Məhkəmə qərarları › İş №2(107)-1100/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1100/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1100/2024 24.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X22 cavabdeh Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızına qarşı (açar sözlər: Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və X23 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - X22 və onun nümayəndəsi X1, Cavabdeh - Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızının nümayəndəsi X12 iştirakı ilə, İddiaçı X13 cavabdeh Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızına qarşı “alimentin azaldılması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tаrixli, e-2(025)-493/2024 saylı qətnаməsindən cavabdeh Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızının nümayəndəsi X24 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan 03 mart 2024-cü il tarixli AZ-İV seriyalı 943859 saylı “Doğum haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X19 xx.xx.2024cü il tarixdə anadan olmuşdur.Bu barədə Qəbələ reginal “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında 03 mart 2024-cü il tarixdə 156 nömrə ilə qeyd aparılmışdır. X7, anası X4r.

2. İş materiallarında olan Qəbələ regional “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 583346 saylı “Nikah haqqında Şəhadətnamə”-nin surətindən görünür ki, X20 və X21 xx.xx.2023-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 391 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir.

3. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsindən görünür ki, ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, X22 ilə X14 arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikah pozulması, birgə nikahdan anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X15 anası X5 yanında qalmasının müəyyən edilməsi, X9 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, 02 iyun 2013-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 80 (səksən) manat pul vəsaiti alınaraq iddiaçı X8 verilməsi, X13 adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış birgə nikah dövründə əldə olunmuş “VAZ 21154” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bərabər paylarla bölünməsi, həmin avtomobil üzərində X5 ½ pay hüququ, X13 ½ pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması qət edilmişdir.

4. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(107)-452/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X22 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi dəyişdirilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarı azaldılaraq 02 iyun 2013-cü ildə doğulmuş X15 müalicə xərcləri üçün cavabdeh X9 hər ay 50 manat pul vəsaiti alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir.

5. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 Salı X17 tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş cavab məktubundan müəyyən olunmuşdur ki, X25 xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara təyin olunan aylıq sosial müavinəti almışdır. Hal-hazırda heç bir növ pensiya, sosial müavinət və təqaüd almır.

6. İş materiallarında olan “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X40 tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 24 aprel 2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, X2 RMX-nın Polikilinika şöbəsinin psixiatrik kabinetində “Yüngül əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır və pulsuz dərman almır.

7. İş materiallarında olan MŞQ/MT035-2024-054 saylı, xx.xx.2024-cü il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışadan görünür ki, X22 və X16 arasında olan mediasiya prosesinə “Mediasiya haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən xitam verilmişdir. X22 tərəfindən 54 manat məbləğində mediasiya xərci ödənmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X22 cavabdeh X8 qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi üzrə ondan tutulmalı olan alimentin miqdarı azaldılaraq 02 iyun 2013-cü il təvəllüdlü X25 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması və uşağın saxlanılması üçün əlavə xərclərdən azad edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh X14 ilə 14 avqust 2012-ci ildə Qəbələ rayon İHB-nin Vəndam qəsəbə İƏD üzrə nümayəndəliyində 40 saylı nikahlarını rəsmi qeydiyyatdan keçirməklə ailə qurmuşlar. Birgə nikahlarından 02 iyun 2013-cü ildə Günay adlı uşaqları anadan olmuşdur. İlk vaxtlar münasibətləri nisbətən normal olmuş, lakin sonradan münasibətləri qeyri-normal hal aldığından pozulmuşdur. Belə olub nikahın pozulması üçün Qəbələ rayon məhkəməsinə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinə əsasən ilkin iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, onunla X14 arasında 14 avqust 2012-ci il tarixdə bağlanmış və Qəbələ rayon Qəbələ rayon İ.H.B Vəndam qəsəbə İ.Ə.N tərəfindən həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmiş nikah pozulması, birgə nikahlarından anadan olmuş 02 iyun 2013-cü il təvəllüdlü X15 anası X5 yanında qalmasının müəyyən edilməsi, ondan 27 sentyabr 2022-ci il tarixdən başlayaraq, 02 iyun 2013-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və müalicə xərcləri üçün hər ay əlavə 80 (səksən) manat pul vəsaiti alınaraq iddiaçı X8 verilməsi, onun adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmış birgə nikah dövründə əldə olunmuş “VAZ 21154” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə etdikləri əmlak kimi bərabər paylarla bölünməsi, həmin avtomobil üzərində X5 ½ pay hüququ, onun ½ pay hüququ üzrə mülkiyyət hüquqlarımın tanınması qət edilmişdir. Sözügedən qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-452/2023 saylı qətnaməsinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinin dəyişdirilməsi, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarını azaldılaraq 02 iyun 2013-cü ildə doğulmuş X15 müalicə xərcləri üçün cavabdeh X9 hər ay 50 manat pul vəsaiti alınaraq iddiaçı X8 verilməsi, qətnamə mübahisələndirilən qalan (hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması) hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qızı Günay adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay ondan 193 manat sabit pul məbləğində aliment tutulması və müalicə xərcləri üçün hər ay əlavə 50 (əlli) manat pul vəsaiti alınaraq iddiaçı X8 verilməsi onun hüquqlarını kəskin şəkildə pozmaqdadır. Belə ki, 1-ci olaraq onu qeyd edir ki, hal-hazırda X10 ilə evlidir. (nikah şəhadətnaməsinin surəti iddia ərizəsinə əlavə edilir). Nəzakət Zülfüqarova ilə birgə nikahlarından 11 fevral 2024-cü il tarixdə X19 adlı övladı anadan olmuşdur. (X11 doğum şəhadətnaməsinin surəti iddia ərizəsinə əlavə olunmuşdur). Eyni zamanda hazırkı həyat yoldaşı əvvəlki nikahdan olan uşağı da onun himayəsindədir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-109/2023 saylı qətnaməsi qəbul edilərkən bu hal da nəzərə alınmamışdır. Məhkəmə tərəfindən müalicə xərclərinə cəlb olunmasına səbəb qızı Günayın xəstəliyi və bununla əlaqədar pensiya alması olmuşdur. Lakin hal-hazırda qızı Günayın əlilliyi aradan qalxmış və pensiya almamaqdadır. Beləliklə əlavə xərclərə cəlb olunmağına səbəb olan hal aradan qalxmışdır ki, bu halda da əlavə xərclərdən də azad edilməlidir. 3-cü olaraq bildirir ki, cavabdeh 3-cü qrup əlildir və buna görə 150 (bir yüz əlli) manat pensiya almaqdadır. Məhkəmə tərəfindən bu halda nəzərə alınmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarından göründüyü kimi məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərindən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməlidir. Yuxarıda sadalağı hallardan göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi qətnaməsi qəbul ediləndən sonra ailə və maddi vəziyyətində kifayət qədər dəyişlik olmuşdur. Belə ki: 1-ci olaraq həmin vaxt yalnız subay olduğu halda, hal-hazırda yenidən evlənmişdir və yeni evliliyindən bir uşağı doğulmuşdur. Həmçinin hal-hazırda birgə nikahda olduğu həyat yoldaşı əvvəlki evlilikdən olan uşağı da onun himayəsindədir. O uşağı böyütmək də onun vəzifəsidir. Bu da onun maddi və ailə vəziyyətinin dəyişməsinin sübutudur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi qəbul edilərkən bu hal nəzərə alınmamışdır. 2-ci olaraq məhkəmə tərəfindən müalicə xərclərimə cəlb olunmağına səbəb qızları Günayın xəstəliyi və bununla əlaqədar pensiya alması olmuşdur. Lakin halhazırda qızı Günayın əlilliyi aradan qalxmış və pensiya almamaqdadır. Beləliklə əlavə xərclərə cəlb olunmağına səbəb olan hal aradan qalxmışdır ki, bu halda da əlavə xərclərdən də azad edilməlidir. Göründüyü kimi qanunverici aliment təyin edərkən məhkəmələrə tərəflərin ailə və maddi vəziyyətinin nəzərə alınması tələbini qoymuşdur. Bu zaman tək atanın deyil, həm də ananın da maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Göründüyü kimi onun maddi vəziyyəti ortadır. Cavabdehlə birgə münasibətlərindən doğulmuş Günay adlı uşağın isə əlilliyi aradan qalxmışdır. Bu halda ananın, yəni cavabdehində işləyə bilməsini göstərir. Qanunvericiliyə əsasən isə uşaqlara baxmaq həm ananın, həm də atanın vəzifəsidir. Cavabdeh isə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsi qəbul edilən zaman işləyə bilməməsi, yaxud uşağın xəstəliyi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bu da onu göstərir ki, cavabdehdə işləyib, uşağın baxılmasında iştirak edə bilər. Həmçinin hesab edir ki, X8 bir uşaq üçün ümumilikdə 193 manat ödənilməsi düzgün deyildir. Çünki onun əmək haqqım ümumilikdə 345 manat təşkil etməkdədir. Eyni zamanda dövlət rüsumu ilə əlaqədar onu da bildirir ki, Mediyasiya orqanına 50 manat dövlət rüsumu ödədiyindən, məhkəməyə 50 manat dövlət rüsumu ödəmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X22 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun çıxış edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

11. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 25 aprel 2024-cü il tаrixli, e- 2(025)-493/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(107)-452/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, cavabdeh X22 02 iyun 2013-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş hər ay 50 manat müalicə xərcindən azad edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçının müalicə xərcindən azad edilməsi qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanması qət edilmişdir.

12. Cavabdeh Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızının nümayəndəsi X3 Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tаrixli, e-2(025)-493/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

13. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, ...məhkəmə tərəfindən qətnamə qəbul edilərkən tərəflərin maddi vəziyyəti, gəlirləri, qazanc mənbəyi, iş yeri, səhhəti, yaşayış səviyyəsi, əmlak vəziyyəti (hər hansı daşınar və daşınmaz əmlaklarımın olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməmişdir. Belə ki, iddiaçı qeyd edir ki, Məhkəmə tərəfindən müalicə xərclərinə cəlb olunmasına səbəb qızı Günayın xəstəliyi və bununla əlaqədar pensiya alması olmuşdur. Lakin halhazırda qızı Günayın əlilliyi aradan qalxmış və pensiya almamaqdadır. Beləliklə əlavə xərclərə cəlb olunmağına səbəb olan hal aradan qalxmışdır ki, bu halda da əlavə xərclərdən də azad edilməlidir. Lakin sorğu əsasında Qəbələ RMX-nın məhkəməyə təqdim edilmiş məktubunda da qeyd olunur ki, X25 psixiatrik kabinetdə qeydiyyatdadır və onda yüngül əqli gerilik və davranış pozuntuları xəstəliyi vardır, müalicə və müyinə olunur. Övladı Günay onun yanındadır və müntəzəm olaraq həkim müayinəsində və müalicəsində olur ki, həmin xərclər də 50 manatdan dəfələrlə çoxdur. Həmin xərclər valideyni tərəfindən qarşılanır. Təyin olunan müalicə xərci olaraq əlavə xərcin ləğv edilməsi uşağın müalicə olunmasında, dərmanlarının alınmasında maddi məhrumiyyətlər yaradacaqdır. Həmçinin, o (cavabdeh) gözdən əlildir, bir gözünün görməsi itirilmiş, digər gözündə isə görmə problemi vardır, qismən əmək qabiliyyətli olmaqla İİ dərəcəli əlilliyi vardır. Cavabdeh şəxs isə rəsmi olaraq işləyir və əlavə olaraq taksi fəaliyyəti ilə də məşğul olur. Qeyd olunanlara əsasən alimentin tutlmasında uşağın xəstəliyi ilə əlaqədar müalicəsi üçün hər ay ödənilən əlavə xərc kimi 50 manat pul vəsaiti ləğv edilməməlidir. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tаrixli, e-2(025)- 493/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızının nümayəndəsi X24 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X22 və onun nümayəndəsi X6 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tаrixli, e-2(025)-493/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

17. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilərək iddianının təmin edilməməsi xahiş edilsə də, mahiyyət etibarı ilə 50 manat məbləğində müalicə xərcindən azad edilməsi hissəsində mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

20. Maddə 34. Nikah hüququ

İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İnsan hüquqlarına dair Ümumi Bəyannamə

21. Maddə 25, 2-ci bənd. Analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

22. Maddə 8. Hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.

23. Maddə 13. Uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır.

Azərbaycan Respublikası Ailə Məcəlləsi:

24. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

25. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

26. Maddə 76.2. Alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

27. Maddə 78.1. Aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

28. Maddə 81. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

38. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızının nümayəndəsi X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tаrixli, e-2(025)-493/2024 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından 02 iyun 2013-cü il təvəllüdlü X25 doğulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-452/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X22 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 35/2023 saylı qətnaməsi dəyişdirilmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-35/2023 saylı qətnaməsinə əsasən müəyyən edilmiş hər ay əlavə 80 manat müalicə xərclərinin miqdarı azaldılaraq 02 iyun 2013-cü ildə doğulmuş X15 müalicə xərcləri üçün cavabdeh X9 hər ay 50 manat pul vəsaiti alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. Hazırda isə X22 həmin məbləğin azaldılaraq hər ay 150 manat sabit pul məbləğində alimentin tutulmasını və uşağın saxlanması üçün əlavə xərclərdən azad olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd olunan qaydada həll etmişdir.

43. Apellyasiya şikayətinin başlıca tələbi uşağın saxlanması üçün əlavə xərclərdən azad olunmaması ilə bağlıdır.

44. Bununla bağlı birinci instansiya məhkəməsi 02 iyun 2013-cü ildə doğulmuş X15 əlavə xərclərinin ödənilməsi ilə bağlı dəqiqləşdirmələ aparmaq məqsədi ilə müvafiq qurumlara sorğular göndərmişdir. 22 aprel 2024-cü il tarixli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 Salı X17 tərəfindən verilmiş cavab məktubundan müəyyən olunmuşdur ki, X25 xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara təyin olunan aylıq sosial müavinəti almışdır. Hal-hazırda heç bir növ pensiya, sosial müavinət və təqaüd almır. “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” X40 tərəfindən verilmiş 24 aprel 2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, X2 RMX-nın Polikilinika şöbəsinin psixiatrik kabinetində “Yüngül əqli gerilik, davranış pozuntuları” diaqnozu ilə qeydiyyatdadır və pulsuz dərman almır.

45. Göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, 02 iyun 2013-cü ildə doğulmuş X25 artıq “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu,yüngül dərəcəli əqli gerilik, qıcolma və spazm, baş beynin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, nitq artikulyasiyasının spesifik pozğunluğu” xəstəliyindən əziyyət çəkmir və sağalmışdır.

46. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 02 iyun 2013-cü ildə doğulmuş X25 iddiaçını əlavə xərclərə cəlb edə biləcək xəstəlikdən əziyyət çəkməməsi, buna görə də iddiaçı X22 aylıq 50 (əlli) manat miqdarında müalicə xərcindən azad edilməsi ilə bağlı gəldiyi nəticəsi qanuni və əsaslıdır.

48. Beləliklə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

49. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

51. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

52. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tаrixli, e-2(025)-493/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-ci maddəsinə görə, aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir.

55. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı əvvəlki qətnamə ilə müəyyən edilmiş 193 manat alimentin miqdarının azalıdılaraq 150 manat müəyyən edilməsini və 50 manat məbləğində müalicə xərcindən azad edilməsini xahiş edir.

56. Ümumilikdə 93 manat mübahisələndirilir ki, həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1116 manat təşkil edir və beş min manatdan az olduğuna görə hazırkı mülki iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Mirzəcanova (Zülfüqarova) Şəhrəbanı Akif qızının nümayəndəsi X24 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tаrixli, e-2(025)-493/2024 saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar