cavabdeh xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 10 mart 2025-ci il tarixli, 2(041)-266/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumuna görə, İddiaçı 50 manat alınıb Cavabdeh xeyrinə verilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar