Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1031/2024 05.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: aliment tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı "Aliment " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından doğulmuş 22 mart 2010-cu il təvəllüdlü X5, 21 iyun 2011-ci il təvəllüdlü X6 və 5 dekabr 2016-cı il təvəllüdlü X2, yəni üç uşağın 18 yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 230 manat, cəmi 690 manat məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə evlənərək nikahlarını 21 aprel 2010-cu il tarixdə rəsmi qeydə aldırmışlar. Birgə nikahlarından 22 mart 2010-cu il təvəllüdlü X5, 21 iyun 2011-ci il təvəllüdlü X6 və 5 dekabr 2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə evləndikdən sonra bir müddət birgə mehriban yaşamışlar. Lakin ailə münasibətləri cavabdehin ucbatından pozulmuşdur. Nəticədə iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(014)-1374/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş və birgə nikahlarından doğulmuş 22 mart 2010-cu il təvəllüdlü X5, 21 iyun 2011-ci il təvəllüdlü X6 və 5 dekabr 2016-cı il təvəllüdlü X2 iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Hazırda Cavabdeh ilə aralarında qeyd edilmiş nikah və ailə münasibətləri pozulmuş, ailələri mövcud deyildir. O, aralarında qeyd edilmiş nikah pozulduqdan sonra cavabdehdən ayrı yaşayır və üç uşağa da özü baxır. Cavabdeh uşaqlara baxmır və könüllü aliment ödəməkdən yayınır. İddiaçı məhkəmə iclasında “İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək cavabdehlə birgə nikahlarından doğulmuş 5 dekabr 2016-cı il təvəllüdlü X2 atası ilə yaşadığını və bütün xərclərinin atası tərəfindən qarşılandığını bildirmiş və cavabdehlə birgə nikahlarında doğulmuş 22 mart 2010-cu il təvəllüdlü X5 və 21 iyun 2011-ci il təvəllüdlü X3 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 230 manat məbləğində alimentin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin (hakim: M.Bağırov) 8 iyul 2024-cü il tarixli, 2(014)- 966/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 11 iyun 2024-cü il tarixdən başlayaraq 22 mart 2010-cu il təvəllüdlü X5 və 21 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 180 (yüz səksən) manat aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 63,20 (altmış üz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 22 mart 2010-cu il təvəllüdlü X5, 21 iyun 2011-ci il təvəllüdlü X6 və 5 dekabr 2016-cı il təvəllüdlü X7 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(014)-1374/2021 saylı qətnaməsi ilə tərəflər aasında qeyd edilmiş nikah pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş hər üç uşaq analarının, yəni iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı hər uşağın saxlanılması üçün alimnet tələb edir, lakin məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından doğulmuş iki uşaq ananın, bir uşaq isə atasının yanındadır. Hazırda iddiaçı iki uşağın saxlanılması üçün aliment tələb edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşaqların mənafelərini, tərəflərin maddi vəziyyətini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh 22 mart 2010-cu il təvəllüdlü X5 və 21 iyun 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 11 iyun 2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddianın qiyməti 4320 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 63,20 (altmış üç manat, iyirmi qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2 və 100.2-ci maddələri, Uşaq Hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1, 107, 14.2, 76.1, 77.1, 217.4, 217.3, 112.1.3 və 119.1-ci maddələri, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2, 9.4, 8.1.2-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, X4 iddia tələbi qismən təmin edilməli, onun yanında 1 uşaq və iddiaçının yanında 2 uşaq olduğundan 1 uşağa görə aliment tutulmalıdır. Bundan başqa, iddiaçı iddia tələbində 235 manat məbləğində aliment tələb etdiyini bildirmişdir. Ancaq alimentin miqdarının zəruri olan sübutları iddia tələbindən qeyd etməmiş və həmin sübutlara dair sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, onun rəsmi iş yerim yoxdur. Hətta evli olduğu vaxtlarda belə çətinliklə ailəsi dolandırırdı. Bundan başqa iddiaçı özü Ağdaş Rayon Gigiyena X8 işləyir və 500 manata yaxın əmək haqqı və 350 manat çıvarında isə pensiya alır. Bundan başqa ölkədə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edillib. Düşünür ki, həmin məbləğ tərəflər arasında yarı bölünməli və ondan 117 manat aliment tutulmalıdır. Lakin o, uşağının gələcəyini düşündüyü üçün, iddiaçıda olan iki uşağın birinə aliment ödəməkdən azad edilməklə, 1 uşağa görə 140 manat aliment ödəyə bilər. Lakin Məhkəmə bunları nəzərə almır. Belə ki, iddiaçı məhkəməyə yalan məlumatlar verərək guya uşaqlarının üçünündə onun yanında qaldığını iddia edir. Hal bu ki, hətta nikah pozulduqdan sona xx.xx.2016-cı ildə X7 onun yanında qalırdı. Lakin sonradan digər uşaqlar, yəni qızları da gələrək onunla yaşamağa başladılar. Onların bütün təlabatlarını o, ödəmişdir. Həmin müddət ərzində bir dəfə də olsun Mustafayeva (Abdullayeva) Könül Ənvər qızı uşaqlarını yanına çağırmayıb. Bu ilin, yəni 2024-cü ilin aprel ayının 10-da Mustafayeva (Abdullayeva) Könül Ənvər qızı maşın göndərərək uşaqlarını aparmasını tələb etdi. İki uşağı, yəni xx.xx.2010-cu ildə X5, xx.xx.2011-ci ildə X6 analarının yanına getsə də, xx.xx.2016-cı ildə X7 anasının yanına getmək istəmədi və hazırda da anası ilə qalmaq istəmir. Hesab edir ki, oğlunun anasından çox ona bağlıdır. Bundan başqa aliment barədə məhkəmə olduqdan sonrada anasının yanında olan uşaqlar yenədə xx.xx.2010-cu ildə X5, xx.xx.2011-ci ildə X6 gələrək onun yaşamağa davam etdilər. Lakin iddiaçı israrla ondan aliment istəyir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən, yəni 1 uşağa görə (qəyyumluq orqanının rəyi alınmaqla) 140 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən, yəni 1 uşağa görə (qəyyumluq orqanının rəyi alınmaqla) 140 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 1-ci bəndinə əsasən uşaqlar üçün aliment valideynlərinin manat və xarici valyuta ilə aldıqları əmək haqqından və (və ya) aşağıdakı başqa gəlir növlərindən tutulur: 1.1-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) üzrə işləyən işçilərə (əvəzçilik də daxil edilməklə) ödənilə bilən əmək haqqından, o cümlədən: pul və ya natura ilə ödənilən tarif (vəzifə) maaşlarından, vaxtamuzd və işəmuzd qiymətlər və əməyin ödənilməsinin digər sistemləri üzrə əmək haqlarından; pul və ya natura ilə əmək haqqına olan bütün növ əlavələrdən; pul və natura ilə verilən mükafatlardan; iş vaxtından artıq vaxtda görülən işə görə, habelə istirahət və bayram günlərində, eləcə də ümumxalq hüzn günündə görülən işə görə pul və ya natura ilə verilən əmək haqqından; işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələrdən; müvəqqəti əvəzetməyə görə ödəmədən; qanunvericiliklə işçilərin iş yerlərinin və orta əmək haqqının saxlanıldığı, əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı saxlanıldığı hallarda ödənilən haqdan; qanunvericiliklə məzuniyyət dövründə saxlanılan orta əmək haqqından, habelə əmək müqaviləsinin ləğvi ilə əlaqədar işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul və ya natura ilə ödənilən pul əvəzindən; xidmət illərinə görə işçiyə pul və ya natura ilə verilən birdəfəlik mükafatlardan; il ərzində işin yekunlarına görə işçiyə pul və ya natura ilə verilən mükafatdan; əmək müqaviləsinə xitam verilərkən ödənilən işdənçıxarma müavinətindən və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün ödənilən orta əmək haqqından; qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan ədəbi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlardan, daimi xarakter daşıyan müəlliflik artist qonorarlarından və quruluş haqqından. 1.2-ci bəndinə əsasən qanunvericiliklə müəyyənləşdirilmiş digər gəlirlərdən, o cümlədən: məcburi dövlət sosial sığorta ödəmələrinə aid edilən müavinətlərdən (dəfn üçün müavinət istisna olmaqla); istehsalatda əmək xəsarəti ilə əlaqədar əmək qabiliyyətini itirmiş şəxslərə dəymiş zərərə görə ödənilən ödənclərdən; faktiki alınan pensiyadan; ali və orta ixtisas məktəblərində və kurslarda oxuyan müddətdə alınan təqaüdlərdən; aliment ödəyənin həyətyanı sahəsindən və yardımçı təsərrüfatından əldə etdiyi gəlirdəki payından; işsizlik müavinətindən. 1.3-ci bəndinə əsasən fiziki şəxsin sahibkarlıq fəaliyyətindən, habelə şəxsi və fərdi kəndli (fermer) təsərrüfatından əldə etdiyi xalis gəlirdən. 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin qismən, yəni 1 uşağa görə (qəyyumluq orqanının rəyi alınmaqla) 140 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikah münasibətlərindən 22 mart 2010-cu il təvəllüdlü X5, 21 iyun 2011-ci il təvəllüdlü X6 və 5 dekabr 2016-cı il təvəllüdlü X7 doğulmuş, Ağdaş Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(014)-1374/2021 saylı qətnaməsi ilə tərəflər asında qeyd edilmiş nikah pozulmuş və tərəflərin birgə nikahlarından doğulmuş hər üç uşaq analarının, yəni iddiaçının himayəsində saxlanılmışdır. İddiaçı hər uşağın saxlanılması üçün alimnet tələb edir, lakin məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahlarından doğulmuş iki uşaq ananın, bir uşaq isə atasının yanındadır. Hazırda iddiaçı iki uşağın saxlanılması üçün aliment tələb edir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, onun yanında 1 uşaq və iddiaçının yanında 2 uşaq olduğundan 1 uşağa görə aliment tutulmalıdır. Bundan başqa, iddiaçı iddia tələbində 235 manat məbləğində aliment tələb etdiyini bildirmişdir. Kollegiya alimentə aid şikayətin dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin qeyd etdiyi hallar, onu uşaqları saxlamaq və ya aliment ödəmək öhdəliyindən azad etmir. Bundan əlavə 2024-cü il üçün uşaqlar üçün müəyyən edilmiş 235 manat aliment məbləğini nəzərdən keçiridikdə müəyyən etmək olur ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün 180 manat, cəmi 360 manat qət etməklə əslində cavabdehin də mənafeyini nəzərə almışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün hər uşağa görə 180 manat, cəmi 360 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, onun rəsmi iş yeri yoxdur. Hətta evli olduğu vaxtlarda belə çətinliklə ailəsi dolandırırdı. Kollegiya qeyd edir ki, şikayətin dəlili əsassızdır. Kollegiya qeyd edir ki, apellyatorun heç yerdə işləməməsi onu uşaqların saxlanması vəzifəsindən azad etmir. Ona görə də kollegiya hesab edir ki, şikayət əsassızdır. Kollegiya əlavə olaraq qeyd edir, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, 2(014)-966/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1031/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1031/2024
05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver