Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1025/2021 27.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(019)-223/2020 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və onun nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 07 may 2020-ci il tarixli 2(019)- 223/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh, maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı 30 yanvar 2019-cu il tarixli, 4Ə-71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi” tələbinə dаir iddiası təmin edilməmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh), maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 30 yanvar 2019-cu il tarixli, 4Ə-71 nömrəli bağışlama müqaviləsindən imtina, müqavilənin və ona əsasən verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, 30 yanvar 2019-cu il tarixli, 4Ə-71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1933-cü ildə anadan olmuşdur, hazırda 86 yaşı var. Ahıl yaşda olduğunu və sağlamlıq vəziyyətini nəzərə alaraq, həm də ona qismən yardımçı olmaq məqsədi ilə bu qənaətə gəlmişdir ki, ünvan 1 ünvanında yerləşən 0.0555 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 93.80 kv.m. olan fərdi yaşayış evini qızı Cavabdeh bağışlayaraq hədiyyə versin. Bu haqda qızına da fikirlərini və məqsədini bildirmişdir. Qızı onun dedikləri ilə razılaşaraq, ona kömək edəcəyinə, tərəfindən pulunun verilməsi şərti ilə apteklərdən lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağına söz vermiş, tərəfindən veriləcək hədiyyəni də qəbul edəcəyini bildirmişdir. Bu haqda razılığa gəldikdən sonra Balakən rayon notariat idarəsinə getmişlər. 30 yanvar 2019-cıı il tarixdə Balakən rayon notariat idarəsində bağladıqları 4ə-71 saylı bağışlama müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı olan 0.0555 ha torpaq sahəsini və onun üzərində yerləşən 93.80 kv.m.-lik fərdi yaşayış evini əvəzsiz olaraq, heç bir öhdəlik qoyulmadan qızı Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsinin xərclərini də özü ödəmişdir. Qızı notariusun yanında hədiyyəni qəbul etdiyini təsdiq etmişdir. Hədiyyəni qəbul edən qızı qəbul etdiyi hədiyyəni Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsində **********36-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrə olmaqla seriya RX N: ******* olan Çıxarış alaraq, əldə etdyi hədiyyə üzərində mülkiyyət hüququnu tam rəsmiləşdirmişdir. Bağışlama müqaviləsi ilə bağlı notariat kontorunda bütün xərcləri də özü ödəmişdir. Cavabdeh olan qızı hədiyyəni qəbul etdikdən sonra ona müalicəsi ilə bağlı apteklərdən dərman almaq üçün verdiyi 700 (yeddi yüz) manat pulu özü üçün xərcləyib, ona heç bir dənə də olsun dərman almamışdır. Onunla heç belə maraqlanmır, zəng etdiyi zaman telefonu belə açmır. Özü də normal yeriyə bilmir. Qeyd etdiyi hərəkətləri ilə bağlı ona məqsədini, fikrini deyə bilmir. Zənglərinə cavab vermir. Belə olan halda onun çıxış yolunun ancaq ona bağışladığı hədiyəni bağışlamaqdan imtina elməkdir. Qızı Cavabdeh ona kömək edəcəyinə, tərəfindən pulunun verilməsi şərti ilə apteklərdən lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağına söz vermiş, lakin onun bu öhdəliyi qəbul etməsini bağışlama müqaviləsində qeyd-şərt kimi yazdırmamışdır. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı nümayəndəsi X1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərimşdir ki, iddiaçı onun atasıdır. O, atasına baxdığına görə atası könüllü olaraq 30 yanvar 2019-cıı il tarixdə Balakən rayon notariat idarəsində bağladıqları 4ə-71 saylı bağışlama müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı olan 0.0555 ha torpaq sahəsini və onun üzərində yerləşən 93.80 kv.m.-lik fərdi yaşayış evini əvəzsiz olaraq, heç bir öhdəlik qoyulmadan ona bağışlamışdır. Atası tərəfindən əmlak ona bağışlanıldıqdan sonra o, evə və torpaq sahələrinə dair çıxarışlar almışdır. Atası mübahisəli evi ona bağışlayarkən, heç bir şərt irəli sürməmişdir. O, atasına hər cür nəvaziş və xidməti öz arzu və istəyi ilə, atasına olan istəklə həyata keçirmiş və indi də keçirməyə hazırdır. Atası evi heç kimin təsiri və başqa səbəblər altında ona bağışlamamışdır. Bunu o, özü öz istəyi ilə etmişdir. Heç kim onu dilə tutmamış, təsir göstərməmişdir. Bu bağışlama müqaviləsi onun iradəsi və istəyi ilə həyata keçirilmişdir. Hazırda atası Əsəd başqa şəxslərin təsiri altındadır. Hazırkı iddia ərizəsi isə onun qardaşlarının tələbi ilə həyata keçirilmişdir. Qeyd edilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(019)-223/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-cu il tarixli 2(107)-1466/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və iş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(019)- 223/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-cu il tarixli 2(107)-1466/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2021-ci il tarixli 2(102)-1288/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-cu il tarixli 2(107)-1466/2020 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, bağışlama müqaviləsi bağlanan zaman qızı onun dedikləri ilə razılaşaraq, ona kömək edəcəyinə, tərəfindən pulunun verilməsi şərti ilə apteklərdən lazım olan dərmanları alacağına və başqa ailə işlərində ona yardımçı olacağına söz vermiş, tərəfindən veriləcək hədiyyəni də qəbul edəcəyini bildirmişdir. Cavabdeh olan qızı hədiyyəni qəbul etdikdən sonra ona müalicəsi ilə bağlı apteklərdən dərman almaq üçün verdiyi 700 (yeddi yüz) manat pulu özü üçün xərcləmiş, ona heç bir dənə də olsun dərman almamışdır. Onunla heç belə maraqlanmamış, zəng etdiyi zaman telefonu belə açmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(019)-223/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(019)-223/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər, Maraqlı şəxs1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi nümayəndələrinin iştirakını təmin etməmişlər. DƏDRX-in 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2020-cu il tarixli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, ”Apellyasiya məhkəməsinin iclasında cavabdehin vəkili və nümayəndəsi cavabdehin xeyli müddət atasına həm qulluq, həm də köməklik edərək onu xəstəxanalara apardığını,hazırda Bakı şəhərində işlədiyini göstərmişdir. Apellyasiya məhkəməsi tərəfindən cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini yerinə yetirməsi ümumiyyətlə müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin maddi hüquqi əsası ümumiyyətlə düzgün müəyyən edilməmiş, iddianın əsasını müqavilənin ləğvi təşkil etdiyi və onun etibarlılığı ümumiyyətlə mübahisələndirilmədiyi halda, iş üzrə gəlinən nəticə müqavilənin etibarlı əqd olması, yəni iddiaçının iradə ifadəsinə uyğun bağlanması ilə əsaslandırılmış və cavabdehin iddiaçı qarşısında onu saxlamaq barədə öhdəlik götürməsi barədə heç bir müqavilə şərti müəyyən edilmədiyi göstərilməklə ailə qanunvericiliyinin, eləcə də bağışlamadan imtinanın əsaslarını müəyyən edən qanunvericiliyin normaları səhv təfsir edilmişdir.”. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmamışdır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 11.04.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.0555 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 93.80 kv.m. olan fərdi yaşayış evi və 0.0555 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. 30 yanvar 2019-cu il tarixli 4ə-71 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, İddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus olan ünvan 1 ünvanında 0.0555 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 93.80 kv.metr olan fərdi yaşayış evini hədiyyə olaraq qızı Cavabdeh bağışlamışdır. 20.12.2019-cu il tarixli bildirişdən görünür ki, İddiaçı qızı Cavabdeh 30 yanvar 2019-cu il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə özünə məxsus olan ünvan 1 ünvanında 0.0555 ha torpaq sahəsini və üzərində yerləşən ümumi sahəsi 93.80 kv.m. olan fərdi yaşayış evini hədiyyə olaraq bağışladığı müqavilədən imtina edir, həmin müqaviləni razılıq ilə ləğv etməyi təklif edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Cavabdeh İddiaçı və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətməmişdir, bağışlama ilə bağlı onun üzərinə hər hansı vəzifə və öhdəlik qoyulmamamışdır. Bunlar işin mübahisəsiz hallarıdır. İş materiallarına əsasən Cavabdeh alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozması halları da müəyyən olunmamışdır. Əksinə, cavabdehin məhkəmədə verdiyi izahatından görünür ki, Cavabdeh atasına baxmış, onu qayğı ilə əhatə etmişdir. İddiaçı isə bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslandırıldığı halları sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, bağışlanma müqavilələrinin ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də iddia tələbi bu hissədə əsaslı hesab oluna bilməz. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışların ləğv edilməsi barədə iddia tələbi ilə bağlı məhkəmə vurğulayır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdeh adına ünvan 1 ünvanında 0.0555 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 93.80 kv.m. olan fərdi yaşayış evinə görə RX seriyalı ******* nömrəli Çıxarış göstərilən bağışlama müqaviləsinə əsasən verildiyi və bu bağışlama müqaviləsi tam qanunauyğun olduğu üçün bu çıxarışın da ləğv edilməsi üçün heç bir əsas yoxdur. Cavabdeh adına ünvan 1 ünvanında 0.0555 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 93.80 kv.m. olan fərdi yaşayış evinə görə mülkiyyət hüquqlarını təsdiq edən RX seriyalı ******* nömrəli Çıxarış qanunauyğun və əsaslı verilmişdir. Bu çıxarış cavabdehin mülkiyyət hüquqlarını təsdiq edir və həmin mülkiyyət hüquqları da Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qorunur. İş üzrə iddiaçı RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi barədə iddia tələbinin əsaslandırıldığı halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, bu iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi və mülki mübahisə üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin gerçək halı ondan ibarətdir ki, iddiaçı cavabdehin atasıdır. İddiaçı 30 yanvar 2019-cu il tarixdə Maraqlı şəxs1ndə bağladığı 4ə-71 saylı bağışlama müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı olan 0.0555 ha torpaq sahəsini və onun üzərində yerləşən 93.80 kv. metr olan fərdi yaşayış evini qızı Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.04.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin daşınmaz əmlaklar Cavabdeh xüsusi mülkiyyətindədir. Sonradan iddiaçı özünə məxsus olan əmlakını bağışlamaqdan imtina etdiyini bildirərək, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 yanvar 2019-cu il tarixli 4ə71 nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş RX N ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiyaya görə, işin mübahisə olunmayan halı ilə müəyyən edilir ki, iddiaçı hazırda yaşı ilə əlaqədar fiziki imkanları məhdudlaşdığından, həm də mütəmadi olaraq müalicə almalı olduğundan kənar şəxslərin köməyinə, eləcə də maddi yardımına ehtiyacı olduğuna, qızı ilə həmin ehtiyacları qarşılaması müqabilində özünə məxsus daşınmaz əmlakı ona hədiyyə verəcəyi barədə razılaşdıqlarına və bu barədə notariat qaydada müqavilə bağladıqlarına, lakin həmin müqavilənin bağlanmasından sonra, qızının ona qarşı laqeyd münasibət bəslədiyinə, nəinki maddi və ya başqa ehtiyaclarını qarşılamaq, ümumiyyətlə onunla maraqlanmamasına, hətta zənglərinə belə cavab verməməsinə istinad edərək, həmin əmlakı bağışlamaqdan imtina etdiyini bildirməklə bağışlama müqaviləsinin və onun nəticələrinin ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666-cı maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 673.1-ci maddəsinə əsasən, hədiyyə verən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə bağışlamaqdan imtina edə bilər. Göründüyü kimi, qanunverici hədiyyə alanın hədiyyə verən və ya onun yaxın qohumları qarşısında ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirməməsini bağışlama müqaviləsinin ləğvi əsaslarından bir kimi təsbit edir. O da vurğulanmalıdır ki, burada sözügedən vəzifələrin yerinə yetirilə bilməməsi deyil, yerinə yetirilməməsi nəzərdə tutulur və hədiyyə alanın özündən asılı olmayan səbəblərə görə vəzifələrini icra edə bilməməsi halları istisna təşkil edir. Konstitusiyanın 34-cü maddəsinin V hissəsində göstərilmişdir ki, valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82-ci maddəsi ilə yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi müəyyən edilimişdr. Həmin maddənin tələblərinə görə, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər əmək qabiliyyəti olmayan şəxslər kimi göstərilmişdir. İşdən görünür ki, iddiaçı 1933-cü il təvəllüdlü olmaqla, iddianı qaldırdığı vaxtda 87 yaşı olması, yəni əmək qabiliyyəti olmayan şəxs hesab edilməsi işin mübahisələndirilməyən halıdır. Qeyd edilən normaların müqayisəli təhlili onu deməyə imkan verir ki, cavabdeh iddiaçını saxlamağa və ona qayğı göstərməyə borcludur. Həmin vəzifənin isə, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində xüsusi öhdəlik və ya müqavilə şərti kimi ayrıca olaraq müəyyən edilməsinə zərurət yoxdur, çünki bu yuxarıda qeyd edildiyi kimi cavabdehin konstitusion vəzifəsidir. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, hazırkı mübahisənin həlli məhz cavabdehin hədiyyəni qəbul etdikdən sonra iddiaçı qarşısında vəzifələrini yerinə yetirməsinin sübut edilməsindən asılıdır. İş materiallarından və tərəflərin izahatından da görünür ki, iddiaçı cavabdehin bu vəzifələrini yerinə yetirmədiyinə, ona diqqət və qayğı göstərmədiyinə, onunla ümümiyyətlə əlaqə saxlamadığına görə hazırkı iddianı qaldırmaq məcburiyyətində qaldığını bildirir. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçının bağışlama müqaviləsini öz iradə ifadəsi əsasında, könüllü qaydada bağladığını, müqavilə bağlanarkən hər hansı öhdəlik götürmədiyini göstərməklə, iddiaçıya qayğı göstərməyə hazır olduğunu bildirir. Cavabdehin etirazının dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, sözügedən bağışlama müqaviləsinin iddiaçının öz iradə ifadəsi əsasında, könüllü qaydada bağlanılması mübahisə edilmir. Lakin cavabdeh müqavilə bağlanarkən üzərinə hər hansı öhdəlik götürməsə də, yuxarıda şərh edildiyi kimi, iddiaçını saxlamaq və ona qayğı göstərmək bir övlad olarq cavabdehin mənəvi borcludur. Həmin vəzifənin isə, tərəflər arasında bağlanmış bağışlama müqaviləsində xüsusi öhdəlik və ya müqavilə şərti kimi ayrıca olaraq müəyyən edilməsinə zərurət olmamışdır. Hazırda köməksiz vəziyyətdə olan iddiaçı öz daşınmaz əmlaklarını bağışladığı cavabdehin həmin əmlakları əldə etdikdən sonra ona qayğı göstərmədiyini bildirir. Kollegiya iddiaçının bildirdiklərini işin gerçək hallarına uyğun hesab edir. Cavabdeh isə bunun əksini sübut edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, hədiyyə alan öhdəliklə şərtləndirilən bağışlama müqaviləsini bağlamışsa və sonradan onun icrasından imtina etməmişsə, müqavilənin tam və lazımınca icrasına görə məsuliyyət daşıyır. Belə öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hədiyyə verənə, onun vərəsələrinə, eləcə də müvafiq icra hakimiyyəti orqanına (ictimai mənafe tələb etdikdə) iddia qaldırmaqla pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Bununla yanaşı nəzərə alınmalıdır ki, bağışlama müqaviləsi şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməklə bağlandıqda müqavilə üzrə hədiyyə alan üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Bu səbəbdən də hədiyyə verənin və ya onun vərəsələrinin, müvafiq icra hakimiyyəti orqanının öhdəliyin icrasına dair iddiaları MM-in 670.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada irəli sürməsi və ya həmin Məcəllənin 673.1-ci maddəsi ilə müəyyən edilən hallarda bağışlama müqaviləsindən imtina edilməsi hədiyyə alanın hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmamış, bağışlamadan imtinanın əsaslarını müəyyən edən qanunvericilik normalarını səhv təfsir etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn Ali Məhkəmənin 03 mart 2021-ci il tarixli 2(102)-1288/2021 nömrəli qərarı ilə müəyyən edilən göstərişlər və mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(019)-223/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və onun nümayəndəsi X1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(019)-223/2020 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı, maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi göstərilməklə 30 yanvar 2019-cu il tarixli, 4ə-71 reyestr nömrəli bağışlama müqaviləsinin və onun əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi” tələbinə dаir iddiası təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Maraqlı şəxs1ndə 30 yanvar 2019-cu il tarixdə bağlanmış 4ə-71 reyestr nömrəli bağışlama müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11.04.2019-cu il tarixli RX seriyalı ******* saylı Çıxarış ləğv edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-1025/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1025/2021
27.05.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver