Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1091/2025 25.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin məbləğinin azaldılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-1559/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının azaldılması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2016-cı il tarixdə doğulmuş X1 üçün müəyyən olunmuş alimentin miqdarı azadılaraq hər ay 150 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2015-ci ildə rəsmi nikahlarını qeyd etdirməklə evlənmişlər. 07 avqust 2016-cı il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. Nikahlarının ilk dövrlərində ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozuldu. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-495/2017 saylı, 08 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2016-cı ildə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136 manat alimentin tutulub X5 verilməsi, alimentin tutulmasına xx.xx.2017-ci ildən başlanması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 205/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadına əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 495/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 136 (bir yüz otuz altı) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Hazırki vaxta kimi sözügedən alimenti normal qaydada ödəmiş və heç vaxt qərəzli hərəkət etməmişdir. Hazırda onun daimi iş yeri var, ikinci dəfə evlənməklə himayəsində azyaşlı 27 iyul 2024cü il tarixdə doğulmuş Alina adlı uşağı var. Ramiloğlu MMC-də işləyir və əmək haqqından tutulmalar olmadan 400 manat təşkil edir. Lakin təyin olunmuş aliment 468 manat təşkil edir. Məlum olduğu kimi onun ikinci işlə məşğul olmağı mümkün deyil və əmək haqqından başqa gəliri də yoxdur. Əmək haqqının 70 faizi belə 280 manat edir. Sözügedən müəssisədə artıq 3 ildən çoxdur işləyir. Başqa gəlirinin olmaması və ikinci nikahdan olan arvadı və azyaşlı uşağına baxmağı səbəbindən alimenti ödəməkdə çətinlik çəkir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və məhkəməyə ünvanladığı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırda uşağa təkbaşına baxır. Uşaqda insulin dirənci və allergiya mövcuddur. Onun sağlamlığı üçün xüsusi qidalanma və dərmanlar zəruridir. Hətta adi bir soyuqdəymə zamanı belə, aptekdən alınan dərmanlar və müalicə xərcləri kifayət qədər yüksək olur. Bundan başqa, məktəb yaşında olan uşağın təhsil, geyim, ləvazimat, test və sınaq imtahanları ilə bağlı xərcləri də davamlı şəkildə artmaqdadır. Ailə vəziyyəti çox çətindir. Anası 55 yaşında vəfat etmişdir. Onun ölümünün əsas səbəbi isə İddiaçıla yaşadığı son mübahisə olmuşdur. Həmin gün Nurlan anasını əsəbiləşdirmiş, aralarında gərgin mübahisə baş vermiş və bu hadisədən dərhal sonra anasının halı pisləşmiş, ürəyi dayanaraq vəfat etmişdir. Hazırda 3 smenlə işləyən yaşlı atası ilə birlikdə yaşayır. İddiaçının ailəsi, xüsusilə ata babası - hazırda vəzifəli polis əməkdaşıdır və ailənin maddi vəziyyəti imkanlıdır. Bundan əlavə, İddiaçı uşağa sevgi, diqqət və mənəvi dəstək göstərmir. Bu laqeyd münasibət uşağın psixologiyasına mənfi təsir göstərir. İddiaçı maddi vəziyyəti isə kifayət qədər yaxşıdır. Şəxsi "Mercedes" markalı avtomobili, şəxsi evi və dövlət tərəfindən verilmiş Ağdamda 2 evi vardır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir.
5. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) xx.xx.2025-ci il tarixli, 2(051)-1559/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2016-cı il tarixdə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-205/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadı ilə indeksasiya edilmiş alimentin miqdarı dəyişdirilərək, hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və İddiaçı alınıb Cavabdeh verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahından 07 avqust 2016-cı il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-495/2017 saylı, 08 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2016-cı ildə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136 manat alimentin tutulub X5 verilməsi, alimentin tutulmasına xx.xx.2017-ci ildən başlanması qət edilmişdir. Cavabdeh həmin qətnamə ilə İddiaçı tutulan alimentin indeksasiya edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 205/2025 saylı, 16 may 2025-ci il tarixli qərardadına əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 495/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 136 (bir yüz otuz altı) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. İddiaçının himayəsində 27 iyul 2024-cü il tarixdə doğulmuş Alina adlı uşağı var. İddiaçının aylıq əmək haqqının məbləği 400 manat təşkil edir. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüşdür.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab etmişdir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağladığından, hazırkı iddia tələbi üzrə alimentin miqdarının azaldılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcuddur.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Nəzərə alsaq ki, 2025–ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmiş, azyaşlı uşağın saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-495/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 136 (bir yüz otuz altı) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya edilməsi iddiaçının ailə, maddi və əmlak vəziyyətinə, eləcə də yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir.
9. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, Leyla adlı uşağın üstün mənafeyi və cavabdehin himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün müəyyən edilmiş alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə çoxdur. Belə ki, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 1.17 misli (400 x 1.17 = 468 manat) həddində sabit pul məbləği nəzərdə tutulur. İş materialları ilə müəyyən olunur ki, iddiaçının himayəsində 27 iyul 2024-cü il tarixdə doğulmuş Alina adlı uşağı var. İddiaçının aylıq əmək haqqının məbləği 400 manat təşkil edir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, müəyyən edilmiş alimentin məbləğinin azaldılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Həmçinin nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
10. Məhkəmə hesab etmişdir ki, alimentin miqdarının azaldılaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,6 misli (400 x 0,6 = 240 manat) həddində sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçıdan hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,6 misli (400 x 0,6 = 240 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə iddiaçını əlverişsiz vəziyyətə salmır.
12. Məhkəmə, həmçinin hesab etmişdir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq azaldılmalıdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2, 112.1, 110.1, 110.2-ci maddələrinə, “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8, 13, 19-cu maddələrinə, “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının 12 noyabr 1989–cu ildə qəbul olunmuş Konvensiyasının 3, 26-cı maddələrinə, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən alimenttutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016– cı il 28 mart tarixli, 8–2/2016 №–li Qərarının 8.14–cü bəndinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə bu qeyri-qanuni qətnaməsini qəbul edərkən qanunu kobud şəkildə pozaraq Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-205/2025 saylı, 16 may 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadını müzakirə edərək təftiş etmiş, həmin qətnamənin düzgün olmaması qənaətinə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi özünün sözügedən qətnaməsini verərkən iddiaçının ikinci nikahdan olan uşağının olmasını nəzərə alaraq alimentin miqdarını aşağı salmışdır. Lakin məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının müddəalarını nəzərə almamışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci maddəsinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsivə s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsaskimi qəbul edilməməlidir.
17. Bundan başqa hazırda övladına tək baxır. Onun saxlanılması ilə yanaşı səhhətindəki problemlərlə bağlı əlavə xərcləri də olur. Belə ki, övladları insulin dirənci və allergiyadan əziyyət çəkir. Onun sağlamlığı üçün xüsusi qidalanma və dərman müalicəsi zəruri hesab edilmişdir. Adi soyuqdəymə və qrip virusuna yoluxma xəstəliklərini çox ağır vəziyyətdə keçirir. Ona görə də aptekdən alınan dərman preparatlarının məbləği kifayət qədər çox yüksək olur. Bundan başqa övladları məktəblidir. Onun təhsil, geyim, ləvazimat, test və sınaq imtahanları ilə bağlı da xərcləri mövcuddur və getdikcə artmaqda davam edir.
18. Ailə vəziyyəti də çox acınacaqlıdır. Anası çox gənc yaşda - 55 yaşında dünyasını dəyişmişdir. Onun ölümünün əsas səbəbi isə iddiaçı ilə yaşadığı son mübahisə olmuşdur. Həmin gün iddiaçı anasını əsəbləşdirmiş, aralarında gərgin mübahisə baş vermiş və bu hadisədən dərhal sonra anasının vəziyyəti pisləşmiş, ürəyi dayanaraq rəhmətə getmişdir. Bu, ona və ailəsinə dərin mənəvi zərbə vurmuş, həyatını təkbaşına davam etdirmək isə onun üçün çox çətin olmuşdur.
19. Hazırda üç növbə ilə işləyən atası ilə birlikdə yaşayırlar. Yaşlı bir atanın yükünü daşımaqla yanaşı, məktəb yaşlı bir uşağa təkbaşına baxmaq ona həm mənəvi, həm də maddi cəhətdən çox ağırdır. Onu da bildirir ki, uşaq təkcə onun valideynlərinin nəvəsi deyil, eyni zamanda iddiaçının da valideynlərinin nəvəsidir. İddiaçının atası hazırda vəzifəli polis əməkdaşıdır və ailənin maddi vəziyyəti olduqca qənaətbəxşdir. Maddi tərəfi bir yana qalsın, iddiaçı öz övladına sevgi, diqqət və mənəvi dəstək də göstərmir. Bu da artıq hər şeyi anlayan yaşda olan övladına mənfi psixoloji təsir göstərir.
20. İddiaçının maddi vəziyyəti iddia ərizəsində göstərildiyi kimi deyil əksinə çox yaxşıdır. Şəxsi “Mercedes” markalı avtomobili, şəxsi evi və Ağdam rayonunda dövlət tərəfindən verilmiş iki evi vardır. Rəsmi maaşı 400 manat göstərilsə də faktiki gəlirlərini nağd şəkildə aldığı məlumdur. İddiaçı "xxxx" MMC-də satış meneceri və ya satış təmsilçisi vəzifəsində çalışır və 1000 manatdan yuxarı əmək haqqısı vardır. Uşağın maddi və mənəvi ehtiyacları artdığından alimentin azaldılması deyil, artırılması zəruridir.
21. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(051)-1559/2025 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-1559/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və Cavabdeh kollegiyanın iclasına gəlməmişlər. İddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməsə də, Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi ərizəsində məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyindən məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin; 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
25. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunu: “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Qanunu na əsasən, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.
26. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.
27. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.
28. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
34. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
35. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin 25 avqust 2025-ci il tarixli, 2(051)-1559/2025 nömrəli qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.
37. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından 07 avqust 2016-cı il tarixdə Leyla adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-495/2017 nömrəli, 08 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2016-cı ildə doğulmuş Leyla adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 136 manat alimentin tutulub X5 verilməsi, alimentin tutulmasına xx.xx.2017-ci ildən başlanması qət edilmişdir. Cavabdeh həmin qətnamə ilə İddiaçı tutulan alimentin indeksasiya edilməsini xahiş etmiş, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 205/2025 nömrəli, 16 may 2025-ci il tarixli qərardadına əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 495/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş bir uşağa görə 136 (bir yüz otuz altı) manat məbləğində tutulan alimentin, həmin təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.17 misli həddində indeksasiya edilməsi və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu İddiaçı sabit pul məbləğində alimentin alınıb tələbkar Cavabdeh verilməsi qərara alınmışdır. Hazırda iddiaçı alimentin miqdarının azaldılmasına dair iddia irəli sürmüş, cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.
39. Məhkəmə kollegiyası iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin yuxarıda sadalanan dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz.
40. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin 16 may 2025-ci il tarixli qanuni qüvvəyə minmiş qərardadını müzakirə edərək təftiş etməsi, qətnaməsini qəbul edərkən iddiaçının ikinci nikahdan olan uşağının olmasını nəzərə alaraq alimentin miqdarını aşağı salmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından birinci instansiya məhkəməsinin alimentin indeksasiyasına dair 16 may 2025-ci il tarixli qərardadını müzakirə etməsi halı müəyyən edilməməklə yanaşı, birinci instansiya məhkəməsi alimentin azaldılmasına dair gəldiyi nəticəni yalnız iddiaçının himayəsində digər bir uşağının olması ilə deyil, ümumilikdə hər iki tərəfin maddi və ailə vəziyyətləri ilə əsaslandırmışdır.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının maddi vəziyyətinin iddia ərizəsində göstərildiyi kimi deyil əksinə çox yaxşı olması, şəxsi “Mercedes” markalı avtomobili, şəxsi evi və Ağdam rayonunda dövlət tərəfindən verilmiş iki evinin olması, iddiaçının 1000 manatdan yuxarı əmək haqqısının olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə sübutlar təqdim edilməmişdir.
42. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
44. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas təşkil etmirlər.
46. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-1559/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)-1559/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.