Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1001/2025 23.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(054)- 413/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 03 iyun 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət edərək, Oğuz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(054)-21/2025 nömrəli qərardadına əsasən müəyyən edilmiş 1,07 misli həddində indeksasiya məbləğinin azaldılaraq 0,40 misli həddində müəyyən ediliməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 16 avqust 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahından 25 iyul 2017-ci ildə X9 adlı bir uşaqları anadan olmuşdur. Lakin, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-25/2019 nömrəli qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuş, 25 iyul 2017-ci il tarixdə anadan olmuş X9 boşanmadan sonra Cavabdeh yanında qalmış və ondan hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq 25 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh verilməsi və alimentin bu qaydada tutulmasının əvvəlinin 24 oktyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 2(054)-25/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli icra sənədi üzrə alimentin məbləğinin sonrakı artımlar da nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına uyğun indeksasiya olunması barədə qərardad çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin ərizə üzrə keçirilən məhkəmə iclasında o, ərizəyə etiraz edərək bildirmişdir ki, 2018-ci ildən tutulan alimentin indeksasiya edilməsi nəticəsində onun ödəməli olduğu məbləğ üç dəfədən çox artacaq. Bu isə onun maddi imkanlarına uyğun olmamaqla, ailə vəziyyətimə ciddi təsir göstərəcək. Belə ki, o, 2020-ci ildə ikinci dəfə rəsmi nikahla ailə qurmuş və həmin nikahdan xx.xx.2021-ci ildə Zeynəb və xx.xx.2023-cü ildə Aysu adlı iki övladı doğulmuşdur. Halhazırda o, ikinci ailəsi ilə birlikdə Oğuz şəhərində kirayədə yaşayır, işləmir və öz adına yaşayış sahəsi də yoxdur. O, öhdəsində olan övladlarının tələbatını çətinliklə ödəyir. İndeksasiya olunmuş alimenti ödəməsi isə faktiki olaraq mümkün olmayacaq. Lakin, Oğuz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(054)-21/2025 nömrəli qərardadına əsasən Cavabdeh ərizəsi təmin edilmiş və Oğuz Rayon Məhkəməsinin 06 fevral 2019-cu il tarixli, 2(054)-25/2019 nömrəli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuşdur. O, Oğuz Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 8(054)-21/2025 nömrəli qərardadından aşağıdakı əsaslara görə narazıdır: 1). “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edilmişdir. Lakin, həmin tarixdə ona təyin edilmiş aliment məbləği 140 manat olmuşdur. Bu isə 2019-cu ildə uşaqlar üçün yaşayış minimumuna nisbətdə 0,87% demək idi. 2). 2018-ci ilin yanvar ayından 2019-cu ilin mart ayına kimi minumum əmək haqqı 130 manat olmuşdur. Ona təyin edilən alimentin miqdarı isə məhz minumum əmək haqqına nisbətdə yox, uşaqlar üçün yaşayış minimumuna əsasən təyin edilmişdir. 3). Hazırda 2(054)- 25/2019 nömrəli, 06 fevral 2019-cu il tarixli qətnaməyə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağır vəziyyətə salmışıdr. Ona görə də, o, cavabdehə ödənilməli olan sabit pul məbləğində alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində indeksasiya olunması barədə qətnamə qəbul edilməsini istəyir.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Oğuz Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) 07 avqust 2025-ci il tarixli, e-2(054)- 413/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin azaldılması” tələbi barədə iddia ərizəsi təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh ilə birgə nikahda olduqları müddətdə 25 iyul 2017-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh İddiaçı tutulan ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuş sabit pul məbləğində alimentin məbləğinin miqdarı azaldılaraq İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində sabit pul məbləğində müəyyən edilsin. Alimentin bu qaydada tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.” Oğuz Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(054)-413/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-21/2025 saylı qərardadından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)25/2019 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuşdur. - xx.xx.2020-ci il tarixli AZ-İİ 387268 nömrəli nikah haqqında şəhadətnamənin surətlərindən görünür ki, Qarayev X2 Kubra Çingiz qızı ilə xx.xx.2020-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 219 saylı qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Qarayev”, arvada “Qarayeva” soyadı verilmişdir. -xx.xx.2021-ci il tarixli AZ-İV 602830 nömrəli və xx.xx.2023-cü il tarixli AZ-İV 906500 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə X5 birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X10 adlı uşaqları anadan olmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarın 8.13-cü bəndinə əsasən Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Hazırda iddiaçı cavabdehlə birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə ödəməli olduğu sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində alimentin azadılaraq 0,40 misli həddində tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələblərinin əsası kimi hazırki aliment məbləğinin kifayət qədər yüksək olmasına, beləliklə ailəsinin maddi ehtiyaclarını ödəyə bilməməyinə istinad edir. Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahda olduqları müddətdə anadan olmuş uşaq əvvəl olduğu kimi hazırda da cavabdehin yanında yaşayır. Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)- 25/2019 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi, ailə vəziyyəti və işin digər faktiki halları nəzərə alınmışdır. Məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(054)-21/2025 saylı qərardadı ilə alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə vəziyyətində dəyişiklik olması halları aşkar olunmasa da, iddiaçı məhəkəmə qərardadı ilə aliment məbləği indeksasiya olunaraq minimum əmək haqqının 1,07 misli həddində, yəni 2025-ci il üçün 428 manat müəyyən edilmiş, bununla da, onun maddi vəziyyətində mənfiyə doğru dəyişiklik olmuşdur. Belə ki, hazırda indeksasiya olunmuş məbləğ 2025-ci il üçün müəyyən edilmiş minimum əmək haqqından da çoxdur ki, bu da nəticədə iddiaçının həm cavabdehlə birgə nikahından dünyaya gəlmiş uşağının, həm də digər ailə üzvlərinin maddi ehtiyaclarını ödəməsini mümkünsüz dərəcədə çətinləşdirir. Eyni zamanda cavabdeh 2019-cu ildən 2025-ci ilədək, yəni “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı ilə dəyişikliklər edilməsi barədə qərar çıxarılanadək alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir. Həmçinin, cavabdehin himayəsində yetkinlik yaşına çatmayan uşaq olsa da, onun əmək qabiliyyətsiz və ya məhdud əmək əmək qabiliyyətli olması halları müəyyən edilməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıdan tutulan alimentin miqdarı yenidən müəyyən edilməli, hazırki vəziyyətdə iddiaçı X6 rəsmi iş yerinin olmaması, indeksasiya olunmuş aliment məbləğinin iddiaçının maddi vəziyyətinə tənasübsüzlüyü, eyni zamanda, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olması, bundan əlavə iddiaçının yenidən ailə qurması və həmin evliliyindən iki azyaşlı övladının da dünyaya gəlməsi nəzərə alınmaqla, iddiaçının uşağın saxlanması üçün cavabdehə ödədiyi alimentin miqdarı azaldılmalıdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçının cavabdehə ödəməli olduğu, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində alimentin azadılaraq 160 manat məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,40 misli həddində tutulmasının müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1 İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Oğuz Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(054)-413/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, “Oğuz Rayon Məhkəməsinin 2(054)- 413/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Oğuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(054)-25/2019 saylı qətnaməsi ilə onun İddiaçı ilə nikahı pozulmuş və eyni zamanda, həmin qətnamə ilə onların birgə nikahından dünyaya gəlmiş 25 iyul 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat alimentin İddiaçı tutulması qət edilmişdir. Yəni, İddiaçı tutulmalı olan aliment məbləği sabit məbləğ kimi tutulması qət edilmişdir. Hər il ölkədə inflyasiya baş verir. Yaşayış minimumu və minimum əmək haqqı dəyişir. Buna görə də məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyası ilə bağlı Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin 06 fevral 2019cu il tarixli, 2(054)-25/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya olunması qərara alınmışdır. İddiaçı Cavabdeh İbrahimxəlil qızına qarşı aliment məbləğinin azaldılması tələbi ilə məhkəməyə müraciət edərək Oğuz Rayon Məhkəməsinin 8(054)-21/2025 nömrəli, 03 aprel 2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmiş 1,07 misli həddində indeksasiya məbləğinin azaldılaraq 0,40 misli həddində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və Oğuz Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(054)-413/2025 nömrəli qətnaməsi ilə həmin iddia təmin olunmuşdur. Lakin, məhkəmə bu qətnaməni qəbul edərkən yalnız iddiaçının vəziyyətini analiz etmiş, uşağın mənafeyini isə nəzərə almamışdır. Halbuki qanunlar uşaqların hüquqlarının, mənafelərinin ilk növbədə nəzərə alınmasını daha vacib hesab edir. Bu işdə məhkəmə vəzifələrini yalnız iddiaçının mövqeyinə münasibətdə icra edərək əsassız qətnamə qəbul etmişdir. İşin hallarına obyektiv qiymət verilməmiş, cavabdehin iştirakının təmin olunmasında maraqlı olmamış, formal mülahizələrə əsaslanan qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına İddiaçı gəlmiş olsa da, həmin məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq apellyasiya şikayəti vermiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, məhkəmə iclasına gəlmiş proses iştirakçısının mövqeyini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, apellyasiya şikayəti vermiş Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(054)-413/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Oğuz Rayon Məhkəməsinin 2(054)-413/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları (maddələri):
56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri):
2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələblərinin dəlillərinə və cavabdehin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və Cavabdeh apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, Oğuz Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(054)-413/2025 nömrəli qətnaməsində tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün tutulan alimentin miqdarı - tərəflərin maddi və ailə vəziyyəti, uşağın mənafeyi və iş üzrə diqqətə layiq olan digər hallar, o cümlədən də bu sahəni nizamlayan müvafiq qanunvericilik normaları nəzərə alınmaqla müəyyən edilmişdir. Hazırkı apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsinin ləğvi üçün əsas deyildir və eyni zamanda, şikayətin dəlillərində göstərilən məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməyərək, Oğuz Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(054)-413/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, e-2(054)-413/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və qətnamədən kassasiya şikayəti verilə bilməz.