Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1112/2022 27.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı aliment tələbinə dair mülki işi üzrə Balakən Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı və cavabdeh 03 oktyabr 2016-cı il tarixdə Balakən rayonu Qazma kənd Ərazi nümayəndəliyində rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Tunar adlı övladları olmuşdur. Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflərin rəsmi nikahları pozulmuş və birgə nikahdan olan uşaqlarının iddiaçının yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin sosial müavinət və təqaüd haqqında arayışından görübür ki, cavabdeh İİİ qrup əlildir və 120 manat müavinət alır. Balakən rayonu Qazma kəndə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 476 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdeh işləmir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan uşaqları X1 yetkinlik yaşına çatana kimi baxılıb saxlanılması üçün hər ay sabit pul məbləğində 250 manat alimentin cavabdehdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, nikahlarını xx.xx.2016-cı il rəsmiləşdirməklə cavabdeh ilə evlənmişdir. Cavabdehlə birgə yaşadıqları dövrdəxx.xx.2017-ci il tarixdə X2 adlı uşaqları doğulmuşdur. 2020-ci ilin sentyabr ayında cavabdehlə aralarında baş vermiş münaqişə səbəbindən ondan ayrılmışdır. Həmin vaxt boşanma və aliment tələbi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 2(019)-928/2020 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış rəsmi nikah pozulmuş və oğlu X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 170 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin bir müddət sonra o, Arzumanla barışdığından alimentin ödənilməsini tələb etməyərək cavabdehdən alimentin tutulmasına dair icra işinə xitam verilməsini Balakən rayon İcra Şöbəsindən xahiş etmişdir. Ərizəsi əsasında xx.xx.2021-ci il tarixli qərarla alimentin ödənilməsi barədə işin icraatına xitam verilmişdir. Lakin artıq 3 aydır ki, yenidən cavabdehdən ayrılmışdır. Buna görə yenidən aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etmək istəyir ki, hal-hazırda oğlu ilə birlikdə atası evində yaşayır. Heç yerdə işləmir. Cavabdeh uşağın baxılmasında ona heç bir köməklik göstərmir. Uşağa təkbaşına baxmaq onun üçün çox çətindir. Buna görə də cavabdehdən aliment tələb edir. Cavabdeh fərdi işlərlə məşğul olur. Onun müəyyən qazancı var. Cavabdehin yüksək məbləğdə aliment ödəmək imkanı vardır. Cavabdehin rəsmi iş yeri olmadığından ondan sabit pul məbləğində aliment tələb edir. Balakən Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(019)- 625/2022 nömrəli iş üzrə qəbul etdiyi 21 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilmişdir. Rayon Məhkəməsi uşağın iddiaçının himayəsinə verilməsini, cavabdehin azyaşlı uşağın saxlanaılması üçün heç bir köməklik göstərməmisini, tərəflərin maddi və ailə vəziyyətini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən hər ay tutulmalı olan alimentin miqdarı 193 manat sabit pul məbləğində müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və ayda 150 manat məbləğində alimentin tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Rayon Məhkəməsi alimentin məbləğinə dair hissədə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, cavabdeh İİİ qrup əlildir, heç bir yerdə işləmir, hər hansı təsərrüfatla və ya fərdi işlə məşğul olmur. Cavabdehin iş qabiliyyəti yoxdur, heç bir yerdən qazanc və ya gəliri yoxdur. Hər ay 150 manat aliment ödəmək imkanı var. İddiaçı valideynləri ilə birlikdə Qazaxstan Respublikasında yaşayır və orada maqazin işlədirlər, onların kifayət qədər gəlirləri var. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermişdir. İddiaçı apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddia qismən təmin edilsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın qismən təmin olunması ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən yalnız cavabdeh apellyasiya şikayəti vermiş və o, qətnaməni qismən - alimentin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Odur ki, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq, qətnamənin yalnız mübahisələndirilən hissəsinin əsaslılığını yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 34. 4. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları” Bəyannaməsi Uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası” Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 18. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2.Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu. 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarına əsasən müəyyən edilir ki, tərəflər arasında nikah Balakən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə (İş № 2(019)-928/2020) əsasən pozulmuş və tərəflərin birgə nikahından anadan olan xx.xx.2017-ci il təvəllüdlü Tunarın hazırki iş üzrə iddiaçı olan anasının yanında qalması qət edilmişdir. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Qətnamə icraya yönəldildildikdən sonra tərəflər barışmış, onlar arasında ailə münasibətləri bərpa olunmuşdur. Bu səbəbdən iddiaçının ərizəsinə əsasən Balakən Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra işi üzrə icraata xitam verilmişdir. Hazırda tərəflər arasında münasibətlər yenidən pozulmuş və onlar faktiki olaraq ayrılmışlar. Tərəflərin birgə övladı azyaşlı Tunar iddiaçı ilə birlikdə yaşayır. 07 iyun 2022-ci il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı yetkinlik yaşına çatanadək uşağın saxlanılması üçün cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Rayon Məhkəməsi bu tələbi qismən təmin edərək, 193 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh bildirir ki, İİİ qrup əlildir, heç bir yerdə işləmir və iş qabiliyyəti də yoxdur, o, hər hansı təsərrüfatla və ya fərdi işlə məşğul olmur, heç bir yerdən qazanc və ya gəliri yoxdur. Lakin uşağa görə aliment ödəməkdən imtina etmir. O, ondan tutulmalı olan alimentin məbləğini 150 manat müəyyən edilməsini xahiş edir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbindən göründüyü kimi, uşaqların qayğısına qalmaq onların maddi və mənəvi tələbatının təmin etmək, hüquq və mənafelərinin mühafizə etmək valideynlərin borcudur. Həmçinin, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 20210-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Lakin Məhkəmə bildirir ki, Ailə Məcəlləsinin şərtinə əsasən, alimentin məbləği müəyyən edilərkən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar da nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını, həmçinin cavabdehin İİİ qrup əlil olmasını və işləməməsini nəzərə alaraq hesab edir ki, aliment xx.xx.2017-ci il təvəllüdlü Tunarın yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat deyil, 160 manat məbləğində müəyyən edilməlidir. Şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi yuxarıda qeyd edilən qaydada dəyişdirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Balakən Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə, xx.xx.2017-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay tutulan alimentin məbləği 160 (yüz altmış) manat müəyyən edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-1112/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1112/2022
27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver