Məhkəmə qərarları › İş №2(107)-1051/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1051/2020

19.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1051/2020 19.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı; Cavabdeh - Cavabdeh iştirakı ilə; Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-44/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə Şəki Аpelyаsiyа Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-44/2020 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) İddiaçı Cavabdeh qarşı cavabdehlə birgə nikahından xx xxxxxx 2007-ci tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 80 manat sabit pul məbləğində aliment tutulmasına dair iddia tələbi təmin edilməmişdir. İşin halları: İddiaçı məhkəməyə müraciət edərək cavabddeh Cavabdeh ilə birgə nikahından xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulаraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildə cavabdehlə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə xx xxxx 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahından xx xxxxxx 2007-ci tarixdə X6, xx xxxxxxx 2010-cu il tarixdə X10 və xx xxxxxx 2013-cü il tarixdə X8 adlı üç uşaqları anadan olmuşdur. Aralarında yaranan narazılıqlardan sonra o, cavabdehdən ayrılmışdır. Cavabdehlə aralarında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(054)-758/2018 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozulduqdan sonra uşaqlardan hər üçünün cavabdehin yanında qalması müəyyən edilsə də, onun həmin qətnamədən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə yekun məhkəmə qərarı olan xx xxxxxx 2019-cu il tarixli 2(107)-433/2019 nömrəli qətnaməsi ilə X6 adlı uşağın onun, X10 və X8 adlı uşaqların isə cavabdehin yanında qalmaları müəyyən edilmişdir. Eyni zamanda, ondan hər ay hər uşaq üçün 80 (səksən) manat - cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X10 və X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə verilməsi qət edilmişdir. X6 hazırda da onun himayəsindədir və o, həmin uşağın bütün xərclərini ödəyir. Bundan əlavə o, X10 və X8 üçün cavabdehə hər ay cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment də ödəyir. O, heç yerdə işləmədiyindən və cavabdehə aliment ödəməsi ilə bağlı X5 maddi ehtiyaclarının ödənilməsində çətinliklər yaranmışdır. Onun X1 üçün cavabdehdən aliment tələb etmək hüququ olsa da, indiyədək bunu etməmişdir. Cavabdeh işləyərək gəlir əldə etməsinə baxmayaraq X1 üçün ona maddi yardım etmir. Ona görə də o, X1 üçün cavabdehdən aliment tələb etmək qərarına gəlmişdir. Cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi ona məlum deyildir. Ona görə də o, xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulаraq ona verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək cavabdehlə birgə nikahından anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulаraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, X10 və X2 üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı yüksək deyildir, əksinə həmin məbləğ hazırki şəraitdə iki uşağı saxlamaq, onların maddi ehtiyaclarını təmin etmək üçün cüzi bir məbləğdir. İddiaçı isə həmin aliment məbləğini də ödəmir və onun, təxminən, 1400 manat miqdarında aliment borcu yaranmışdır. Əgər iddiaçı X5 öz yanında qaldığını əsas gətirərək ona yalnız bir uşağın saxlanması üçün aliment ödəmək istəsə, o, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun olaraq iddiaçıdan bir uşağın saxlanmasına görə 160-170 manat miqdarında aliment tələb edəcəkdir. Hazırda o özü də X10 və X7 xərclərini çətinliklə ödəyir və X1 üçün iddiaçının tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı аpelyаsiyа şikayəti vermişdir. Аpelyаsiyа şikayətinin dəlilləri: İddiaçı аpelyаsiyа şikayətini iddia tələbində göstərdiyi xüsusatlarla əsaslandırmışdır. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-44/2020 saylı qətnaməsini ləğv edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasınının iclasında iştirak edən İddiaçı аpelyаsiyа şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-44/2020 saylı qətnaməsinin ləğv edərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasınının iclasında iştirak edən Cavabdeh аpelyаsiyа şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-44/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, аpelyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya аpelyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, аpelyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, аpelyаsiyа şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-44/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kolegiyasının iclasında müəyyən edildi ki, iddiaçı və cavabdeh faktiki nikah münasibətinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə xx xxxx 2008-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahından xx xxxxxx 2007-ci tarixdə X6, xx xxxxxxx 2010cu il tarixdə X10 və xx xxxxxx 2013-cü il tarixdə X8 adlı üç uşaqları anadan olmuşdur. İddiaçı ilə cavabdeh arasında bağlanmış nikah Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(054)-758/2018 nömrəli qətnaməsinə əsasən məhkəmə qaydasında pozulmuşdur.Tərəflər arasında bağlanmış nikahın pozulmasına dair mülki iş üzrə yekun məhkəmə qərarı Şəki Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-433/2019 nömrəli qətnaməsi ilə X6 adlı uşağın iddiaçının, X10 və X8 adlı uşaqların isə cavabdehin yanında qalmaları müəyyən edilmiş, iddiaçıdan hər ay hər uşaq üçün 80 (səksən) manat - cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X10 və X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehə verilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)- 433/2019 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. X6 adlı uşaq hazırda da iddiaçının, X10 və X8 adlı uşaqlar isə hazırda da cavabdehin himayəsindədir. İddiaçı öz yanında olan X1 üçün cavabdehdən hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutulması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddia tələbinin əsası kimi X10 və X8 üçün cavabdehə aliment ödəməsi ilə bağlı xərclərinin artdığını və buna görə X5 maddi ehtiyaclarının ödənilməsində çətinliklər yarandığını qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamədə göstərmişdir ki, tərəflər arasında bağlanmış nikahın pozulması barədə işə Oğuz Rayon Məhkəməsində baxılarkən İddiaçı boşanmadan sonra hər üç uşağın özünün yanında qalmalarını istədiyini, uşaqlar onun yanında qalacaqları təqdirdə, onların saxlanmaları üçün cavabdehdən aliment tələb etmədiyini qeyd etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(054)-758/2018 nömrəli qətnaməsi ilə uşaqların hansı valideynin yanında qalması və onların saxlanmaları üçün alimentin miqdarı müəyyən ediləndən sonra iddiaçıhəmin qətnamədən apellyasiya şikayəti verərkən yalnız X6 adlı uşağın cavabdehin yanında qalmasına öz narazılığını bildirmiş və qətnaməni həmin hissədə mübahisələndirmişdir. İddiaçı apellyasiya şikayətində alimentin miqdarını mübahisələndirməmiş, eyni zamanda, Gültəkin adlı uşağın saxlanması üçün aliment tələb etməmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(054)-758/2018 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən hər iki tərəfin maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğu nəzərə almaqla İddiaçı hər ay hər uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində, yəni 2018-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az miqdarda aliment tutulması müəyyən edilmişdir. Həmin işə apellyasiya instansiyasında baxılarkən də tərəflərin birgə nikahından anadan olmuş uşaqlardan birinin hazırkı iş üzrə iddiaçının, digər ikisinin isə cavabdehin yanında qaldıqları nəzərə alınmaqla İddiaçı Cavabdeh ödəməli olduğu alimentin miqdarı Gültəkin adlı uşağın payı miqdarında azaldılmaqla Cavabdeh həmin uşağın saxlanması üçün aliment ödəməkdən azad edilmiş, İddiaçı yanında qalan uşağın saxlanılması üçün aliment müəyyən edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)- 433/2019 nömrəli qətnaməsi ilə alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinə, diqqətəlayiq olan digər hallara hüquqi qiymət verilmişdir. Həmin qətnamə ilə alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 1 (bir) il müddət ərzində tərəflərin ailə vəziyyətində hər hansı dəyişiklik olmamışdır. İddiaçı həmin vaxtdan sonra özünün və ya cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olması barədə də məhkəməyə sübut təqdim etməmiş, habelə həmin hallar məhkəmə tərəfindən də müəyyən edilməmişdir. X4 və X8 üçün cavabdehə ödədiyi hər ay hər uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment hazırki şəraitdə də uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə az məbləğdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə bağlı sübutların məhkəməyə təqdim edilmədiyi, işin digər faktiki hallarına isə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(054)-758/2018 nömrəli və Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(107)-433/2019 nömrəli qətnamələri ilə hüquqi qiymət verildiyi nəzərə alınmaqla iddiaçının cavabdehlə birgə nikahından anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən aliment tutulması barədə hazırki iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətinı əsaslı sayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qanunun normasından da göründüyü kimi qanunverici, tərəflərdən hər biri ilə uşaq qaldıqda, mütləq qaydada bir valdideyndən digər valideynin xeyrinə deyil, daha çox təminatlı valideyndən daha az təminatlı digər valideynin xeyrinə alimentin tutulmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsinə əsаsən, işdə iştаk edən şəxslərin iş üçün əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İnsаn hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən аpelyаsiyа instansiyası məhkəməsi qətnaməni dəyişmədən, аpelyаsiyа şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Kassasiya şikayətinn mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iş üzrə tələb edilən aliment məbləği 80 manat olduğundan və həmin məbləğin bir illik məcmusu 960 manat təşkil etdiyindən hazırkı qətnamədən kassasiya qaydasında şikayət verilməsinə qanunvericiliklə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, аpelyаsiyа şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-44/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-44/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar