Məhkəmə qərarları › İş №2(107)-1088/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1088/2022

21.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1088/2022 21.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı cavabdehin hamiləlik dövrü və uşağın doğulmasına çəkilmiş xərcə cəlb olunması və alimentin təyin olunması tələbinə dair mülki iş üzrə (Açar sözlər: cavabdehin hamiləlik dövrü və uşağın doğulmasına çəkilmiş xərcə cəlb olunması, aliment tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin hamiləlik dövrü və uşağın doğulmasına çəkilmiş xərcə cəlb olunması və alimentin təyin olunması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(037)-664/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İddiaçı ilə Cavabdeh 25 mart 2019-cu il tarixdə rəsmi nikah əsasında ailə qurmuşlar. Birgə nikahdan 27 dekabr 2021-ci il tarixdə Fatimə adlı bir uşaq doğulmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 27 dekabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən uşağın doğulduğu gündən üç il ərzində özünün saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat alimentin, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra uşağa çəkilən 4542 (dörd min beş yüz qırx iki) manat xərcin və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahat verərək göstərdi ki, cavabdeh birinci arvadı və uşaqlarından ayrıldıqdan sonra 25 mart 2019-cu il tarixdə rəsmi nikah əsasında onunla ailə qurmuşdur. Ailə qurduqları ilk vaxtlar münasiətləri normal olmuşdur. Cavabdehin birinci nikahdan üç uşağı olduğundan və o, həmin uşaqlara öz doğma övladı kimi baxdığından cavabdeh onun uşağının olmasını istəməmişdir. Cavabdeh onun 5-6 həftəlik hamilə olduğunu öyrəndikdən sonra məcburi qaydada evdən çıxarmışdır. Həmin vaxtdan o anasının yaşadığı İsmayıllı rayonunun Qalacıq kəndinə getmişdir. Uşaq doğulanadək səkkiz ay müddətində ana bətnində olan uşağın və özünün müalicəsi üçün ümumilikdə 3362 manat xərc çəkmişdir. Birgə nikahdan 27 dekabr 2021-ci il tarixdə Fatimə adlı bir uşağı doğulmuşdur. Doğuş Bakı şəhəri Xətai rayonu “X8” də qeysəriyyə əməliyyatı yolu ilə olmuşdur. Hamiləlik dövründə özünün və ana bətnində olan uşağın müalicəsinə, qeysəriyyə əməliyyatına və əməliyyatdan sonrakı müalicəsinə ümumilikdə 4542 manat, onlardan 3150 manat 50 qəpik ancaq “X8” də xərc çəkmişdir. Təkcə qeysəriyyə əməliyyatına 1180 manat xərc çəkmişdir. “X9”-in ödəniş qəbzlərini və ayrı-ayrı apteklərdən aldığı dərman və uşaq qida məhsullarının qəbzlərini iş materiallarına əlavə etmişdir. Yanında beş aylıq uşaq olduğuna görə özü heç yerdə işləyə bilmir. Cavabdeh isə hərbi pensiya almaqla yanaşı, rayondaxili sərnişin daşımaqla, fərdi əməklə məşğul olmaqla kifayət qədər gəlir əldə etsə də ayrı yaşadıqları müddətdə ailəsi ilə maraqlanmamış, hamiləlik dövründə onun və ana bətnində olan uşağının, eləcədə doğuş əməliyyatı, doğuşdan sonrakı müalicə və dolanışıq xərclərinə köməklik etməmişdirdir. Cavabdeh əvvəlki ailəsi və birinci nikahdan doğulmuş üç uşağı ilə bir evdə yaşasalar da mediasiya şurasında bağlanmış barışıq sazişinə əsasən uşaqlara ümumilikdə 600 manat aliment ödəyir. Belə olan halda cavabdeh Fatimə adlı uşağın da normal maddi təminatını ödənilməsini təmin etməlidir. Ona görə də cavabdehdən 27 dekabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən uşağın doğulduğu gündən üç il ərzində özünün saxlanması üçün hər ay sabit pul məbləğində 300 manat alimentin, hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra uşağa çəkilən 4542 (dörd min beş yüz qırx iki) manat xərcin və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh izahat verərək göstərdi ki iddiaçı hələ hamilə olarkən onlar ayrılmışlar. Ona görə də iddiaçının hamiləlik dövründə bətnində olan uşağın və özünün müalicəsinə, qeysəriyyə əməliyyatına və uşaq doğulduqdan sonra müalicəsinə xərc çəkməsini bilməmişdir. O, 690 manat hərbi pensiya almaqla dolanışığını təmin edir. Digər gəlir yeri yoxdur. Birinci arvadı ilə mediasiya şurasında bağladığı barışıq sazişinə əsasən üç uşağa ümumilikdə 600 manat aliment ödəyir. Özünün dolanışığı üçün cəmi 90 manat pul qalır. İddiaçının yanında olan uşağı Fatimənin saxlanması üçün ayda 100 manat aliment ödəyə bilər. Bundan artıq ödəməyə imkan yoxdur. Bundan başqa iddiaçının hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra uşağa çəkilən xərclərlə bağlı iddiaçı sübut təqdim etməmişdir. İddiaçının tələb etdiyi həmin xərci ödəmək iqtidarında deyildir. Qeyd etdikləri nəzərə alınmaqla qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin vəkili Vəkil cavabdehin izahatına uyğun izahat verdi. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbəyi barədə rəsmi məlumat yoxdur. İddiaçı yanında beş aylıq uşaq olduğuna görə özünün heç yerdə işləyə bilmədiyini, cavabdehin isə hərbi pensiya almaqla yanaşı, rayondaxili sərnişin daşımaqla, fərdi əməklə məşğul olmaqla kifayət qədər gəlir əldə etsə də ayrı yaşadıqları müddətdə ailəsi ilə maraqlanmadığını uşağının maddi təminatını ödəmədiyini, cavabdehin əvvəlki ailəsi və birinci nikahdan doğulmuş üç uşağı ilə bir evdə yaşasa da mediasiya şurasında bağlanmış barışıq sazişinə əsasən uşaqlara ümumilikdə 600 manat aliment ödədiyini qeyd edərək Fatimə adlı uşağın saxlanması üçün hər ay 250 manat aliment təyin edilməsini xahiş edir. Cavabdeh uşağı Fatimənin saxlanması üçün ayda 100 manat aliment ödəyə biləcəyini, bundan artıq ödəməyə imkanın olmadığını qeyd edir. İddiaçının yanında beş aylıq uşaq olduğundan, uşağa qulluq onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın normal maddi təminatı üçün alimentin digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, iddiaçının sabit pul məbləğində aliment tələbini, cavabdehin iddia tələbinə münasibətini, cavabdehin digər övladlarına da ayda 600 manat aliment ödədiyini, uşaqları üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması məqsədilə cavabdehdən hər ay 200 manat sabir pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəmüvafiqdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yanında xx.xx.2021-ci il təvəllüdlü körpə uşaq olduğuna görə heç yerdə işləyə bilmir. Cavabdeh isə hərbi pensiya almaqla və fərdi əməklə məşğul olmaqla zəruri vəsaitə malikdir. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq, işin faktiki hallarını, cavabdehin zəruri vəsaitə malik olmasını, iddiaçının yanında 3 yaşı tamam olmamış uşağının olmasını nəzərə alaraq iddiaçıdan hər ay sabit pul məbləği ilə 50 (əlli) manat alimentin alınaraq uşağın 3 (üç) yaşı tamam olanadək iddiaçıya ödənilməsini məqsədəmüvafiq hesab edir İddiaçı uşağın doğulduğu gündən 3 yaşı tamam olanadək özünün saxlanması üçün alimentin təyin olunmasını tələb etsə də aliment Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 26 aprel 2022-ci il tarixdən hesablanmalıdır Məhkəmə iddia tələbinin hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra uşağa çəkilən 4542 (dörd min beş yüz qırx iki) manat xərcin cavabdehdən tutulmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində hamiləlik dövrü, doğuş qabağı, qeysəriyyə əməliyyatı və əməlyyatdan sonrakı müalicəsi üçün 4542 manat xərc çəkdiyini qeyd etsə də məhkəmə araşdırması zamanı həmin xərcin 3150 manat 50 qəpik hissəsi təqdim etdiyi “X9”-in ödəniş qəbzləri ilə təsdiq olunmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi digər çeklər və reseptlər həkim tərəfindən möhürlənməmiş, üzərində dərman preparatlarının qiymətləri göstərilməmiş, çeklərin bir hissəsi oxunaqlı deyil, qalan çeklərdə hansı dərman preparatlarının qiymətinin əks olunduğu və kimə istifadə olunduğu bilinmir. İddiaçı məhkəməyə bu halları təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Ona görə də, iddia tələbinin hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra uşağa çəkilən xərcin cavabdehdən tutulmasına dair hissəsi qismən təmin olunmalı, məhkəmə araşdırması zamanı təsdiq olunmuş 3150 manat 50 qəpik xərcin yarısı, yəni 1575 manat 25 qəpik hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə İddiaçı iddia tələbinin təmin edilmiş məbləği 1575 manat 25 qəpikdir. Ona görə də Cavabdeh 1575,25 manat məbləğə uyğun olaraq 35 manat 75 qəpik dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Mülki iş üzrə ödənilmiş 66 manat dövlət rüsumunun 30 manat 25 qəpik hissəsi İddiaçı özünə aid edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(037)-664/2022 saylı qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia tələbi qismən təmin olunmuş, 26 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq 27 dekabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı verilməsi, 26 aprel 2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləği ilə 50 (əlli) manat alimentin alınaraq 27 dekabr 2021-ci il tarixdə doğulmuş X2 3 (üç) yaşı tamam olanadək İddiaçı verilməsi, qeysəriyyə əməliyyatı və müayinə üçün xərclənən pulun yarısının, yəni 1575 (bir min beş yüz yetmiş beş) manat 25 (iyirmi beş) qəpik məbləğinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, Cavabdeh 50 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respubliikası dövlət büdcəsinə keçirilməsi, Cavabdeh 35 manat 75 qəpik dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, ödənilmiş 66 manat dövlət rüsumunun 30 manat 25 qəpik hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 22, 56, 75, 78, 81. 85 və 100-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: AZ-İİ 310771 nömrəli xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflər arasında 25 mart 2019-cu il tarixdə bağlanmış nikah Qəbələ Regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 69 sayla qeydə alınmışdır. AZ-İV 622306 nömrəli xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il tarixdə X4 adlı bir uşağı doğulmuşdur. “X9”-in xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, hamiləlik dövrü, doğuş qabağı, qeysəriyyə əməliyyatı və əməlyyatdan sonrakı müalicə üçün iddiaçı “X9”-də ümumilikdə 3150 manat 50 qəpik xərc çəkmişdir. Barışıq sazişindən görünür ki, Sevinc Zeynalovanın yanında olan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa 200 manat olmaqla cəmi 600 manat aliment ödəmək barədə Cavabdeh ilə Sevinc Zeynalova arasında barışıq sazişi təsdiq olunmuşdur “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” MŞİH-16605 nömrəli xx.xx.2022-ci il tarixli arayışından müəyyən edilir ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını nəzərə almamış, iddiaçının iddia ərizəsində göstərdiyi və məhkəmə prosesində dediyi ifadələrə istinad edərək qətnamə qəbul etmişdir. O, cəmi 690 manat pensiya alır, heç bir yerdə işləmir, taksi fəaliyyəti ilə də məşğul olmur. Lakin məhkəmə iddiaçının ifadəsinə istinad edərək qətnamədə göstərmişdir ki, guya taksi fəaliyyəti ilə məşğul olur. O, iddiaçıya ancaq 100 manat aliment ödəyə bilər, ondan artıq ödəmək imkanı yoxdur. Göründüyü kimi məhkəmə onun maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almamışdır. Belə ki, onun birinci nikahdan olan uşaqları üçün 600 manat aliment ödəməyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(037)- 664/2022 saylı qətnaməsinin iddiaçının xeyrinə 200 manat tutulması hissədə dəyişdirərək 100 manat aliment tutularaq iddiaçıya verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(037)-664/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: 22.2.4-cü maddəsinə əsasən ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqların doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. 85.2-ci maddəsinə əsasən alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər (arvad) arasındakı sazişlə müəyyən edilə bilər. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Həmin Qərarda məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanunu: “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” 23 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(037)-664/2022 saylı qətnaməsinin cavabdehdən alınıb iddiaçıya ödənilməli olan alimentin 100 manatlıq hissəsini mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən mübahisələndirilən - cavabdehdən alınıb iddiaçıya ödənilməli olan alimentin 100 manatlıq hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin rəsmi iş yeri və sabit gəlir mənbəyi barədə rəsmi məlumat olmadığını, iddiaçı cavabdehin rayondaxili sərnişin daşımaqla, fərdi əməklə məşğul olaraq kifayət qədər gəlir əldə etdiyini bildirsə də, bu halın sübuta yetirilmədiyini, cavabdehin iddia tələbinə münasibətini, apellyasiya şikayətində göstərdiklərini, həmçinin cavabdehin digər övladlarına da ayda 600 manat aliment ödədiyini nəzərə alaraq belə qərara gəlir ki, 27 dekabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh alınaraq İddiaçı verilməli olan alimentin məbləğinin dəyişdirilərək 150 manat müəyyən edilməsi daha məqsədəuyğundur. Məhkəmə kollegiyası, həmçinin, qeyd edir ki, cavabdeh yalnız ayda 100 manat aliment ödəyə biləcəyini göstərsə də, cavabdehin daha artıq məbləğdə aliment ödəyə bilməyəcəyini sübut edəcək hər hansı sübut və ya dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə mübahisələndirilən cavabdehdən alınıb iddiaçıya ödənilməli olan alimentin 100 manatlıq hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(037)-664/2022 saylı qətnaməsi 27 dekabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh alınaraq İddiaçı verilməli olan alimentin məbləği 150 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan 50 manata aid olan hissədə dəyişdirilmədən sаxlаnılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(037)-664/2022 saylı qətnaməsi 27 dekabr 2021-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh alınaraq İddiaçı verilməli olan alimentin məbləği 150 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən - qalan 50 manata aid olan hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar