Məhkəmə qərarları › İş №2(107)-1102/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1102/2021

29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1102/2021 29.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 faizli enerji təchizatı şəbəkəsinə qoşulmaya görə artıq ödənilmiş 2449,60 manat məbləğində vəsaitin “xxxx” ASC-dən alınaraq ona qaytarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin sədri X2 özü-özünə verdiyi etiraza, Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 faizli enerji təchizatı şəbəkəsinə qoşulmaya görə artıq ödənilmiş 2449,60 manat məbləğində vəsaitin “xxxx” ASC-dən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxan hakim X5 özü-özünə etiraz etmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli qərardadı ilə etiraz təmin edilmiş, mülki iş Balakən Rayon Məhkəməsinin sədri X2 icraatına verilmişdir. X10 da özü-özünə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı artıq ödənilmiş 2449,60 manatın “xxxx” ASC-dən alınaraq ona ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə onun sədrliyi ilə baxıla bilməz. Belə ki, iş üzrə İddiaçı Balakən Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. Məhkəmə kollegiyası etirazla bağlı qeyd etməyi lazım bilir ki, etirazın dəlilləri əsaslı olduğundan qəbul ediləcək qərarın obyektivliyinə şübhə yaratmamaq üçün etiraz təmin edilərək başqa birinci instansiya məhkəməsinə verilməlidir. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən rayon (şəhər) məhkəməsinin sədri məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir, məhkəmə aparatı işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Balakən Rayon Məhkəməsinin sədri X2 öz-özünə vermiş olduğu etiraz məhkəmənin obyektivliyinə, qərəzsizliyinə və ədalətli məhkəmə baxışına şübhə yaratmasın deyə, əsaslı hesab edilib təmin olunmalıdır. Belə ki, hakim tərəfindən işə bаxılmаsınа yоl verilməməsi və hаkimə etirаz etmək üçün əsаslаr Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 19-cu mаddəsində müəyyən edilmişdir. MPM-in 19.2-ci maddəsinə əsasən aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. MPM-in 19.2.3-cü maddəsinə əsasən o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. MPM-in 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud tək tərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 23.1-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrində işə baxan hakimə etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda bu işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. MPM-in 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya tək tərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apelyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. MPM-in 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli Plenumunun 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə ərizələrə onların verilməsindən dərha sonra baxılmalı və müvafiq qərar qəbul edilməlidir. Etirazın əsasları məhkəmə iclas protokolunda öz əksini tapmalıdır. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının 1-ci bəndinə əsasən göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan Hüquqlarının və X4 X3”nın 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan Hüquqlarının və X4 X3”nın 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı işlə bağlı Balakən Rayon Məhkəməsinin sədri X2 özü-özünə vermiş olduğu etirazı təmin olunmalı və iş baxılması üçün Zaqatala Rayon Məhkəməsinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 21, 22 və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı 28 kVt gücündə kənd təsərrüfatı təyinatlı obyektlər üçün 3 faizli enerji təchizatı şəbəkəsinə qoşulmaya görə artıq ödənilmiş 2449,60 manat məbləğində vəsaitin “xxxx” ASC-dən alınaraq ona qaytarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin sədri X2 özü-özünə verdiyi etiraz təmin edilsin və iş baxılması üçün Zaqatala Rayon Məhkəməsinə verilsin. Qərardad onun çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar