Məhkəmə qərarları › İş №2(107)-1021/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1021/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1021/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, cavabdeh X5 vəkili X12 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Zaqatala Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli (hakim E.Məmmədov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X3 8000 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh X6 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X3 12 000 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 10 il bundan əvvəl cavadehlə razılığa gələrək mülkiyyətində olan 0,065 ha torpaq sahəsinin 0,0303 ha hissəsini cavabdehin mülkiyyətində olan 0, 40 ha fındıq bağı ilə dəyişdirmişdir. Cavabdeh Fındıqlı kəndində yerləşən özünə məxsus 0,40 ha fındıq bağını onun istifadəsinə vermişdir. O da öz növbəsində mülkiyyətində olan torpaq sahəsinin 0,0305 ha hissəsini ona vermişdir. Artıq 10 ildir ki, onlar həmin torpaq sahələrindən istifadə edirlər. 25 fevral 2018-ci il tarixdə cavabdehlə o həmin torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi imzalayaraq torpağı rəsmi olaraq cavabdehin mülkiyyətinə vermişdir. Sonra o, cavabdehdən ona verdiyi 0,40 ha fındıq bağını rəsmiləşdirməyi xahiş etmiş, lakin o bundan imtina etmişdir. Bundan sonra cavabdeh onu həmin fındıq bağından istifadə etməyə qoymayaraq onu fındıq bağından çıxartmışdır. O, cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin onun bu iddiası təmin edilməmişdir. Lakin məhkəmənin qətnaməsi ilə və həmin məhkəmə prosesində iştirak edən şahidlərin ifadələri ilə cavabdehlə ona məxsus bağın dəyişdirilməsi sübut olunmuşdur. Buradan görünür ki, cavabdeh onun əmlakı hesabına əsassız olaraq varlanmışdır. Odur ki, cavabdeh onun torpağı ilə dəyişdiyi 0,40 ha fındıq bağının bugünki bazar qiyməti olan 12000 manatı ona qaytarmalıdır. Bu səbəbdən də göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Qətnamədən narazı qalan cavabdeh X10 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(107)-1346/2020 saylı qətnaməsi ilə cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(033)- 229/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2020-ci il tarixli, 2(107)-1346/2020 saylı qətnaməsindən cavabdeh X10 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli 2(102)-750/2021 saylı qərarı ilə cavabdeh X4 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1346/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallan aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, torpaq sahəsinin alqısatqısı ilə bağlı iddiaçıya pul verməmişldir. İddiaçı 10 ildir fındıq bağından istifadə etmişdir. O, isə 10 il bundan əvvəl həmin iddiaçının verdiyi torpaq sahəsində ev tikərək orada yaşayır. Onun iddiaçıya borcu yoxdur. Ona görə də Zaqatala Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onlun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X5 vəkili X16 apellyasiya şikayətinin təmin edilməməsini Zaqatala Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci il tarixli, 2(102)-750/2021 saylı qərarı ilə cavabdeh X4 kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1346/2020 nömrəli iş üzrə 11 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2021-ci-ci il tarixli 2(102)-750/2021 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 10 il bundan əvvəl iddiaçı və cavabdeh özlərinə məxsus olan torpaqları dəyişdirmək barədə qarşılıqlı razılığa gəlmişlər. Halbuki iddiaçı öz izahatından başqa cavabdehlə onun arasında belə bir razılaşmanın olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının izahatına gəldikdə isə qeyd edilməlidir ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə həmin izahatı digər sübutlarla yanaşı yoxlamamış və belə bir qiymətləndirmə aparmadan iş üzrə qətnamə qəbul etmişdir. Bununla yanaşı iş materiallarında olan və qanuni qüvvəyə minmiş Zaqatala Rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı torpaq sahələrinin dəyişdirilməsi ilə bağlı cavabdehin özü ilə deyil, onun atası ilə razılığa gəldiyini, ona görə də 0.04 ha torpaq sahəsinin ona verilməli olmasından ibarət vəzifənin X5 deyil, onun atasının üzərinə düşdüyünü göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi isə qeyd edilən qətnamə ilə müəyyən edilmiş hallara düzgün hüquqi qiymət verməmiş və nəticədə iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, şəxsin mülkiyyətində olan əşya ilə bağlı buna səlahiyyəti olmayan hər hansı bir şəxsin, o cümlədən valideynin başqa şəxslərin xeyrinə öhdəlik götürməsi, həmin şəxslərə mülkiyyətçidən qeyd edilən öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ vertmir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə olan Zaqatala rayon Məhkəməsinin 23 oktyabr 2019-cu il tarixli 2(033)- 991/2019 saylı qətnamənin surətindən görünür ki, İddiaçı ilə cavabdeh X10 arasında Zaqatala rayonu 2 saylı Notariat Ofisi ndə bağlanmış 25 fevral 2018-ci il tarixli AN -1 N ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir. X14, X8 və X2 tərəfindən verilmiş izahatlardan görünür ki, Serov X1 Amalya Ramazanovnanın atası ilə şifahi olaraq razılaşmış və Zaqatala şəhərində yerləşən özünə məxsus 0,065 ha torpaq sahəsinin 0,0305 ha hissəsini cavabdehin atasının mülkiyyətində olan 0,40 ha fındıq bağı ilə dəyişdirmişlər. İddiaçı torpaq sahəsini satmamışdır. Onlar öz aralarında razılaşaraq torpaq sahələrini dəyişdirərək 10 ildir ki, istifadə edirlər. Lakin buna baxmayaraq X13 Serovdan götürdüyü torpaq sahəsini notariat kontorunda alqı-satqı müqaviləsi imzalatdırdıqdan sonra həmin torpaq sahəsinin əvəzi olaraq verdiyi fındıq bağı barədə alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişdir. Daşınmaz əmlakın eksperti İsa Abdullayev tərəfindən verilmiş 25 fevral 2020-ci il tarixli arayışdan görünür ki, Maqov kəndində yerləşən 40 sot fındıq bağının torpaqla birlikdə bazar qiyməti 8000 manatdır. X17 İnkişaf Mərkəzinin 11 mart 2020-ci il tarixli 55 saylı arayışından görünür ki, Zaqatala rayonu Maqov kəndində yerləşən 0,40 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsində mövcud olan orta məhsuldarlıqlı bar verən 10x10 əkin sxemində əkilmiş 45 topa fındığın Zaqatala rayonu ərazisində orta bazar məzənnəsinə görə qiymətlər bir topaya görə yerindən və şəraitindən asılı olaraq 150-200 manat arası dəyişir. Odur ki, 45 topa fındıq bağının ümumi dəyəri 6750-9000 manat arası dəyişməsi ehtimal edilir. Azərbaycan Repsublikası DT və XK-ın Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarxili 110 nömrəli qərarı ilə Zaqatala rayonunun Maqov kəndində X9 ailə üzvlərinə 16383 kvm kənd təsərrüfatı məhsullahrının istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli qətnaməsi ləğv edilməli, iddia isə rədd edilməlidir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.1-ci maddəsinə əsasən Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. MPM-in 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin, öyrənilən işdən göründüyü kimi iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, belə hallarda qanununverciliyin tələbinə görə sübut etmə yükü iddiaçının üzərinə düşür. Oxşar münasibətləri nizama salan «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) Apellyasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə iclasında tədqiq olunan sübutları məcmu halda qiymətləndirən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdeh X4 apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(033)-229/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları nəzərə alaraq və MPM-in 372, 384, 387, 392, 393-cü maddələrini rəhbər tutaraq Qət etdi: Cavabdeh X4 apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 13 mart 2020-ci il tarixli, 2(033)-229/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh X6 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar