Məhkəmə qərarları › İş №2(107)-1101/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1101/2020

06.05.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1101/2020 06.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı Səmədova (Ələkbərova) Çinarə Mübariz qızının Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması tələbinə dair" mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Səmədova (Ələkbərova) Çinarə Mübariz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından doğulmuş xx xxxx 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başalayaraq Cavabdeh hər ay 140 (bir yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçı Səmədova (Ələkbərova) Çinarə Mübariz qızının xeyrinə tutulması, qətnamənin dərhal icra edilməsi, həmçinin 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və onun tərəfindən iddiaçıya ayda 100 (bir yüz) manat sabit pul məbləğində alimentin ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim P.V.Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(075)- 275/2020 nömrəli qərardadı ilə Cavabdeh apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qərardadından şikayət vermiş və şikayətini əsaslandıraraq göstərmişdir ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olduğu üçün dövlət rüsumundan azaddır və bu barədə məcburi köçkünlük vəsiqəsinin surətini və məcburi köçkün olmağı barədə arayışı apelyasiya şikayətinə əlavə etsə də, birinci instansiya məhkəməsi bunları nəzərə almamış, apelyasiya şikayətini geri qaytarmışdır. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-cu il tarixli, 2(075)-275/2020 nömrəli qərardadının ləğv edilməsini və işin apelyasiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(075)-275/2020nömrəli qərardadı ilə Cavabdeh həmin Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətinin təmin edilməsini, apelyasiya şikayətinin geri qaytarılmasının əsassız hesab edilməsini və onun apelyasiyanın mümkünlüyünün yoxlanılması üçün icraata qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmiş iddiaçı Səmədova (Ələkbərova) Çinarə Mübariz qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-275/2020 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qərardadında qeyd olunur ki, Cavabdeh verdiyi apelyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə (15 manat) dövlət rüsumunun ödənilməsinə dair sənəd əlavə etməmişdir. O, apelyasiya şikayətinə məcburi köçkün olmasına dair vəsiqəsinin surətini əlavə etsə də, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aliment alınması barədə iddialar üzrə yalnız iddiaçıların dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi və gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 357.1-ci maddəsinə görə, birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. MPM-in 363-cü maddəsinə əsasən, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmamışdırsa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalıdır. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə isə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunu 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobil AESdə qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddırlar. İşdə olan AA № 260970 nömrəli məcburi köçkünlük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh həqiqətən də Kəlbəcər rayonundan məcburi köçkündür. İstinad edilən Qanunun mənasından göründüyü kimi, məcburi köçkünlər məhkəmədə verilən bütün növ iddialar üzrə dövlət rüsumundan azaddırlar. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçıların dövlət rüsumu ödəməkdən azad olunması müddəası isə belə iddialar üzrə dövlət rüsumunun onu ödəməkdən azad edilməmiş cavabdehlərdən tutulmalı olması mənasını ehtiva edir. Hazırkı iş üzrə cavabdeh ümumiyyətlə dövlət rüsumu ödəməkdən azad olunmuş şəxslər kateqoriyasına aid olduğundan o, aliment alınması barədə iddia üzrə də dövlət rüsumu ödəməkdən azaddır və həmin rüsumu ödəməyə cəlb edilə bilməz. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən qanun normalarını düzgün təfsir və tətbiq etməmişdir. Məhkəmə “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş “aliment alınması barədə iddialar üzrə yalnız iddiaçıların dövlət rüsumu ödəməkdən azad edilməsi” müddəasını yanlış şərh etmiş və buna görə də səhv nəticəyə gəlmişdir. Beləliklə, Cavabdeh məcburi köçkün olduğundan, tərəf (cavabdeh) olduğu mülki iş üzrə çıxarılmış qətnamədən apelyasiya şikayəti vermək üçün dövlət rüsumundan azaddır. MPM-in 395.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin şikayəti əsaslı olduğundan təmin edilərək iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qərardadı ləğv edilməli və apelyasiya şikayəti apelyasiyanın mümkünlüyünün yoxlanılması üçün icraata qəbul edilməlidir. MPM-in 398.0.3-cü maddəsinə müvafiq olaraq, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Səmədova (Ələkbərova) Çinarə Mübariz qızının Cavabdeh qarşı "sabit pul məbləğində alimentin tutulması tələbinə dair" mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(075)-275/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiyanın mümkünlüyünün yoxlanılması üçün icraata qəbul edilsin. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar