Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1092/2023 26.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qаrşı (açar sözlər: Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair” mülki iş üzrə Göyçay Rаyоn Məhkəməsinin 29 aprel 2013-cü il tаrixli, 2(046)-325/2013 saylı qətnаməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixdə bağlanmış CAGoy66511/11 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 34 faiz ödəmək şərti ilə 3.000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə 3.000 ABŞ dolları məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir.
3. İş materiallarına əlavə olunmuş xx.xx.2011-ci il tarixli CAGoy66511/11 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 borclunun kreditor qarşısında öz kredit öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür.
4. Həmin zaminlik müqaviləsinin şərtlərinə görə zamin - Yusifov X1 Vüqar Qədir oğlunun təşkilat qarşısında öz öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
5. İş materiallarına əlavə olunmuş bildiriş məktubundan görünür ki, İddiaçı BOKT QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı BOKT QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 886 ABŞ dolları məbləğində əsas borc, 172 ABŞ dolları məbləğində faiz borcu, 1.428 ABŞ dolları məbləğində cərimə, cəmi 2.486 ABŞ dolları məbləğində borcun, iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı BOKT QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki halları ilə əsalandırılmış, ərizədə əlavə olaraq göstərilmişdir ki, Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı BOKT QSC-yə zərər dəymişdir. Bu, Cavabdeh1 İddiaçı BOKT QSC-nin qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyinin təminatı kimi bağlanmış zaminlik müqaviləsinə görə zamin, borclu öz öhdəliyini tam yerinə yetirənədək onunla birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borclu Cavabdeh1 02 fevral 2013-cü il tarixə qədər İddiaçı BOKT QSC-yə olan borcunu ödəməmiş və nəticə etibarı ilə təşkilata zərər dəymişdir. Vurulmuş real zərər məhkəməyə müraciət edərkən iddia ərizəsində göstərilmiş miqdarda olmuşdur. 29 aprel 2013-cü il tarixə cavabdehin borcu - kreditin əsas məbləği - 886 ABŞ dolları; əsas məbləğə hesablanmış faiz borcu - 172 ABŞ dolları; hər gecikdirilmiş günə görə cərimə - 1.428 ABŞ dolları; cəmi - 2.486 ABŞ dolları təşkil edir. Bu səbəbdən, məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmişdir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar birinci instansiya məhkəməsinin məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Birinci instansiya işə cavabdehlərin iştirakı olmadan baxmışdır.
10. Göyçay Rаyоn Məhkəməsinin (hakim Elxan Babayev) 29 aprel 2013-cü il tаrixli, 2(046)-325/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 886 ABŞ dolları məbləğində əsas borc, 172 ABŞ dolları məbləğində faiz borcu, 728 ABŞ dolları məbləğində dəbbə pulu (cərimə), cəmi 1.786 ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı BOKT QSC-nin xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 467, 470.1 və 472.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad edərək həmin nəticəyə gəlmişdir.
12. Həmin qətnamədən narazı olan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, 09 fevral 201-cı il tarixdə İddiaçı BOKT QSC ilə Cavabdeh1 arasında CAGöy66511/11 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 təşkilat tərəfindən ev təmiri üçün 3.000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Borclu 24 ay ərzində kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 09 fevral 2011-ci il tarixdə onunla zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 oglu Kredit müqaviləsinin şərtlərini pozduğu üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə baxarkən qanunla müəyyən edilmiş qaydada ona məlumat verməmiş məhkəmə iclasında iştirakını təmin etməmişdir. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilmiş hüquqları kobud şəkildə pozulmuşdur. Eləcə də aldığı məlumata görə Cavabdeh1 09 fevral 2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyi tam şəkildə olmasa da, qismən icra etmiş, qrafik üzrə ödənişlər etmiş, lakin iddiaçı olan bank bu ödənişlərin çoxunu faiz borcuna çıxmış, əsassız olaraq hazırkı tələblə Cavabdeh1 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı işdən görunur ki, iddiaçı olan bank Cavabdeh1 tərəfındən edilmiş ödənişləri hər ay əsas borcla yanaşı faiz borcundan da çıxmış, bununla da Azərbaycan Respublikası Mulki Məcəlləsinin 741-cı maddəsinin tələblərim pozmuşdur. Digər tərəfdən iddiaçı olan bank əsas məbləğə uyğun olmayan məbləğdə cərimə hesablamışdır, işə baxan məhkəmə həmin məbləği tənasübsüz surətdə yüksək dəbbə pulu kimi qiymətləndirsə də, lakin dəbbə pulunu çox az məbləğdə azaltmışdır. Göstərilənlərə əsasən Göyçay Rаyоn Məhkəməsinin 29 aprel 2013-cü il tаrixli, 2(046)-325/2013 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. İş üzrə cavabdeh tərəf apellyasiya məhkəməsinin qətnaməsini qismən faizlərin tutulması və dəbbə pulu (cərimə) hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
21. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.
22. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür.
23. Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır.
27. Maddə 458.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
28. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
29. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.6.21-ci bənd) Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən cavabdebin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rаyоn Məhkəməsinin 29 aprel 2013-cü il tаrixli, 2(046)- 325/2013 saylı qətnaməsi dəbbə pulu (cərimə) hissəsində dəyişdirilməlidir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
43. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri dəbbə pulunun yüksək məbləğdə olmağı ilə bağlıdır.
44. Cərimənin ödənilməsi tələbinin hüquqi əsаslаrını müəyyən edən Аzərbаycаn Respublikаsı Mülki Məcəllənin 460.1-ci mаddəsində göstərilmişdir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
45. Həmin Məcəllənin 462.1-ci mаddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
46. Həmin 463.1-ci mаddəsində yаzılmışdır ki, dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
47. Həmin Məcəllənin 465.2-ci mаddəsinə əsаsən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər.
48. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəkildə bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir.
49. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
50. Birinci instansiya məhkəməsi 09 fevral 2011-ci il tarixli, CAGöy66511/11 nömrəli kredit müqaviləsi üzrə 728 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması qənaətinə gəlmişdir.
51. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun azaldılaraq 09 fevral 2011-ci il tarixli, CAGöy66511/11 nömrəli kredit müqaviləsi üzrə 728 ABŞ dolları məbləğində müəyyən edilməsi tərəflərin əmlak mənafelərinə uyğun olmamaqla reallığı əks etdirmir.
52. Kollegiya cavabdehlərin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onların əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, hazırkı iş Göyçay Rаyоn Məhkəməsinin 29 aprel 2013-cü il tаrixli, 2(046)-325/2013 saylı qətnaməsi 06. 09 fevral 2011-ci il tarixli, CAGöy66511/11 nömrəli kredit müqaviləsi üzrə hesablanmış dəbbə (penya) pulu məbləği hissəsində dəyişdirilərək 100 ABŞ dolları məbləğində dəbbə (penya) pulu müəyyən edilməlidir.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin faiz borcun tutulması hissəsində ləğv etməklə, iddianın həmin hissədə rədd edilməsi barədə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsi nəticəsində əsas kredit borcunun və faizlərin hesablanma qaydasından xəbəri olmuş və o, həmin gecikmənin nəticlərini qabaqcadan bilmiş, gecikmə olduğu halda həmin fazilərin hesablanması qaydası ilə razı olmuş və müqavilənin məzmununu mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
54. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
55. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
56. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
57. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
58. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rаyоn Məhkəməsinin 29 aprel 2013-cü il tаrixli, 2(046)-325/2013 saylı qətnaməsi - dəbbə pulu (cərimə) hissəsində dəyişdirilərək həmin məbləğ 100 (bir yüz) ABŞ dolları müəyyən edilməli, qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
59. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmayıb. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rаyоn Məhkəməsinin 29 aprel 2013-cü il tаrixli, 2(046)-325/2013 saylı qətnaməsi - dəbbə pulu (cərimə) hissəsində dəyişdirilərək həmin məbləğ 100 (bir yüz) ABŞ dolları müəyyən edilsin. Qətnamə baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Elçin Hüseynov