Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1096/2021 09.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1530 manat pul, 31 ədəd qoyun və ya onun dəyəri olan 4870 manat pul, ödənilmiş 30 manat dövlət rüsumu xərci tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 nisyə satılmış 1940 manat dəyərində 19 baş qoyun və 2 baş quzunun, 1000 manat dəyərində 10 baş keçinin dəyərindən, cəmi 2940 manat dəyərində qoyun, quzu və keçinin dəyərindən ödənilməmiş qalan 2440 (iki min dörd yüz qırx) manat və 30 manat dövlət rüsumu xərcinin 11,44 manatı, cəmi 2451,44 (iki min dörd yüz əlli bir manat qırx dörd qəpik) alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 1530 (bir min beş yüz otuz) manat pul, 10 baş keçi və ya onların hazırki bazar dəyəri 13 00 (bir min üç yüz) manat, 21 baş qoyun və ya onların hazırki bazar dəyəri 3570 (üç min beş yüz yetmiş) manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun alınıb onların xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki,o, ailəsilə birlikdə Balakən rayon Poştbinə kəndində yaşayır. Təsərrüfatında xırda buynuzlu heyvan saxlamaqla dolanır. Təsərrüfatında olan qoyunları istəyən olanda satır. Müştərilərindən ikisi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dur. Onlar uzaq qohumudurlar. Onlar əvvəllər ayrı-ayrı vaxtlarda gəlib evindən istədiyi heyvanı seçib aparıb, gah dəyişdirmiş, gah da satıb və danışdıqları qiyməti ona ödəmişlər.Bu səbəbdən aralarında etibar yaranmışdır. 2018-ci ilin fevral ayında Cavabdeh1 evinə gələrək 270 manat dəyərində 2 baş ana qoyunu ağ rəngli Vaz-2101 markalı təxminən 44-77-912 dövlət qeydiyyat nömrəli maşını ilə aparmış , qoçların pulunu bir neçə günə verəcəyini bildirmişdir. Cavabdeh1 10 gün sonra yanına gələrək həmin 540 manat puldan 240 manat vermis, 300 manat borclu qalmışdır. Bundan 3-4 ay sonra təxminən 2018-ci ilin may ayında Cavabdeh1 atası Cavabdeh2 ilə yanına gələrək xahiş etmişlər ki, onlarla iş görməyindən qəti narahat olmasın, nə borc varsa hamısı bir yerdə ödənəcəkdir. Bundan sonra onlar 10 ədəd keçistədiklərini və qalan borcu ilə pulunu birlikdə qaytaracaqlarını dedilər. O, Mahirin atasına görə, həmdə qohum olduğuna görə etibar etdiyi üçün 1000 manat dəyərində 10 ədəd keçini onlara vermişdir .10 ədəd keçinin 4 ədədini Cavabdeh2 maşınına yükləyib həmin gün , qalan 6 ədəd keçini sabahı gün aparmışlar. 13.06.2018-ci il tarixdə Zaqatala rayonundan mal bazarından evə qayıdarkən, əvvəllər evini tikən usta kimi tanıdığı Arif adlı şəxs ona zəng edərək onu evlərinə çağırmışdır. O da yanında olan Anarla birlikdə Arifgilə getmiş, oraya çatanda görmüşdür ki, Cavabdeh1 oradadır. Arif və Mahir ona Mahirə 1530 manat pul lazım olduğunu bildirmişlər. O, da Mahirə bildirmişdir ki, altdan olan borcunu qaytarmayıb yenidən borc istəyirsən. Mahir borcunu ödəyəcəyini, ona yenidən 1530 manat borc verməyini xahiş etmişdir. Bundan sonra orada oğlu Babək olmaqla 5 nəfərin şahidliyi ilə 1530 manat pulu sayıb Mahirə vermişdir. Mahir də iltizama qol çəkərək borcunu qaytaracağını bildirmişdir. Sonra həmin iltizamı itirmişdir. Bir neçə gün sonra Cavabdeh1 yenidən onlara gələrək həyətində olan qoyunları özünə satmağını xahiş etmişdir. O,da Mahirə 25 min manat kredit götürdüyü pula heyvan aldığını, ancaq onun heyvanları apararaq pulunu vermədiyini bildirmişdir. Mahir and içərək pulunu verəcəyini demişdir. O, da Mahirin sözünə inanaraq özü öz maşınına heyvanları yığıb Mahirin evinə aparmışdır. Mahirin böyük oğlu Mahirə zəng edərək onun qoyunları gətirdiyini demişdir. Mahir isə qoyunları evin arxasındakı fındıq bağına boşaltmağını bildirmişdir. Mahirin oğlu ilə bir yerdə 19 baş qoyunu və iki quzunu boşaldıb qayıtmışdır. O, qoyunları boşaltdıqdan sonra Mahirin anası ona qoyunları Mahirə verməməyini, Mahirin qoyunların pulunu ona qaytarmayacağını bildirmişdir. Bir müddət sonra Mahirin atası Təhməz ondan 200 manat borc pul istəmiş və o pulu özü ona qaytaracağını bildirmişdir. Ancaq o, həmin pulu iddia ərizəsinə əlavə etməmişdir. Bir müddət sonra pulu istəməyə getmiş, ona fındıq yığımında verəcəyini bildirmişdir. Fındıq yığımında təkrar borcunu istəməyə getdiyi zaman Mahir ona fındıq bağını almağını təklif etmişdir. O, isə Talalar kəndində olan torpaq sahəsinin evinə uzaq olduğundan istəmədiyini bildirmişdir. Daha sonra yenidən borcu istəməyə gedəndə Mahir pulu oğluna hərbi bilet almaq üçün xərclədiyini demişdir. O, da Balakən rayon Polis Şöbəsinə gələrək Mahirdən şikayətçi olmuşdur. Polis şöbəsindən ona məhkəməyə müraciət etməyini bildirmişlər. Bundan sonra dəfələrlə yenidən cavabdehlərin evinə gedərək pulunu tələb edərkən ona bildirmişlər ki, “get hara istəyirsən şikayət et, sənin nə pulunu və nədə ki, qoyunlarını qaytarmırıq”. Balakən rayon PŞ-nə müraciətinin heç bir nəticəsi olmamışdır. Ona görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bildirmişdir ki, o keçilərin hər birini Mahirə 100 (bir yüz ) manatdan satmış, 19 baş qoyun və iki baş quzunu isə ümumilikdə 1940 manata satmışdır. İş üzrə Cavabdeh1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı1 ilə qohum deyildir. Bir neçə illər əvvəl Bəkirin evinə gedib ondan bir neçə heyvan almışdır, sonra pulunu ödəmişdir. 3 il bundan qabaq Bəkir ona bazarda yaxınlaşıb ondan İlkin adlı şəxsdən aldığı 20 ədəd qoyunları satmaqda ona köməklik etməyini xahiş etmişdir. O, da fikirləşəcəyini və cavab verəcəyini bildirmişdir. Daha sonra Bəkir ona zəng vuraraq qoyunlara və keçilərə baxmaq üçün onu evlərinə dəvət etmişdir. O, Bəkirin evinə gedən zaman keçilərin yaşlı olduğunu, 5-6 qoyunun ayaqları xəstə olduğu üçün yatdığını görmüşdür. Keçiləri gətirmədən qayıtmışdır. Bir neçə saat sonra İddiaçı1 20 ədəd qoca qoyun və 10 ədəd keçini xəbəri olmadan onun evinə gətirmişdir. Səhəri gün keçilərdən ikisinin öldüyünü görmüşdür. Bəkirə zəng vuraraq iki ədəd keçinin öldüyünü bildirmiş və gəlib heyvanları geri aparmasını tələb etmişdir. Bəkir heyvanları aparmaq üçün gəlməmişdir. Axşamı iki keçi də ölmüşdür. O, yenə Bəkirə zəng vurmuşdur ki, gəlib heyvanları aparsın. Bəkir yenə gəlməmişdir. Ümumilikdə beş keçi və 6 qoyun ölmüşdür. Bir neçə gün sonra o, Zaqatala Əliabad bazarında olan zaman Arif ona zəng edərək özlərinə çağırmışdır. Bəkir ona Arifin evində 1500 manat faizə pul verməyi təklif edərək bildirmişdir ki, özün heyvan al artır, pulun faizini də az-az qaytararsan. O, Bəkirin təklifi ilə razılaşmışdır. İl yarım 1500 manatın faizini ödəmişdir. İl yarım faizi ödədikdən sonra borcu ödəyə bilməmiş və atasına təklif etmişdir ki, maşınını borcun yerinə Bəkirə versin. Atası narazı olduğu üçün maşını satmamışlar və o, kredit götürərək 750 manat pulu Zaqatala Əliabad bazarında oğlu , Bəkir və onun yoldaşı Sədaqətin yanında Bəkirə vermişdir. Bir neçə gün sonra Balakəndə Soltanın bazarında geridə qalan 450 manatı Bəkirin özünə vermişdir. Bir müddət keçdikdən sonra 500 manatı da yoldaşı ilə gedib Bəkirin evində ona vermişdir. Bəkir qalan pulu da hər gün zəng vuraraq tələb etmişdir. Maşını vermək üçün atasını razı salmış və birlikdə Balakən Notariat Ofisinə getmişlər. Bəkir Gürcüstan vətəndaşı olduğu üçün onun təklifi ilə maşını Elşadın adına keçirtmişlər. Razılaşmışlar ki, Elşad 2000 manat pulu Bəkirə ödəyəcəkdir. Həmin vaxt Bəkir Notariat Ofisinin qabağında atasına 120 manat pul vermişdir. Maşını verdikdən sonra onun Bəkirə 500 manat borcu qalmışdır. O, da iki qoyun və iki balasını 500 manatın əvəzində Bəkirə vermişdir. Onun Bəkirə heç bir borcu yoxdur. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı1 onun arvadı ilə qohumdur. Bir neçə illər əvvəl oğlu Mahir Bəkirin evinə gedib ondan bir neçə heyvan almışdı. 3 il bundan qabaq Bəkir Mahirə bazarda yaxınlaşıb 20 ədəd qoyunları satmaqda ona köməklik etməyini xahiş etmişdir. Mahir razı olmadığını bildirmişdir. Daha sonra Bəkir Mahirə zəng vuraraq qoyunlara və keçilərə baxmaq üçün onu özlərinə dəvət etmişdir. Mahir Bəkirin evinə gedən zaman keçilərin yaşlı olduğunu, 5-6 qoyunun ayaqları xəstə olduğu üçün yatdığını görmüşdür. Heyvanları gətirmədən qayıtmışdır. Bir neçə saat sonra İddiaçı1 20 ədəd qoca qoyunu və 10 ədəd keçini xəbəri olmadan evinə gətirmişdir. Səhəri gün keçilərdən ikisinin öldüyünü görmüşdür. Mahirə keçilərin xəstə olduğunu geri qaytarmasını bildirmişdir. Mahir Bəkirə zəng vuraraq iki ədəd keçinin öldüyünü bildirmiş və gəlib heyvanları geri aparmasını tələb etmişdir. Bəkir heyvanları aparmaq üçün gəlməmişdir. Axşamı iki keçi də ölmüşdür. Mahir yenə Bəkirə zəng vurmuşdur ki, gəlib heyvanları aparsın. Bəkir yenə gəlməmişdir. Bir neçə gün sonra Arif zəng edərək Mahiri özlərinə çağırmışdır. X3 evində 1500 manat faizə pul verməyi təklif edərək bildirmişdir ki, özün heyvan al artır, pulun faizini də az-az qaytararsan. Mahir Bəkirin təklifi ilə razılaşıb 1500 manatı almışdır. İl yarım 1500 manatın faizini ödəmişdir. Qalan borcu ödəmək üçün onun maşınını Bəkirə vermək üçün Balakən Notariat Ofisinə getmişlər. Bəkir Gürcüstan vətəndaşı olduğu üçün onun sözünə əsasən maşını Elşadın adına keçirtmişlər. Razılıqlarına əsasən Elşad 2000 manat pulu Bəkirə ödəməli idi. Maşını verdikdən sonra Mahirin Bəkirə 500 manat borcu qalmışdır. Qalan borcun əvəzinə də Mahir iki qoyun və iki balasını Bəkirə vermişdir. Notariat Ofisinin qabağında Bəkir bildirmişdir ki, Mahirin ona heç bir borcu qalmamışdır. Bəkir ona borc pul, qoyun, quzu və keçi verməmişdir. Bəkir qoyunları və keçiləri Mahirlə danışıb ona vermişdir. Həmçinin 1500 manat borc pulu Mahirə vermişdir. Onun Bəkirə heç bir borcu yoxdur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, İddiaçı1 və Cavabdeh1 tanıyır. Onun və Mahirin pula ehtiyacı olduğu üçün İddiaçı1 özlərinə çağırmışdır. Həmin vaxt Mahir Bəkirdən 1500 manat borc pul almışdır. Bir neçə gün sonra Mahir atası ilə Bəkirin evinə gələrək 4 ədəd keçini atasına məxsus maşına qoyub aparmışlar. Bir neçə gün sonra Mahir Bəkirdən bir baş inək malı da gəlib aparmış, lakin iki gün sonra Mahir inəyin xəstə olduğunu bildirərək malı gətirib Bəkirə qaytarmışdır. Bir müddət sonra Mahir ona zəng edərək 200 manat pula ehtiyacı olduğunu bildirmişdir. O,da həmin pulu Bəkirdən götürüb Mahirə vermişdir. Mahir Bəkirdən borc aldığı həmin pulu da ona qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, tərəfləri tanıyır. O, 2019-cu ilin yanvar ayının əvvəllərində Bəkirlə birlikdə Mahirgilə getmişdir. Mahir 1973-cü ilin 21011 markalı maşını Bəkirə 2000 manata satmaq barədə razılığa gəlmişdir. Maşını özü almış, maşının pulunu o Bəkirə ödəməli idi. O, maşın üçün 400 manat pulu Bəkirə ödəmişdir. 5-6 ay maşını sürmüş, lakin sonradan pulu ödəməyə maddi imkanı olmadığına görə maşını aparıb Bəkirə vermiş, 400 manatda Bəkirdə qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişlər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeyd edilən qətnamə qeyri-qanuni və əsassızdır. Belə ki, Cavabdeh1 ondan 20 baş qoyun, 10 keçi, 1500 manat pul aldığını etiraf etmişdir. O, 750 manat pulu Zaqatala rayon Əliabad bazarında, bundan bir neçə gün sonra 450 manat pulu Balakən rayonu Soltanın bazarında, 500 manat pulu isə evində verdiyini bildirsə də, bu fakta dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin o, atasına məxsus olan 1973-cü ilin vaz 21011 markalı avtomobili 2000 manat pulun əvəzində ona verdiyini və onun Gürcüstan vətəndaşı olduğuna görə maşını iş üzrə dindirilmiş cavabdehlərin təqdim etdikləri Şahid1 adına rəsmiləşdirildiyini bildirsə də, bu hala dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Lakin iş materiallarında olan X2 Xidmətin 04.03.2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, 16.01.2019-cu il tarixdə Cavabdeh2 ilə Şahid1 arasında alqı-satqı müqaviləsi olmamışdır. Nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə verilmişdir. Lakin iş üzrə dindirilmiş cavabdehlərin təqdim etdikləri Şahid1 məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, o, maşını 5-6 ay sürmüşdür. Daha sonra isə maşını ona vermişdir. Lakin qeyd edilənlərə dair məhkəməyə sübut təqdim edilməmişdir. Faktiki olaraq həmin avtomobili oğlu Əhməd Şahid1 1400 manata satın almış və onların arasında etibarnamə olmuşdur. Yəni bir sözlə həmin avtomobil ona heç bir halda borc pulun əvəzinə verilməmişdir. Odur ki, Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qeyd edilən qətnamə qeyri-qanuni və əsassızdır. Belə ki, İddiaçı1 3 il bundan qabaq, yəni 2017-ci ildə ona zəng vuraraq bildirmişdir ki, bir az yaşlı qoyunu və keçiləri var. Onları satmağa kömək etsin. O, isə ona cavab deməmiş, mümkünsə kömək edəcəyini bildirmişdir. Ortada bir neçə saat keçmədən iddiaçı həyətinə 20 ədəd qoca qoyun və 10 ədəd keçi gətirmişdir. Qapısına gətirdiyindən o iddiaçıya heç nə deyə bilməmişdir. O xırda buynuzlu heyvanları onun evinə gətirəndə bir neçə qonşu da onlarda idi. 3 gün keçməmiş 7 ədəd keçi, bir neçə gündən sonra 4 ədəd qoyun ölmüşdür. Ölənlərin şəklini çəkmişdi ki, ona göstərsin. Göstərəndə dedi heç bir problem yoxdu. İddiaçı ondan xəstə qoyunları satmağa kömək etməsini xahiş etmişdir. İddiaçı ona təklif etmişdir ki, ona faizlə 1500 manat versin, o da özü heyvan alıb artırsın, pulun faizini də az-az qaytarsın. O isə iddiaçının təklifi ilə razılaşmışdır. Həmin pulun faizlərini il yarım hər ay 150 manatdan 15 ay olmaqla 2550 manat faiz borcunu kəndliləri olan Arif, Əhməd və Anarın iştirakı ilə pulu bütövlükdə ödəyib qurtarmışdır. Əsas olan 1500 manatın 750 manatını bazarda 4 nəfərin yanında iddiaçılara vermişdir. Geridə qalan 450 manat isə yenə də, bazarda İlkinin yanında Bəkirin özünə vermişdir. 500 manatını da bəkirin evinə yoldaşı ilə gedərək onun öz evində vermişdir. 21 ədəd qoyunun pulu qalmışdır. Bir ildən sonra onların pulunu verə bilmədiyindən pulun əvəzinə atasının adında olan 21011 markalı avtomobili vermişdir. Bir müddətdən sonra guya avtomobildən narazı qaldığını bildirərək, narazılıq olmasın deyə 5 ədəd hər birinin qiyməti 250 manat olan ana qoyun vermişdir. O, avtomobili onun adına borcun əvəzi olaraq etibarnamə verərkən notariat kontorunda işləyən Ramazan adlı şəxsə də bu barədə bildirmişdir. Bundan başqa, o iddiaçılıara məxsus xırda buynuzlu heyvanların bir qismini ödəmiş, digər qalan bir hissəsini də ödəməyi barədə birinci instansiya məhkəməsində məlumat vermişdir. İddiaçılar öz iddialarında ondan dəymiş zərər kimi 4870 manat pul tələb edərkən aralarında olan hər hansı bir razılaşmanı sübut edən heç bir mötəbər sənəd təqdim edə bilməmişlər. Ancaq onun iddiaçılara olan borcunun tam olaraq ödəməyi barədə məhkəməyə həm şahid, həm də iddiaçının etiraf edici danışığı olan DVD diski maddi sübut kimi məhkəməyə sübut kimi təqdim etməyinə baxmayaraq, məhkəmə nədənsə sübutu nəzərə almamışdır. Odur ki, Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli qətnaməsinin ləğv edilib, iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər Cavabdeh2 iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və kollegiya tərəfindən tədqiq edilmiş: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli 959 nömrəli arayışdan görünür ki, Balakən mal bazarında 1 baş ana qoyunun orta bazar satış qiyməti 170 manat, (21 baş ana qoyunun qiyməti 3570 manat) 1 baş dişi keçinin qiyməti 130 manat, (10 baş dişi keçinin qiyməti 1300) cəmi qoyun və keçilərin dəyəri 4870 manatdır. X2 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış 04 mart 2021-ci il tarixli 334 nömrəli məktubdan görünür ki,Cavabdeh2 ilə Şahid1 arasında 16 yanvar 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmamış, nəqliyyat vasitəsinə sərəncam verilməsi barədə etibarnamə verilmişdir. 15 avqust 2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı1 şikayəti əsasında toplanılmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. 05 fevral 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Balakən rayonu Talalar kənd sakini Cavabdeh1 şikayəti əsasında toplanılmış HK-1-81 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh1 ilə İddiaçı1 aralarında yaranmış borcla bağlı mübahisələrinin həll edilməsi üçün Balakən rayon məhkəməsinə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Mülki işin kollegiya tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzaq qohumdurlar. 2018- ci ilin fevral ayında İddiaçı1 özünün və arvadı İddiaçı2 mülkiyyətində olan 10 baş keçinin hər birini 100 manatdan nisyə olaraq Cavabdeh1 satmışdır. O, həmçinin həmin vaxt 19 baş ana qoyunu və 2 baş quzunu 1940 manata Cavabdeh1 nisyə satmışdır. Bundan sonra 13 iyun 2018-ci ildə İddiaçı1 yenidən Cavabdeh1 1500 manat borc pul vermişdir. Cavabdeh1 nisyə aldığı qoyun və keçilərin pulunu, habelə 1500 manat borcunu qaytarmadığı üçün İddiaçı1 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Balakən rayon polis X1 15 avqust 2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh1 atası Cavabdeh2 oğlu- Mahirin borcunun əvəzinə özünün mülkiyyətində olan VAZ-2101 markalı ** BA *** dövlət nömrə nişanlı avtomaşını 2000 manata İddiaçı1 verməyə razılaşmışdır. İddiaçı1 Gürcüstan vətəndaşı olduğundan aralarındakı razılığa əsasən Cavabdeh2 avtomaşını baş etibarnamə ilə Şahid1 sahibliyinə vermişdir. Razılıqlarına əsasən Şahid1 maşın üçün 400 manat pulu Bəkirə ödəmiş, qalan pulu da hissə-hissə ödəməyə söz vermişdir. Lakin sonradan Elşad borcunu ödəyə bilməmiş, maşını aparıb Bəkirə vermişdir. Həmin avtomaşın o vaxtdan iddiaçının oğlunun istifadəsindədir. Cavabdeh1 qalan borcu ödəmədiyindən iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətlərinin təmin edilməməsinə və qətnamənin dəyişdirilməməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1,600.2,600.4-cü maddələrinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq işin qeyd edilən faktiki hallarını, iddiaçıların Cavabdeh1 1500 manat borc pul vermələrini, 19 baş qoyun və iki quzunu 1940 manata,10 baş keçini 1000 manata nisyə satmalarını, Cavabdeh1 borcun əvəzinə 2000 manata qiymətləndirdikləri atasına məxsus avtomaşını iddiaçılara verməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 nisyə satılmış 1940 manat dəyərində 19 baş qoyun və 2 baş quzunun, 1000 manat dəyərində 10 baş keçinin dəyərindən, cəmi 2940 manat dəyərində qoyun quzu və keçinin dəyərindən ödənilməmiş qalan 2440 (iki min dörd yüz qırx) manat alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidi. İddiaçılar qoyun və keçiləri Mahirlə bərabər atası Cavabdeh2 da vermələrini göstərsələr də bu barədə heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin Cavabdeh1 kredit götürərək 750 manat pulu Zaqatala Əliabad bazarında İddiaçı1, bir neçə gün sonra Balakəndə Soltanın bazarında geridə qalan 450 manatı İddiaçı1, bir müddət keçdikdən sonra 500 manatı da yoldaşı ilə gedib Bəkirin evində ona verməsi, qalan 500 manat borcun əvəzinə iki ana qoyun və iki quzunu İddiaçı1 verməsini, İddiaçı1 heç bir borcu olmamasını göstərsə də bunları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Ona görə də cavabdehin bu dəlili birinci instansiya məhkəməsi tərəfindən qəbul edilməmişdir. Odur ki, iddia tələbinin qalan 3960 manata aid hissədə və Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 nisyə satılmış 1940 manat dəyərində 19 baş qoyun və 2 baş quzunun, 1000 manat dəyərində 10 baş keçinin dəyərindən, cəmi 2940 manat dəyərində qoyun, quzu və keçinin dəyərindən ödənilməmiş qalan 2440 (iki min dörd yüz qırx) manat və 30 manat dövlət rüsumu xərcinin 11,44 manatı, cəmi 2451,44 (iki min dörd yüz əlli bir manat qırx dörd qəpik) alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə haqlı olaraq iddia tələbinin qismən təmin edilməsini nəzərə alaraq hesab etmişdir ki, 30 manat dövlət rüsumu xərcinin 11,44 manatı Cavabdeh1 alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, şahid ifadələri və iddiaçıların izahatlarından göründüyü kimi, tərəflər öz aralarında razılığa gəlmişlər və iddiaçı Cavabdeh2 məxsus 21011 markalı avtomobili 2000 manat borcun müqabilində cavabdehdən almışdır. Həmin avtomobil hazırda iddiaçının oğlunun sahiblik və istifadəsindədir. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, cavabdeh öz izahatında iddiaçının ona satması məqsədilə heyvan və borca pul verdiyi etiraf etmiş,lakin həmin borcu müxtəlif vaxtlarda hissə-hissə iddiaçıya qaytardığını bildirsə də, bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlıdır. Ona görə də Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, Balakən Rayon Məhkəməsi iddianı qismən təmin etməkdə ümumilikdə düzgün nəticəyə gəlmiş, bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(019)-300/2021 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1096/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1096/2021
09.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver